Məhkəmə qərarları › İş №2(005)-2662/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2662/2023

12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2662/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdehna qarşı «prokurorun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və onun üzərinə qərar qəbul etmə vəzifəsinin qoyulması» tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı «prokurorun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və onun üzərinə qərar qəbul etmə vəzifəsinin qoyulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquq və azadlıqlarını məhdudlaşdıran Nərimanov Rayon Prokuroru Hidayət Nurəlibəyov, AR Cinayət Məcəlləsinin 204-207-ci maddələrinin tələblərini pozaraq, xx.xx.2023 tarixli şikayət ərizəsinə vəzifəli şəxslərin Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgün Həbubullayevin və 16-cı polis bölməsinin sahə müvəkkili Mehman Əhmədovun, rəisi Cavid İsmayılzadənin cinayət əməlləri ilə bağlı, fakta görə cinayət işinin başlanması və ya başlanmasından imtina edilməsi barədə qərar qəbul etməməsi hərəkətsizliyinin qanunsuz hesab edilməsini və qərar qəbul etmə vəzifə öhdəliyinin qoyulmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçı hal-hazırda cavabdeh Nərimanov rayon Prokurorunun hərəkətsizliyinin qanunsuz hesab edilməsini və onun üzərinə qərar qəbul etmə vəzifəsinin qoyulmasını tələb edir. İddiaçı bu səbəbdən qeyd olunan iddia tələbi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə bu halla razılaşmayaraq bildirir ki, iddiaçı tərəfindən hazırda iddia tələbi prokurorun hərəkətsizliyindən ibarət olduğundan bu tələbə mülki məhkəmə icraatı qaydasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması qanunvericiliyin tələbinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsaəsn, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2.2-ci maddəsinə əsaəsn, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora şikayət verilir. Bununla əlaqədar olaraq məhkəmə iddiaçıya hazırki tələblə yuxarı prokurora şikayət vermək hüququnun olduğunu izah edir. Yuxarıda şərh olunanlara əsasən, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehna qarşı «prokurorun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və onun üzərinə qərar qəbul etmə vəzifəsinin qoyulması» tələbinə dair iddianın ümumi məhkəmədə baxılmasının yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehna qarşı «prokurorun hərəkətsizliyinin qanunsuz hesab edilməsi və onun üzərinə qərar qəbul etmə vəzifəsi qoyulması» tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina olunsun. Məhkəmə iddiaçıya hazırki tələblə yuxarı prokurora şikayət vermək hüququnun olduğunu izah edir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar