Məhkəmə qərarları › İş №2(005)-2560/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2560/2020

14.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2560/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X2, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən əlavə ödədiyi 17.98 manat, əlavə ödədiyi 331.00 manat və dəymiş maddi ziyan olan 15000 (on beş min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 15378.98 (on beş min üç yüz yetmiş səkkiz manat, doxsan səkkiz qəpik) manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ASC-nin Lənkəran filialında xx.xx.2013-cü il tarixində nağd pul layihəsi müqaviləsi əsasında 24 ay müddətinə illik faizi 28% olmaqla, 2880.00 manat məbləğində kredit vəsaiti almışdır. Həmin kredit məbləğini kredit müqvaviləsinə əlavə edilmiş 1 saylı ödəniş cədvəlinə uyğun olaraq vaxtında və bəzən vaxtından ödədiyini bildirmişdir. İddiaçı bankın ödənişləri düzgün hesablamadığını, bu səbəbdən də borcun ödənilməsi tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Bankın ondan əlavə olaraq 184.88 manat əsas borc, 91.27 manat faiz borcu, cəmi 276.16 manat olmaqla və 20 manat dövlət rüsum alınaraq Cavabdeh ASC-yə ödənilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli, 2(049)-6919/2017 saylı əmrlə borcun ödənilməsi barədə qərar qəbul etmişdir. İddiaçı həmin məhkəmə əmrini aldıqdan sonra narazı qalaraq məhkəməyə müraciət etmiş, məhkəmə həmin əmri ləğv edərək işi ümumi məhkəmə icraatında baxmağa qərar vermişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və xx xxx 2018-ci il tarixli, 2191 saylı ekspert rəyi ilə iddianın rədd edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli, 2191 saylı mühasibatlıq ekspertiza rəyində nə borcunu tam ödədiyi qeyd olunmuş, əlavə olaraq isə 17,98 manat ödəniş etməli olduğu bildirilmişdir. Bu səbəbdən Lənkəran Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli, 2(049)-776/2018 saylı qətnamə qəbul etmiş və iddianın rədd edilməsi barədə qərar qəbul etmişir. Lakin bank narazı qalaraq apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsi bankın şikayətini təmin etməmiş və Lənkəran Rayon məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Lakin bank həmin borcu Mərkəzi Kredit Reyestrində silməmiş və iddiaçıya növbəti dəfə zərbələr və maddi ziyanlar vurmağa davam etmişdir. Cavabdeh ASC növbəti dəfə iddia ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı bolkart xətti ilə aldığı 400.00 manat kredit borcunun ödənilməsi barədə iddia tələbi qaldırmışdır. Lənkəran Rayon Məhkəməsi bu mülki iş üzrə Ədliyyə Nazirliyinin nəznində mühasibatlıq ekspertizası keçirilməsi barədə qərardad qəbul etmişdir. mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində İddiaçı tərəfindən 331.00 manat və xx.xx.2019-cu il tarixli, 24565 saylı ekspert rəyində 226,03 manat əlavə olaraq pul ödənişinin edildiyi göstərilmişdir. Bank təkrar olaraq Mərkəzi Kredit reyestrində iddiaçının gecikdirilmiş borcunun olduğunu və gecikdirilmiş günlərin mövcudluğunu əks etdirən məlumatları bəyan etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X5 iddia tələbinə dair yazılı etiraz ərizəsi ilə müraciət edərək, iddianı qəbul etməmiş İddiaçı BAL0065016/12 saylı müqavilə üzrə Cavabdeh ASC-yə olan borcunu tam ödəməmişdir. Hazırki borcla bağlı xx.xx.2020-ci il tarixli Lənkəran rayonu 1 saylı notariat ofisinin icra qeydi vardır və həmin icra qeydi ilə bağlı hal-hazırda icra tədbirləri görülməkdədir. Cavabdehin, bank qarşısında olan öhdəliyini icra etmək əvəzinə, icra edilməmiş öhdəliyə görə Cavabdeh ASC-dən maddi və mənəvi ziyan tələbi ilə çıxış etməsi qanunsuzdur. Hal-hazırda, İddiaçı BAL0065016/12 saylı müqavilə üzrə Cavabdeh ASC-yə cəmi 351,37 manat borcu vardır. Digər tərəfdən iddiaçı başa çatmamış başqa bir məhkəmə-mühasibatlıq ekspertizası rəyinə istinad edilməklə borcu olmadığını iddia edir. Halbuki həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edilməyərək, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bu barədə qüvvədə olan notariusun icra qeydi vardır və həmin icra qeydi heç bir şəxs tərəfindən mübahisələndirilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 yanvar 2019-cu il tarixli, 2190 nömrəli rəyinin nəticə hissəsinə əsasən göstərilmişdir ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0065016/12 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi nəzərdə tutulmamış, aylıq ödənişin məbləği və tarixi barədə razılaşdırılmış ödəniş cədvəli təqdim edilmədiyinə görə kreditin aylıq ödənişinin gecikməsinə görə aylıq 2,5 faiz dərəcəsi ilə komisyon haqqı hesablamaq mümkün olmamışdır. Bankın təqdim etdiyi hesabdan çıxarış məlumatındada bank bu müqavilə üzrə komisyon hesablamamışdır. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0065016/12 saylı kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixədək (iddia ərizəsinin və maliyyə arayışının tarixinə) 400,00 manat məbləğində kredit götürülmüş və İddiaçı krediti üzrə xx xxxx 2017-ci il tarixədək (iddia ərizəsinin və maliyyə arayışının tarixinə) 731,00 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0065016/12 saylı kredit müqaviləsi üzrə istifadə edilmiş məbləğdən ödənişləri çıxılaraq xx xxxx 2017-ci il tarixədək (iddia ərizəsinin və maliyyə arayışının tarixinə) kredit borcu tam ödənilmiş və 331,00 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 24565 nömrəli rəyinin nəticə hissəsinə əsasən göstərilmişdir ki, 1-ci sual üzrə Cavabdeh ASC və cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit razılaşmasına əsasən cavabdehin banka iddia tələbində göstərilmiş məbləğdə faiz borcunun olması müəyyən edilmir və həmin borcun necə hesablanmasını və ya hesablanmanın hansı riyazi düstura istinad edilməklə müəyyən edilməsini müəyyən etmək mümkün olmamışdır. 2ci sual üzrə İddiaçı ödənişlərinə dair hesabdan çıxarışı, xx.xx.2013-cü il tarixli, BAL0065016/12 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə kredit faizi və ya komisyon haqqı aylıq 2.5% (illik 30%) olmaqla İddiaçı xx.xx.2016-cı il tarixə (sualda göstərilən 36 ay tarixə) kredit borcu tam ödənilmiş və 226,03 manat məbləğində artıq ödəniş edilməsi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə aylıq ödənişlərin tarixi və məbləği bilinmədiyi üçün kreditin hansı tarixdə gecikməyə çıxmasını müəyyən etmək mümkün olmamış, gecikmələr müəyyən edilmədiyinə görə cərimənin hesablanması da mümkün olmamışdır; Lənkəran Rayon 1 saylı notariat ofisinin xüsusi notariusu İsmayılov.S.Y tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən Cavabdeh ASC-nin xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 431 manat, 37 qəpik məbləğində pul, 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması barədə icra qeydi verilmişdir; Lənkəran Rayon Məhkəməsinin 2(049)-776/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli Qətnaməsinin surətinə əsasən iddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” barədə iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ekspertiza xərci təşkil edən 145 manat məbləğində pul iddiaçıya aid edilməklə iddiaçı Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir; Lənkəran Rayon Məhkəməsinin 2(049)-776/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli Qətnaməsinin surətindən bəlli olur ki, xx xxx 2018-ci il tarixli, 2191 saylı ekspert rəyinə əsasən İddiaçı xx xxxxxx 2013-cü il tarixli, CC0490816U/13A saylı kredit sazişi müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə banka borcu müəyyən edilməmiş, o cümlədən borcalan tərəfindən 17,98 manat məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir; Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2624/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, iddiaçı “'Cavabdeh” ASC tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(036)-776/2018 saylı qətnaməsi iddiaçı “Cavabdeh" ASC-nin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir; Lənkəran şəhəri Göyçaban kənd ərazi vahidliyi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 296473 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 ilə X6 arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikah 09 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Lənkəran Rayon 1 saylı notariat ofisinin xüsusi notariusu İsmayılov.S.Y tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən Cavabdeh ASC-nin xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 431 manat, 37 qəpik məbləğində pul, 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması barədə icra qeydi verilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-776/2018 nömrəli, xx xxxx 2018-ci il tarixli Qətnaməsi ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxx 2013-cü il tarixli, CC0490816U/13A saylı kredit sazişi müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə banka borcu müəyyən edilməmiş, o cümlədən borcalan tərəfindən 17,98 manat məbləğində artıq ödəniş aparıldığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən qətnamədə müəyyən olunan hallar hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin qətnamə ilə 17,98 manat məbləğində artıq ödəniş aparılması müəyyən edilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, iddia tələbinin qalan hissəsi isə rədd olunmalıdır. Qeyd olunan qətnamə apellyasiya instansiya məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə həmin məhkəmə icraatı çərçivəsində qeyd edilən borcunun əsaslı olub-olmamasına hüquqi qiymət verilmişdir. Məhkəmə iddia tələbinin «əlavə ödədiyi 331.00 manat və dəymiş maddi ziyan olan 15000 (on beş min) manat pulun cavabdehdən tutulması» hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd olunan halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 yanvar 2019-cu il tarixli, rəyinə istinad etməklə xx.xx.2013-cü il tarixli, BAL0065016/12 saylı kredit müqaviləsi üzrə 331,00 manat məbləğində artıq ödəmənin olmasını göstərmiş, lakin həmin mülki iş üzrə qeyd olunan hal qətnamə ilə müəyyən edilməmişdir. Əksinə, Lənkəran Rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən Cavabdeh ASC-nin xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 431 manat, 37 qəpik məbləğində pul, 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulmasına dair icra qeydi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ASC-dən iddiaçının əlavə ödədiyi 17.98 manat cavabdehdən alınaraq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “Cavabdeh" ASC-dən iddiaçı İddiaçı xeyrinə artıq ödənilmiş 17.98 (on yeddi manat doxsan səkkiz qəpik) manat pul tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar