Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2834/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı «vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh" MMC-dən ona vurduğu maddi ziyana görə 1.000 (bir min) manatın, ödədiyi xidmət haqqına görə 28 (iyirmi səkkiz) manatın, mənəvi zərərə görə 500 (beş yüz) manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 2018-ci il tarixdə cavabdehin Şüvəlan qəsəbəsində yerləşən filialına yaxınlaşaraq təmizlənməsi üçün 2 ədəd kostyum (1 ədəd yay, 1 ədəd qış mövsümü kostyumu) təqdim edib, 26 ya da 28 manat ödəniş etmişdir. Kostyuma ilkin baxış keçirilib üzərində heç bir qüsur olmadığı üçün təmizlənməyə qəbul edilmişdir. O, 2 gün sonra kostyumları təhvil aldıqda, yay kostyumunun ((x)16501 nömrə ilə nömrələnmiş) zədələndiyini və tamamilə yararsız hala düşdüyünü aşkar etmişdir. İstifadə olunan maddələr səbəbindən kostyumda deşiklərin yarandığını və rənginin dəyişdiyini müəyyən etmişdir. Bununla bağlı dəfələrlə şifahi və yazılı şəkildə müraciət etsə də, ona - müştəriyə qarşı qəbuledilməz sayılan, olduqca saymazyana münasibət göstərilmişdir. Nəinki dəymiş ziyanın aradan qaldırılması, hətta adi bir söhbət və üzrxahlıq belə edilməmiş və yazılı müraciətinə də cavab verilməmişdir. İddiaçıya məxsus olan kostyum 1.000 manat dəyərindədir. Həmin kostyumun yararsız hala salınmasını müəyyən etmək üçün ekspertiza tədqiqatına təqdim edə biləcəyini bildirmişdir. İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə etdiyini qeyd etmiş, maddi və mənəvi ziyanın tutulmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını, o cümlədən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2002-ci il tarixdə Səbail Rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı, 000***** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1943-cü il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı ünvan 1 mənzil 108 ünvanında qeydiyyatdadır; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4479/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh-yə qarşı «keyfiyyətsiz xidmət nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq, fiziki-kimyəvi və trasoloji ekspertizaları təyin edilmiş, ekspertizanın qarşısında iddiaçıya məxsus geyim dəstinin (kostyumun) və pencəyin hazırlandığı parçanın liflərinin tərkibi, Geyim dəstinin (kostyumun) və pencəyin kimyəvi təmizlənməsi zamanı istifadə olunan kimyəvi maddələr həmin əşyaların üzərində olan etiket göstəricilərinə uyğun olubolmaması, geyim dəstinin (kostyumun) və pencəyin üzərində olan zədələr kimyəvi təmizləmə zamanı kimyəvi maddələr, yoxsa başqa kənar təsir nəticəsində əmələ gəlibgəlməməsi, geyim dəstinin (kostyumun) və pencəyin dəyəri (aşınma nəzərə alınmaqla) nə qədər təşkil etməsi barədə sualları qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 30461/30462 nömrəli rəyinin nəticə hissəsinə əsasən göstərilmişdir ki, təqdim edilmiş 01 ədəd pencəyin parçasının tərkibi təbii mənşəli yun liflərindən, astarlıq parçanın tərkibi isə viskoza və asetat əsaslı süni liflərin qarışığından istehsal olunmuşdur. Tədqiqat obyektlərinin kimyəvi təmizlənməsi zamanı istifadə olunan maddələr ekspertiza tədqiqatına təqdim edilmədiyindən cavablandırılmamış, təqdim edilmiş 01 ədəd pencəyin və 01 ədəd kostyuma aid olan pencək və şalvarın səthləri üzərində rəyin tədqiqi hissəsində qeyd edilən kənar təsirlər nəticəsində yaranan (yuma, qurudulma, ütüləmə və s.) parçanı təşkil edən lif mikrostrukturunda qırışıqlıqların, deşiklərin, liflərin xaricə doğru lifləməsi, sürtünmələrin olması müşahidə edilmiş, 01 ədəd pencəyin və 01 ədəd kostyuma aid olan pencək və şalvarın tərkibini təşkil edən təbii yun lifləri, viskoza və asetat əsaslı süni liflər turşulara, qələvilərə və üzvi həll edicilərə qarşı və həmçinin yüksək temperatura, istiliyə qarşı davamsız olması qeyd olunmuşdur. Yəni kimyəvi və mexaniki təsirlər nəticəsində parçanı təşkil edən lifin strukturu deformasiyaya uğrayaraq, paltarın keyfiyyətini aşağı salır və ümumi görünüşünü korlayır. 01 ədəd pencəyin və 01 ədəd kostyuma aid olan pencək və şalvarın xarici görünüşü sadalanan əlamətləri daşıyır. 01 dəst tünd boz rəngli, üzərində Marks&Spencer Made in İsrael 117cm 46-in Medium yazıları olan kişi kostyumu (şalvar-pencək) hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə qiymətsiz, zədələnməmişdən əvvəl istifadədə olması nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə-150,00 manat; 01 ədəd qəhvəyi rəngli, üzərində Marks&Spencer Made in China 112cm 44-in Medium yazıları olan kişi pencəyi hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə qiymətsiz, zədələnməmişdən əvvəl istifadədə olması nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə-100,00 manat olduğu bildirilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 154,16 manatdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx xxx 2018-ci il tarixdə 2 ədəd kostyumu (1 ədəd yay, 1 ədəd qış mövsümü kostyumu) təmizlənməyə vermiş, kostyumları alarakən bir dəstin tamamilə yararsız hala düşdüyünü aşkar etmişdir. İddiaçıya ona məxsus olan kostyuma dəymiş zərər üzrə 1.000 manat tələb edir,ödədiyi xidmət haqqına görə 28 manatın, mənəvi zərərə görə 500 (beş yüz) manatı cavabdehdən tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən 01 dəst tünd boz rəngli, üzərində Marks&Spencer Made in İsrael 117cm 46-in Medium yazıları olan kişi kostyumu (şalvar-pencək) hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə qiymətsiz, zədələnməmişdən əvvəl istifadədə olması nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə-150,00 manat, 01 ədəd qəhvəyi rəngli, üzərində Marks&Spencer Made in China 112cm 44-in Medium yazıları olan kişi pencəyi hazırda təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə qiymətsiz, zədələnməmişdən əvvəl istifadədə olması nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə-100,00 manat olduğu məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 154,16 manat təşkil edir. Bununla belə, məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının geyimlərinə zərər dəymişdir. Bu zərər isə cavabdeh tərəfindən vurulmaqla kimyəvi və mexaniki təsirlər nəticəsində parçanı təşkil edən lifin strukturu deformasiyaya uğrayaraq, paltarın keyfiyyətini aşağı salmış, ümumi görünüşünü korlamışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Bununla belə, iddiaçıya məxsus geyim əşyasına cavabdeh tərəfindən maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəylə müəyyən edilmiş 100 və 150 manat məbləğində vəsait iddiaçıya vurulmuş maddi ziyan qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “ödədiyi xidmət haqqına görə 28 (iyirmi səkkiz) manat, mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. İddiaçı cavabdehə 28 (iyirmi səkkiz) manat xidmət haqqının ödənilməsi barədə sübut təqdim etməmişdir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin ya-ran-ma-sı əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qal-ma-sı-nın nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar ke-çir-məsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi ay-dın-laşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab ke-çir-məsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının maddi ziyan tələbinin qismən təmin olunması iddiaçıya münasiğbətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Qərarında X4 Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. X4 Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdehdən vurulmuş maddi zərərə görə cəmi 250 (iki yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 154,16 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh-dən 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 154,16 (yüz əlli dörd manat, on altı qəpik) manat Cavabdeh-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2834/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2834/2020
29.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver