Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-255/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika X1 Birjası "xxxx" MMC-nə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika X1 Birjası "xxxx" MMC-nə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdah tərəfindən aparılmış 41 nömrəli 16.07.2019-cu il tarixli qiymətləndirilmə barədə hesabatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 8(073)-303/2017 saylı 01.05.2018-ci il tarixli qərardadı üzrə Cəlilabad rayon İcra və probasiya şöbəsinin icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini rəhbər tutaraq mübahisəli əmlakın hərrac vasitəsilə satılması üçün adına olan “Mercedes Benz E220CDİ” markalı, **-BL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi məqsədilə cavabdeh “Tərəqqi" MMC-yə sifariş vermiş və sonuncu tərəfindən əmlakın qiymətləndirilməsi aparılmışdır. Cavabdeh tərəfindən əmlakın qiyməti düzgün müəyyən edilməmişdir, yəni bazar qiymətindən təxminən 2 dəfə aşağı, 11700 manata qiymətləndirmişdir. Bu da həmin əmlakın cavabdeh tərəfindən müəyyən etdiyi məbləğdə hərraca çıxarılmasına səbəb ola bilər. Halbuki həmin avtomobilin real qiyməti 18 000-25 000 manat dəyərindədir. Odur ki, cavabdeh tərəfindən həyata keçirilən qiymətləndirilmə hesabatı ləğv edilməli, avtomobilə dair yenidən qiymətləndirilmə aparılmalıdır. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını və iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Respublika X1 Birjası "xxxx" MMC-nin 16.07.2019-cu il tarixli №41 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatının surətindən görünür ki, İddiaçı məxsus mülkiyyətində olan “Mercedes Benz E220CDİ” markalı, **-BL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 11 700 manat təşkil edir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin 10.01.2022-ci il tarixli, UNİ/D 82- 1292/21 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus mülkiyyətində olan “Mercedes Benz E220CDİ” markalı, **-BL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin real bazar dəyəri 18 800 manat təşkil edir. Qiymətləndirilən avtomobilin texniki xüsusiyyətləri: marka, model –Mercedes Benz E220CDİ, tip- Sedan, buraxılış ili-2003-cü il, M.İ.H.-2200 sm3, salon-parça, qeyd: Avtomobilin iddiaçıdan alınması və hazırki yerinin müəyyən edilməməsi nəticəsindən avtomobilə baxış keçirilməsi mümkün olmamışdır. Avtomobilin texniki göstəriciləri, eksteryer və interyer vəziyyəti orta olaraq qəbul edilmişdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Göstərilən Qanunun 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin təqdim etdiyi sübutlardan da göründüyü kimi, İddiaçı məxsus mülkiyyətində olan “Mercedes Benz E220CDİ” markalı, **- BL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil Respublika X1 Birjası "xxxx" MMC tərəfindən 11700 manat qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən daşınmaz əmlak cavabdeh Respublika X1 Birjası "xxxx" MMC tərəfindən qiymətləndirilərkən, həmin daşınar əmlakın bütün texniki xüsusiyyətləri, əmlak bazarında analoji qiymətləndirmə obyektləri üzrə təhlili tam olaraq nəzərə alınmış, onun dəyəri qiymətləndirmənin keçirildiyi tarixdə təşəkkül tapmış bazar qiymətlərinə uyğun müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin daşınar əmlakın qiymətləndirilməsi barədə hesabat realdır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş və "xxxx" MMC-nin 10.01.2022-ci il tarixli, UNİ/D 82-1292/21 nömrəli rəyindən görünür ki, İddiaçı məxsus mülkiyyətində olan “Mercedes Benz E220CDİ” markalı, **-BL-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin real bazar dəyəri 18 800 manat təşkil edir. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən rəy verilərkən avtomobilin iddiaçıdan alınması və hazırki yerinin müəyyən edilməməsi nəticəsində avtomobilə baxış keçirilməsi mümkün olmadığı, avtomobilin texniki göstəriciləri, eksteryer və interyer vəziyyəti orta olaraq qəbul edildiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, təxminən üç illik zaman fasiləsi ilə, eyni zamanda avtomobilin real vəziyyətinə baxılmadan verilmiş iki rəy arasında qiymət fərqinin olması yolveriləndir və yalnız bu fakt bütövlükdə əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatların ləğvi üçün əsas ola bilməz. Eyni zamanda məhkəmə qiymət qoyulduğu dövrdə, Azərbaycan Respublikası Respublika X1 Birjası "xxxx" MMC tərəfindən verilmiş 16.07.2019-cu il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat kifayət qədər əsaslandırılmışdır, mübahisəli avtomobilə baxış keçirilmiş, əmlakın texniki göstəriciləri hesabatda əksini tapmışdır. Bundan başqa İddiaçı iddia ərizəsində mübahisələndirdiyi - mübahisəli avtomobilin qiymətinin daha yüksək olmasını sübut edəcək hər hansı bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iclasında mübahisəli avtomobilin həmin dövrdə bazar dəyərinin yüksək olması sübuta yetirilməmişdir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika X1 Birjası "xxxx" MMC-nə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan tutularaq, 200 ( iki yüz) manat "xxxx" MMC-nin hesabına VÖEN **********, Hesab № AZN: AZ25GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublika X1 Birjası "xxxx" MMC-nə qarşı “qiymətləndirmə hesabatının ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri İddiaçı tutulsun, 200 ( iki yüz) manat "xxxx" MMC-nin hesabına VÖEN **********, Hesab № AZN: AZ25GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-255/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-255/2022
03.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver