Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-254/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili X2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı (X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində)«mülkiyyət hüququnun tanınması, müqavilənin bağlanması öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MTK tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilinin sökülməsi nəticəsində yeni tikilmiş yaşayış binasında digər Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli müqavilə ilə rəsmiləşdirilmiş 1-ci binanın, 1-ci girişinin, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94.76 kv.m olan təmirsiz mənzilin üzərində mülkiyyət hüquqlarının tanınması və buna dair rəsmi müqavilə bağlanma öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ailə həyatı qurduqdan sonra 2007-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, ev 7, mənzil 8 ünvanındakı evin həyətində sonradan artırılmış, onun vəsaiti hesabına təmir olunmuş 1 otaqlı, sənədsiz evdə ailəsi və övladları ilə birgə yaşamışdır. Daha sonra 2016-cı ildə həmin həyətdə mülkiyyət hüququ ilə keçmiş qaynanası Cavabdeh1 məxsus mənzilin üstünü artırmaqla 2-ci mərtəbədə mənzil tikmiş və ona ayrıca ünvan 1 ünvanı verilmişdir. Bunun üçün o öz vəsaiti hesabına həm inşaat materialları almış, həm də mənzilin tikintisi üçün usta tutmuşdur. Bu evin inşası, təmir və tikintisi üçün təxmini 25.000 (iyirmi beş min) manatdan çox vəsait xərcləmişdir. Tikinti və təmirdən sonra mənzilin kommunal xidmətlərlə təmin olunması üçün keçmiş həyat yoldaşı Əliyeva Aynur ilə müqavilə bağlanmışdır. Bu mənzilllərin (Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, ev 7, mənzil 8, ünvan 1) giriş və çıxışları ayrı olmuş, iki ayrı mənzil kimi bilinmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, ev 7, mənzil 8 ünvanında olan mənzilin Cavabdeh1 adına çıxarış olsa da, lakin onun tərəfindən öz vəsaiti hesabına tikilmiş ünvan 1 ünvanında yerləşən mənzilə isə çıxarış alına bilinməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1041 saylı reyestr kitabında xx.xx.2002-ci il tarixdə qeydə alınmış seriya nömrəsi 117153 olan Qeydiyyat vərəqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, ev 7, mənzil 8 ünvanında olan mənzil Cavabdeh1 məxsusdur. Bir müddət sonra 2018-ci ildə Cavabdeh2 MTK (bundan sonra MTK) pilot layihə çərçivəsində həm onların yaşadığı (Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, ev 7, mənzil 8 və ünvan 1) mənzilləri, həm də o ərazidə yerləşən digər mənzilləri sökmüş, buna görə də keçmiş qaynanası və keçmiş həyat yoldaşı onları yaşamaq üçün iki ayrı ailə və ev kimi iki ayrı mənzilə köçürmüşdür. Bu məqsədlə MTK hər ay həm onlara, həm də keçmiş qaynanasına ayrılıqda aylıq 500 manat kirayə haqqı ödənilirdi. 2018-ci ilin sonunda o, həyat yoldaşı ilə ailə münasibətlərini faktiki şəkildə pozulduğu üçün həmin evdən çıxmış və öz hesabına müvəqqəti olaraq Bakı şəhəri, Nərimanov rayonunda kirayə məskunlaşmışdır. Həmin zaman, ayrı yaşadığları müddətdə ailəsinə hər ay 500 manat kirayə haqqı ödənişi həyata keçirilmiş və iddiaçı proseslərin sonunda ev ilə təmin olunacağı qənaətinə gəlmişdir. Çünki cavabdeh MTK ilə ilkin razılaşmaya görə, əvvəlcə, hər ay onlara kirayə haqqı ödənilməli, daha sonra tikinti başa çatdıqdan sonra onları evlə təmin etməli idilər. 2020-ci ilin yayında tikinti başa çatdığı üçün cavabdeh MTK-ya yaxınlaşaraq ona çatmalı evi tələb etdikdə bildirilmişdir ki, guya onu tanımırlar, ona heç bir ev və ya kompensasiya ödənilməyəcəkdir. Qeyd olunanları ümumiləşdirərək, ünvan 1 ünvanında yaşamış və buna dair dəlil və sübutlara malik olmuşdur. Bu səbəbdən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilin verilməsinə əsas olan mənzildə yaşaması öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə məhkəməyə təqdim edilən xx.xx.2018, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Nərimanov rayonu, MKİB 36 saylı MKİS arayışlarından görünür ki, iddiaçı cavabdehin mənzilində, daha dəqiq 8A saylı mənzildə keçmiş arvadı və uşaqları ilə qeydiyyatsız yaşamışdır. Həmin faktı iş üzrə ifadə verən bütün şahidlər də birmənalı təsdiq etmişdirlər. Bu fakt Cavabdeh1 tərəfindən verilən izahatda da öz əksini tapmışdır. İzahatın məzmunu belə olmuşdur ki, “mən qızımı yuxarı evə çıxartdım ki, onun xərcini çəkə bilmirdim, mənə yük idilər, dedim özləri öz həyatlarını təmin etsinlər”. Həmçinin iddiaçının mənzilinin ayrı, Cavabdeh1 8 saylı mənzilinə aid olmaması təsdiq edildi. Belə ki, iş üzrə Azərişıq İB-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında qaz sayğacı iddiaçının keçmiş arvadı Aynur Əliyevanın adına rəsmiləşmişdir. İş üzrə Azərişıq ASC-nin İB-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanında işıq sayğacı iddiaçının keçmiş arvadı Aynur Əliyevanın adına rəsmiləşmişdir. Bakı şəhəri, Nərimanov rayonu, MKİB 36 saylı MKİS təqdim etdiyi ünvan 4 ünvanına dair təsdiq edilmiş eskizindən görünür ki, 2-ci mərtəbə ayrıca mənzil olub, 2 otaq və 1 dəhlizdən ibarət olub, ümumi sahə 29 kv.m olmuşdur. Cavabdehə verilmiş bir mənzilin ən azı biri iddiaçının haqqı olub. Belə ki, iş materiallarında olan və cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi 7, mənzil 8 ünvanına dair Qeydiyyat vəsiqəsindən görünür ki, cavabdehin mənzil sahəsi 21 kv.m, faktiki isə 43.11 kv.m olub. Lakin ona 2 ayrı hər biri 96 kv.m olan mənzillər verilmişdir. Təcrübədə və normativ aktlarda isə mövcud sahədən uzağı 20 faizi artıq verilməsi nəzərdə tutulur, bu qədər artıq sahə isə ağlabatan deyil və deməli bura mənzillərdən ən azı biri iddiaçıya aid olmuşdur. İş üzrə şahidlərin ifadəsi mənzilin iddiaçı hesabına inşa edildiyini təsdiq edir. Belə ki ,iddiaçı tərəfində gətirdiyi şahidlər tikintinin məhz iddiaçının sifarişi və xərci ilə həyata keçirildiyini aşkar bəyan etdilər. Bunun əksi isə cavabdehin heç bir şahidi tərəfindən bəyan edilməmişdir. Cavabdehin şahidləri ən yaxşı halda həmin mərtəbədə iddiaçı və onun ailəsinin yaşadığının şahidi olduğunu bildirdilər ki, bu da iddiaçı şahidlərinə zidd deyildir. Cavabdehin şahidlərindən biri, X9 iş üzrə yalan ifadə verməsi, yəni 2-ci mərtəbədə guya heç bir mənzilin inşa edilməməsini, bu barədə suallar verilən zaman sualdan yayınması və özünü itirməsi halları müşahidə olunmuşdur. Bu baxımdan məhkəməyə aşkar yalan ifadə verən şahidin cinayət məsuliyyətinə cəlb edilməsi üçün materialların Azərbaycan Respublikası Prokurorluğuna göndərilməsini və bu məsələnin araşdırılması da tələb edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili X6 iddia tələbinə etiraz edərək, iddiaçı tərəfindən mübahisələndirilən evin, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi 7, mənzil 8 ünvanında yerləşən evin yardımçı tikilisi olduğunu, eləcə də ünvan 4 rekvizitinin həmin tikiliyə münasibətdə deyil, mənzilin həyətyanı sahəsində yerləşən və Cavabdeh1 pedaqoji fəaliyyətini səmərəli həyata keçirməsi üçün inşa etdiyi təsərrüfat təyinatlı tikililər olmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 iddia tələbinə etiraz edərək rədd olunmasını xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı onun keçmiş əridir, həqiqətən də bir müddət anasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi 7, mənzil 8 ünvanında yerləşən evdə yaşamışlar, lakin iddiaçı həmin evə hər hansı xərc qoymamışdır. Onların yaşaması üçün anası tərəfindən xərc çəkilməklə evdə təmir işləri görülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin olunan Şahid1 bildirmişdir ki, B.Dadaşov 15 küçəsində İddiaçıla qonşuluqda yaşamışdır. Mübahisələndirilən mənzildə 2016-cı ildən təmir işləri aparılmağa başlanılmışdır. Evin ümumi görünüşü qara qapı, qırmızı kərpicdən tikilmiş və taxta pilləkəndən ibarət olmaqla təsvir etmişdir. Evin 2-ci mərtəbəsinin tikilməsi üçün inşaat materialları alınmasında İddiaçı maddi köməklik göstərmişdir. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin olunan Şahid3 bildirmişdir ki, iş üzrə tərəflərdən İddiaçı tanıyır və onun tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsində yerləşən mənzilin tikinti işlərinin aparılması üçün usta-fəhlə qismində cəlb edilmişdir. Əsasən hörgü işlərinin aparılmasında iştirak etmişdir. Təmirlə əlaqədar xərclər iddiaçı tərəfindən qarşılanmışdır. Xərclər ümumilikdə 20-25 min manat təşkil etmişdir. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin olunan şahid X10 bildirmişdir ki, B.Dadaşov 17 ünvanda tərəflərlə qonşuluqda yaşamışdır. Həmin ünvanda 2004-cü ildən məskunlaşmışdır. Mübahisələndirilən mənzilin 2-ci mərtəbəsində yerləşən yaşayış evinə qaz, su və digər kommunal xərclərə köməklik etmişdir. Evin istilik təchizatı isə olmamışdır. Usta kimi həmin evin tikintisində də iştirak etmişdir. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin olunan şahid X9 bildirmişdir ki, Cavabdeh1 ilə 40 ildən artıq bir müddətdə qonşuluq münasibətləri olmuş, nəinki ölkə daxilində Türkmənistanda da qonşuluq münasibətləri olmuşdur. Bu səbəbdən evin tikintisində Cavabdeh1 heç bir maddi qarşılığı olmadan yardım etmişdir. Evin 2-ci mərtəbəsi çardaq tipli olaraq yardımçı tikili kimi nəzərdə tutulmuşdur. Ümumi sahəsi 19-20 kv.m təşkil etmişdir. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin olunan şahid X3 bildirmişdir ki, Cavabdeh1 ilə qonşuluq münasibətləri olmuşdur. Onun evi əsasən birmərtəbəli olmuş, sonradan çardaq kimi 2-ci mərtəbə əlavə edilmişdir. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin olunan şahid X11 bildirmişdir ki, iş üzrə tərəflərin hər birini tanıyır, lakin qohumluq əlaqələri olmamışdır. İddiaçı Cavabdeh1 qızı Əliyeva Aynur ilə ailə həyatı qurduqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi 7, mənzil 8 ünvanında yaşamışdır. Təmir-tikinti işlərinin aparılmasını görməmişdir. Birgə nikahdan olan uşaqların da qayğısına Cavabdeh1 qalmışdır. Ümumilikdə İddiaçı ilə Əliyeva Aynur arasında nikah bağlandıqdan sonra onlar qısa müddətli olmaqla rayona getmiş sonra yenidən Əliyeva Aynurun yaşadığı evdə məskunlaşmışdırlar. Mübahisələndirilən 2-ci mərtəbə çardaq tipli tikili idi. Təmirsiz yeriydi. Həmin 2-ci mərtəbədəki çardağın sanitar qovşağı və s. yaşayış üçün əhəmiyyətli tikililəri mövcud olmamışdır. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin olunan şahid X8 iş üzrə tərəflərin hər birini tanıyır və bir qonşuluqda yaşamışdır. Əliyeva Aynur ailə həyatı qurandan o binada yaşamışdır. İddiaçı nikahdan sonra o evdə yaşamağa başlamışdır. Evin 2-ci mərtəbəsi çardaq tipli idi. Təmir işlərini Coşqun həyata keçirirdi. Adıçəkilən çardaqda 1 dəfə olmuş və müşahidə etmişdirki həmin yer balaca otaqlı və yaşayış üçün nəzərdə tutulmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Yəhya Bakuvi, Qafur Rəşad, K.Rəhimov və Balaəmi Dadaşov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 2,15 ha torpaq sahəsi Cavabdeh2 MMC-nin daimi istifadəsinə verilmişdir. Sərəncamın 2.6-cı maddəsinə əsasən rayonun Bakuvi 20,22,24,26,28,30,32; Balaəmi Dadaşov 5,7,9,11,13,15,17,19; K.Rəhimov 10,12/18 və Qafur Rəşad 13,15 nömrəli yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi vəzifəsi Cavabdeh2 MMC-yə həvalə edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2002-ci il tarixli AR Bakı Şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş № 117153 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi 7 saylı evin 8 saylı mənzili (21,0 kv.m. olan) Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 74-7D/18 saylı müqaviləyə əsasən Cavabdeh2 MMC ünvan 5 ünvanda yerləşən, 7 (yeddi) otaqlı, 136.2 kv.m mənzilin dövlət reyestrində çıxarışda göstərilmiş (və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20 % əlavə etməklə 2-ci girişdə 6-cı mərtəbədə təmirsiz vəziyyətdə 3 (üç) otaqlı ümumi sahəsi 96 kv.m olan təmirsiz mənzili və həmin girişdə 7-ci mərtəbədə yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 96 kv.m olan təmirsiz mənzili mülkiyyətçiyə verməyi, eləcə də yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 7 (yeddi) otaqlı mənzil üçün aylıq 1000 (bir min) manat kirayə haqqı verməyi öz üzərinə götürmüşdür. Mülkiyyətçi Cavabdeh1 söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh2 MMC-yə təhvil verilməsini təmin etməyi və mənzili tam boşaldaraq yüklü olmaması haqqında arayış və mənzilə dair mülkiyyət sənədlərinin əsillərini təqdim etmək şərti ilə Cavabdeh2 MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 74-7D/18 saylı müqaviləyə əsasən Cavabdeh2 MMC Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi 7, mənzil 8 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan evlərdə Cavabdeh1 məxsus mənzilin söküntüsünü başa çatdırmış və hazırda həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirərək, Cavabdeh1 sökülmüş mənzilinin əvəzində inşa olunan binalarda bu müqavilənin 1.4-cü bəndində göstərilən razılaşdırılmış mənzili onun istifadəsinə verməyi öhdəsinə götürmüş, Cavabdeh1 isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən Cavabdeh2 MMC ilkin müqavilə üzrə Cavabdeh1 ümumi sahəsi 96 kv.m olan təmirsiz mənzil və ümumi sahəsi 96 kv.m olan təmirsiz mənzil verməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasındakı müzakirələrə görə qarşılıqlı razılaşma əsasında bu müqavilənin 1.2-ci bəndində göstərilən mənzilin əvəzində Cavabdeh1 inşa olunan 7-ci binanın 6-cı mərtəbəsində ümumi sahəsi 98.63 kv.m olan təmirsiz mənzili və həmin binanın 7-ci mərtəbəsində ümumi sahəsi 98.63 kv.m olan təmirsiz mənzili verməyi öz öhdəsinə götürür, Cavabdeh1 isə bu müqavilə ilə ona verilən təmirsiz mənzilləri qəbul etməyi və satış arasında yaranmış fərqin dəyərini ödəməyi öz öhdəsinə götürür. Sahələr arasında yaranan fərqin hesabı: 197,26 kv.m-192 kv.m = 5.26 kv.m x 1250= 6575 manat razılaşdırma ödəniş cədvəlinə əsasən 12 ay müddətinə Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-yə ödənilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 74-7D/18 saylı müqaviləyə əsasən tərəflər arasında bağlanmış 24 dekabr 2019-cu il tarixli 74-7D/18 saylı müqavilə üzrə Cavabdeh1 ona verilmiş hər iki təmirsiz mənzili geri qaytarmış, əvəzində 7-ci binadan ümumi sahəsi 98.63 kv.m olan təmirsiz 2 (iki) mənzil əldə etmək istədiyini bildirmiş və sahələr arasında yaranan 6575 (altı min beş yüz yetmiş beş) manatlıq fərqi Cavabdeh2 MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Hazırda Cavabdeh1 ona verilmiş mənzilin yerləşdiyi binanın gələcəkdə tikilməyə başlayacağını nəzərə alaraq, həmçinin öhdəlik götürdüyü ödənişi ödəyə bilmədiyi üçün tikintisi tamamlanmış hazır binalardan birində mövcud layihəyə əsasən ona təmirsiz mənzillər verilməsi arzusunda olduğunu bildirir. Beləliklə, Cavabdeh2 MMC Cavabdeh1 istəyini nəzərə alaraq qarşılıqlı razılaşma əsasında mövcud layihəyə əsasən bu müqavilənin 1.2-ci bəndində göstərilən əmlakın əvəzində ilkin müqavilə üzrə verilmiş mənzillərin ümumi sahəsinə uyğun olaraq Cavabdeh1 tikintisi tamamlanmış 1-ci binanın, 1-ci girişinin, 7-ci mərtəbəsində ümumi sahəsi 94.76 kv.m olan təmirsiz mənzili və həmin binanın 2-ci girişinin,7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94.76 kv.m olan təmirsiz mənzili verməyi və sahələr arasında yaranan fərqin kompensasiyasını müqavilə imzalandığı tarixdən etibarən 1 (bir) ay müddətində Cavabdeh1 bank hesabına ödəməyi öhdəsinə götürür, Cavabdeh1 isə bu müqavilə ilə ona verilən təmirsiz mənzilləri qəbul etməyi, ilkin müqavilə və hazırki müqavilə üzrə verilmiş mənzillərin sahələr arasında yaranan fərqin kompensasiyasını qeyd olunan müddətdə qəbul etməyi öz öhdəsinə götürür. Sahələr arasında yaranan fərqin kompensasiyası: 192 kv.m (ilkin müqavilə üzrə verilmiş mənzillər 96 kv.m + 96 kv.m ) – 189.52 kv.m (hazırki müqavilə üzrə verilmiş mənzillər) 94.76 kv.m + 94.76 kv.m )= 2.48 kv.m x 1300 manat = 3224 manat (üç min iki yüz iyirmi dörd manat). İş materiallarında olan Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X13 ilə cavabdeh İddiaçı arasında xx.xx.2006-cı il tarixdə Şirvan şəhərində Qeydiyyat şöbəsində qeydə alınmış və 620 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. 36 saylı MKİS-in 233904 saylı arayışına əsasən Əliyev X4 rayonu, B.Dadaşov küçəsi 7 saylı evin 8 nömrəli mənzilində qeydiyyatsız yaşayır. 19 avqust 2021-ci il tarixli məktubun məzmunundan görünür ki, X1 rayon, B.Dadaşov küçəsi 7, mənzil 8B saylı ünvanda təbii qaz istehlakçısı kimi xx.xx.2014-cü il tarixdən İstehsalat Birliyinin abonentlərin uçotu bazasında qeydiyyatdadır. 01 sentyabr 2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, X5 adına ünvan 7 ünvanda 28 iyul 2017-ci il tarixdən **********7008A nömrəli abunə kodu ilə qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi 21 kv.m olan 7 saylı evin 8 saylı mənzili Cavabdeh1 mülkiyyətində olmuşdur. xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanan müqaviləyə əsasən sonuncuya Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi 7, mənzil 8 ünvanda ümumi sahəsi 94.76 kv.m olan 2 mənzil əldə etmişdir. İddiaçı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı irəli sürdüyü tələbində Cavabdeh2 MTK tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilinin sökülməsi nəticəsində yeni tikilmiş yaşayış binasında digər Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli müqavilə ilə rəsmiləşdirilmiş 1-ci binanın, 1-ci girişinin, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 94.76 kv.m olan təmirsiz mənzilin üzərində mülkiyyət hüquqlarının tanınması və buna dair rəsmi müqavilə bağlanma öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, 178.8-ci maddələri nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 157.1-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Hazırkı iddia tələbi ilə bağlı nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü tələb etdiyi əmlakın onun mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehlərdə saxlandığının, cavabdehin (Cavabdeh1) həmin əşyaya qanunsuz sahiblik etmələrinin sübut olunmasıdır. Məhkəmənin qənaətinə görə iş üzrə dindirilmiş şahid ifadələri həmin hüququn mövcudluğunu sübut edə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi əmlaka dair mülkiyyət hüququ tanına bilməz. İddiaçının Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan tələbinin dispozitiv şərtlərinin mövcud olmaması mənasına gəlir. Bu səbəbdən iddia rədd edilməlidir. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi 7, mənzil 8 ünvanda yerləşən daşınmaz əmlaka dair rəsmi müqavilə bağlanması öhdəliyinin Cavabdeh2 MTKnın üzərinə qoyulması hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bu hissədə , iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 390-cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. İddiaçı Nizami oğlu cavabdeh "xxxx" MMC ilə irəli sürdüyü şərtlər daxilində müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi tərəfləri «müqavilə azadlığı» prinsipinə ziddir. Belə ki, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar çərçivəsində yeni müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Çünki müvafiq iş üzrə digər tərəf, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilə mövcud olmuş, hazırda iddiaçının müəyyən etdiyi şərtlərlə yeni müqavilənin bağlanmasına cavabdehin məcbur edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Buna görə də, bu tələb əsassızdır, təmin oluna bilməz. Müqavilənin bağlanması tərəflərin iradəsində asılı olan bir haldır ki, tərəflər, eləcə də iş üzrə cavabdeh əqdi imzalamaqdan imtina edə bilər. “Müqavilə azadlığı” prinsipi çərçivəsində tərəflər tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirə bilərlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı «mülkiyyət hüququnun tanınması, müqavilə bağlamaq öhdəliyinin cavabdeh “Cavid-2016» MTK-nın üzərinə qoyulması tələbi»nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən dövlət rüsumu tələb olunmadığından ödənilmiş rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Cavabdeh1 qarşı «mülkiyyət hüququnun tanınması tələbi»nə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-254/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-254/2023
14.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver