Məhkəmə qərarları › İş №2(102)-603/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-603/2019

15.01.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Valideynin, yaxud övladlığa götürən şəxsin, yaxud himayəçinin və ya qəyyumun razılığı olmadan uşağın ölkədən çıxmasına icazənin ver
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-603/2019 15.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 15 yanvar 2019-cu il № 2(102)-603/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim-N.Tağıyeva, iş № 2(00 6)-xx/18) İddiaçı Cavabdeh qarşı “valideynin razılığı olmadan uşağın müvəqqəti olaraq Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması” tələbinə dair ilkin iddiası təmin edilməmiş, cavabdeh Cavabdeh İddiaçı qarşı “uşaqla ünsiyyət” tələbinə dair qarşılıqlı iddiası qismən təmin olunaraq Cavabdeh azyaşlı övladı-05.07.2017-ci il təvəllüdlü X2 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 14:00-dan 16:00-dək anasının iştirakı ilə görüş verilmişdir. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, İ.Vəliyev və E.Həsənov, iş № 2 (103)-xx/18) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2018-ci il ta rixli qətnaməsi qismən, yəni ilkin iddia tələbinə aid hissədə ləğv edilmiş, ilk iddia tələbi təmin edilmiş, azyaşlı 05.07.2017-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi ilk iddia üzrə iddiaçı-anası İddiaçı ilə ilk iddia üzrə cavabdeh-atası Cavabdeh Sadiq oğlunun razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxıb-gəlməsinə icazə verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və Cavabdeh azyaşlı övladı ilə görüş vaxtının hər həftənin şənbə günü saat 15:00-dan 16:00-dək anasının iştirakı ilə müəyyən olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2017 -ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi Cavabdeh razılığı olmadan müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına icazə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh da öz növbəsində qarşılıqlı iddia verərək, rəsmi nikahlarından olan xx xxx 2017-ci il təvəllüdlü X2 ilə həftədə 5 dəfə ünsiyyət saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə (qarşılıqlı iddia ilə bağlı hissədə) qətnamə qəbul edərkən maddi və prosessual hüqüq normalarını pozmuş, həmin normaları düzgün tətbiq etməmiş, tətbiq edil məli olan normaları tətbiq etməmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti vermiş və o, şikayətində qətnaməni yalnız qarşılıqlı iddia ilə bağlı hiss ədə mübahisələndirərək qətnamənin həmin hissədə dəyişdirilməsini, Cavabdeh azyaşlı övladı ilə görüş vaxtının hər həftənin şənbə günü saat 15:00-dan 16:00-dək ananın iştirakı ilə müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız kassasiya qaydasında mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın təmin olunan hissəsində yoxlayıb qiymət verir və qətnamənin qalan hissəsinə, o cümlədən ilkin iddia ilə bağlı hissəyə münasibət bildirmir. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisəl əndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki,tərəflər xx xxx 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx2017-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuşdur. Tərəflərin birgə nikahından xx xxx 2017-ci il təvəllüdlü X1 anadan olmuşdur. Hazırda tərəflər ayrı yaşıyır və birgə nikahdan olan azyaşlı X2 ananın yanında qalır. Cavabdeh dəfələrlə təşəbbüs etməsinə baxmayaraq, ananın maneçilik törətməsi səbəbindən uşağı ilə ünsiyyətdə ola bilməmiş və bu səbəbdən məhkəmədə işə baxılarkən ünsiyyət qaydasının müəyyən olunması barədə iddia vermişdir. Bi rinci instansiya məhkəməsi Cavabdeh qarşılıqlı iddiasını qismən təmin edərək onun azyaşlı X2 ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 14:00-dan 16:00dək ananın iştirakı ilə görüş vaxtı müəyyən etsə də, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı bununla razılaşmayaraq apellyasiya şikayəti vermiş və qətnaməni dəyişdirməklə görüş vaxtının cəmi bir saat - saat 15:00-dan 16:00-dək müəyyən olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnaməni mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddia tələbinə aid hissədə yoxlayaraq hesab etmişdir ki, məhkəmə həmin hissədə işin hallarını düzgün müəyyən etmiş və iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi barədə razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə t ərəfindən həll edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-18-ci maddələrinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Bundan başqa, “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təm in etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müəyyən hüquq və azadlıqların səmərəli istifadəsi ilə bağlı olduqda dövlətlərin üzərinə pozitiv öhdəliklər qoyur. Pozitiv öhdəliklərin yerinə yetirilməsi bəzən milli hakimdən həmçinin mövcud olan sosial konsensusu qabaqlamağı tələb edir, lakin bu cəmiyyətin özünün tərəqqisi naminə edilir ki, bu da nəticədə onun hər bir üzvünün hüquq və azadlıqlarının müdafiəsi işinin daha etibarlı və tam olmasına səbəb olur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin x x xxx 1996-cı il tarixli «Yohansen Norveçə qarşı» qərarında qeyd olunmuşdur ki, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə uşaqların normal psixoloji inkişafı üçün davamlı sosial mühitin olması, hər iki valideynin qayğısı, onların uşağın tərbiyəsində birgə iştirakı vacibdir. Atanın uşağı ilə ünsiyyətinə qadağa qoyulması onun bir valideyn kimi qanunda nəzərdə tutulan hüquqlarının pozulmasına, eləcə də uşağın sabit psixoloji durumunun formalaşmasına, onun stabil inkişafına, psixikasına, təhsil və tərbiyəsinə mənfi təsir göstərə bilər. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarının 1-ci bəndinin izahına görə uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəs iz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 10.03.2018-ci il tarixli rəyini, cavabdehin uşağı ilə görüşüb ünsiyyətdə ola bilməsi, onun təlim, tərbiyyəsində yaxından iştirak etməsi üçün qanunvericilik normalarının tətbiqi baxımından düzgün qiymət verərək, qarşılıqlı iddia tələbi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olun anlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin mübahisələndirilən hissədəki dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnı z məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə qeyd olunan hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilə nlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: A.İsgəndərov Hakimlər: Ə.Əhmədov İ.Dəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar