Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3001/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “tələbin icraya yönəldilməsi haqqında 25 fevral 2021-ci il tarixli **********487200 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “tələbin icraya yönəldilməsi haqqında 25 fevral 2021-ci il tarixli **********487200 nömrəli qərarın ləğv edilməsi” dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan “xxxx” MMC (VÖEN: **********) barəsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədli tərəfindən çıxarılmış “tələbin icraya yönəldilməsi haqqında” 25 fevral 2021-ci il tarixli **********487200 nömrəli qərarın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədlinin «Tələbin icraya yönəldilməsi haqqında» 25 fevral 2021-ci il tarixli **********487200 N- li qərarı ilə «xxxx» MMC tərəfindən 29674,46 manat əsas, 5586,21 manat faiz və 100 manat maliyyə sanksiyası olmaqla, cəmi 35360,67 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14.12.2020-ci il tarixli **********355100 N-li, 06.06.2017-ci il tarixli **********343300 №- li və 25.05.2016-ci il tarixli **********908800 N-li qərarları 25.02.2021-ci il tarixdən icraya yönəldilmiş, tələbin icraya yönəldilməsi haqqında qərar 25.02.2021-ci il tarixdə verilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Bu qərarın surəti «xxxx» MMC- yə göndərilmişdir. Qərardan bu qərarın alındığı gündən 3 ay müddətində birbaşa və ya bu qərarı qəbul etmiş orqan vasitəsilə yuxarı vergi orqanına və ya 30 gün müddətində məhkəməyə şikayət verilə bilər. 25 fevral 2021- ci il tarixli qərarın «MÜƏYYƏN ETDİM» hissəsində göstərilir ki, borclu «xxxx» MMC- nin vergi borcunun ödənilməməsi ilə əlaqədar maliyyə sanksiyasının 10 gün ərzində ödənilməsi tələb olunmuş və qərardan onu aldıqdan sonra VM-in 62.3-cü maddəsinə əsasən 3 ay müddətində yuxarı vergi orqanına və ya məhkəməyə şikayət vermək hüququ bildirilmişdir. Qərarda göstərilən müddətdə borc ödənilmədiyinə görə borcluya bildirişlər, xəbərdarlıqlar, tələbnamələr göndərilmişdir. Buna baxmaüaraq borclu tərəfindən vergi, faiz və maliyyə sanksiyası bu günə qədər ödənilməmişdir. Halbuki iddiaçıya heç bir bildiriş, xəbərdarlıq və tələbnamə göndərilməmiş, iddiaçı heç bir MMC-nin direktoru və təsisçisi deyil, bunların nə olduğunu bilmir və borcun haradan yarandığından, nə borc olduğundan xəbəri yoxdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində qeydiyyatda olan «xxxx» MMC ((VÖEN: **********) barəsində çıxarılmış 25 fevral 2021-ci il tarixli **********487200-li tələbin icraya yönəldilməsi haqqında qərar icra olunması üçün 26.02.2021-ci ildə Yasamal rayon icra və probasiya şöbəsinə təqdim olunmuşdur. Bu son günlərdə Bakı şəhəri, Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru iddiaçını yanına çağıranda bilmişdir ki, haqqında bu cür qərarlar çıxarılmışdır. Əsil həqiqətdə iddiaçı haqqında çıxarılan bu qərardan və ümumiyyətlə bu sənədləşmələrdən qətiyyən xəbəri olmamışdır. Qərarlar qəbul edilərkən iddiaçı tələbkar idarəyə çağırılmamışdır. Bütün hərəkətlər və sənədləşmələr iddiaçının iştirakı olmadan aparılmışdır. Heç Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin 14.12.2020- ci il tarixli **********355100 N2- li, 06.06.2017- ci il tarixli **********343300 N- li və 25.05.2016-cı il larixli **********908800 №-li qərarlarının nə qərarlar olduğundan da xəbəri yoxdur. Həmin vaxtlar iddiaçı özünə iş axtarırdı. «Stolba»ya yapışdırılmış elanı oxuyanda daha ətraflı məlumat almaqdan ötrü orada göstərilmiş telefon nömrəsinə zəng etdi. Soyadını və atasının adını bilmədiyi Ələddin adlı oğlan telefonu açıb dedi ki, firma açılacaq və ayda 650 manat maaş alacaqsınız. Həmin adama şəxsiyyət vəsiqəsini də verdi və bir həftə gedib-gəldi və iddiaçıya bir neçə sənədə imza etdirdilər. Hansı sənədə, nizamnaməyə imza etmişsə, bunların mahiyyətini başa düşməmiş, aldadılmışdır. İddiaçı elə bilmişdir ki, bütün bunlar işə düzəlmək üçündür. Həmin vaxtlar iddiaçı şübhələnib başına gətirilən bu oyunları, saxtakarlıqları araşdırıb, tədbir görülməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X1 Qeydiyyatı İdarəsinə müraciət etmişdir. İddiaçıya 17.10.2017-ci il tarixli məktubla cavab verildi ki, idarədə olan reyestr məlumatlarına əsasən iddiaçının direktoru və təsisçisi olduğu müəssisələr «xxxx» MMC ilə birlikdə müxtəlif adlarda cəmi 55 MMC- dir. Guya iddiaçının 55 MMC-nin direktoru və təsisçisidir. Belə də Allahsızlıq olar. Heç inandırıcı da deyil, 55 MMC- ni iddiaçını necə idarə edə bilər. 17.10.2017- ci il tarixli bu məktuba alandan sonra dərhal yuxarı vergi orqanına, Baş idarəyə getdi və başına gətirilən olayları onlara danışmışdır. Orada iddiaçıya bildirdilər ki, banka gedib heç bir sənədə imza etməyibsə, qorxma, sənlik bir iş yoxdur. Bu söhbətlərdən sonra iddiaçı elə bilmişdir ki, hər şey qurtardı getdi. Ona görə də yuxarı orqanlara şikayətlər verməmişdir. Amma yanılmışdır. Gərək dəmiri isti- isti döyərdi. İndi iddiaçıdan əsassız olaraq 35360,67 manat pul tələb edirlər. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı üçün qaranlıq qalan 14.12.2020-ci il tarixli **********355100 №-li 06.06.2017-ci il tarixli **********343300 №- li və 25.05.2016-ci il tarixli **********908800 N-li qərarları 25.02.2021-ci il tarixdən icraya yönəldilmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “İnzibati orqanların Təsnifatı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli Qərarında sadalanan hallar sırasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd edilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Ələsgər oğlu “tələbin icraya yönəldilməsi haqqında 25 fevral 2021-ci il tarixli **********487200 nömrəli qərarın ləğv edilməsi” ni xahiş edir. Beləliklə, məhkəmə müvafiq ərizədə qeyd olunan prosessual qanunvericilik normalarının tətbiqi nəticəsində belə qənaətə gəlir ki, hazırki ərizə inzibati orqanın qərarının mübahisələndirilməsilə əlaqədar olduğundan və qeyd olunan kateqoriyaya dair işlərə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan göstərilən ərizə üzrə tələbə ümumi məhkəmədə baxılması mümkün deyildir. Yuxarıda göstərilən səbəbdən hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “tələbin icraya yönəldilməsi haqqında 25 fevral 2021-ci il tarixli **********487200 nömrəli qərarın ləğv edilməsi”nə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3001/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3001/2021
31.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver