Məhkəmə qərarları › İş №2(005)-2545/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2545/2021

26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2545/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc və mənəvi ziyan tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc və mənəvi ziyan tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Oktay oğlundan 9150 (doqquz min bir yüz əlli) manat borcun alınaraq ona ödənilməsi, işgüzar nüfuzuna xələl gətirməsi və mənəvi ziyana görə 150 000 (bir yüz əlli min) manat pulun Cavabdeh Oktay oğlundan alınaraq ona ödənilməsi, dövlət rüsumuna görə öhdəliyi 30 (otuz) manat pulun və ümumilikdə 159180 (bir yüz əlli doqquz min yüz səksən) manat məbləğində pulun Cavabdeh Oktay oğlundan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,Cavabdeh Oktay oğlu təxminən 2019-cu ilin iyul ayında iddiaçıya zəng edərək cavabdehi Bakı şəhərinə dəvət etdi onunla görüşərək və Qabilin onunla birlikdə iş görməyi təklif etdi. İddiaçının həmin vaxtda iki ədəd ekskovatoru var idi və şirkətlə işləyirdi. Əlavə iki ədəd ekskovator da almaq fikri var idi. Qabil ondan xahiş etdi ki, ışini itirdiyi üçun əlində olan vəsaiti hər hansı bir iş uçün sərf etmək istəyir və ona komək etsin. İddiaçı həmin vaxt özu üçun iki ədəd ekskovator almaq fikri var idi. Qabil də iki ədəd ekskovator onun üçun almaqda ona köməklik etməyi xahiş etdi. Onlar razılaşdılar və Cavabdeh üçün iki ədəd ekskovator aldılar. Qabil prokurorluq əməkdaşı olduğu uçün texnikanı öz mülkiyyətinə keçirmək istəmədi və onun qohumunun adına rəsmiləşdirmişlər. Beləliklə işə başladıqdan sonra texnikaların işinə iddiaçı nəzarət edirdi. Cavabdeh məxsus iki ədəd ekskovatordan əldə olunan gəliri hər ay istismar xərcləri çıxılmaqla nəğd şəkildə şəxsən özunə və ya oğlu X1 ödəmişdir. Bəzi hallarda pulu Cavabdeh öz kartına və ya həyat yoldaşının adına olan kartına yükləmişdir. Zaman keçdikcə texnikaların təmirə ehtiyacı olduqda təmir xərclərini Qabillə razılaşdırıb iddiaçı icra edərək servis xidmətləri göstərirdi. Təmir proseslərini foto və ya video çəkilişlər vasitəsi ilə qeyd edərək Cavabdeh təqdim edirdi. Ehtıyyat hissələrini mağazadan nisyə götürürdü və aylarla hissə-hissə ödəyirdi. Sonralar pandemiya ilə əlaqədar olaraq işlər çox zəiflədi, gəliri də azaldı. Pandemiya dövrdə Cavabdeh texnikanın birini satdı. Həmin vaxt o bir texnikasını təmir etdirdi. Təmir xərclərini iddiaçı qarşıladı və Qabil ona borclu qaldı. Qabil ilə aralarında yaranmış borcundan az bir hissəsini təxminən altı ay ərzində ödəsədə onun iddiaçıya 9150 (doqquz min bir yüz əlli) manat borcu qaldı. İş zəif olduğundan həmin borcla əlaqədar Cavabdehlə aralarında söz-söhbət yarandı. Bu arada iddiaçının xəbəri olmadan Qabil texnikasını işlədiyi yerdən götürdü və iddiaçıya olan borcunu bu günə qədər ödəməkdən imtina etmişdir. Əlavə olaraq Cavabdeh bu hərəkəti ilə iddiaçının işgüzar nüfuzuna xələl gətirərək iddiaçıya mənəvi ziyan vurmuşdur. Belə ki, Cavabdeh ekskovatorunu iddiaçıya xəbər vermədən xidməti ərazidən götürməsi zamanı xoşagəlməz hal yaşanması iş qurduğu şəxsləri iddiaçıya qarşı etimadsızlığı ilə nəticələnmişdir. Bu da iddiaçının işgüzar nüfuzuna, qazandığı etimada ciddi ziyan vurmuş, iddiaçıya uzun müddət mənəvi iztirablar, güclü əsəb gərginliyi, stress yaşatmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehlə aralarında olan şifahi razılıq əsasında ekskakavtorlara çəkilmiş xərcə görə verilən 9150 manat borc pulu və bu əsasla mənəvi ziyanı tələb etməkdədir. Məhkəmə tərəfin vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan; AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1985-ci il tarixdə doğulmuşdur. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 14.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küç, ev. 68,m.78 ünvanında qeydiyyatdadır. Borc vərəqəsindən görünür ki, cavabdehin ümumi çəkilmiş xərclərlə birlikdə 6.100 manat qeyd edilmişdir. 16.04.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində aydın olur ki, tərəflər arasında hazırki mübahisə 2019-cu ildə yaranmış, bununla belə tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt borc müqaviləsi bağlanmamışdır. Bundan başqa iddia ərizəsindən də göründüyü kimi əsas tələbə istinadən törəmə tələb kimi mənəvi zərərin əvəzi tələb edilməkdədir. Məhkəmə hesab edir ki, əsas tələb təmin edilmədiyindən, mənəvi zərərin tələbi hissəsində də iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və mənəvi ziyan tələbi”nə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar