Məhkəmə qərarları › İş №2(005)-295/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-295/2024

28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-295/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulumuş 303 manat maddi zərərin və mənəvi zərərə görə 500 manat pulun Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin Məhəmməd Hadi küçəsində yerləşən mağazasından 253 manata Türkiyə istehsalı olan "xxxx" firmasına aid hamam üçün unitaz məhsulunu almışdır. Həmin unitazın quraşdırılmasına görə ustaya 30 manat əlmuzdu ödəmişdir. Aprel-may ayları ərzində aparılan təmir işlərindən sonra xx.xx.2023-cü il tarixdə həmin evə köçmüşlər. Sözügedən məhsuldan təyinatı üzrə istifadənin ilk həftəsində ciddi istehsal qüsurları müşahidə edilmişdir. Unitazın ön alt hissəsində çat müşahidə edilmişdir. Bir-neçə gündən sonra bu qusur daha da inkişaf etmiş, müxtəlif istiqamətdə (bir ufuqi, iki şaquli çat) 2-3 çat yaranmışdır. Sözügedən əmtəə məhsulunda qüsurun daha ciddi və istifadə üçün təhlükəli hal aldığını görmüş, mağazaya yaxınlaşaraq bu barədə məlumat vermişdir. Bir həftə istifadədən sonra yaranmış qüsura görə onların məsuliyyətinin də olduğunu və yaranmış halın birgə aradan qaldırılmasını təklif etmişdir. Lakin mağazanın rəsmi nümayəndəsi mərkəzi ofislə əlaqə saxladıqdan sonra mövcud qanunvericiliyə görə 14 gün müddətin keçməsi və məhsulun istifadə olunması nəzərə alınmaqla onların heç bir məsuliyyətinin olmadığını bildirmişdir. Növbəti addım kimi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlna Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Müraciətindən sonra xx.xx.2023-cü il tarixdə OMİD-in bir nəfər nümayəndəsi tərəfindən məhsula yerində baxış keçirilmiş, ciddi qüsurun olduğu və istifadə üçün təhlükəli olduğu qeyd olunmuşdur. Həmin nümayəndə tərəfindən baxış zamanı heç bir akt tərtib olunmamışdır. Nümayəndənin özünün də etiraf etdiyinə görə rəhbərlikdən yerində baxış zamanı heç bir qüsurun qeydə alınmadığı barədə ailə üzvlərinin iştirakı ilə birgə akt tərtib olunması tapşırığı almışdır. Lakin təkzibolunmaz qüsur qeydə alındığı üçün onun belə bir aktı tərtib edə bilməyəcəyi vurğulanmışdır. Bununla bağlı müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-1/2-Nxx/xx/2023/1 nömrəli cavab məktubu ilə Cavabdeh MMC-nin məktubu və ona əlavə olunmuş saxta akta görə heç bir istehsal qüsuru qeydə alınmamış və məhsulun əmtəə görünüşü pozulduğu üçün qaytarılmasının mümkün olmadığı qeyd olunmuşdur. OMİD-in təyin etdiyi “ekspertlərin” iddiasına görə mövcud qüsurun məhsuldan təyinatı üzrə istifadə qaydalarına riayət edilməməsi nəticəsində yaranmışdır. Lakin təyinatdan kənar hansı qaydaların pozulması barədə məlumat verilməmişdir. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 103 nömrəli məktubunda yerində baxış zamanı heç bir istehsal qüsurunun aşkar edilmədiyi, məhsulun istifadə nəticəsində əmtəə görünüşünün pozulması qeyd olunsa da, həmin tarixli OMİD-in iki əməkdaşının imzaladığı xx.xx.2023-cü il tarixli, 4 nömrəli saxta aktda isə məhsulda yaranan qüsurun istifadə qaydalarına riayət edilməməsi səbəbindən yarandığı qeyd olunur. Baxış tək nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilsə də, saxta aktda xx.xx.2023-cü il tarixi göstərilir. Bu səbəbdən də məktubla aktda qeyd olunanlar, bir-birini təkzib edir. Cavabdeh MMC tərəfindən heç bir araşdırma aparılmadan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlna Nəzarət Dövlət Xidmətinə formal cavab məktubu göndərilmiş, sonradan Xidmət əməkdaşlarının sorğularını cavablandırmaq üçün “operativ” baxış və saxta akt tərtib olunmuş, lakin fakt nəzərə alınmamışdır. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 103 nömrəli məktubunda istinad olunan İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində “istehlakçı tərəfindən əldə olunmuş “lazımi keyfiyyətli mal” nəzərdə tutulur. Mübahisələndirilən halda isə “bir həftə istifadədən sonra ciddi istehsal qüsuru yaranan mal” qanunvericiliyin bu müddəasının təsir dairəsinə aid edilə bilməz. Sadalanan qanunvericilik tələblərinə əsasən Cavabdeh MMC tərəfindən satılmış lazimi keyfiyyətdə olmayan mala görə vurulmuş maddi və mənəvi zərərin tam dəyəri günahkar (satıcı) tərəfindən tutularaq ona ödənilməliddir. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, ona vurulumuş 303 manat maddi zərərin və mənəvi zərərə görə 1000 manat pulun Cavabdeh MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan; Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, “Nova unitaz sifonu telli 7012 Q/30/P/10_7012” və “Gülben unitaz ağ 5598(P) Q/1P/1_5598(P)” adlı əşyalara görə ümumilikdə 253,05 manat məbləğində pul ödənilmişdir; xx.xx.2023-cü il tarixli Aktda qeyd edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-nin H.Aslanov mağazasından alınmış Türkiyə istehsalı olunmuş "xxxx" firmasına aid hamam üçün unitaz məhsuluna MMC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və məhsulda hər hansı istehsal qüsuru aşkar edilməmişdir. Müştərinin iddia etdiyi və məhsulda yaranan qüsur istehlakçı tərəfindən istifadə qaydalarına düzgün riayət edilməməsi nəticəsində meydana gəlmişdir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə trasoloji ekspertizası təyin edilmiş və keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1737 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Şıxlinski 42, mənzil 68 ünvanının hamamına quraşdırılmış unitazda olan zədə istismar zamanı yaranmasına uyğun gəlir. Həmin zədə istehsal qüsurlu olması nəticəsində yarana bilər. Eyni zamanda təqdim edilmiş unitazda olan zədə kənar şəxsin müdaxiləsi zamanı kənar predmetin təsiri nəticəsində yaranmasına uyğun gəlmir və hazırki vəziyyətdə istifadəyə yararsızdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh MMC-nin H.Aslanov mağazasından 253,05 manat məbləğində hamam üçün unitaz almışdır. İddiaçı aldığı əşyanı quraşdırdıqdan sonra əşyada çatların olduğunu müəyyən etmişdir. Bu barədə cavabdehə məlumat vermiş, cavabdehin əməkdaşları tərəfindən əşyaya baxış keçirilmiş və çatların istismar zamanı yaranmasına dair akt tərtib edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, əşyaya ödənilmiş pulun, həmçinin quraşdırılması üçün çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 589.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. İstehlakçı ilə satıcı arasında hüquqi münasibətlərinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilir. Həmin Qanunun 1ci maddəsinə görə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İstehlaklakçıların əsas hüquqlarından biri istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması və malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun, düzgün məlumat əldə etmək hüququdur (3-cü maddə). Qanunun 5.1 və 13.1-ci maddələrinə görə, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Göründüyü kimi, istehsalçı, satıcı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə, eləcə də mal haqqında istehsalçının (satıcının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Adıçəkilən Qanunun 8-ci maddəsində qüsurlu mal satılarkən istehlakçının hüquqları nəzərdə tutulmuşdur. Həmin maddənin 1 və 2-ci bəndlərinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi; - satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Yuxarıda sadalanan qanunvericilik normalarından da görünür ki, alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya müqavilə şərtlərinə, o cümlədən əşyanın keyfiyyətinə dair şərtlərə, bu barədə mövcud olan məcburi tələblərə uyğun əşya verməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi qanuni əsasının dispozisiya şərtlərinə uyğun olub-olmamasının yoxlanılmasına başlanmamışdan əvvəl mübahisə predmeti olan əşyanın qüsurlu olması halı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırki iş üzrə iddiaçıya lazımi keyfiyyətli olmayan, qüsurlu əşyanın verilməsi, qüsurun əşyanın verilməsindən əvvəl əmələ gəlməsi, yəni yeni keyfiyyətli və saz vəziyyətdə olan məhsul verilməli olduğu halda, qüsurlu, yəni üzərində çatlar olan əşyanı vermiş, bununla da cavabdehin müqavilə şərtlərinə, əşyanın keyfiyyəti barəsində məcburi tələblərə əməl etməməsi təqdim edilmiş sübut (ekspert rəyi) və iddiaçının izahatı ilə təsdiq olunur. Belə ki, ekspert rəyində qeyd edilmişdir ki, “İddiaçı aldığı əşyada olan zədə istismar zamanı yaranmasına uyğun gəlir, həmin zədə istehsal qüsurlu olması nəticəsində yarana bilər, eyni zamanda təqdim edilmiş unitazda olan zədə kənar şəxsin müdaxiləsi zamanı kənar predmetin təsiri nəticəsində yaranmasına uyğun gəlmir və hazırki vəziyyətdə istifadəyə yararsızdır”. Göründüyü kimi iddiaçının aldığı əşyadakı qüsurun istehsal qüsurunun olması istisna edilmədiyi göstərilmişdir. Rəydə qüsurun istismar zamanı yaranmasına uyğun gəlməsi göstərilsə də, lakin zədə kənar şəxsin müdaxiləsi zamanı kənar predmetin təsiri nəticəsində yaranmadığı qeyd edilmişdir. Qüsurun istismar zamanı yaranmasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh MMC-nin əməkdaşları tərəfindən tərtib edildiyi aktda qüsurun istismar zamanı yarandığı qeyd edilsə də, lakin aktda istismarçı tərəfindən unitazın təyinatına uyğun gəlməyən hansı növ hərəkətlətin yerinə yetirildiyini əsaslandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.11 və 18.8-ci bəndlərinə görə, əgər satılan mal istifadədə olmuşdursa, istehlakçıya bu barədə düzgün məlumat verilməlidir. İstifadədə olmuş lazımi keyfiyyətdə olmayan qeyri-ərzaq malı satıldıqda, malda mövcud olan qüsurlar, çatışmazlıqlar barədə istehlakçıya məlumat verilmədikdə, istehlakçı öz seçimi ilə bu Qaydaların 5.52-5.59-cu bəndlərində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Nəzərə alınmalıdır ki, qüsur dedikdə, malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu başa düşülür. Halbuki sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya əşyanın keyfiyyəti barədə məcburi və tərəflərin razılaşdırdıqları tələblərə uyğun gələn əşya verməyə borcludur. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır (Qanunun 13.4-cü maddəsi). Qeyd olunmalıdır ki, iddia tələbini təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia tələbində 303 manat maddi ziyanın əvəzini tələb edir. Bu məbləğ 253 manat aldığı əşyanın dəyəri, 50 manatı isə əşyanın quraşdırılmasına çəkdiyi xərcdən ibarətdir. Məhkəmə iddia tələbinin əşyanın quraşdırılması üçün çəkilmiş 50 manat xərc hissəsində qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əşyanın quraşdırılması üçün ustaya 30 manat, material üçün 10 manat və yol xərci olaraq 10 manat xərc çəkmişdir. Qeyd edilən məbləğlərə nəzər yetirdikdə həmin məbləğlərin ağlabat və şişirdilməmiş olduğu müəyyən edilir. Əşya lazımi keyfiyyətdə olmadığından və bunun nəticəsində iddiaçıya maddi ziyan dəydiyindən, həmin zərərdən irəli gələn xərclər də zərərvuran tərəfindən qarşılanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçı qüsurlu mal verilməsinə və həmin malın dərhal qaytarılmasından imtina edildiyinə görə ona mənəvi zərər dəydiyini iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Ali Məhkəmənin Plenumu həmin Qərarın 10-cu bəndində qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə” mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12-ci maddəsinə görə, bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 18.0-cı maddəsinə uyğun olaraq, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə bir sıra tələbləri ehtiva edir. Bu tələblərdən biri də həcmi müvafiq qaydada müəyyənləşdirilərək, təsdiq olunmuş maddi və mənəvi zərərin satıcı tərəfindən (istehsalçı, idxalçı, reklam fəaliyyətinin subyekti) alıcıya (istehlakçıya) ödənilməsidir (18.0.6-cı maddə). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının malda qüsur aşkar etdiyi halda malın dəyişdirilməsi və ya qaytarıması və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququnun olmasına baxmayaraq, cavabdehin isə lazımi keyfiyyətli mal verməsi, mal haqqında kifayət qədər dolğun məlumat verməsi vəzifəsinin olmasına, lazımi keyfiyyətli mal verilmədikdə istehlakçıdan malı geri götürməyə borclu olmasına baxmayaraq bunlara əməl etməməsi istehlakçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, ilkin olaraq lazımi keyfiyyətli olmayan malın qaytarılmasından imtina olunmuşdur. İddiaçı unitazın quraşdırıldığı vaxtdan ondan istifadə edə bilməməsi və hamamdan istifadə etmək üçün qonşuya gətməli olması nəticəsində əsəb gərginliyi keçirdiyini bildirmişdir. Bu səbəbdən onda mənəvi narahatlıq hissinin yaranması, mənəvi zərər çəkməsi şübhəsizdir. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin tələblərini və işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 200 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilməli, iddia qismən təmin edildiyindən istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı iddia üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 12,7 manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən maddi ziyana görə 303 manat və mənəvi ziyana görə 200 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq, (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçiriməlidır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən maddi ziyana görə 303 manat və mənəvi ziyana görə 200 manat məbləğində pul İddiaçı xeyrinə tutusun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən 12,7 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 110 manat məbləğində pul Cavabdeh MMC-dən (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar