Məhkəmə qərarları › İş №2(005)-303/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-303/2024

07.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-303/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı Əliağa qızının, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 mənzilinə mütəmadi olaraq su axıtması səbəbindən vurduğu maddi zərərə görə 5000 manat, mənəvi zərərə görə 1000 manat, dövlət rüsumu olaraq ödədiyi 80 manat olmaqla, ümumilikdə 6080 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47, 16 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Yaşadığı bina 5 mərtəbəli binadır. Onun mənzili binanın 1-ci mərtəbəsində yerləşir, ümumi sahəsi 2 otaqdan ibarətdir. Cavabdeh mənzili binanın 2-ci mərtəbəsində yerləşir. Cavabdehin mənzilindən neçə illərdir ki, mütəmadi olaraq onun mənzilinə su axıdılır. Son bir ildə 6 dəfə su axmışdır. Bu barədə cavabdehə dəfələrlə irad tutaraq narazılığını bildirmiş, mənzilindən su axıdılmasının qarşısını almasını, təqsiri üzündən vurulmuş zərəri ödəməsini xahiş etsə də, cavabdeh buna əhəmiyyət verməmiş, mənzilindən axıdılan suyun qarşısını almamışdır. Bu ilin iyul ayının əvvəlində yaşadığı binanın Mənzil İstismar Sahəsinə ərizə ilə müraciət etmiş, mənzilə baxış keçirərək, mənzilə axıdılan suyun və su axıdılması nəticəsində mənzilə vurulmuş zərər barədə “Akt” tərtib edilməsini xahiş etmişdir. Ərizəsi əsasında 116 saylı Mənzil İstismar Sahəsinin işçiləri xx.xx.2023-cü il tarixdə mənzilə baxış keçirərək, “Akt” tərtib etmişlər. “Akt”-a əsasən baxış zamanı müəyyən olunmuşdur ki, mənzil yuxarı mərtəbədə yerləşən 19 saylı mənzildə yaşayanlar tərəfindən suya basılmışdır. Su axması nəticəsində 16 saylı mənzilin mətbəx, hamam, dəhliz hissəsində suvaqlarda çatlar və qara ləkələr əmələ gəlmişdir. Mənzilin cari təmirə ehtiyacı vardır. Eyni zamanda cavabdehin təqsiri üzündən ailəliklə mənəvi əzab çəkmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, təxminən 4-5 il bundan qabaq cavabdehin yaşadığı mənzilin üst mərtəbəsində olan mənzildən su axıdılmışdır. Həmin vaxt o mənzildə olmamış, evə gələn zaman mənzilin su ilə dolu olmasını görmüşdür. Mənzildən də həmin su aşağı mənzilə, yəni iddiaçı olan İddiaçı məxsus mənzilə axmışdır. Qonşuluq münasibətlərinə görə həmin hadisə ilə bağlı nə cavabdeh, nə də İddiaçı tərəfindən heç bir orqana şikayət olunmamışdır. Bundan xeyli müddət sonra bir neçə dəfə iddiaçı mənzilinə su axması barədə cavabdehdən şikayət etmiş, usta çağırmış, məlum olmuşdur ki, su cavabdehin mənzilindən axmamışdır. Sonra məlum olmuşdur ki, iddiaçının öz mənzilindən ümumi su xətti nasaz olduğundan mənzilə su axmışdır. Bununla bağlı aralarında narazılıq olmuşdur. Təxminən 2021-ci ilin əvvəlləridən başlayaraq binanın məhəllə daxili və binadaxili kanalizasiya xəttində problemlər olmuşdur. Binanın daxili kanalizasiya xətti tutulur və həmin kanalizasiya suları cavabdehə məxsus mənzilin kanalizasiya xəttindən cavabdehin mənzilinə dolurdu. Buna səbəb isə iddiaçının uzun illər qabaq öz kanalizasiya xəttini ümumi xətdən ayırması və ümumi xətdən onun mənzilinə gələn hissəsini bağlaması olmuşdur. Ona görə də, ümumi kanalizasiya xətti tutulan zaman kanalizasiya suları cavabdehin mənzilinə tökülürdü. Bununla bağlı mənzil istismar sahəsinə, Nərimanov rayon sukanal idarəsinə və digər orqanlara ərizələr yazılmış, şifahi və telefon vasitəsi ilə müraciətlər edilmişdir. Oradan fəhlə göndərilmiş, onlar kanalizasiya xəttini açdıqdan sonra bir müddət kanalizasiya xətti normal işləmişdir. Cavabdehin yaşadığı mənzilin üstündə yaşayan sakinlərlən də istifadə etdiyi vahid kanalizasiya xətti tutulan zaman iddiaçı kanalizasiya xəttini ayırdığı üçün ilk olaraq kanalizasiya suları cavabdehin mənzilinə dolurdu. Cavabdeh evdə olan zaman kanalizasiya sularının axmasını tez hiss edir, təcili tədbir görür və su aşağı axmırdı. İş üzrə məhkəmə texniki ekspertiza təyin olunmuş və rəyindən də görünür ki, Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsində yerləşən 47 saylı evin 16 saylı mənzilinə faktiki olaraq su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Toplanmış sənədlərdən görünür ki, binanın zirzəmisində qəzalı vəziyyətdə olan və tez-tez tutulmalara səbəb olan kanalizasiya xəttində olan problem nəticəsində cavabdehin mənzilinə kanalizasiya suları (çirkabla dolu) dolaraq oradan da iddiaçının mənzilinə sıza bilərdi. Kanalizasiya xəttinin tutulmasını iddiaçı hiss edə bilməzdi. Ona görə ki, o mənzilin kanalizasiya xəttini ümumi xətdən ayırmış, ümumi kanalizasiya xətti ilə iddiaçının mənzilinin kanalizasiya xətti əlaqəli deyildir. İddiaçının mənzilində olan qüsurlara səbəb isə bilavasitə ümumi kanalizasiya xəttinin tutulması olmuşdur. Ümumi kanalizasiya xəttinin tutulmasına isə səbəb cavabdeh olmamışdır. Ümumi kanalizasiya xəttinin tutulması zamanı cavabdehin mənzilinə dəyən zərəri həmişə özü qarşılamış, həmişə də müraciət edərək kanalizasiya xəttinin təmizlənməsini təmin etmişdir. Lakin ümumi problemi cavabdehin təkbaşına həll etməyi mümkün olmamışdır. Bu işdə təqsiri olan varsa da o, Nərimanov sukanal idarəsi və iddiaçının özüdür. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47, 16 saylı mənzil xx.xx.2003-cü il tarixdən İddiaçı Əliağa qızının adına qeydiyyata alınmışdır; 116 saylı MKİS-in əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47, 16 saylı mənzildən yazılmış şikayət ərizəsinə əsasən həmin mənzilə baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, mənzil yuxarı mərtəbədə yerləşən 19 saylı mənzildə yaşayanlar tərəfindən su basılmışdır. Su axması nəticəsində 16 saylı mənzilin mətbəx, hamam və dəhliz hissələrində suvaqlarda çatlar və qara ləkələr əmələ gəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/8443 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 16 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və sair) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47, 16 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və binanın ikinci mərtəbəsində yerləşən 19 saylı mənzildən su axıdıldığı və nəticədə 19 saylı mənzilin tikililərinə ziyan vurduğu müəyyən olunmuşdur. 19 saylı mənzilin sanitar qovşağı tikilisi təmirli olduğundan, su kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından 16 saylı mənzilə su sızmasının səbəbini dəqiqliyi ilə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 16 saylı mənzilə su sızması 19 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və 19 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. 16 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1155 manat məbləğində müəyyən olunur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Əliağa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üst mərtəbədə yaşayan qonşusu Cavabdeh məxsus mənzildən mütəmadi olaraq onun yaşadığı mənzilə su sızdığını, bu halın bir neçə dəfə təkrarlandığını, bunun nəticəsində ona xeyli miqdarda maddi ziyanın dəydiyini, mənzilinin yararsız hala düşdüyünü bildirmişdir. Qeyd edilən halları və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(006)-3519/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən 16 saylı mənzilə 19 saylı mənzildən su sızmasının baş verdiyi, vurulmuş zərərin aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1155 manat məbləğində olması müəyyən edilmişdir. Cavabdeh isə iddiaçının mənzilinə su sızmasında onun günahının olmadığını, ümumi kanalizasiya sistemində problemin olduğunu qeyd edir. İddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən sızması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin sanitar qovşağından olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. İddiaçıya vurulmuş maddi ziyanın həcmi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının mənzilinə cavabdehin mənzilindən su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 1155 manat təşkil etdyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 1155 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının mənəvi ziyana görə 1000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı ona mənəvi ziyanın dəydiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 50 manat təşkil edir. İddiaçının tələbinin qismən təmin edildiyindən məhkəmə hesab edir ki, çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyana görə 1155 manat, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 80 manatın 15,4 manatı, cəmi 1170,4 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Əliağa qızına ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 40,4 manatı İddiaçı Əliağa qızından, 9,6 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 1155 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 80 manatın 15,4 manatı, cəmi 1170,4 manat məbləğində pul tutularaq İddiaçı Əliağa qızına ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 40,4 manatı İddiaçı Əliağa qızından, 9,6 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar