Məhkəmə qərarları › İş №2(005)-3025/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3025/2024

05.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3025/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı cavabdehlər "xxxx" MTK və Cavabdeh2ə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MTK və Cavabdeh2ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Cavabdeh2in 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının, ünvan 1 ünvanına aid olan hissəsində (hissəvi olaraq), ünvanın hüquq sahiblərinin konstitusion hüquqlarını pozduğunu, qanuni mənafelərinə toxunduğunu, Fərmanla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaratdığını, həmçinin Sərəncamın ünvana aid olan hissədə, A.R. Konstitusiyasının 148-ci maddəsinin 1-ci, 5-ci hissələrinin müddəalarını pozduğunu, təqdim edilən sübutları və məhkəmə aktlarını da nəzərə alaraq, A.R. Mülki Məcəlləsinin 19-cu, 384-cü maddələri əsasında, Cavabdeh2in 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının ünvana aid olan hissədə etibarsız hesab edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Digər cavabdehə münasibətdə isə məhkəmə qeyd edir ki, Cavabdeh1 MTK cavabdeh qismində cəlb edilsə də, ona qarşı hər hansı bir tələb irəli sürməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırki iş üzrə iddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi Cavabdeh2in 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının onların ünvanına münasibətdə etibarsız hesab edilməsi ilə bağlıdır. Beləliklə də tələb inzibati aktın mübahisələndirilməsindən ibarətdir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyətı üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 153, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər "xxxx" MTK və Bakı şəhəri Cavabdeh2ə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya məhkəmə aidiyyətı üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar