Məhkəmə qərarları › İş №2(005)-2660/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2660/2021

04.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2660/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və əldə olunmuş pulun bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və əldə olunmuş pulun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evinin "B" tikilisinin və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0.10 ha həyətyanıtorpaq sahəsinin açıq hərracda satılaraq, satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun bölüşdürməklə, 2/1 hissəsinin paylı mülkiyyətdə olan əmlakların mülkiyyətçisi kimi mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(005)- 2391/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evinin "B" tikilisinə və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə X1 payı 2/1 hissədə, İddiaçı payının 2/1 hissədə müəyyən edilməsi və həmin paya mülkiyyət hüququ tanınması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələrləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən 26.11.2019-cu il tarixdə dövlət reyestrindən çıxarış verilmiş və Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evinin "B" tikilisinin 2/1 hissəsinə onun mülkiyyət hüququ tanınmışdır. O, cavabdeh X2 qarşı paylı mülkiyyətdə olan əmlakların açıq hərrac vasitəsilə satılaraq, əldə olunmuş məbləğin paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evinin "B” tikilisinin və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılaraq, satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun bölüşdürməklə, hissəsinin paylı mülkiyyətdə olan əmlakların mülkiyyətçisi kimi ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədi və rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evi İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(005)-421/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı əmlakın naturada bölünməsi tələbinəda dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli 2(005)-1722/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və əldə olunmuş pulun bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan 06.11.2021-ci il tarixli 2(103)-7884/2020 Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evinin "B" tikilisi və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi tərəflər arasında bərabər paylarla bölünmüş, daha sonra tərəflər arasında həmin əmlaklarla bağlı məhkəmə çəkişmələri olmuş və həmin əmlakın açıq hərracdan satılması barədə və əmlakın naturada bölünməsi barədə İddiaçı iddiaları rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, mübahisə predmeti olan əmlaka tənasübsüz zərər vurmadan onun naturada ayrılması qeyri-mümkündür. Bu səbəbdən məhkəmə daşınmaz əmlakın açıq hərraca çıxarılaraq satılması və əldə olunmuş gəlirin tərəflərin paylarına münasib bölünməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evinin "B" tikilisinin və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi açıq hərracdan satılmalı, hərracdan əldə olunan pul tərəflərin paylarına münasib bölünməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 91 saylı fərdi yaşayış evinin "B" tikilisi və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi açıq hərracdan satılsın və əldə olunmuş gəlir İddiaçı və Cavabdeh arasında paylarına mütənasib bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar