Məhkəmə qərarları › İş №2(005)-294/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-294/2025

22.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-294/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona verməli olduğu 7000 manat məbləqdə pulun və ödədiyi 92 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi оnunla əsaslandırılmışdır ki, 2014-cü ilin oktyabr ayında Badamdar bazarında oğlu Turan ilə birgə özü üçün maşın alarkən Cavabdeh ilə tanış olmuşdur. Həmin vaxtı cavabdeh bazarda maşın satırdı. Cavabdehin 22000 dollara satdığı maşını bəyənmiş və almaq istəmiş, lakin pulu az olmuşdur. Cavabdeh pulunun az olduğunu biləndə haradan gəldiklərini soruşmuş, o Şəmkir rayonundan gəldiyini bildirmişdir. Cavabdeh demişdir ki, Şəmkirlilərə inanır, maşınını alarsınızsa pulunuzun çatışmayan hissəsini sonra verərsiniz. Razılaşdıqdan sonra üstündə olan 12000 manat pulu bazarda sayaraq cavabdehə vermiş, o, isə bazarın ərazisində olan notariat ofisində ona bir il müddətinə etibarnamə verməklə və pulun qalan hissəsini sonra verməyi şərti ilə maşını satmışdır. xx.xx.2015-ci il tarixdə borcunu tam vermişdir. Beləliklə, cavabdehlə aralarında etibar inam yaranmışdır. Həmin maşını pula ehtyacı olduğuna görə 5000 manatda aşağı qiymətə 2019-cu ilin dekabr ayında satmışdır. 2021-ci ilin iyul ayında cavabdehə zəng edərək satdıq maşını olub-olmamasını soruşmuş, cavabdeh demişdir ki, 2014-cü il istehsalı, Hunday Sonata markalı maşını 22000 manata satır. O qədər pulu olmadığını və cəmi 12000 manatı olduğunu bildirmiş, cavabdeh demişdir ki, nəqədər varsa ver, qalanını sonra verərsən. 2020-ci ilin iyul ayının 29-da mənə satacağı Hunday Sonata markalı, **- ZR-*** dövlət qeydiyyat nişanlı avtomaşını özü idarə edərək Bakıdan Şəmkirə gətirmişdir. Sonra Şəmkir Notariat ofisində 1 il müddətinə etibarnamə verərək həmin maşını ona 22000 manata satmışdır. Sonra onu evinə dəvət etmiş və maşınını almağına görə verəcəyi puldan 12000 manatını vermiş, qalan hissəsini, yəni 10000 manatını borclu qalmışdır. Sonra cavabdeh demişdir ki, pulun qalan hissəsini, yəni 10000 manatını imkanın olanda verərsən. Bir müddət sonra zəng edib demişdir ki, vəziyyəti gərgindi maşını qaytar, satıb pulunu verəcəm. Aralarında şifahi qaydada bağladığı müqaviləyə əsasən həmin maşını cavabdehdən almağına görə ona verdiyi 12000 manat pulu satdıqdan sonra qaytarıb verməsi şərti ilə maşını qaytarıb özünə vermişdir. Lakin cavabdeh həmin maşını satsa da, pulunu verməmişdir. Sonra borclu olduğu puldan hissəhissə 5000 manatını poçt vasitəsi ilə göndərməklə qaytarıb vermiş və qalan 7000 manatını 3 ay müddətinə qaytarıb verəcəyini öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə boclu olduğu 7000 manat pulu verməmişdir. İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin еdilməsini хahiş еtmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir. Cavabdehə nümayəndəsi və vəkilin məhkəməyə ərizə ünvanlayaraq, Bakı şəhəri xaricində olduğu üçün və cavabdehin səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin оlunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəmkir rayonu 1 saylı notariat ofisində verilmiş xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, etibar edən (Cavabdeh) etibar edilənə (İddiaçı) Hyundai Sonata markalı avtomobil üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, sərəncam vermək və digər səlahiyyətlər etibar edilmişdir. Etibarnamə 1 il müddətinə verilmişdir. Poçtla göndərilmiş pul vəsaitlərinin qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı adına müəyyən vaxtlarda hissə-hissə, ümumilikdə 5000 manat pul köçürülmüşdür; X1 Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdən 2021-ci il mart ayınadək bazar və likvid dəyərində azalma olmamış, həmin müddətdə iddiaçını istifadəsində olması nəticəsində əmələ gəlmiş aşınma dərəcəsi 4 faiz təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri olan 400 manat İddiaçı tərəfindən ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 2014-cü ildən etibarən avtomobil alqı-satqısı ilə bağlı münasibət qurulmuş, cavabdeh etibar əsasında iddiaçıya ilkin ödənişlə avtomobil satmış və qalan məbləğin sonra ödənilməsinə razı olmuşdur. 2020-ci ilin iyul ayında cavabdeh 2014-cü il istehsalı “Hyundai Sonata” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya 22000 manat müqabilində satmış, iddiaçı isə həmin məbləğin 12000 manatını nağd şəkildə vermiş, qalan 10000 manatın daha sonra ödənilməsi barədə razılıq əldə edilmişdir. Daha sonra cavabdehin istəyinə əsasən avtomobil satılıb pulun geri qaytarılması məqsədilə iddiaçı avtomobili cavabdehə qaytarmışdır. Bu, tərəflər arasında şifahi razılaşma əsasında müqavilənin ləğv olunduğunu göstərir. İddiaçı tərəfindən ödənilmiş 12000 manatın yalnız 5000 manatı poçt vasitəsilə qaytarılmış, qalan 7000 manatın 3 ay ərzində qaytarılacağı cavabdeh tərəfindən öhdəlik kimi götürülmüşdür. Müəyyən edilmiş müddətə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə borcun qalan 7000 manatını iddiaçıya qaytarmamışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin iştirakçıları arasında bağlanmış müqavilə onların qarşılıqlı razılığı ilə hüquq və vəzifələr yaradır. Həmin məcəllənin 422-ci maddəsinə əsasən müqavilə bağlanıldıqdan sonra tərəflər onu dəyişdirə və ya ləğv edə bilərlər. Məhkəmə hеsab еdir ki, iddiaçının tələbinin qanuni əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci, 600.2, 600.4-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən: 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçı cavabdehlə aralarında nisyə alqı-satqı müqaviləsinin olduğuna əsaslanmaqla nisyə aldığı, daha sonra qaytardığı avtоmaşının qalıq pulunun ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin mövcud olduğu halda iddiaçının borcunu tələb etmək haqqı özlüyündə vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmçinin, mülki qanunvеriçiliyə əsasən Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh avtomobili geri almağı təklif etmiş, iddiaçı isə yalnız verdiyi 12000 manatın geri qaytarılması şərti ilə bu təklifi qəbul etmişdir. Bu, tərəflər arasında öhdəliklərin dəyişməsi və yeni öhdəlik - yəni pulun qaytarılması barədə şifahi razılaşmanın formalaşması deməkdir. Cavabdeh bu yeni öhdəliyi könüllü şəkildə qəbul etmiş və hətta borcun bir hissəsini - 5000 manatını poçt vasitəsilə qaytarmışdır ki, bu da öhdəliyin mövcudluğunu və onun yerinə yetirilməli olduğunu öz təsdiqini tapır. Avtomobilin bazar və likvid dəyərinin və iddiaçının istifadəsi nəticəsində aşınmasının nə qədər təşkil etməsi ilə qeyd edilməlidir ki, X1 Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən xx.xx.2020-ci il tarixdən 2021-ci il mart ayınadək bazar və likvid dəyərində azalma olmamış, həmin müddətdə iddiaçını istifadəsində olması nəticəsində əmələ gəlmiş aşınma dərəcəsi 4 faiz təşkil etmişdir. Əsaslı vurğulanmalı digər məqam isə cavabdehin həmin avtomobili geri almasına baxmayaraq, iddiaçının avtomobildən istifadə etdiyi dövrə görə ona dəymiş zərərin minimal olmasıdır. Ekspertizanın rəyinə əsasən avtomobilin iddiaçının istifadəsində olduğu müddət ərzində cəmi 4% dəyər itkisinin baş verdiyi müəyyən edilmişdir. 22000 manat dəyərində avtomobil üzrə bu rəqəm yalnız 880 manat təşkil edir. Deməli, cavabdeh bu məbləği əsas gətirərək yalnız 880 manat çıxmaqla qalan 6120 manat borcu tam şəkildə ödəməlidir. Hər bir şəxs ona vurulan zərərin tam həcmdə ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçının bu halda maddi zərəri yalnız istifadə müddətində avtomobilin 4% dəyər itkisindən ibarətdir və bu hissə çıxıldıqdan sonra ödənilməli olan məbləğ 6120 manat təşkil edir. Azərbaycan Rеspublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyеktləri öz hüquq və vəzifələrini viçdanla həyata kеçirməyə borcludurlar. 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri iddiaçı tərəfindən ödənildiyindən, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 349,7 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6120 manat pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 92 manatın 80,4 manatı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6120 manat pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 92 manatın 80,4 manatı tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının xərcinin əvəzi olaraq Cavabdeh 349,7 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar