Məhkəmə qərarları › İş №2(005)-303/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-303/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-303/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh3 iştirakları ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 məxsus İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “VAZ 21154” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində 2.400 (iki min dörd yüz) manat məbləğində sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat olmaqla, cəmi 2.430,40 (iki min dörd yüz otuz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx xxxx 2012-ci il tarixdə idarə etdiyi Cavabdeh1nə məxsus “Mercedes Benz C200” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Şamaxı-Yevlax yolunun 15.5-ci kilometrliyində ötmə əməliyyatı apararkən hərəkəti düzgün tənzimləyə bilməmiş, nəticədə qarşısında hərəkətdə olan X4 məxsus İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “VAZ 21154” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz C200” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 3(012)-837/2012 nömrəli inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. Toqquşma nəticəsində avtomaşına dəymiş ziyanla bağlı “xxxx” Firmasının təqdim etdiyi akta uyğun olaraq, həmin avtomaşına 2.900 (iki min doqquz yüz) manat məbləğində ziyan dəymişdir. MİP seriyalı 120916-B33 nömrəli sığorta müqaviləsinə və 2387/2012 nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti azadolma məbləği 500 (beş yüz) manat məbləğində pul vəsaiti çıxılmaqla, qalan 2.400 ( iki min dörd yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Qeyd edilməlidir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə 2.400 (iki min dörd yüz) manat məbləğində dəymiş zərər qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh2 alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Haqqında bəhs edilən yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalı olan zərərçəkən şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti zərərçəkən şəxsə dəymiş zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində sığortaçıya keçmişdir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh cəmiyyətin nümayəndəsi və digər cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 nümayəndəsinin və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xx xxxxx 2012-ci il tarixli Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin sığortası şəhadətnaməsinin surətindən və məzmunundan görünür ki, X4 məxsus “VAZ 21154” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx xxxxx 2012-ci il tarixdən xx xxxxx 2014-cü il tarixədək olan müddət üçün İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığortalanmış, sığorta məbləği xx xxxxx 2012-ci il tarixdən xx xxxxx 2013-cü il tarixədək olan müddət üçün 8.000 (səkkiz min) manat, xx xxxxx 2013-cü il tarixdən xx xxxxx 2014-cü il tarixədək olan müddət üçün isə 7.200 (yeddi min iki yüz) manat, azadolma məbləği hər il üçün 350 (üç yüz əlli) manat (yaşı 22-dən az olan sürücülər üçün azadolma 500 (beş yüz) manat məbləğində tətbiq olunur), ümumi sığorta haqqı 292 (iki yüz doxsan iki) manat məbləğində müəyyən edilmişdir; Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 3(012)-837/2012 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, inzibati xəta törətmiş Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətində inzibati qaydada həbs edilmiş, inzibati qaydada həbsetmənin əvvəli xx xxxxxxx 2012-ci il tarixdən saat 17:30-dan hesablanması qərara alınmışdır; İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə İcbari Sığorta Bürosunun müvafiq çıxarışının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, “Mercedes Benz C200” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx xxxx 2012-ci il tarixə icbari sığorta müqaviləsi mövcud olmamışdır; “xxxx” Firmasının təqdim etdiyi müvafiq aktın məzmunundan görünür ki, toqquşma nəticəsində “VAZ- 21154” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2.900 (iki min doqquz yüz) manat məbləğində ziyan dəymişdir; MİP seriyalı 120916-B33 nömrəli sığorta müqaviləsinin və 2387/2012 nömrəli sığorta aktının müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti azadolma məbləği 500 (beş yüz) manat məbləğində pul vəsaiti çıxılmaqla, qalan 2.400 ( iki min dörd yüz) manat məbləğində sığorta ödənişi X3 “Bank of Baku” Açıq Səhmdar Cəmiyyətində olan kredit hesabına köçürülməsi qərara alınmışdır; xx xxxxxx 2012-ci il tarixli 4294 nömrəli ödəniş tapşırığının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən faydalanan şəxs X3 “Bank of Baku” Açıq Səhmdar Cəmiyyətində olan kredit hesabına 2.400 (iki min dörd yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Qeydiyyat və İmtahan İdarəsi tərəfindən xx xxxxx 2012-ci il tarixdə verilmiş AB seriyalı 758777 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2012-ci il buraxılışlı, “VAZ-21154” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur; İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2, Cavabdeh1nə və Cavabdeh3 ünvanladığı müvafiq olaraq xx xxxx 2020-ci il, xx xxx 2020-ci il və xx xxx 2020-ci il tarixli pretenziya məktublarının məzmunlarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş 2.400 (iki min dörd yüz) manat məbləğində maddi ziyan sığorta ödənişi şəklində faydalanan şəxsə ödənildiyindən, həmin məbləğin subroqasiya qaydasında ödənişinin 10 (on) iş günü müddətində qaytarılması xahiş edilmiş, əks təqdirdə müvafiq məbləğin qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubun və ona əlavə edilmiş müvafiq çıxarışın surətlərindən və məzmunlarından görünür ki, “Mercedes Benz C200” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxx 2005-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 adına qeydiyyata alınmış, Cavabdeh1nə xx xxxxxx 2011-ci il tarixdən xx xxxxxxxx 2028-ci il tarixədək olan müddət üçün etibarnamə verilmiş, qeyd olunan avtomobil xx xxxxxx 2015-ci il tarixdə müvafiq alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir (qeyd: nəqliyyat vasitəsinin mülkiyyətçisi dəyişdikdə verilmiş etibarnamə qüvvədən düşmüş hesab olunur); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/4071 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, nəzəri hesablama yolu ilə, “xxxx” Firmasının xx xxxxxx 2012-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən abtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “VAZ-21154” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2.800 (iki min səkkiz yüz) manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində müəyyən edilmişdir; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, həmin qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Mercedes Benz C200” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxx 2005-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 adına qeydiyyata alınmış, Cavabdeh1nə xx xxxxxx 2011-ci il tarixdən xx xxxxxxxx 2028-ci il tarixədək olan müddət üçün etibarnamə verilmiş, qeyd olunan avtomobil xx xxxxxx 2015-ci il tarixdə müvafiq alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir (qeyd: nəqliyyat vasitəsinin mülkiyyətçisi dəyişdikdə verilmiş etibarnamə qüvvədən düşmüş hesab olunur). Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xx xxxxx 2012-ci il tarixli Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin sığortası şəhadətnaməsi ilə X4 məxsus “VAZ 21154” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx xxxxx 2012-ci il tarixdən xx xxxxx 2014-cü il tarixədək olan müddət üçün İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığortalanmış, sığorta məbləği xx xxxxx 2012-ci il tarixdən xx xxxxx 2013-cü il tarixədək olan müddət üçün 8.000 (səkkiz min) manat, xx xxxxx 2013-cü il tarixdən xx xxxxx 2014-cü il tarixədək olan müddət üçün isə 7.200 (yeddi min iki yüz) manat, azadolma məbləği hər il üçün 350 (üç yüz əlli) manat (yaşı 22-dən az olan sürücülər üçün azadolma 500 (beş yüz) manat məbləğində tətbiq olunur), ümumi sığorta haqqı 292 (iki yüz doxsan iki) manat məbləğində müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 xx xxxx 2012-ci il tarixdə idarə etdiyi Cavabdeh1nə məxsus “Mercedes Benz C200” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Şamaxı-Yevlax yolunun 15.5-ci kilometrliyində ötmə əməliyyatı apararkən hərəkəti düzgün tənzimləyə bilməmiş, nəticədə qarşısında hərəkətdə olan X4 məxsus İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “VAZ 21154” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh1 müvafiq etibarnamə əsasında istifadəsində olan “Mercedes Benz C200” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmamışdır. Toqquşma nəticəsində “VAZ-21154” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomaşına 2.900 (iki min doqquz yüz) manat məbləğində ziyan dəymişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 3(012)-837/2012 nömrəli inzibati xəta haqqında iş üzrə qərarla inzibati xəta törətmiş Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətində inzibati qaydada həbs edilmiş, inzibati qaydada həbsetmənin əvvəli xx xxxxxxx 2012-ci il tarixdən saat 17:30-dan hesablanması qərara alınmışdır. Eləcə də müəyyən edilmişdir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti azadolma məbləği 500 (beş yüz) manat məbləğində pul vəsaiti çıxılmaqla, qalan 2.400 ( iki min dörd yüz) manat məbləğində sığorta ödənişini faydalanan şəxs X3 “Bank of Baku” Açıq Səhmdar Cəmiyyətində olan kredit hesabına köçürülmüşdür. Göründüyü kimi, fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı Cavabdeh2 müvafiq avtomobili icbari sığorta müqaviləsi olmadan idarə etdiyindən, sığorta ödənişi vermiş sığortaçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən zərəri tələb etmə hüququ subroqasiya qaydasında İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə keçdiyindən iddia ərizəsi pul tələbi hissəsində qismən təmin edilməli, məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının nəticəsi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş müvafiq ekspert rəyi əsas götürülməklə, müəyyən edilmiş 2.800 (iki min səkkiz yüz) manat məbləğində olan zərərdən azadolma məbləği olan 500 (beş yüz) manat çıxıldıqdan sonra qalan 2.300 (iki min üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, “Mercedes Benz C200” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxx 2005-ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmış, onun tərəfindən Cavabdeh1nə xx xxxxxx 2011ci il tarixdən xx xxxxxxxx 2028-ci il tarixədək olan müddət üçün etibarnamə verilmiş, qeyd olunan avtomobil xx xxxxxx 2015-ci il tarixdə müvafiq alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Bu baxımdan, qeyd edilən tarixdə müvafiq avtomobilin Cavabdeh3 məxsus olmasına baxmayaraq, onun mülkiyyətində olan avtomobilin üçüncü şəxslər tərəfindən istismar edilməsinə dair məlumatının olması halına borclu olmadığından, o, Cavabdeh2 tərəfindən törədilmiş mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyət daşıya bilməz. Bu səbəbdən iddia Cavabdeh3 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30,40 (otuz manat qərx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 müştərək qaydada aid edilməlidir. Eyni zamanda, ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 2.300 (iki min üç yüz) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qalan hissədə və Cavabdeh3 münasibətdə təmin olunmasın. Aparılmış ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar