Məhkəmə qərarları › İş №2(005)-2554/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2554/2022

13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin ver
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2554/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh “digər valideynin razılığı olmadan uşağın ölkədən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh “digər valideynin razılığı olmadan uşağın ölkədən çıxarılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 fevral 2014-cu il təvəllüdlü X1 atası Cavabdeh icazəsi olmadan ölkədən getməsinə və ölkəyə qayıtmasına icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10 may 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan bir övladı - 13 fevral 2014-cu il təvəllüdlü X2 var. Cavabdehlə nikahı 14 yanvar 2017-ci il tarixdə pozulmuşdur. Türkiyə Respublikasında yaxın qohumları yaşayır. Dəfələrlə cavabdehə uşağın ölkədən çıxarılması barədə ona notarial qaydada ərizə verməsini təklif etmiş, hətta ölkə xaricinə dincəlməyə gedəndə uşağı da özü ilə aparmaq üçün yenidən bu təklifi təkrar nəzərinə çatdırmış, lakin cavabdeh uşağın ölkədən aparılması üçün yazılı razılıq verməkdən imtina etmişdir. Hər hansı xarici ölkəyə getmək üçün cavabdehin razılıq ərizəsi olmadığından qızını özümlə apara bilmir. Nəticədə həm özümün, həm də uşağın istirahət hüquqları pozulur. Bu həm də uşağın dünya görüşünün formalaşması üçün vacibdir. Eyni zamanda uşağın hərəkət azadlığı da vardır. Bundan başqa, uzun müddət yalnız anası ilə yaşamış uşağı ana qayğısından məhrum etmək uşağın mənafeyinə ziddir. Belə ki, o, özü xaricə gedəcəyi təqdirdə uşağın ana qayğısından kənarda qalması, onun qidalanması və sağlamlığı ilə bağlı çətinliklər yarana bilər. Çünki uşaq indiyə kimi onunla yaşamış və ana nəvazişinə öyrəşmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, yetkinlik yaşına çatmayan övladının ölkədən kənara çıxarılmasına etiraz etdiyini, cavabdehin geri qayıtmayacağına şübhələri olduğunu, bu səbəbdən də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflətin izahatını, dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İİİ № 744232 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 13 fevral 2014 -cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli, 2(005)-3658/2016 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 10 may 2013-cü il tarixli nikahın pozulması,13 fevral 2014 -cü il təvəllüdlü X1 anası İddiaçı himəyəsinə verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər 10 may 2013-cü ildə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan 13 fevral 2014 -cü il təvəllüdlü X2 adında övladları doğulmuşdur. Daha sonra onların arasındakı nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Sonradan, yetkinlik yaşına çatmamış 13 fevral 2014 -cü il təvəllüdlü X1 anasının himayəsinə verilməsinə dair qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində isə təsbit edilmişdir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Bundan başqa, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müəyyən hüquq və azadlıqların səmərəli istifadəsi ilə bağlı olduqda dövlətlərin üzərinə pozitiv öhdəliklər qoyur. Pozitiv öhdəliklərin yerinə yetirilməsi bəzən milli hakimdən həmçinin mövcud olan sosial konsensusu qabaqlamağı tələb edir, lakin bu cəmiyyətin özünün tərəqqisi naminə edilir ki, bu da nəticədə onun hər bir üzvünün hüquq və azadlıqlarının müdafiəsi işinin daha etibarlı və tam olmasına səbəb olur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarında da qeyd olunmuşdur ki, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə uşaqların mənafeyini təmin etmək üzrə pozitiv öhdəlik qoyur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin Məcəlləsinin 61.1-ci və 61.2-ci maddələrinə görə isə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının uşağı ilə bağlı malik olduğu ən təməl hüquqlardan biri də onunla birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq istirahət, müalicə məqsədilə ölkədən getmək və ölkəyə qayıtmaq hüququdur. Onun bu hüququ yalnız qanundan irəli gələn çox ciddi əsasların mövcudluğunda və mötəbər sübutlarla dəstəkləndiyi hallarda hər hansı məhdudiyyətə məruz qala bilər. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 13 saylı Qərarının 7.6-cı bəndinə əsasən, iddianın qaldırılmasınadək razılıq verməməsi, razılığın rəsmiləşdirilməsindən yayınması, yaxud da olduğu yeri müəyyənləşdirilməyin mümkünsüzlüyü sübuta yetirilən valideynin sonradan işə məhkəmədə baxılarkən notarial qaydada təsdiq edilmiş razılığını təqdim etməsi iş üzrə icraata xitam verilməsi, iddia ərizəsinin baxılmamış saxlanması və yaxud da iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin valideynin təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsini hüququndan sui-istifadə etməklə sonradan ləğv etmə imkanının olması qarşı tərəfi müdafiəsiz qoymaqla, hüquqlarının pozulması ilə nəticələnə bilər. Bu baxımdan, mübahisəyə məhkəmə icraatında baxıldığı vaxt müvafiq razılığı əks etdirən ərizənin təqdim edilməsi mahiyyət etibarı ilə iddianın tam və yaxud qismən etiraf edilməsi kimi qiymətləndirilməlidir. Göstərilən qanunvericilik aktı normalarına və beynəlxalq təcrübəyə əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan 13 fevral 2014-cü il təvəllüdlü X1 mənafeyi nəzərə alınaraq onun, anası İddiaçı tərəfindən atası Cavabdeh razılığı olmadan müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə və gəlməsinə icazə verilməlidir. Bununla belə məhkəmə hesab edir ki, bu zaman uşağın daimi əsaslarla ölkəni tərk etməsi istisna olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 13 fevral 2014 -cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək, daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla, atası (cavabdeh) Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə sərbəst şəkildə ölkədən müvəqqəti olaraq getməsinə və gəlməsinə icazə verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar