Məhkəmə qərarları › İş №2(005)-2619/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2619/2025

24.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2619/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Fərəcova (İmaməlizadə) Hakiməxanım Gülağa qızına qarşı (açar sözlər: mənzildən istifadə hüququna xitam) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Fərəcova (İmaməlizadə) Hakiməxanım Gülağa qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh Fərəcova (İmaməlizadə) Hakiməxanım Gülağa qızına qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən sahəsi 47.1 kv.m olan mənzildən istifadə hüququnun itirilməsinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnverlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən verilən 152308 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 47.1 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh mənzilin mülkiyyətçisinin keçmiş gəlinidir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2010/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mənzil mülkiyyətçisinin oğlu X2 ilə onun arvadı Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 773 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Cavabdeh hazırda, ümumiyyətlə, iddiaçının ailə üzvü deyil, oğlu ilə olan nikahına da xitam verilmişdir. Cavabdeh öz arzusu ilə mənzili tərk etmiş, mənzilə olan ehtiyacı başqa yaşayış sahəsi ilə ödəmişdir. Buna görə də Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilən keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ üçün də heç bir əsas qalmamaqdadır. Cavabdehin istidafə hüququ ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı oğlumla nikah münasibətləri dövründə mövcüd olmuş, lakin hazırda cavabdehlə ailə münasibətimizdən söhbət gedə bilməz. AR DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından da məlum olduğu kimi cavabdeh yalnız formal qeydiyyatda qalmaqdadır. Göründüyü kimi, cavabdeh iddiaçının qohumu deyil, lakin o mənzildə yaşamasa belə, iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıraraq, iddiaçının əmlakına sərbəst şəkildə sərəncam verməsinə maneə törədir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək övladlarının payının verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsindən verilmiş ÖM seriyalı 152308 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai küçəsi 5 saylı evin 47,1 yaşayış sahəsindən ibarət 3 otaqlı 83 a saylı mənzili xx.xx.2003-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat” haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında 30 aprel 2005-ci il tarixdən qeydiyyatdadır. Cavabdeh həmin mənzildə qeydiyyatda olan digər şəxslər siyahısına daxildir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2010/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, X2 ilə cavabdeh Fərəcova (Fərəcullazədə) Hakiməxanım Gülağa qızı arasında xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 773 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2018-ci il təvəllüdlü İddiaçı Pərviz qızı anası Fərəcova (Fərəcullazədə) Hakiməxanım Gülağa qızının himayəsində saxlanılması, xx.xx.2018-ci il təvəllüdlü İddiaçı Pərviz qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment X1 Fərəcova (Fərəcullazədə) Hakiməxanım Gülağa qızının xeyrinə tutulması, aliment məbləği xx.xx.2023-cü il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. - Nərimanov rayon polis idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının ərizəsinə baxılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında"' Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunduğu üçün qeyd olunan şəxsin qeydiyyatdan çıxarılmasının mümkün olmadığı, qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyinin məqsədəmüvafiq olduğu bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2003-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla həmin ünvanda qeydiyyatdadır. Onunla iddiaçının oğlu arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmışdır. Hazırda iddiaçı mülkiyyətində olan mənzilə Cavabdeh istifadə hüquqlarının itirilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. … Eyni zamanda, qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi zamanı məhkəmələr Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri də nəzərə almalıdırlar.” Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 25 dekabr 2009cu il tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: -9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materialları ilə müəyyən olunur ki, mübahisəli ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasındakı mübahisə 2009-cu il oktyabrın 1-dən sonra yarandığından, mübahisə həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır. Qeyd olunan normaya əsasən yaşayış sahəsi mülkiyyətçinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən evə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Normada istifadə hüququ tanınan “digər qohumlar” tərkibinə daxil olan şəxslər dairəsi, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir, bu şəxslər isə qardaş, bacı, nəvə, baba, nənə, ögey ata, ögey ana və faktiki tərbiyəçidir. Hazırkı mülki mübahisə üzrə Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının ailə üzvü deyildir. Həmçinin cavabdeh iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs kateqoriyasına da aid edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən İddiaçı digər qohumu hesab edilmir. Odur ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Buna görə də iddia tələbi rədd edilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin rədd edilməsi Fərəcova (İmaməlizadə) Hakiməxanım Gülağa qızının ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Hazırkı qətnamə ilə iddia rədd olunsa belə, qətnamənin əsaslandırıcı hissəsində cavabdehin mənzildən istifadə hüququ olmaması müəyyən edilmişdir və buna görə də iddia rədd olunur. Bu qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmə qeyd edir ki, qətnamədə bu ifadənin yazılması qeydiyyat məsələsi ilə məşğul olan müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin aidiyyəti şəxslərə izah edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh ünvan 1 ünvanında yerləşən sahəsi 47.1 kv.m olan mənzildən istifadə hüququnun itirilməsinin müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 124, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh ünvan 1 ünvanında yerləşən sahəsi 47.1 kv.m olan mənzildən istifadə hüququnun itirilməsinin müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar