Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2974/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdehlər AR Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2 qarşı çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə baxılan iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər AR Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin adına verilmiş çıxarışın ləğv olunması xahiş etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iş üzrə cavabdeh tərəf AR Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi inzibati orqan olmaqla iddiaçının tələbi inzibati orqanın inzibati aktının mübahisələndirilməsi xarakteri daşıyır. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati mübahisələrin dəqiq dairəsi göstərilmişdir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. «İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1 və 1.2-ci maddələrinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən isə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunvericiliyin mənasına görə inzibati məhkəmələr inzibati hüquq münasibətləri ilə əlaqədar mübahisələrə baxırlar və inzibati hüquq münasibətlərinin subyektiv tərkibi inzibati orqan və maraqlı şəxsdən ibarət olmalıdır. Yaranmış məhkəmə aidiyyəti ilə bağlı mübahisənin aydınlaşdırılması üçün məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bir qrup hüquq normaları ümumi əhəmiyyətli ictimai mənafe ilə bağlı məsələləri, digər qrup isə fərdlərin şəxsi maraqları ilə əlaqəli münasibətləri nizama salır. Ümumi (publik) hüquq sahəsinə daxil olan normalar bilavasitə dövlət mənafeyini qoruyur, dövlətin və onun qurumlarının hüquqi vəziyyətini, fəaliyyət qaydasını müəyyənləşdirir. Xüsusi hüquq sahəsindən fərqli olaraq ümumi hüquq münasibətlərinin subyektləri hüquq bərabərliyinə malik deyillər, bir tərəfin digəri üzərində əvvəldən üstün mövqe ilə çıxış etdiyi bu münasibətlər hakimiyyət (iyerarxiya, tabeçilik) prinsipinə əsaslanır. Ümumi hüquq münasibətlərinin ən əsas formal əlaməti həmin münasibətlərdə heç olmasa bir tərəfdə publik hakimiyyətin agenti, yəni publik funksiyaların daşıyıcısı kimi subyektin iştirakı hesab olunur. İddia ərizəsindən görünür ki, iddiaçı AR Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsini inzibati xarakterli qərar qəbul etməsini tələb edən tələblər irəli sürmüşdür. Cavabdeh tərəf inzibati orqan olmaqla yanaşı, həmin mübahisə inzibati hüquq münasibətlərindən irəli gələn mübahisədir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi hallar cavabdeh tərəfindən inzibati hüquq münasibətinin nəticəsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatında inzibati orqanların dəqiq siyahısı göstərilməklə yanaşı həmçinin müəyyən olunmuşdur ki, qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər orqanlar da inzibati orqanlar hesab edilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər AR Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh2 qarşı çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2974/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2974/2022
28.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver