Məhkəmə qərarları › İş №2(005)-272/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-272/2024

16.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-272/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barədə tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə) qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərə görə 13000 manat maddi zərərin, 5000 manat mənəvi zərərin və ödənilmiş 144 manat dövlət rüsumunun, cəmi 18144 manat məbləğin Cavabdeh MMC X13-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC X13-da əməliyyat olunmuşdur. Həmin əməliyyat üçün 6500 manat pul ödənilmişdir. Sonra əməliyyatın çox uğursuz keçirilməsi məlum olmuşdur. Əməliyyatdan sonra həm həmin Hospitalda, həm də digər tibb müəssisəsində keçirilən təkrar müayinə əməliyyatın uğursuz keçirilməsini sübut etmişdir. Əməliyyatdan sonra vəziyyətinin daha da ağırlaşmasını görəndə "xxxx" MMC-yə müraciət etmiş, yoxlamadan sonra dərhal təkrar əməliyyatın keçirilməsinin zəruri olduğu bildirilmişdir. Əməliyyatın keçirilməsi barədə onun razılıq ərizəsi alınmış və xx.xx.2022-cı il tarixli “tibbi xidmət müqaviləsi” bağlanmışdır. Müqavilənin 3.1-ci bəndində keçiriləcək əməliyyatın dəyərinin 13000 manat təşkil etməsi müəyyənləşdirilmiş və həmin məbləğ tərəfindən ödənilmişdir. Cavabdeh MMC X13-ın həkimlərinin məsuliyyətsizliyi nəticəsində 13000 manat zərərə düşmüşdür. Həmçinin bu hadisə nəticəsində mənəvi və fiziki sarsıntı keçirmişdir. Hətta bu səbəbdən həyat yoldaşından ayrılmışdır. Dəyən mənəvi zərəri 5000 manat məbləğində dəyərləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Həmçinin ekspertiza rəyi ilə razı olmadıqlarını sadəcə olaraq ekspertlərin əməkdaş olduqları həkimin səhvini gizlətməyə calışdıqlarını bildirdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X6 iddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iddianın əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli Ləman Cəlilovanın sağ diz MR müayinəsindən görünür ki, oynaq daxilində və suprapatellar bursada qatı maye yığıntısı, suprapatellar nahiyədə 6 mm ölçüdə sərbəst sümük fraqmenti, lateral kollateral bağda (LCL) qopma, medial meniskusun arxa buynuzunda İ dərəcə degenerasiya, lateral meniskusun arxa buynuzunda İ dərəcə degenerasiya, tibia plateu lateralda və ortada yuxarıda tibiofemoral oynaq daxilinə, aşağıda tibianın proksimal diafizar hissəsinə uzanan yerdəyişməyən sınıqlar və ətraflarında nəzərəçarpan sümük iliyi ödemi, dizin arxa hissəsində qasrtoknemius əzələsinin medial və lateral başı arası ilə distala doğru uzanan maye yığıntısı, dizin ön-medial hissəsində dərialtı yumşaq toxumalarda geniş ödem və qansızma diaqnozu qoyulmuşdur; Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli vəkil sorğusuna cavabında qeyd edilmişdir ki, İddiaçı yaranmış fəsadlar travmanın ağırlığı ilə bağlıdır, meydana çıxa biləcək ağırlaşmaların həkimlər və cərrahi əməliyyatlarla əlaqəsi yoxdur; X11 xəstəlik tarixindən və xəstə razılığı sənədindən görünür ki, X3 “sağ lateral və medial tibial platosunun çökmüş sınığı” diaqnozu qoyulmuşdur; “X13” klinikasının xx.xx.2022-ci il tarixli Elektrokardioqrafik müayinəsinə əsasən X1 Sinus ritmi, ÜEO-nun yarımhorizontal vəziyyəti, nəzərə çarpan patologiya aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 156/KEŞ nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, “X13”da X2 adına tərtib edilmiş tibbi sənədlərə əsasən ona “Sağ lateral və medial tibial platonun oynaqdaxili, qəlpəli, sümük defekti ilə müşayiət olunan çökmüş sınığı” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Diaqnoza uyğun onun üzərində “Sağ bayır tibial plato açıq repozisiyası, medial platonun qapalı repozisiyası, travmatik yaranmış sümük defektinin allotransplantat vasitəsilə bərpası, vintlər və metal lövhə vasitəsilə osteosintez” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün aparılmışdır. "xxxx"da Ləman Cəlilovanın adına tərtib edilmiş tibbi sənəddən görünür ki, onun sağ dizində “Osleosintez” cərrahiyyə əməliyyatı icra edilmişdir. Ləman Cəlilovanın (Nəsirova) mütəxəssis müayinəsi zamanı hazırda qamış sümüyündə cərrahiyyə əməliyyatlarından sonra oynaqdaxili çökmə izlənilir. Bu travmanın ağırlığı ilə əlaqədardır. Ləman Cəlilovanın (Nəsirova) üzərində “X13” və "xxxx"da anoloji olaraq “Osteosintez” cərrahiyyə əməliyyatları icra edilmişdir. Bu əməliyyatlar oynaqdaxili çökmənin aradan qaldırılması üçün aparılmışdır. Hazırda hər iki klinikada aparılmış əməliyyatlardan sonra Ləman Cəlilovada (Nəsirova) oynaqdaxili çökmə aradan qaldırılmamışdır ki, bu da travmanın ağırlığı ilə əlaqədardır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçı səhhətində yaranmış problemlə bağlı Cavabdeh MMC-yə (X13) müraciət etmişdir. İddiaçı müayinə edilmiş və ayağında olan travma ilə əlaqədar olaraq əməliyyat edilmişdir. Hazırda iddiaçı Cavabdeh MMC-nin (X13) həkimləri tərəfindən aparılan əməliyyatın düzgün olmadığını iddia edərək, vurulmuş maddi və mənəvi zərərin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrinin məzmununa görə cavabdehin yol verdiyi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə cəlb olunması üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bu baxımdan deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə ilk öncə iddianın əsaslılığını müzakirə edərək, həmin tibb mərkəzində fəaliyyət göstərən həkimlərin hərəkət və ya hərəkətsizliyinin qanunsuz olub-olmaması ilə əlaqədar iş materiallarında olan sübutların araşdırılmasının zəruri olduğunu qeyd edir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz, aparılmış əməliyyatın düzgün olmamasını, bunun nəticəsində sağlamlığında fəsadların yaranmasına istinad edir. İddiaçının iddianın dəlili kimi istinad etdiyi bu halların, yəni diaqnozun və əməliyyatın düzgün aparılıb-aparılmamasının hazırda sağlamlığında mövcud olan problemlərlə hər hansı səbəbli əlaqəsinin mövcud olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 156/KEŞ nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, əməliyyatlar oynaqdaxili çökmənin aradan qaldırılması üçün aparılmışdır. Hazırda hər iki klinikada aparılmış əməliyyatlardan sonra Ləman Cəlilovada (Nəsirova) oynaqdaxili çökmə aradan qaldırılmamışdır ki, bu da travmanın ağırlığı ilə əlaqədardır. Məhkəmə yuxarıda sadalanan maddələrin tələblərinə uyğun olaraq qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçı ona maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə işdə olan sübutlarla İddiaçı sağlamlığında yaranmış problemlər ilə əlaqədar cavabdeh təşkilatın həkimləri tərəfindən ona təyin olunmuş diaqnozun düzgün qoyulduğu, əməliyyatın isə düzgün aparıldığı müəyyən edilmişdir. Belə olan halda isə onun üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, iddiaçının tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni müalicəsini həyata keçirən cavabdeh təşkilatın həkimlərinin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi, diaqnozun və əməliyyatın düzgün aparılmaması və bunun nəticəsində maddi zərərə məruz qaldığı öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərin ödənilməsi, hissəsində də təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə (X13) (mübahisə predmeti barədə tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə) qarşı zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə (X13) (mübahisə predmeti barədə tələb irəli sürməyən üçüncü şəxs X5 cəlb edilməklə) qarşı zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar