Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2621/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zəbtdən azad edilmə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zəbtdən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 MMC-nin Bakı şəhəri, N.ünvan 1 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsi üzərində olan hissəsi, qeyri-qanuni tikili hesab edilməklə, tikilinin altındakı ünvana məxsus olmuş torpaq sahəsi (tikintialtı) zəbt hesab edilməklə, Cavabdeh2 MMC-dən Təbriz küçəsi ev 34 ünvanında çəkdiyi (quraşdırdığı) 20 metr uzunluqlu taxtadan ibarət qanunsuz hasarı sökərək məhv etdiyi (dağıtdığı) küçə hasarını 4 metr məsafədə (H=3,4m) bərpa edərək (mişar daşı ilə) ünvanı dərhal tərk etməsinin tələb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər bir neçə əsasla geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq forma və məzmuna riayət edilmədən təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. - 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. - 149.2.5-ci maddəsinə əsasən, ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. - 150.1.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilməlidir. -150.1.5-ci maddəsinə əsasən, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilməlidir. - 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formaları (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. İddia icraatı qaydasında tələb dedikdə iddiaçının müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehlərə qarşı yönələn xahişi başa düşülür. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçı ərizəsində cavabdehlər qismində Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətini göstərmiş, Cavabdeh2 MMCdən Təbriz küçəsi ev 34 ünvanında çəkdiyi (quraşdırdığı) 20 metr uzunluqlu taxtadan ibarət qanunsuz hasarı sökərək məhv etdiyi (dağıtdığı) küçə hasarını 4 metr məsafədə (H=3,4m) bərpa edərək (mişar daşı ilə) ünvanı dərhal tərk etməsinin tələb edilməsini məhkəmədən xahiş etmiş, bununla belə iddia ərizəsində qeyd etdiyi digər cavabdehə qarşı hər hansı bir tələb irəli sürməmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi “zəbtdən azad edilmə” barədə olsa da, tələb aydın deyildir, iddiaçının cavabdehlərin hər birinə qarşı yönələn konkret tələbi - hansı cavabdehin hansı tələbi yerinə yetirməsinin xahiş olunması iddia ərizəsində aydın göstərilməmişdir. Bu isə iddia icraatı qaydasında verilmiş iddia ərizəsinin qanunvericiliklə müəyyən edilmiş məzmununa uyğun deyildir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən, iddia ərizəsinə cavabdehlərin sayına görə bütün yazılı sübutların və iddia ərizəsinin surətləri əlavə edilməli olmasına baxmayaraq, iddiaçı tərəfindən bu qaydaya da riayət edilməmişdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi, qanunvericiliklə müəyyən olunmuş forma və məzmuna riayət edilməməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. -114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zəbtdən azad edilmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 152.1.1, 152.2, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “zəbtdən azad edilmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə ********************02643400 saylı qəbz üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2621/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2621/2024
24.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver