Məhkəmə qərarları › İş №2(005)-3040/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3040/2022

22.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3040/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi (qanuni təmsilçisi) X9, vəkil və nümayəndəsi X4, Cavabdeh ”Sahil-D Kompani” MMC-nin nümayəndəsi X5, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh ”Sahil-D Kompani” MMC-yə qarşı (X22, X23, X12, X29, X13 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “mənzil mülkiyyətçilərin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzil mülkiyyətçilərinin hüquqlarının tanınması və qeyriyaşayış sahələrinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi , məhəllə 1156-da yerləşən 24 mərtəbəli yaşayış binasının 2-ci, 3-cü, və 4-cü binalarının kollektiv mülkiyyətə məxsus texniki zirzəmidə heç bir hüquqi sənədi olmadan qeyri-qanuni fəaliyyət göstərən kommersiya obyektləri hesab edilən 2 ədəd avtoyuma məntəqəsi, 1 ədəd idman zalı (fitnes klub) 1 ədəd çilingər sexi, 1 ədəd avtokimyəvi təmizləmə sexi, 1 ədəd avtosöküntü sexinin fəaliyyətlərinin dayandırılması və həmin qeyri-qanuni kommersiya obyektlərinin bağlanması, Bakı şəhəri Xətai rayonu , Fəzail Bayramov küçəsi , məhəllə 1156-da yerləşən yaşayış binalarının texniki zirzəmisi kollektiv mülkiyyət hesab edilməklə kollektiv mənzil mülkiyyətçilərinin hüquqlarının tanınması Cavabdeh MMC tərəfindən icazə verilmiş və qeyri-qanuni satılmış texniki zirzəmidə fəaliyyət göstərən kommersiya obyektlərində quraşdırılmış bütün avadanlıqlar, aparılmış hörgü və tikintilərin (sanuzerlərin) cavabdehin hesabına sökülməsi , zirzəmi əvvəlki vəziyyətə qaytarılmaqla orada yerləşən, texniki avadanlıq və qurğuların akt əsasında İddiaçı MMMC-nin idarəçiliyinə verilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “Sahil-D Kompani“ MMC tərəfindən inşa olunmuş Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən 4 ədəd 24 mərtəbəli yaşayış binası AR Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sənədləşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismarına icazə verilmişdir. Bundan əlavə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarının mənzil mülkiyyətçiləri (sakinləri) Cavabdeh MMC-nin qanunsuz idarəetmə fəaliyyətinə xitam verilməsi məqsədilə 2022-ci ilin yanvar ayında İddiaçı təsis etmiş və AR Ədliyyə Nazirliyinin Qeydiyyat Notariat Baş İdarəsində cəmiyyət 28 yanvar 2022-ci il tarixli , 1122-MM9-0230 qeydiyyat nömrəsi ilə rəsmi olaraq qeyri-kommersiya hüquqi şəxsi kimi qeydiyyata alınmaqla hüquqi şəxs statusu əldə etmiş, ona 1122-MM9-0230 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Mənzil mülkiyyətçilərinin qanunvericiliklə ümumi birgə mülkiyyəti hesab edilən binanın texniki zirzəmisi Cavabdeh MMC tərəfindən müvafiq icra hakimiyyəti orqanları ilə və mənzil mülkiyyətçiləri ilə razılaşdırılmadan qanunsuz olaraq ayrı-ayrı şəxslərə saxta müqavilələr və maliyyə arayışları ilə satılmışdır. Belə ki , cavabdeh "xxxx" MMC-nin icraçı direktor Ədilağa Hüseynov öz şəxsi imzası ilə qanunsuz saxta sənədlərlə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən 24 mərtəbəli yaşayış binasının 2-ci, 3-cü və 4-cü binalarının texniki zirzəmisini müxtəlif şəxslərə hər hansı bir hüquqi əsası olmadan satmış , orada 2 ədəd avtoyuma məntəqəsinin, 1 ədəd avto kimyəvi təmizləmə sexinin və 1 ədəd avto söküntü sexinin qanunsuz olaraq fəaliyyət göstərməsinə imkan yaratmışdır. Cavabdeh MMC-nin fəaliyyətində kobud hüquq pozuntuları olduğundan onun rəhbər şəxslərinin və təsisçilərinin əməllərində cinayət tərkibi olduğundan hüquqi şəxsin fəaliyyəti 2016-cı ilin tarixində vergi orqanı tərəfindən dayandırılmış , 2015-ci il tarixində cinayət əməlləri törədən Cavabdeh MMC-nin qanuni təmsilçisi Məzahir Cəfərov tərəfindən bir mənzilin birdən çox şəxslərə satılması halları müəyyən edilmiş, həmin şəxs intihar etdikdən sonra AR Baş Prokurorluğunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən Cavabdeh MMC-nin səlahiyyətli şəxslərində mövcud olan hüquqi şəxsə məxsus möhürlər təkrarən bu kimi cinayətlərin törədilməməsi məqsədilə 2017-ci ilin noyabr ayında götürülmüşdür. Lakin buna baxmayaraq, kollektiv mülkiyyətə məxsus olan binanın texniki zirzəmisi saxta sənədlər əsasında digər şəxslərə satmışdır. Mənzil mülkiyyətçiləri istər İddiaçı MMMC təsis edildikdən sonra istərsə də , ondan əvvəl Cavabdeh MMCnin rəhbərliyinə və təsisçilərinə dəfələrcə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən 24 mərtəbəli yaşayış binasının 2-ci , 3-cü və 4-cü binalarının texniki zirzəmisində fəaliyyət göstərən 2 ədəd avtoyuma məntəqəsinin , 1 ədəd idman zalının (fitnes klubu) 1 ədəd çilingər sexinin, 1 ədəd avtokimyəvi təmizləmə sexinin, 1 ədəd avtosöküntü sexinin qanunsuz fəaliyyətlərinin dayandırılmasını tələb etmiş, mənzil qanunvericiliyinin tələblərinə əsasən binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin ümumi paylı mülkiyyət hüququ ilə mənzil mülkiyyətçilərinə məxsus olması nəzərinə çatdırılmaqla qanunsuzluqlara son qoyulması tələb olunmuş lakin Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri bu hallara məhəl qoymamış, qanunvericiliyin tələblərini eyni zamanda çoxmərtəbəli binanın mənzil mülkiyyətçilərinin ali hüququ olan mülkiyyət hüquqlarını kobud şəkildə pozmaqla gəlir əldə etmək niyyətilə saxta müqavilə və maliyyə arayışlarıyla binanın texniki zirzəmisini müxtəlif şəxslərə satmış və orada qanunsuz fəaliyyət göstərmələrinə zəmin yaratmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMMC tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi və azaldılması barədə məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X25 (Fitnes Lab – fitnes klubu) mülkiyyətçi X29 arasında (mülkiyyət sənədləri məhkəməyə təqdim edildikdən sonra bu hal aydın olub) icarə müqaviləsi bağlandığından iddia tələbi dəqiqləşdirilməli və azaldılmalıdır. Buna görə də Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən 4 ədəd 462 mənzilli 24 mərtəbəli 1-ci , 2-ci, 3-cü və 4-cü yaşayış binalarının (yeni Yeryomenko küçəsi bina 32, 34, 36 və 38-ci) texniki zirzəmisi ümumi paylı əmlak hesab edilməklə kollektiv mülkiyyətə məxsus olmaqla bina sakinlərinin hüquqlarının tanınması, 2-ci və 3-cü binaların texniki zirzəmisində fəaliyyət göstərən “Carbeauty” palirovka və avtoyuma məntəqəsinin bağlanması və cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbində və məhkəmə çıxışında göstərdiklərinə uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ”Sahil-D Kompani” MMC-nin nümayəndəsi X14 iddia ərizəsinə qəbul etməmiş, iş üzrə cəlb edilmiş 3-cü şəxslərlə qanunvericiliyə uyğun müqavilə bağlandığını göstərmişdir. Digər tərəfdən, nümayəndə qeyd etmişdir ki, hazırkı iş üzrə İddiaçı dövlət qeydiyyatına alınması məsələsi inzibati məhkəmədə mübahisələndirilir. İddiaçın qeydiyyata alınmasında qanun pozuntularına yol verilmişdir. Buna görə də, qeyd olunan məhkəmə araşdırması bitənədək hazırkı iş üzrə icraatın dayandırılmalı olmasını qeyd etmişdir. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən binaların zirzəmilərində ”Sahil-D Kompani” MMC tərəfindən sakinlər üçün yaranmış hər hansı maneələr mövcud deyil. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X10 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, təsmil etdiyi şəxslə Cavabdeh MMC arasında müqavilə mövcuddur. Bu müqavilə qüvvədə olduğu halda iddiaçı həmin sənədin saxta olduğunu iddia edə bilməz. İddia tələbinin subyektiv hüquqa məxsus olmayan şəxs tərəfindən verilməsinə baxmayaraq, icraata qəbul edilmişdir. Digər tərəfdən aidiyyət qaydaları pozularaq qanunsuz olaraq rayon məhkəməsinə iddia ərizəsi verilmişdir. Bu səbəbdən məhkəmədən qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən işə şahid qismində cəlb edilmiş şəxslər X17, X26, X18 və X6 müvafiq ardıcıllıqla bildirdilər: X17 qeyd etmişdir ki, təqribən 2017-2019-cu il tarixindən Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində Cavabdeh MMC-də yaşayır. Artıq bir neçə aydır ki, texniki zirzəmidən istifadə etmir və bildirir ki, istifadə etdiyi dönəmlərdə polirovka, yağdəyişmə məntəqələri zirzəmidə fəaliyyət göstərmiş lakin, zirzəmidə avtoyuma məntəqəsi yoxdur. Bundan başqa əlavə etmişdir ki, lift zirzəmiyə düşmür. X26 qeyd etmişdir ki, Cavabdeh MMC bugünədək idarəçilik səlahiyyətlərini "xxxx" MMMC-yə verməmişdir. O, 27 yanvar 2022-ci il tarixdə yaradılan adıçəkilən cəmiyyətin üzvüdür. 2016-cı il tarixdən o Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsindəki binada yaşayır və bu müddət ərzində daha dəqiq desək, 2020-ci ilin sonlarından polirovka məntəqəsi mövcud olmuş sonradan həmin yer avtoyuma məntəqəsi kimi fəaliyyətini davam etdirmişdir. Həmin ərazidə yerləşən 1-ci bina, 72-ci mənzilin sakinidir və tələb edir ki , Cavabdeh MMC bütün göstərilən yerləri "xxxx" MMMC-nin ixtiyarına verməlidir. “Carbeauty “ kimi tanınan məntəqə 3-cü binanın giriş hissəsində yerləşir. X18 qeyd etmişdir ki, o da digər şahidlər kimi qeyd edilən ünvanda yaşayır. Əsas mübahisə zirzəmi ərazisi ilə bağlıdır. Belə ki, zirzəmidə yerləşən obyektlərə bina sakini olmayan müxtəlif şəxslər girib-çıxır. Binanın elektrik şitləri, 4 ədəd nasos və s. texniki avadanlığları da məhz zirzəmidə yerləşir. Lift zirzəmiyə düşmür. Bundan başqa bildirir ki, İddiaçı MMMC-nin bir müddət sədri vəzifəsində olmuş sonra bundan imtina etmişdir. Onun həmin zirzəmidə qaraj sahəsi olmamışdır. X7 bildirmişdir ki, qeyd olunan ərazidə yerləşən 3-cü bina, 6-cı mərtəbənin mülkiyyətçisidir. Fitnes zalı ona maneçilik törədir. Bundan başqa zirzəmidə avtoyuma məntəqəsi, yağdəyişmə məntəqəsi və polirovka yeri var. Liftin zirzəmiyə düşməməsi əsas problemi təşkil edir. Ərazidə qarajı vardır və polirovka yerinin ona maneçiliyi yoxdur. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan AR Ədliyyə Nazirliyi X2 reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, məhəllə 1156 , mənzil 23 (yeni qaydalarla : AZ1025, ünvan 1 ünvanında fəaliyyət göstərən İddiaçı 05/1427-14 qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan ARƏMDK yanında DƏDRX-nin çıxarışından görünür ki , Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən ümumi sahəsi 772 kv.m X19 mülkiyyətindədir. . İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki , mülki iş üzrə şahid qismində çıxış iştirak edən X26 ünvan 3 ünvanında yaşayır . İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki , mülki iş üzrə şahid qismində çıxış iştirak edən X6 ünvan 4 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki , mülki iş üzrə şahid qismində çıxış iştirak edən X35 ünvan 5 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki , mülki iş üzrə şahid qismində çıxış iştirak edən X18 ünvan 6 ünvanında yaşayır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 21 saylı müqaviləyə və eyni tarixli maliyyə arayışına əsasən, X1 Səbadil Qəşəm qızına Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156, 3 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 81,53 kv/m-dən ibarət olan qeyri-yaşayış sahəsini 95 000 manat qarşılığında verməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 24 saylı müqaviləyə və eyni tarixli maliyyə arayışına əsasən, X3 Cavanşir Murad oğluna Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156, 2 saylı yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 226,0 kv/m-dən ibarət olan qeyri-yaşayış sahəsini 140 000 manat qarşılığında verməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Hazırkı iddia ərizəsi üzrə iddiaçı "xxxx" MMMC-nin tələbi 2 hissədən ibarətdir.

1. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən 4 ədəd 462 mənzilli 24 mərtəbəli 1-ci , 2-ci, 3-cü və 4-cü yaşayış binalarının (yeni Yeryomenko küçəsi bina 32, 34, 36 və 38-ci) texniki zirzəmisi ümumi paylı əmlak hesab edilməklə kollektiv mülkiyyətə məxsus olmaqla bina sakinlərinin hüquqlarının tanınması

2. 2-ci və 3-cü binaların texniki zirzəmisində fəaliyyət göstərən “Carbeauty” palirovka və avtoyuma məntəqəsinin bağlanması Məhkəmə qeyd edir ki, «texniki zirzəmisi ümumi paylı əmlak hesab edilməklə kollektiv mülkiyyətə məxsus olmaqla bina sakinlərinin hüquqlarının tanınması»” barədə iddiaçıların tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsi təşkil edir, həmin maddi hüquq normasına görə isə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitartexniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Mülki Məcəllənin 227.1-ci maddəsində qeyd olunub ki, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Yuxarıda qeyd olunan izah bu normaya da aiddir, yəni normada “yaşayış binasının tərkib hissəsi mülkiyyətçiləri” deyildikdə yaşayış sahəsinin mülkiyyətçiləri nəzərdə tutulur. Maddədə istifadə olunan “yaşayış binası” və “mənzilə xidmət edən” kimi ifadələr onu təsdiq edir ki, bu qayda ilə binada yaşayan şəxslərin mənafeləri müdafiə olunur. Göründüyü kimi Cavabdeh MMC-nin cavabdeh qismində göstərildiyi iddia üzrə Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən 1-ci , 2-ci, 3-cü və 4-cü yaşayış binalarının qeyri-yaşayış sahələrinə sakinlərin hüquqlarının məhkəmə qətnaməsi əsasında tanınmasına zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsinin tələbi baxımından çoxmənzilli binanın ümumi əmlakı olan sahəyə, yəni zirzəmiyə bütün paylı mülkiyyətçilərin hüquqları mövcuddur, zirzəmi çoxmənzilli binanın ümumi əmlakı olan sahədir. İddiaçı bu hüquqa hər hansı müdaxilə olunmasını və ya Cavabdeh MMC tərəfindən hansı maneə yaradılmasını göstərməmiş, qanunda nəzərdə tutulmuş, mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınması tələbini irəli sürmüşdür. İddiaçının bu tələbi isə Cavabdeh MMC-yə yönlənmişdir. Belə olan halda, mövcud olan hüququn məhkəmə qətnaməsi ilə tanınmasında iddiaçının hüquqi marağının nədən ibarət olması aydın deyil. Buna görə də, iddia tələbi bu hissədə rədd olunmalıdır. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Halbuki Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. . Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156 ünvanında yerləşən 4 ədəd 462 mənzilli 24 mərtəbəli 1-ci , 2-ci, 3-cü və 4-cü yaşayış binalarının texniki zirzəmiləri çoxmənzilli binanın paylı mülkiyyətçilərinin ümumi əmlakı olduğundan, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququnun pozulması müəyyən edilmədiyindən, pozulmamış hüququn bərpası və onun məhkəmə müdafiəsi də mümkün deyildir. Məhkəmə «2-ci və 3-cü binaların texniki zirzəmisində fəaliyyət göstərən “Carbeauty” palirovka və avtoyuma məntəqəsinin bağlanması» hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, texniki zirzəmisində fəaliyyət göstərən “Carbeauty” palirovka və avtoyuma məntəqələrinin bağlanması tələbini irəli sürən iddiaçı həmin tələbini, iş üzrə 3-cü şəxslərə qarşı deyil, Cavabdeh MMC-yə qarşı yönəltmişdir. Halbuki həmin qeyri-yaşayış sahələrinə dair Cavabdeh MMC ilə müvafiq müqavilələr bağlanmış, iş üzrə 3-cü şəxslər X22, X23 və digərləri MMC-yə pay haqqını ödəmişdir. Həmin müqavilələr mövcud olduğu halda, Carbeauty” palirovka və avtoyuma məntəqəsinin bağlanması barədə iddiaçının tələbi təmin oluna bilməz. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 165.1-ci maddəsinə görə isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı MMMCnin Cavabdeh-yə qarşı “mənzil mülkiyyətçilərin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması ı” tələbinə dair iddiası təmin edilməməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı MMMC-nin Cavabdeh-yə qarşı “mənzil mülkiyyətçilərin hüquqlarının tanınması və qeyri-yaşayış sahəsinin bağlanması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar