Məhkəmə qərarları › İş №2(005)-2775/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2775/2023

03.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2775/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X8 Mehdi qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, "xxxx"ASC dən ona dəymiş maddi ziyana görə 13000 (on üç min) manat, mənəvi ziyana görə 1000 manat və ödənilmiş 132 manat dövlət rüsümu cəmi 140132 (on dörd min yüz otuz iki) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını və cavabdeh X5 əməlində CM-nin 178.2-ci maddənin tərkibi olduğunun barəsində xüsusi qərar çıxarılaraq prokurora göndərilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC ilə aralarında olan bir neçə müqavilə münasibətlərinə əsasən iddiaçının hesabında xeyli miqdarda pul olmuşdur. xx.xx.2023-cü il tarixdə müqavilə münasibətləri yenilənmiş və o, hesabına 13000 manat pul depozit kimi qoymuşdur. Cavabdeh ASC-də əmanətinin etibarlığı olacağını inanırdı. Müqavilə imzalayarkən ona hesabından pulların oğurlana biləcəyi, ona gələn bank şifrəsinin kənar şəxslərə verməməli olduğunu bildirməmişlər. Buna görə də 2023-cü ilin may ayının 4-də ona gecə saatlarında rus dilində şifrə göndərilmişdir. Rus dilində bilmədiyi üçün və sosial şəbəkə vasitəsi ilə əşyanı satışa çıxardığından, guya əşyanı almaq istəyən şəxs ondan kartına beh atmaq adı ilə həmin şifrəni istədi. Şifrə ilə göndərilən sms rus dilində olduğu üçün iddiaçı onun kənar şəxslərə verməyinin təhlükəli olacağını dərk etməmiş və həmin şifrəni kənar şəxsə verdiyi üçün bank hesabından 13000 manat dərhal oğurlanmışdır. Bu barədə polisə şikayət etmiş və hal-hazırda araşdırma aparılır. Cavabdeh ASC-nin əməkdaşlarının məsuliyyətsizliyi nəticəsində bu hal baş vermişdir. Belə ki, cavabdeh şifrəni göndərdiyi vaxt sms bildiriş azərbaycan dilində olsaydı və iddiaçıya xəbərdarlıq edilsəydi ki, şifrəni kənar şəxslərə vermək təhlükəlidir. İddiaçı heçvaxt həmin şifrəni kənar şəxslərə təqdim etməzdi. Bundan başqa o, daha sonra cavabdeh ilə aralarında olan müqaviləyə nəzər yetirdikdə müqavilənin formal tərtib olunduğunu, ona müqavilənin şərtləri izah edilmədiyi və müqaviləni onun tərəfindən imzalanmadığını aşkar etmişdir. Bir neçə dəqiqə ərzində hesabından 13000 manat pulun çıxarılmasına şərait yaradılması da Cavabdeh ASC-nin hesabda olan vəsaitlərin təhlükəsizliyinə laqeyd yanaşmasının bariz nümunəsidir. Cavabdeh 13000 manat pul vəsaitin eyni vaxtda hesabdan, çıxarılmasının qarşısını almalı idi. Cavabdehə aralarında olan müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə dəymiş maddi və mənəvi ziyanın ödənməsini tələb etsə də, cavabdeh müraciətə heçbir cavab verməmişdir. Cavabdeh ASC məhkəməyə etiraz ərizəsi təqdim edərək, İddiaçı “pul” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində Cavabdeh ASC ilə arasında bağlanmış müqavilələrə əsasən adına açılmış kart hesabında xeyli miqdarda vəsaitin olduğunu, xx.xx.2023-cü il tarixində Bankla müqavilə münasibətlərini yenilədiyini və hesabına 13.000 (on üç min) manat pul mədaxil etdiyini bildirmiş, müqavilə imzalanarkən ona hesabından pulların oğurlana biləcəyi və ona gələn bank şifrəsinin kənar şəxslərə verilməsinin qadağan olunduğunun bildirilmədiyini qeyd etmişdir. Daha sonra iddiaçı öz ərizəsində ona xx.xx.2023-cü il tarixində gecə saatlarında rus dilində şifrə göndərildiyini və rus dilini bilmədiyi üçün həmin şifrəni kənar şəxslərə verməməli olduğunu və bunun təhlükəli olacağını dərk etmədiyi üçün həmin şifrəni kənar şəxsə təqdim etdiyini və dərhal onun həmin hesabından 13.000 manat məbləğindəki vəsaitin oğurlandığını və bu barədə polis orqanlarına şikayət etdiyini bildirmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində “Bank ödəniş kartı hesabı müqaviləsi” bağlanılmış və iddiaçı tərəfindən kart hesabına iddia ərizəsində iddia etdiyi kimi 13.000 manat deyil, 12.848,84 (on iki min səkkiz yüz qırx səkkiz manat, səksən dörd qəpik) manat məbləğində vəsait mədaxil edilmiş və xx.xx.2023-cü il tarixində həmin kart hesabından “card to card” əməliyyatları həyata keçirilmişdir. İddiaçının özünün də ərizəsində qeyd etdiyi kimi, o, ona gələn OTP kodları kənar şəxs(lər)ə təqdim etmiş və nəticədə onun kart hesabından müvafiq əməliyyatlar aparılmışdır. İddiaçı ilə bank arasında bağlanılmış xx.xx.2023-cü il tarixli “Bank ödəniş kartı hesabı müqaviləsi”nin 7.2-ci bəndinə əsasən, kartın “hesab sahibi”nin faktiki sahibliyində olub-olmamasından asılı olmayaraq, kart hesabı üzrə aparılan əməliyyatların (o cümlədən kartla bağlı hər hansı fırıldaqçılıq (fraud) əməliyyatlarının) və PİN-koddan istifadə edilməsinin nəticələrinə görə Bank məsuliyyət daşımır. Bank həmçinin əlavə kart istifadəçisinin kartla apardığı əməliyyatların nəticələrinə görə də məsuliyyət daşımır. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən isə, Bank tərəfindən müəyyən edilmiş təhlükəsizlik tələblərinin pozulması halında Bank aparılan ödəniş əməliyyatları və ya kart məlumatlarının ələ keçirilməsinin nəticələrinə görə məsuliyyət daşımır. Müqavilənin müvafiq bəndlərindən də göründüyü kimi, iddiaçı özünün iddia ərizəsində etiraf etdiyi kimi, özünə aid şəxsi məlumatları və telefon nömrəsinə SMS vasitəsilə gələn OTP kodları kənar şəxsə təqdim etmiş və nəticədə müqavilədə də nəzərdə tutulduğu kimi, bankın heç bir məsuliyyət daşımadığı fırıldaqçılıq (fraud) əməliyyatlarının qurbanı olmuşdur. İddiaçı daha sonra öz ərizəsində məlum hadisənin guya bankın əməkdaşlarının məsuliyyətsizliyi nəticəsində baş verdiyini bildirmiş, ona göndərilən sms-in rus dilində olması səbəbindən və ona xəbərdarlıq edilmədiyindən, şifrəni kənar şəxsə verdiyini qeyd etmiş, bankla bağladığı müqavilələrin formal tərtib olunduğunu və müqavilənin şərtlərinin ona izah edilmədiyini, hətta ümumiyyətlə müqavilələrin özü tərəfindən imzalanmadığını vurğulamışdır. İlk növbədə, iddiaçıyla bağlanılmış müqavilədə, həm də xx.xx.2020-ci il tarixli “İnternet bankçılıq üzrə əməkdaşlıq Müqaviləsi”ndə müştərinin şəxsi məlumatlarının 3-cü şəxslərə ötürülməsi nəticəsində müştəriyə dəyən zərərə görə Bankın məsuliyyət daşımadığı qeyd olunmuşdur. Belə ki, “İnternet bankçılıq üzrə əməkdaşlıq Müqaviləsi”nin 3.2.4-cü bəndinə əsasən, müştəri özünün eyniləşdirmə məlumatlarını, habelə daimi və birdəfəlik şifrələrini təhlükəsiz və üçüncü şəxslər üçün əlçatmaz formada saxlamalıdır. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən isə, müştərinin istifadəçi adı və parollarının kənar şəxslər tərəfindən istifadə edilməsi nəticəsində ona zərər dəydikdə bank heç bir məsuliyyət daşımır. Bundan başqa, müştəri internet bankçılıq vasitəsi ilə alıcıya (xidmət göstərənə) səhv və ya əsassız köçürmə etdikdə, həmin vəsaitlərin geri ödənilməsi ilə bağlı məsələləri özü tənzimləyir. Göründüyü kimi, göstərilən hadisə iddiaçının ərizəsində iddia etdiyi kimi bankın əməkdaşlarının məsuliyyətsizliyi səbəbindən deyil, onun özünün şəxsi məlumatlarını və təhlükəsizliyini qorumağa borclu olduğu daimi və birdəfəlik şifrələrini kənar şəxsə ötürdüyü üçün baş vermişdir. Müştəri şəxsi məlumatlarını kənar şəxsə təqdim etdiyindən, həmin şəxs tərəfindən mobil telefonunda “Dostbank” tətbiqinin aktivləşdirilməsi və iddiaçıya gələn OTP şifrənin ona ötürülməsi nəticəsində iddiaçıya məxsus məlumatlar əsasında aktivləşdirdiyi bankın mobil tətbiqi vasitəsilə məlum əməliyyatları həyata keçirmişdir. Ümumiyyətlə, bunu da qeyd etmək zəruridir ki, iddiaçı xarici dil biliyinin olmamasını deyil, iki ayrı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini və şəxsi məlumatlarının kənar şəxs(lər)ə öz iradəsi ilə şəxsən ötürməsini vurğulamalıdır. Azərbaycan dilində və oxunaqlı şriftlə tərtib olunan və iddiaçı tərəfindən imzalanan hər iki müqavilədə təhlükəsizlik tədbirləri barədə kifayət qədər geniş və təfərrüatlı məlumatlar mövcuddur. İddiaçının şəxsən imzaladığı müqavilələri oxumaması və orada göstərilən tədbirlərə riayət etməməsi nəticəsində vəsaitinin kənar şəxs(lər) tərəfindən mənimsənilməsi bankın deyil, birbaşa özünün məsuliyyətindədir ki, müqavilələrin müvafiq bəndlərində bu, tam aydın şəkildə təsbit edilmişdir. İddiaçının müqavilələrin guya özü tərəfindən imzalanmadığı iddiasına gəldikdə isə, bildiririk ki, bu barədə iddiaçı heç bir dəlil və sübut təqdim etməmiş və bunu yalnız əsassız iddia kimi ərizəsində qeyd etmişdir. Etiraza əlavə edilən müqavilələrdən də göründüyü kimi, müqavilələr hər iki tərəfin imzası ilə təsdiq edilməklə 2 (iki) nüsxədə tərtib edilmiş və təsdiq edildiyi andan qüvvəyə minmişdir. İddia ərizəsi tamamilə bir-birinə zidd fikirlərdən ibarətdir. Belə ki, ilk öncə iddiaçı cavabdehlə müqavilə münasibətlərində olduğunu və bu münasibətləri xx.xx.2023-cü il tarixində yenilədiyini bildirmiş, daha sonra isə müqavilənin guya formal tərtib olunduğunu və onun tərəfindən imzalanmadığını iddia etmişdir. Bu kimi ziddiyyətli fikirlərdən də göründüyü kimi, iddiaçı sadəcə öz səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində itirdiyi vəsaitini bankdan tələb etməklə bir növ heç bir dəlilə söykənməyən əsassız iddiasını əsaslandırmağa çalışmışdır. Beləliklə, qeyd edilənlər onu göstərir ki, iddia ərizəsində Cavabdeh ASC-yə qarşı göstərilən tələblərin heç bir hüquqi əsası yoxdur və iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan sms bildirişlərində xx.xx.2023-cü il tarixində saat 22:29-da qeyd edilmişdir ki, “Ne peredavayte kod postoronnim lyudyam! OTP: 134714”. xx.xx.2023-cü il tarixində saat 22:31-də qeyd edilmişdir ki, “Ne peredavayte kod postoronnim lyudyam! OTP: 353005”. İş materiallarında olan kassa məxaric ordenindən görünür ki, İddiaçı tərəfindən12.848,84 manat məxaric edilib. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı qeyd etmişdir ki, tərəflərinin səhvi nəticəsində onun hesabından 13000 manat oğurlanmışdır. Ona dəymiş ziyanın bərpa olunmasını xahiş etmişdir. İş materiallarında olan müraciətdən görünür ki, xx.xx.2023-cü il tarixində İddiaçı Cavabdeh ASC-nin mail adresinə ona külli miqdarda zərər dəydiyini, köməklik göstərilməsini xahiş etdiyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bank ödəniş kartı hesabı müqaviləsindən görünür ki: Bu Müqavilə şərtləri və «Bank» tərəfindən təqdim edilən təhlükəsizlik tələbləri çərçivəsində (www.bolkart.az internet saytında göstərilir) kartla əməliyyatlar aparır. Kart hesabına bağlı əlavə kartın, habelə kartın istifadə müddəti bitdikdə yeni kartın verilməsi ilə bağlı müraciət edir. Kart hesabından pul vəsaitinin əsassız silinməsinə və səhv ödənişlərə dair ödəniş sisteminin qayda və şərtlərinə uyğun olaraq, araşdırma aparılması üçün müraciət edir və müvafiq hallarda əsassız silinmiş məbləğin və ya «Bank»m səhvi nəticəsində edilmiş ödənişin geri qaytarılmasını tələb edir. Kart hesabının açılması üçün «Bank»a təqdim edilən sənədlərdə baş vermiş dəyişikliklər barədə bütün məlumatları müvafiq təsdiqedici sənədlər qoşulmaqla, dəyişikliklər baş verdiyi tarixdən etibarən 5 (beş) iş günü müddətində təqdim edir və kart hesabını «Bank»ın müəyyən etdiyi qaydada yenidən rəsmiləşdirir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən, «Bank», kartın «Hesab sahibi»nin faktiki sahibliyində olub-olmamasından asılı olmayaraq, kart hesabı üzrə aparılan əməliyyatların (o cümlədən kartla bağlı hər hansı fırıldaqçılıq (“fraud”) əməliyyatların) və PİN-koddan istifadə edilməsinin nəticələrinə görə məsuliyyət daşımır. «Bank» həmçinin əlavə kart istifadəçisinin kartla apardığı əməliyyatların nəticələrinə görə məsuliyyət daşımır. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən, «Bank» tərəfindən müəyyən edilmiş təhlükəsizlik tələblərinin pozulması halında «Bank» aparılan ödəniş əməliyyatları və ya kart məlumatlarının ələ keçirilməsinin nəticələrinə görə məsuliyyət daşımır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli internet bankçılıq üzrə əməkdaşlıq müqaviləsinin 3.2.4-cü bəndindən görünür ki, özünün eyniləşdirmə məlumatlarını, daimi və birdəfəlik şifrələrini təhlükəsiz və üçüncü şəxslər üçün əlçatmaz formada saxlayır. 5.2-ci bəndindən görünür ki, «Bank» aşağıdakı hallara görə məsuliyyət daşımır: -Xidmətlərin göstərilməsi «Bank»dan asılı olmayan səbəblərdən mümkün olmadıqda, həmçinin «Bank»a xidmət göstərən üçüncü şəxslər tərəfindən xidmətlər lazım olan səviyyədə göstərilmədikdə, -«Müştəri»nin istifadəçi adı və parollarının kənar şəxslər tərəfindən istifadə edilməsi nəticəsində « «Müştəri»yə zərər dəydikdə; -«Müştəri» tərəfindən internet bankçılıq vasitəsi ilə alıcıya (xidmət göstərənə) səhv və ya əsassız köçürmə edildikdə. Bu halda həmin vəsaitlərin geri ödənilməsi ilə bağlı məsələləri özü tənzimləyir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixdə Bank ödəniş kartı hesabı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh ASC İddiaçı müvafiq hesabı üzrə 12848,84 manat məbləğində pul vəsaitini qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı həmin hesabından pul oğurlanmışdır. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, müqavilə imzalanarkən, ona hesabından pulun oğurlana biləcəyi, o cümlədən qısa mesaj şəklində gələn bank şifrəsinin kənar şəxslərə verilməməli olduğu izah edilməmiş, həmçinin də xəbərdarlıq mesajı rus dilində göndərilmişdir. Cavabdeh bank iddianı qəbul etmir, tərəflər hazırda mübahisələndirilən hallarla bağlı razılıq əldə edərək, müqavilə bağlamışlar. Tərəflərindən şifrənin kənar şəxslərə verilməməsi ilə bağlı sms xəbərdarlıq göndərilmiş, eyni zamanda mesajın rus dilində gəlməsinin səbəbi isə iddiaçının “Dostbank” tətbiqini aktivləşdirərkən tətbiqin dilinin rus dili seçilməsi olmuşdur. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və Cavabdeh ASC arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaransa da, hazırda iddiaçı cavabdehin hərəkət (hərəkətsizliyi) ucbatından ona maddi zərərin dəydiyini bildirdiyindən tərəflər arasında yaranan mübahisə məhz mülki hüquq pozuntusunu tənzimləyən normalar çərçivəsində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, zərərin mövcudluğu mübahisəsizdir. Lakin iddia tələbinin dəlilləri ilə həmin zərərin cavabdeh bankın hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu öz təsdiqini tapmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, tərəflər müqavilə bağlayarkən, onun mühüm şərtləri barədə razılığa gəlmiş və müqavilə ilə öz üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. Müqavilə şərtlərindən və mülki işin faktiki hallarından görünür ki, cavabdeh bank tərəfindən müqavilə şərtlərinin pozulmasına yol verilməmişdir. Belə ki, cavabdeh bank müqavilə şərtlərinə uyğun olaraq hərəkət etmiş, təhlükəsizlik ilə bağlı hallar tərəflər arasında razılaşdırılmışdır. Göründüyü kimi, iddiaçının təhlükəsizlik parolunu üçüncü şəxslərə verməsində cavabdeh bankın təqsiri sübuta yetmir. Bundan başqa məhkəmə, iddiaçının cavabdeh bank tərəfindən xəbərdarlıq mesajının rus dilində göndərilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı banka məxsus tətbiqin dilini rus dilində aktivləşdirməsi səbəbindən xəbərdarlıq mesajları da məhz həmin dildə göndərilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, hər bir halda iddiaçı cavabdehin bu dəlilini təkzibedici hər hansı mülahizə bildirməmiş yaxud buna dair sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə isə cavabdeh tərəfindən bəhs edilən tətbiqin aktivləşdirilməsi (quraşdırılması) ilə bağlı izahlı video disk təqdim edilmişdir. Bundan başqa, məhkəmə, mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh X5 əməlində CM-nin 178.2-ci maddənin tərkibi olduğu barəsində xüsusi qərar çıxarılmasına münasibətdə qeyd edir ki, sadalanan məsələ tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə proses iştirakçılarının əməllərində aşkar edilmiş cinayət əməllərinə görə xüsusi qərardadın çıxarılması barədədir. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin qiymətləndirməsindən asılı deyil və işə baxarkən belə faktları müşavirə otağında aşkara çıxardığı halda nəzərə alır. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb (iddia tələbi) kimi qiymətləndirilə o cümlədən, həmin məsələlərə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Məhkəmə, hər bir halda xüsusi qərardad çıxarılması barədə vəsatətdəki X5 hazırki mübahisəyə aidiyyəti müəyyən edilmədiyindən həmin vəsatətə qiymət verməməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar