Məhkəmə qərarları › İş №2(005)-2959/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2959/2023

19.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2959/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı X8 Departamentinə qarşı “sayğacın əvəz edilməsinin qanunsuz hesab edilməsi, aktın, dəymiş ziyanın bərpasına dair tələbnamənin, saldonun etibarsız hesab edilməsi, hesablanmış borcun ləğv edilməsi, quraşdırılmış mexaniki sayğacın smart tipli sayğacla əvəz edilməklə əvvəlki vəziyyətin bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə və Bakı X8 Departamentinə qarşı “sayğacın əvəz edilməsinin qanunsuz hesab edilməsi, aktın, dəymiş ziyanın bərpasına dair tələbnamənin, saldonun etibarsız hesab edilməsi, hesablanmış borcun ləğv edilməsi, quraşdırılmış mexaniki sayğacın smart tipli sayğacla əvəz edilməklə əvvəlki vəziyyətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus yaşayış binasının qaz təchizatı xətti üzərində mövcud olmuş “Smart kart” tipli qaz sayğacının onun, yaxud ailə üzvlərindən hər hansı birinin iştirakı olmadan X1 nümayəndələri tərəfindən özbaşına olaraq dəyişdirilərək mexaniki qaz sayğacı ilə əvəz olunmasının qanunsuz hərəkət hesab edilməsi, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul olunması haqqında” ******* nömrəli və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 27 fevral 2023-cü il tarixli aktların etibarsız hesab edilməsi, Bakı X8 Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən təsdiq olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin əsassız və etibarsız hesab edilməsi, 14 iyun 2023-cü il tarixli “Abonent saldosu”nun əsassız və etibarsız hesab edilməsi, ona qarşı 3316 (üç min üç yüz on altı) manat 50 qəpik məbləğində borcun hesablanmasına dair qərarın əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçıya məxsus yaşayış binasının qaz təchizatı xətti üzərində özbaşına olaraq quraşdırılmış mexaniki qaz sayğacının “Smart kart” tipli qaz sayğacı ilə əvəz edilməklə əvvəlki vəziyyətin bərpa olunmasının bir vəzifə kimi cavabdehlər X2 və Bakı X8 Dcpartamentinə həvalə olunması, qanunsuz hərəkətlərə yol vermiş əməkdaşlarla bağlı araşdirma aparılması və onların məsuliyyəti məsələsinin qanun çərçivəsində həll edilməsinin bir vəzifə kimi cavabdehlər X2 və Bakı X8 Departamentinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus yaşayış binasının qaz təchizatı xətti üzərində mövcud olmuş “Smart-kart” tipli qaz sayğacı onun, yaxud ailə üzvlərindən hər hansı birinin iştirakı olmadan X1 nümayəndələri tərəfindən özbaşına olaraq dəyişdirilmiş, əvəzində adi mexaniki qaz sayğacı quraşdırılmışdır. Bununla bağlı tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul olunması haqqında” aktda guya“ video çəkilişlə çıxarılarkən sayğacın giriş hissəsində dəlik...” aşkar olunduğu və iddiaçının aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. Bundan fərqli olaraq, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 fevral 2023-cü İl tarixli ******* nömrəli aktda baxış zamanı sayğacın arxa plastmas borusunda deşik olduğu qeyd olunur. Göründüyü kimi, “sayğacın giriş hissəsi və “arxa plastmas borusu” fərqli anlayışlardır. Artıq təkcə bu fakt, öz-özlüyündə, sayğaca müdaxilə olunması barədə iddianın əsassız və uydurma olduğunu, qərəzli xarakter daşıdığını deməyə əsas verir. Digər tərəfdən, sayğaca vurulmuş plombu pozmadan sayğacın giriş hissəsində, yaxud arxa plastmas borusunda dəlik açılması da yəqin ki, mümkün deyil. Belə ki, sayğac hasara sıxılı vəziyyətdə bərkidilərək plomblanmış vəziyyətdə olur ki, iddia ərizəsinə əlavə olunmuş şəkildə də bu aydın şəkildə görünür. Belə ki, sayğacın giriş hissəsi də, yaxud arxa plastmas borusunda dəlik (deşik) açılması ancaq qazın havaya uçmasına səbəb ola bilər ki, bu da istehlakçının marağında deyil. Deməli, qalır ancaq cavabdehlərin əlində plomb olan işçisi. Ancaq belə şəxsin qaz sayğacına qərəzli olaraq müdaxiləsi mümkün ola bilər. İlk növbədə, Azəriqaz İB maraqlı olmalıdır. Nə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda, nə “Enerji resurslarından səmərəli İstifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmişdir “Qazdan istifadə Qaydaları”nda qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul olunması zamanı video çəkiliş aparılması tələbi nəzərdə tutulmur. Odur ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul olunması haqqında” ******* nömrəli aktda video çəkilişə istinad olunması həmin aktı tərtib edən şəxslərin öz qərəzli hərəkətlərinə haqq qazandırmaq məqsədilə törətdikləri özbaşınalıq və hoqqabazlıqdan başqa bir şey deyil. Qaz sayğacının maksimal qaz sərfi 10 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və hesablanmış məbləğ ödənilməlidir. Beləliklə, bərpa edilməli olan qazın sərfi 21600 m3 onun məbləği isə 2592 manat hesablanmış və o dərəcə də “diqqətli və dəqiq” olmuşlar ki, bu zaman istinad etdikləri ******* nömrəli aktın tarixini belə səhv salmışlar. Lakin bununla da sakitləşməmiş, yeni quraşdırdıqları mexaniki sayğacın göstəricisinə istinad edərək mart-may ayları üzrə daha 744,95 manat qaz sərfiyyatı məbləği hesablamışlar. Aprel və may aylarında isitmə sistemindən ümumiyyətlə istifadə olunmadığını, eləcə də ilin çox hissəsini rayonda yaşadığımızı nəzərə alsaq belə hesablamanın qərəzli xarakter daşıdığına əmin olmaq olar. Görünür, “Smart-kart” tipli qaz sayğacının mexaniki sayğacla əvəz olunmasının məqsədi də bununla bağlı olmuşdur. Göründüyü kimi, Azəriqaz İB əməkdaşları tərəfindən bu qanun normasının tələbləri də pozulmuş, qazın talanmasında iddiaçının təqsirli olmağı sübut olunmadığı halda ona qarşı daymiş ziyanın bərpasına dair tələb irəli sürülmüş və bu tələb Energetika Nazirliyi tərəfindən deyil, Bakı X8 Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən təsdiq edilmişdir. Belə nəticəyə gəlməyə əsas verir ki, qaz istehlakçısı kimi onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquqları X1 əməkdaşları tərəfindən dəfələrlə pozulmuş, əsassız və qanunsuz olaraq ona qarşı 3316 (üç min üç yüz on altı) manat 50 qəpik məbləğində borc hesablanmışdır. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının **********00000 saylı istehlakçı hesabı üzrə silinməsini tələb etdiyi 3316,5 manat borc ******* saylı xx.xx.2023-cü il tarixli akt üzrə 2592 manat borc, sayğac göstəricisi üzrə 2023-cü ilin mart, aprel və may ayları üzrə istehlak edilən qaz sərfiyyatı 823,7 manat və 99,2 manat ödəniş (2592+(823,7- 99,2)=3316,5), ******* saylı xx.xx.2023-cü il tarixli akt üzrə 2592 manat borc kimi hesablanmışdır. Qeyd olunan nəticələr ******* saylı, xx.xx.2023-cü il tarixli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Sayğac göstəricisi üzrə 2023-cü ilin mart, aprel və may ayları üzrə istehlak edilən qaz sərfiyyatı 724,5 manat borc hesablanmışdır. İddiaçının saldosundan da göründüyü kimi sayğac göstəricisi üzrə 2023-cü ilin mart ayında 518,2 manat (həmçinin limit keçdiyi üçün yeni tarifə keçidlə bağlı +78,75 manat), aprel ayında 139,5 manat və may ayında 87,25 manat, cəmi 823,7 manat məbləğində qaz sərf edilmiş, 2023-cü il tarixdə cəmi 99,2 manat ödəniş edilmişdir. Nəticədə iddiaçının may ayına kimi sayğac göstəricisi üzrə ödəmədiyi 724,5 manat və dəymiş ziyana görə hesablanmış 2592 manat borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, yazılı etirazın dəlillərinə uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Bakı X8 Departamentinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, sayğacın giriş hissəsində dəlik aşkar olunmuş,sayğacın plombuna da müdaxilə olunub. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı 27 fevral 2023-ci il tarixli aktın surətindən görünür ki, sayğacın çıxış arxa plastmas borusu deşilib. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanmış və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı (ünvan: Bakı şəhəri Nərimanov rayonu, Y.Hüseynov küçəsi, ev 8; abonent kodu: **********00000) 2023-cü ilin iyun ayına Cavabdeh2nə 3316,5 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müraciətə baxılması barədə məktubda qeyd olunur ki, qeyd olunan ünvanda yerləşən mənzildə istifadə olunmuş təbii qaza görə ödənişlərə dair sənədləri və müvafiq aktları təqdim edilməsi məqsədi ilə İddiaçı Bakı X8 Departamentinə yaxınlaşmağı xahiş olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, paylayıcı Cavabdeh2, istehlakçı isə İddiaçıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə aktın surətində qeyd edilir ki, qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacı müəyyən edilmişdir. Məhkəmə iclasında iş materialları və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Yoxlama zamanı çıxarılmış sayğacın giriş hissəsində dəliyin olduğu müəyyən edilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 21600 kub.metr qazın dəyərinin ödənilməsini tələb edilir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evdə dəyişdirilmiş qaz sayğacı “Smart-kart” tipli qaz sayğacı olmuşdur və hər ay cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul olunması haqqında” aktda “video çəkilişlə çıxarılarkən sayğacın giriş hissəsində dəlik...” aşkar olunduğu və iddiaçının aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 fevral 2023-cü İl tarixli ******* nömrəli aktda baxış zamanı sayğacın arxa plastmas borusunda deşik olduğu qeyd olunur. Məhkəmə, iddia tələbinə hüquqi qiymət verilməsindən öncə işin mübahisələndirilən hallarını qeyd etməyi zəruri hesab edir. Ümumiyyətlə, iddiaçının tələbləri aşağıdakı hissələrdən ibarətdir. 1)“Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul olunması haqqında” ******* nömrəli və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 27 fevral 2023-cü il tarixli aktların etibarsız hesab edilməsi; 2)Bakı X8 Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən təsdiq olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin əsassız və etibarsız hesab edilməsi və 14 iyun 2023-cü il tarixli “Abonent saldosu”nun əsassız və etibarsız hesab edilməsi, ona qarşı 3316 (üç min üç yüz on altı) manat 50 qəpik məbləğində borcun hesablanmasına dair qərarın əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi; 3)“Smart kart” tipli qaz sayğacının Cavabdeh2 tərəfindən mexaniki qaz sayğacı ilə əvəz olunmasının qanunsuz hərəkət hesab edilməsi, iddiaçıya məxsus yaşayış binasının qaz təchizatı xətti üzərində özbaşına olaraq quraşdırılmış mexaniki qaz sayğacının “Smart kart” tipli qaz sayğacı ilə əvəz edilməsi öhdəliyinin Cavabdeh2nə həvalə edilməsi. Məhkəmə, iddia tələbinin mübahisələndirilən yuxarıda qeyd olunmuş 1-ci və 2-ci bəndlərdəki tələbləri üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Sənaye qaz qurğularının və proseslərinin, bu Qanunun 4-cü maddəsinin 2-ci hissəsi nəzərə alınmaqla məişət qaz qurğularının, enerji daşıyıcılarının və məhsullarının sınaqdan keçirilməsi, planlaşdırılması, elmi-texniki tədqiqatlar və digər texniki məsələlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən yerinə yetirilə bilər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən, Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İddiaçı təşkilat mübahisələndirmir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca hər hansı müdaxilə edilməsində iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Belə olan halda isə məhkəmə iddia tələbinin göstərilən hissələrdə əsaslı olması qənaətinə gəlir. Lakin “Abonent saldosu”nun etibarsız hesab edilməsi və 3316 (üç min üç yüz on altı) manat 50 qəpik məbləğində borcun silinməsi hissəsində qismən əsaslı olması qənaətinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul olunması haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 27 fevral 2023-cü il tarixli aktların, iddiaçının abunə koduna hesablanmış 21600 kub metr itirilmiş qazın sərfiyyatı barədə hesabatın etibarsız hesab edilməsi barədə iddia tələbi də təmin edilməlidir. Lakin qeyd olunmalıdır ki, iddiaçı 3316,5 manat borcun silinməsini tələb edərkən, qazın sərfiyyat üçün ödəməli olduğu pul vəsaitinin də əsassız olduğunu bildirsə də bunu təsdiq edən sübutları təqdim edə bilmir. Bunun əksinə olaraq, cavabdeh iddia tələbinin həmin dəlillərini təkzib edən Abonentin saldosunu təqdim edir. Abonentin saldosundan göründüyü kimi, iddiaçının qazın sərfiyyatına görə 724,5 manat məbləğində borcu mövcuddur. Məhkəmə qeyd olunanların kontekstində mübahisəyə qiymət verəndə hesab edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır və borc məbləğinin 2592 (iki min beş yüz doxsan iki) manat həcmində olan hissəsi silinməlidir. Eyni zamanda məhkəmə, iddiaçının “Smart kart” tipli qaz sayğacının mexaniki qaz sayğacı ilə əvəz olunmasının qanunsuz hesab edilməsi və həmin qaz sayğacının “Smart kart” tipli qaz sayğacı ilə əvəz edilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi” tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı və isti su istehlakçılarını ağıllı sayğaclarla təchiz edir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən bu Qanunun 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş hallarda ağıllı sayğacların quraşdırılmasının texniki cəhətdən mümkünsüzlüyü və iqtisadi cəhətdən səmərəsiz olması enerji təchizatçıları tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun 11.4-cü maddəsinə əsasən binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılır. Həmin Qanunun 11.5-ci maddəsinə əsasən istilik enerjisini ölçmək üçün istehlakçıların ağıllı sayğaclardan istifadəsi texniki cəhətdən mümkün və ya iqtisadi cəhətdən səmərəli olmadığı hallarda, istilik enerjisinin təchizatçısı öz hesabına istilik enerjisi istehlakının ölçülməsi məqsədilə istilik nəzarət cihazlarını və istilik xərclərinin istilik istifadə miqdarına bağlı olaraq bölgüsünü təmin edən sistemləri bu Qanunun 11.3cü maddəsi nəzərə alınmaqla quraşdırır. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, cavabdehin iddiaçıya məxsus qaz sayğacını yenisi ilə dəyişərkən, iddiaçıya məxsus yaşayış binasının qaz təchizatı xətti üzərində mexaniki qaz sayğacını quraşdırması ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçıya məxsus qaz sayğacını yenisi ilə dəyişərkən iddiaçını ağıllı sayğacla təmin etməli idi. Məhkəmə o halı da qeyd edir ki, cavabdeh iddiaçıya məxsus yaşayış binasının qaz təchizatı xətti üzərində ağıllı sayğacın quraşdırılmasının texniki cəhətdən mümkünsüzlüyü və iqtisadi cəhətdən səmərəsiz olmasını əsaslandırmamışdır. Bu baxımdan məhkəmə, iddiaçının belə bir tələbi irəli sürməkdə haqlı olması qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul olunması haqqında” ******* nömrəli və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 27 fevral 2023-cü il tarixli aktlar, Bakı X8 Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən təsdiq olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə” etibarsız hesab edilməli, İddiaçı **********00000 saylı abonent koduna hesablanmış 21600 m³ itirilmiş qaz sərfiyyatı barədə hesabat üzrə hesablanmış 2592 manat borc silinməli, “Smart kart” tipli qaz sayğacının Cavabdeh2 tərəfindən mexaniki qaz sayğacı ilə əvəz olunması qanunsuz hesab edilməli, İddiaçı məxsus yaşayış binasının qaz təchizatı xətti üzərində quraşdırılmış mexaniki qaz sayğacının “Smart kart” tipli qaz sayğacı ilə əvəz edilməsi öhdəliyinin Cavabdeh2nə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının “qanunsuz hərəkətlərə yol vermiş əməkdaşlarla bağlı araşdirma aparılması və onların məsuliyyəti məsələsinin qanun çərçivəsində həll edilməsinin bir vəzifə kimi cavabdehlərə həvalə edilməsi” hissəsində tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə bildirir ki, sadalanan məsələlər tələb kimi irəli sürülsə də hüquqi mahiyyət etibarı ilə proses iştirakçılarının əməllərində aşkar edilmiş cinayət əməllərinə görə xüsusi qərardadın çıxarılması barədədir. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin qiymətləndirməsindən asılı deyil və işə baxarkən belə faktları müşavirə otağında aşkara çıxardığı halda nəzərə alır. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb (iddia tələbi) kimi qiymətləndirilə o cümlədən, həmin məsələlərə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Məhkəmə, hər bir halda hazırda mübahisənin mülki xarakterli olması qənaətinə gəldiyindən xüsusi qərardadın çıxarılmasına ehtiyac olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, məhkəmə hesab edir ki, hazırki iddia tələbinin əsasını aktın etibarsız hesab edilməsi təşkil etdiyindən, həmin iddia tələbi qiymətləndirilməyən iddialara kateqoriyasına aid edilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqları üçün, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı X8 Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən təsdiq olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul olunması haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 27 fevral 2023-cü il tarixli aktlar etibarsız hesab edilsin. İddiaçı **********00000 saylı abonent koduna hesablanmış 21600 m³ itirilmiş qaz sərfiyyatı barədə hesabat üzrə hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat borc silinsin. “Smart kart” tipli qaz sayğacının Cavabdeh2 tərəfindən mexaniki qaz sayğacı ilə əvəz olunması qanunsuz hesab edilsin, İddiaçı məxsus yaşayış binasının qaz təchizatı xətti üzərində quraşdırılmış mexaniki qaz sayğacının “Smart kart” tipli qaz sayğacı ilə əvəz edilməsi öhdəliyi Cavabdeh2nə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh2ndən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar