Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3021/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən suyun axıdılması nəticəsində İddiaçı ASC tərəfindən AZ/026980 №-li sığorta şəhadətnaməsi ilə sığortalanmış qeyri yaşayış sahəsinə vurulmuş maddi ziyana görə ödənilmiş 1040 manat və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC tərəfindən AZ/026980 №-li Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi ilə 15.04.2014-cü il tarixdən 14.04.2015-ci tarixinədək sığortalanmış ünvan 1 ünvanda yerləşən ticarət obyektinə (“Royal” mebel mağazasına) qonşuluqda “Meydan çay evi” kimi fəaliyyət göstərən Cavabdeh məxsus olan qeyri yaşayış sahəsindən su axıdılmış, nəticədə mebel mağazasına maddi ziyan vurulmuşdur. Qeyd olunan subasma hadisəsi Xətai rayon İH yanında Mənzil Kommunal Təsərrüfat Birliyinin 54 saylı MKİS tərəfindən qeydə alınmış və bu barədə 29.12.2014-cü il tarixli arayış verilmişdir. “xxxx” MMC tərəfindən qeyri yaşayış sahəsinə yerli baxış keçirilmiş, su basma nəticəsində vurulmuş ziyan 1240 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC həmin zərərdən 200 manat azaldılma məbləği çıxılaraq qeyri-yaşayış sahəsinin sahibinə 1040 manat məbləğində sığorta ödənişi edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı “xxxx” ASC-nin nümayəndəsi ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mükün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 31.03.2015-ci il tarixli sığorta aktından görünür ki, X3 məxsus əmlaka dəymiş zərərə görə 200 manat azadolma məbləği çıxılaraq 1040 manat müəyyən edilmiş və ödənilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş 05.01.2015-ci il tarixli, 01/02-04 saylı qiymətləndirmə rəyindən görünür ki, bütün göstərilənləri nəzərə alınaraqŞ apardığımız təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən X3 məxsus “Royal” mebel salonunda olan daşınar əmlaka su basma nəticəsində 05 yanvar 2015-ci il tarixə dəymiş zərərinhəcmi 1240 (min iki yüz qırx) manat təşkil edir. İş materiallarında olan 000395 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakın İdarə Olunması və özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında Şəhadətnamədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 51 ünvanında yerləşən 32 saylı mağaza X4 mülkiyyətindədir. İş materiallarında olan hadisələr barədə telefon, teleqraf və ya digər siqnallar (mail, faks və s.) şəklində daxil olan məlumatların qeydiyyat vərəqinin surətindən görünür ki, F.Məhərrəmov tərəfindən mağazanın subasması barədə 21.12.2014-cü il tarixdə saat 11:17-də məlumat daxil olmuşdur. İş materiallarında olan 026980 nömrəli Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnamənin surətindən görünür ki, X3 məxsus ünvan 3 ünvanında yerləşən mebel dükanı 20000 (iyirmi min) manat sığorta məbləği ilə 15.04.2014-cü il tarixdən 14.04.2015-ci il tarixədək sığortlanamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş **********0 saylı arayışdan görünür ki, X2 ünvan 4 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması təsdiq edilir. İş materiallarında olan, 29.12.2014-cü il tarixli baş vermiş hadisənin təsdiq edilməsi barədə arayışın surətindən görünür ki, 21.12.2014-cü il tarixdə, saat 10:00 radələrində M.Hadi küçəsi 51 saylı binanən 1-ci mərtəbəsində yerləşən “Royal” mebel mağazasının rəhbərliyi tərəfindən 90 saylı MİKİS-nə daxil olmuş şikayət əsasında həmin mağazaya tərəfimizdən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, divar-divara qonşu olan “Meydan” çay evindən işçilərin səhlənkarlığı üzündən su aşıq qalmış və axaraq mebel mağazasına keçmişdir. Nəticədə “Royal” mağazasında olan mebellərin bir neçəsi yararsız hala düşmüşüdür. İş materiallarında olan 01.12.2013-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, bir tərəfdən, sonradan “İcarəyə verən” adlandırılacaq X1 “İcarəçi” adlandırılacaq X6 şəxsində digər tərəfdən aşağıdakı məsələlər barəsində müqavilə bağladılar: İcarəyə verilən əmlak ünvan 5 ünvanında yerləşən 80 kv.m-dan ibarətdir. İcarəyə verən həmin sahəni icarəyə verir və “icarəçi 80 kv.m sahənin haqqı ödəməklə həmin qeyri-yaşayış sahəsini icarəyə götürür”. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 21.12.2014-cü il tarixdə, saat 10:00 radələrində M.Hadi küçəsi 51 saylı binanən 1-ci mərtəbəsində yerləşən “Royal” mebel mağazasına divar-divara qonşu olan “Meydan” çay evindən işçilərin səhlənkarlığı üzündən su aşıq qalmış və axaraq mebel mağazasına keçmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş 05.01.2015-ci il tarixli, 01/02-04 saylı qiymətləndirmə rəyinə əsasən, dəymiş zərərin məbləği 1240 manat müəyyən edilmişdir. “Royal” mağazasında olan mebellərin bir neçəsi yararsız hala düşmüşdür. 31.03.2015-ci il tarixli sığorta aktına əsasən su basma nəticəsində dəymiş zərərə görə 200 manat azadolma məbləği çıxılaraq 1040 manat müəyyən edilmiş və ödənilmişdir. X6 ünvan 5 ünvanında mağazanı icarə hüquqları əsasında istifadə edir və sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X5r. Məhkəmə onu qeyd edir ki, iddiaçının “subroqasiya qaydasında pul” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Nəticə etibarilə hazırki mübahisə üzrə Cavabdehlik daşıması, onun tərəfindən delikt törədilməsi, ziyanvuran şəxsin məhz hazırki iş üzrə cavabdehin olması məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Həmçinin də sığortalı şəxsə ziyan vuranın məhz hazırki iş üzrə Cavabdeh olmasına dair mötəbər sübutların təqdim edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı vəsatət də təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3021/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3021/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver