Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2590/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı və X1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Baş Dövlət Yol Polis İdarəsi, 3 saylı Notariat ofisi və "xxxx" MMC-nin Nərimanov filialı göstərilməklə) etibarnamələrin etibarsız hesab edilməsi və əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Baş Dövlət Yol Polis İdarəsi, 3 saylı Notariat ofisi və "xxxx" MMC-nin Nərimanov filialı göstərilməklə) etibarnamələrin etibarsız hesab edilməsi və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qanunsuz sahibliyində xx.xx.2025-ci il tarixdən sərəncamında olan ona məxsus **-RR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz G63 AMG” markalı ağ rəngli avtomobilin özgəninkiləşdirilməsinə əsas verən 3 saylı notariat ofisində qeydiyyatdan keçmiş etibarnamə verilməsilə edilən notariat hərəkətinin və etibarnamənin xx.xx.2025-ci il tarixli etibarsız hesab edilməsi, qeyd edilən avtomobilin alınaraq ona təqdim edilməsi, 3 saylı notariat ofisində xx.xx.2025-ci il tarixdə mobil nömrələrin verilməsilə edilmiş hərəkətlərin və etibarnamələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin Nərimanov ofisində 050 *** ** ** və 050 *** ** ** mobil nömrələrin iddiaçıya qaytarılması, Cavabdeh1 tərəfindən imzalanmış ərizənin hüquqi nəticə yaratmaması əsası ilə əhəmiyyətsiz hesab edilməsi, notariat və digər xərclərin ödəniləcək rüsumların cavabdeh tərəfindən ödənilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınması və iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində Cavabdeh2 “Mercedes Benz G63 AMG minik” markalı nəqliyyat vasitəsinə dair verilmiş, reyestrdə 7E-1055 nömrəsi ilə qeyd edilmiş etibarnamənin və həmin etibarnamənin əsasında Baş X7 İdarəsində xx.xx.2025-ci il tarixdə həmin nəqliyyat vasitəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, **-RR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz G63 AMG” markalı nəqliyyat vasitəsinin Cavabdeh1 alınaraq iddiaçılara verilməsinə, "xxxx" MMC-də xx.xx.2025-ci il tarixdə 050/2117776 və 050/4777777 nömrələri barədə tərtib edilmiş “Abunə müqaviləsinə xitam verilərək nömrənin abunəçinin adından çıxarılması və nömrənin başqa şəxsin istifadəsinə verilməsi forması”nın ləğv edilməsinə, vəkil xidmətinə görə hər iki müqavilə üzrə ödənilmiş cəmi 640 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-RR-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz G63 AMG” markalı avtomobil xx.xx.2017-ci ildən iddiaçının mülkiyyətində olmuşdur. Bakı şəhəri 3 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə Cavabdeh1 etibarnamə vermişdir. Həmin etibarnaməyə xitam verilmiş və cavabdeh nəqliyyat vasitəsini qaytarmaqdan yayınmışdır. Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi özlərini təqdim edən 2 nəfər iddiaçını xx.xx.2025-ci il tarixdə Baş İdarəyə apardıqdan sonra ailəsi, azadlığı təhlükə altında qaldığından həmin nəqliyyat vasitəsinə baş etibarnamə verilməsinə və bundan sonra "xxxx" MMC-nin Nərimanov filialına aparılaraq ona məxsus 050/2117776 və 050/4777777 mobil nömrələri cavabdehin adına rəsmiləşdirməyə məcbur edilmişdir. O, xx.xx.2025-ci il tarixli ərizə ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində Cavabdeh1 verilmiş, reyestrdə 7E-5860 nömrə ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş etmişdir. O, Cavabdeh1 ilə doğma qardaşdırlar. Onların münasibətləri daha əvvəl pozulduğundan öz avtomobilini geri tələb etmiş və cavabdeh qaytarmaqdan boyun qaçırdığı üçün verdiyi etibarnaməni ləğv etdirmişdir. Mübahisəli nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətinə xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən keçmişdir. Həmin müqavilənin satıcı tərəfi etibarnamə üzrə təmsil edən şəxs digər Cavabdeh2 olmuşdur. O isə mübahisə predmeti olan xx.xx.2025-ci il tarixdə verilmiş etibarnamə əsasında təmsil etmişdir. Cavabdeh2 tanımır, onun üzünü ümumiyyətlə görməyib və ona heç vaxt həmin nəqliyyat vasitəsini satmaq tapşırığı verməmişdir. İddiaçı sürmək üçün verdiyi etibarnaməni ləğv etdirdiyi halda, sonradan həmin avtomobili həmin cavabdeh qardaşına satmaq və alqı-satqının pulunun ona çatmaması üçün tanımadığı şəxsə etibarnamə verməsi heç bir məntiqə sığmır. Etibarnamənin verilməsinin səhəri günü, yəni xx.xx.2025-ci il tarixdə Baş X7 İdarəsində bağlanmış alqı-satqı müqaviləsindən və eyni zamanda həmin tarixli adı çəkilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində mühərrik nömrəsinin silinmiş-nömrəsiz kimi qeydə alınmasının məqsədəmüvafiq hesab edilməsinə dair rəydən görünür ki, cavabdehlər həmin hərəkətləri bir gün ərzində həyata keçirməkdə maraqlı olmuşlar. Əsasən həmin rəyin alınması uzun vaxt apardığı halda cavabdehlər həmin məsələni bir gün ərzində həll etməyə və alqı-satqını həyata keçirməyə müvəffəq olmuşlar. Cavabdehlər iddiaçı tərəfindən verilmiş etibarnamənin ləğv edilməsindən ehtiyat edərək bir gün ərzində xərc çəkərək bu işi görmüşlər. Alqı-satqı müqaviləsinin 2-ci bəndindən görünür ki, nəqliyyat vasitəsi 40000 ABŞ dollarına satılmışdır və bu məbləği satıcı alıcıdan almışdır. Müqavilə blankında çapda manat yazılsa da, əl yazması ilə məbləğin rəqəm ilə yazısından sonra ABŞ dollarının işarəsi qeyd edilmişdir. Bundan başqa, cavabdehlər arasında bağlanmış həmin alqı-satqı müqaviləsinin predmeti olan nəqliyyat vasitəsi iddiaçıların birgə nikah müddətində əldə edilmiş əmlakdır. Həmin alqı-satqı müqaviləsi iddiaçı X1 buna razılığı alınmadan bağlanmışdır və bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən iddia ərizəsinə etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı tərəf öz iddia tələbini əsəslandırarkən etibarnamə və digər sənədləri verməyə məcbur edildiyini, hətta bu məcburetmə prosesinin hüquq mühafizə orqanları tərəfindən həyata keçirildiyini bildirmiş, lakin qeyd edilənləri təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının təqdim etdiyi sübutlar arasında nə video və ya audio yazı, nə şahid ifadəsi, nə notarius orqanı tərəfindən təsdiqlənmiş hər hansı fakt yoxdur. Sonradan tələbin dəqiqləşdiriliməsi məqsədilə Məhkəməyə təqdim edilən iddia ərizəsində “bu halı sübut etmək olmasa da, hesab edilir ki...” kimi ifadələr hüquqi dildə mülahizə xarakterlidir və sübut hesab edilə bilməz. Bu, iddia tələbinin mülahizələrdən ibarət olmasını, heç bir halın əsaslı sübutlarla öz təsdiqini tapmamasını müəyyən edir. Beləliklə, iddiaçı etibamamənin verilməsinin “məcburiyyət şəraitində baş verdiyini sübut edə bilmədiyindən, Mülki Məcəllənin 339-cu maddəsinin tətbiq şərtləri formalaşmamışdır. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixində iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə tam könüllü şəkildə tərtib edilmiş, notariat qaydada təsdiqlənmiş və artıq xx.xx.2025-ci il tarixində avtomobilin mülkiyyət hüququ cavabdehin adına rəsmiləşdirilmişdir. Əgər iddiaçı bu əməliyyat zamanı hər hansı təzyiqə məruz qalmış olsaydı, həmin tarixdə notariusun iştirakı ilə etibarnaməni imzalamaz, yaxud dərhal sonrasında rəsmi orqanlara şikayət edərdi. Lakin nə notariusun qeydiyyat kitabında, nə də hüquq mühafizə orqanlarında bu barədə hər hansı müraciət mövcuddur. Əksinə, eyni tarixdə-xx.xx.2025-ci il tarixli ərizəsində Cavabdeh1 tərəfindən iddiaçının övladına gələcəkdə mənzil alınacağına dair vədnamə verilmişdir. Bu fakt göstərir ki, həmin dövrdə tərəflər arasında münasibətlər mehriban olub, heç bir gərginlik və hədə-təzyiq halı mövcud olmayıb. Belə olan halda sual yaranır ki, əgər tərəflər arasında münasibətlər həmin vaxt gərgin olubsa, müxtəlif üsullarla iddiaçıya təzyiq göstərilibsə hansı səbəbdən cavabdeh bu cür rəsmi iradə bəyanı verib? Bu fakt, öz növbəsində, iddiaçının "məcburiyyət ve qorxu" arqumentini tam təkzib edir. İş üzrə 3-cü şəxs qismində iştirak edən Samirə İbrahimova bildirmişdir ki, avtomobil "birgə nikah dövründə əldə olunmuş əmlak" olduğundan onun razılığı olmadan satıla bilməzdi. Bu iddia hüquqi əsasdan məhrumdur. Belə ki, mübahisə predmeti daşınar əmlakdır. AR Mülki Məcəlləsinin 225.6-cı maddəsi yalnız daşınmaz əmlak üzərində birgə mülkiyyət hallarına aiddir. Daşınar əmlakın özgəninkiləşdirilməsi zamanı ərin (arvadın) yazılı razılıq forması qanunvericilikdə tələb olunmur. Digər tərəfdən, avtomobilin satışı və qeydiyyatı zamanı X7 İdarəsi tərəfindən ər-arvad razılıq forması tətbiq edilmir. S.İbrahimovanın sonradan bu cür tələb irəli sürməsi iddianı gücləndirmək məqsədilə istifadə edilmiş hüquqi taktikadır. Belə ki, qanunvericiliyin tələbləri baxımından birgə mülkiyyət iddiası birbaşa digər birgə mülkiyyətçi - Rarmin İbrahimova qarşı yönəldilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddiaya etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Baş Dövlət Yol Polis İdarəsi, 3 saylı Notariat ofisi və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddəsinin tələbləri baxımından işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “Mercedes Benz G63 AMG” markalı avtomobili idarə etmək hüququnu Cavabdeh1 etibar etmişdir; xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “Mercedes Benz G63 AMG” markalı nəqliyyat vasitəsinə dair idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətləri, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Cavabdeh2 etibar etmişdir; Bakı şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona məxsus “Mercedes Benz G63 AMG minik” markalı nəqliyyat vasitəsinin üzərindəki **-RR-*** dövlət qeydiyyat nişanının istənilən şəxsin adına sənədləşməsinə və istənilən nəqliyyat vasitəsinin üzərinə bərkidilməsinə etiraz etmədiyini bildirmişdir; xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı özünə məxsus olan “Mercedes Benz G63 AMG” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alıcı Cavabdeh1 satmış, satıcı qrafasında Cavabdeh2 alıcı qismində Cavabdeh1 imza çəkmişlər; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş informasiya sistemindən çıxarışdan görünür ki, “Mercedes Benz G63 AMG” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə İddiaçı adına, xx.xx.2025-ci il tarixdə isə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydə alınmışdır; Bakı şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il təvəllüdlü azyaşlı qardaşı oğlu X2 adına 2 otaqlı mənzil alacağını və uşaq yetkinlik yaşına çatanda mənzili onun adına rəsmiləşdirəcəyini bəyan etmişdir; Bakı şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı “Nar Mobile” ("xxxx" MMC)-də onu təmsil etməyi, adına olan ********** və ********** telefon nömrəsinin üzrəində sərəncam verməyi, bütün əməliyyatları aparmağı və s. səlahiyyətləri Cavabdeh1 etibar etmişdir; xx.xx.2025-ci il tarixli “Abunə müqaviləsinə xitam verilərək nömrənin abunəçinin adından çıxarılması və nömrənin başqa şəxsin istifadəsinə verilməsi forması” adlı sənədlərdən görünür ki, İddiaçı adında olan ********* və ********* mobil nömrələrdən imtina etmiş və nömrəni adına keçirən şəxs Cavabdeh1 əvvəlki abunəçinin adından çıxarılmış nömrəni qəbul etmişdir. Beləliklə, iş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixli etibarnamə ilə özünə məxsus “Mercedes Benz G63 AMG” markalı avtomobili idarə etmək səlahiyyətini Cavabdeh1 vermiş, xx.xx.2025-ci il tarixli yeni etibarnamə ilə iddiaçı eyni avtomobilə dair idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq və çıxarmaq daxil olmaqla geniş səlahiyyətləri Cavabdeh2 vermişdir. xx.xx.2025-ci il tarixli notarial ərizə ilə İddiaçı avtomobilin **-RR-*** dövlət qeydiyyat nişanının istənilən şəxsin adına rəsmiləşdirilməsinə və başqa nəqliyyat vasitəsinə bərkidilməsinə etiraz etmədiyini bəyan etmişdir. xx.xx.2025-ci il alqı-satqı müqaviləsinə əsasən avtomobil Ramin Kamil oğlundan Cavabdeh1 satılmış, müqavilədə satıcı qismində Cavabdeh2, alıcı qismində Cavabdeh1 imza etmişdir. xx.xx.2025-ci il tarixli digər notarial ərizədə Cavabdeh1 öz azyaşlı qardaşı oğlu X4 üçün mənzil alacağını və uşaq yetkinlik yaşına çatdıqdan sonra həmin mənzilin onun adına rəsmiləşdiriləcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixli sənədlərlə Ramin Kamil oğlu öz adına olan ********* və ********* nömrələrdən imtina etmiş, nömrələr Cavabdeh1 tərəfindən qəbul edilərək onun adına keçirilmişdir. Məhkəmə hazırkı mübahisə ilə bağlı aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə (mülkiyyət) əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə (mülkiyyət hüququ) əsasən: İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 225.6-ci maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 359.1-cu maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun: 8-ci maddəsinə əsasən notarius bu Qanunda nəzərdə tutulan hərəkətləri apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər. 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında hər bir notariusun, habelə vakant xüsusi notarius vəzifəsini icra edən köməkçinin ona məxsus gerbli möhürü, təsdiq qeydləri ştampları, işlədiyi notariat ofisinin künc ştampı və blankları olmalıdır. Notariusun möhüründə notariusun soyadı, adı, atasının adı və işlədiyi notariat ofisinin adı göstərilməlidir. 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Beləliklə, yuxarıda qeyd olunan işin faktiki halları və qeyd olunan hüquq normalarının təhlili nəticəsində məhkəmə hesab edir ki, İddiaçı etibarnamələrin etibarsız hesab edilməsi və əmlakın qaytarılmasını tələb etsə də, bu tələbini əsaslandıran mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixli etibarnamə ilə iddiaçı avtomobil üzərində sərəncam hüquqlarını Cavabdeh2 vermiş, xx.xx.2025-ci il tarixli ərizədə isə iddiaçı avtomobilin dövlət qeydiyyat nişanının istənilən şəxsin adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda iddiaçı özünə məxsus mobil nömrələrin üzərində sərəncam vermək hüququnu Cavabdeh1 etibar etmişdir. Həmin etibarnamələrin hüquqi nəticəsi olaraq isə müvafiq əqdlər bağlanmışdır. İddiaçı tərəfin məcburiyyət altında etibarnamə verdiyini sübut edə biləcək və həmin əqdlərin qanuniliyini təkzib edən heç bir fakt - audio, video, yazılı sübutlar, şahid ifadələri məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materialları göstərir ki, xx.xx.2025-ci il tarixində notarial qaydada təsdiq edilmiş sənədlər iddiaçının könüllü iradəsini əks etdirir. Digər tərəfdən mübahisəli nəqliyyat vasitəsinin birgə nikah dövründə əldə edilmiş əmlak olmasına istinad edərək, iddiaçı X3 onun razılığı alınmadan əmlakın özgəninkiləşdirildiyini, buna görə də sözügedən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin predmeti olan əmlak daşınar əmlakdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinin tələbləri baxımından isə yalnız daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı ər-arvadın yazılı razılığı tələb edilir. İş üzrə toplanmış sübutlar və təqdim olunmuş sənədlər göstərir ki, iddiaçının iddiasında əsaslandırma üçün qanuni və faktiki əsas mövcud deyildir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Baş Dövlət Yol Polis İdarəsi, 3 saylı Notariat ofisi və "xxxx" MMC-nin Nərimanov filialı göstərilməklə “etibarnamələrin etibarsız hesab edilməsi və əmlak” tələbi təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Baş Dövlət Yol Polis İdarəsi, 3 saylı Notariat ofisi və "xxxx" MMC-nin Nərimanov filialı göstərilməklə “etibarnamələrin etibarsız hesab edilməsi və əmlak” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2590/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2590/2025
31.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver