Məhkəmə qərarları › İş №2(005)-2566/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2566/2021

05.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2566/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil X2, Cavabdehin Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2020-ci ilin iyul ayından etibarən təmirli mənzili təhvil-təslim aktı imzalanaraq ona təhvil veriləcək günədək hər ay üçün 500 manat pul məbləğinin, 5000 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında 07.03.2017-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun dövlət notariusu X3 tərəfindən təsdiq edilmiş müqavilə bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MMC Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 259 nömrəli reyestr kitabının 25274 saylı vərəqində **********27-05101-093003 reyestr, ********* qeydiyyat nömrəsi ilə verilmiş reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, təhlükəli vəziyyətdə lan 2 mərtəbəli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən mülkiyyətçi İddiaçı məxsus ümumi sahəsi 29.2 kv.m olan 1 otaqlı mənzilə görə 85.4 faiz artıq, B2 blokunun 3-cü mərtəbəsindən təmirli, bir otaqlı ümumi tikinti sahəsi 53,82 kv.m olan 110 nömrəli mənzili mülkiyyəçinin, yəni onun mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 2.2.3-cü bəndinə əsasən, binanın bünövrəsi qoyulduqdan 24 ay sonra tikinti işlərinin başa çatdırılması və mənzilin təmir edilərək ona təhvil verilməsi nəzərdə tutulmuşdur. 15 oktyabr 2019-cu il tarixdə o, Cavabdeh MMC-yə mürcaiət edərək, binanın bünövrəsinin qoyulmasından 24 ay keçdiyini, buna görə də ona təmirli mənzilin təhvil verilməsini və ya işlərin gecikdirildiyi təqdirdə bunun müqabilində kirayə haqqının ödənilməsini xahiş etmişdir. 02.12.2019-cu il tarixli A-171 saylı cavab məktubu ilə binanın bünövrəsinin guya o, mənzili cəmiyyətə təhvil verdikdən 1 il altı ay sonra, yəni 2018-ci ilin iyul yında qoyulduğunu və tikinti işlərinin təsdiq edilmiş plan üzrə davam etdirilməsini bildirmişlər. Cavabdehin özünün bildirdiyi vaxtdan 24 ay 2020-ci ilin iyul ayında tamam olur. Lakin cavabdeh hələ də mənzili ona təhvil verməmişdir. 31.08.2020-ci il tarixdə Cavabdeh MMC-yə məktub yazaraq bildirmişdir ki, hər gecikdirilən ay üçün 500 manat pul tələb edir. Lakin ona cavab verilməmişdir. Cavabdeh MMCmənzilin təhvil verilməsini gecikdirməklə ona maddi zərər vurur. Belə ki, həmin ərazidə yeni təmirli mənzilin kirayə haqqı 500 manatdan az deyil. Ona maddi ziyan vurulur. Bununla bağlı cavabdehə etirazını bildirsə də, buna heş bir məhəl qoyulmamışdır. Cavabdehin hərəkətləri nəticəsində o, mənəvi iztirablar çəkmişdir. Ona maddi ziyanla yanaşı həmçinin mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək bildirdi ki, işin mübahisəsiz halına görə binanın təməli 2018-ci ilin iyul ayında qoyulmuşdur. Tikinti işləri 24 ay müddətinə, yəni 2020-ci ilin iyul ayında təhvil verilməli idi. Lakin karantin rejimi ilə əlaqədar vaxtında təhvil vermək mümkün olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş çıxarışdan da göründüyü kimi İddiaçı mülkiyyətində olmuş 1 otaqlı mənzilin sahəsi 20 kv.m təşkil edir. Ona görə İddiaçı mülkiyyətində olmuş sahəsi 20 kv.m 1 otaqlı mənzilə görə 2020-ci ilin iyul ayından 2021-ci ilin iyul ayına qədər vurulmuş zərərə görə aylıq 250 manat olmaqla, ümumilikdə 3000 manat məbləğində birdəfəlik ödənişin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə etiraz etmədiyini və iddia tələbinin qeyd edilən hissədə təmin edilməsini, qalan hissələrin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh MMC arasında bağlanan 07 mart 2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 259 nömrəli reyestr kitabının 25274 saylı vərəqində **********27-05101-093003 reyestr, ********* qeydiyyat nömrəsi ilə verilmiş reyestrdən çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsi ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 35 saylı yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən mülkiyyətçi İddiaçı məxsus ümumi sahəsi 29.2 kv.m olan 1 otaqlı mənzilə görə 85.4 faiz artıq, B2 blokunun 3-cü mərtəbəsindən təmirli, 1 otaqlı, ümumi tikinti sahəsi 53,82 kv.m olan 110 nömrəli mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, mülkiyyətçi söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılmasından sonra 3 gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanını, əlaqə telefon nömrələrini Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etməlidir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, MMC müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin hər ayın 1-də mülkiyyətçiyə ödənilməsini təmin etməlidir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən, MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili təmir edib mülkiyyətçiyə təhvil verilməlidir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən, MMC hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə bu müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsində istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 35 nömrəli 2 mərtəbəli binada 56 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı 1 otaqlı y/s-20 kv.m, X1 1 otaq y/s-18 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində 259 nömrəli reyestr kitabının 25274 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 13.02.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 02 nömrəli 08 iyun 2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi üzrə mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinin (köhnə tikili) təmirsiz hazırki 1 aylıq kirayə haqqı 350-400 manat, qeyd olunan ünvanda tikiləcək B2 blokunun 3-cü mərtəbəsində təmirli 1 otaqlı, ümumi tikinti sahəsi 53,82 kv.m olan 110 nömrəli mənzilin 1 aylıq hazırki kirayə haqqı 550-650 manat arasında qiymətləndirilir. İş materiallarında olan "xxxx" MMC-nin 01 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda və həmin ərazidə 1 otaqlı 60-70 kv.m sahəsi olan mənzillərin aylıq kirayə haqqının qiymətləri orta təmirli köhnə tikililər üçün 330-370 manat aralığında, orta təmirli yeni tikili çoxmərtəbəli binalarda mənzilin yerləşdiyi mərtəbə və mərtəbədə yerləşdiyi yeri, şəhərə mənzərə görünüşü də nəzərə alınmaqla 570-650 manat aralığında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh MMC arasında 07 mart 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsi ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli 35 saylı yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən mülkiyyətçi İddiaçı məxsus ümumi sahəsi 29.2 kv.m olan 1 otaqlı mənzilə görə 85.4 faiz artıq, B2 blokunun 3-cü mərtəbəsindən təmirli, 1 otaqlı, ümumi tikinti sahəsi 53,82 kv.m olan 110 nömrəli mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələri yaranmışdır. Müqavilənin 2.2.3-cü bəndinə əsasən, MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili təmir edib mülkiyyətçiyə təhvil verilməli idi. İşin mübahisəsiz halı binanın bünövrəsinin 2018-ci ilin iyul ayında qoyulmasıdır. Belə ki, bununla bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyildir. Hazır ki, iddia tələbi üzrə mübahisəli hal 24 ay müddət bitdikdən sonra mənzilin təhvil verilməməsi halında cavabdehin müqavilə üzrə yaranan öhdəliklərini icra etməməsidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, müqavilənin 2.2.4-cü bəndinə əsasən, MMC hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə bu müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etməlidir. Göndəriş edilən müqavilənin 2.1.2-ci bəndinə əsasən mülkiyyətçi söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılmasından sonra 3 gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanını, əlaqə telefon nömrələrini Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə qeyd edir ki, mənzil 2020-ci ilin iyul ayında təhvil verilməli olduğu cavabdeh tərəfindən qəbul edildiyindən və mübahisələndirilmədiyindən cavabdehin iddianı qismən qəbul etməsi barədə ərizəsində də göründüyü kimi mənzil təhvil verilməmişdir. Yəni, cavabdeh ilk olaraq müqavilənin 2.2.3-cü bəndi üzrə götürdüyü öhdəliyini pozmuşdur. Məhz həmin 2.2.3-cü bəndin cavabdeh tərəfindən pozulması cavabdehin 2.2.4-cü bənddə qeyd edilən öhdəliyi daşımasına gətirib çıxarmışdır. İddiaçı 2.2.4-cü bəndə istinad edərək mənzil təhvil verilənə qədər hər ay 500 manat ödəniş edilməsini tələb edir. Cavabdeh isə 2020-ci ilin iyul ayından 2021-ci ilin iyul ayına qədər vurulmuş zərərin əvəzi olaraq hər ay 250 manat olmaqla, 3000 manat birdəfəlik ödəniş etməyə razı olduğunu bildirir. Məhkəmə ilk öncə cavabdehin iddianı qəbul etdiyi hissə ilə bağlı qeyd edir ki, tərəflər arasındakı müqavilənin 2.2.4-cü bəndində mənzilin təhvil verildiyi vaxta qədər ödəniş həyata keçiriləcəyi razılaşdırılmış, dəymiş zərər olaraq 1 illik müddətin götürülməsi isə cavabdehin hazırki təklifidir. Mənzilin hazırda iddiaçya təhvil verilməsi ilə bağlı da hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının aylıq 500 manat ödəniş edilməsi tələbi ilə bağlı isə bildirir ki, müqavilədə kirayə haqqı nəzərdə tutulmamışdır. Ona görə də məhkəmənin sorğsuna əsasən, məhkəmə göndərilmiş "xxxx" MMC-nin 01 iyul 2021-ci il tarixli ekspert rəyi əsas götürülməklə, aylıq ödəniş 330 manat olaraq müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin qeyd edilən hissəsi ilə balı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli 2020-ci iyul ayından mənzil təhvil-təslim aktı ilə təhvil verilən günədək hər ay 330 manat iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 07 mart 2017ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC-dən 2020-ci ilin iyul ayından başlayaraq Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən binanın B2 blokunun 3-cü mərtəbəsində, təmirli, 1 otaqlı, ümumi tikinti sahəsi 53,82 kv.m olan 110 nömrəli mənzil təhvil verilənədək hər ay üçün 330 (üç yüz otuz) manat pul məbləği alınaraq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07 mart 2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MMC-dən 2020-ci ilin iyul ayından başlayaraq Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsində Cavabdeh MMC tərəfindən inşa edilən binanın B2 blokunun 3-cü mərtəbəsində, təmirli, 1 otaqlı, ümumi tikinti sahəsi 53,82 kv.m olan 110 nömrəli mənzil təhvil verilənədək hər ay üçün 330 (üç yüz otuz) manat pul məbləği alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar