Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-309/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclas katibi X8, Cavabdeh “X10” MMC-nin nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı X12 cavabdeh “X10” MMC-nə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X14 cavabdeh “X10” MMC-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X10 tərəfindən vurulmuş maddi zərərə görə 2457 manat və 17.700 TL ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi manatın məzənnəsinə uyğun ödənilməsinə və mənəvi zərərə görə 2000 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sol gözündə yaranmış problemlə bağlı Rəhman Allahverdiyev adlı həkimə müraciət etmiş və müayinə etdikdən sonra gözümün əməliyyat edilməsi zəruriliyini bildirdi. 30 dekabr 2019-cu il tarixdə X3 gözündən əməliyyat etdilər və əməliyyatla bağlı 1300 manat pul ödəmişdir , həmçinin 300 manat da gözünə protez qoyulması ilə bağlı ödəniş etmiş ,protezin Z.Əliyeva adına X4 qoyulacağını bildirmişlər. O ora getmiş və protez hazır olduqdan sonra göz yuvasına yerləşdirilsə də qalmamışdır və hər hərəkət etdikdə yerindən çıxmışdır. Sonda ona məlum olmuşdur ki, aparılmış əməliyyat düzgün aparılmamışdır , əməliyyat sonrası ciddi fəsadlarla üzləşmiş və o cavabdeh tərəfə bu barədə bildirdikdə əhəmiyyət belə verməmişlər . Klinika tərəfindən mənə epikriz verilmişdir və epikrizdə yerli anesteziya altında "OS- Enukleasiya” əməliyyatı aparılması qeyd edilmişdir. O, məcbur qalaraq Türkiyədə fəaliyyət göstərən X16 ilə əlaqə saxlamış , yenidən əməliyyat olunmasının vacib olduğu bildirilmişdir və o Türkiyənin İstanbul şəhərinə 24 fevral 2020-ci il tarixdə 385 manata avia bilet alaraq getmiş və qayıdarkən Ukrayna vətəndaşı olan qardaşı tərəfindən onlayn qaydada 200 ABŞ dolları məbləğində aviabilet alınmışdır, gediş və gəliş üçün aviabiletə tərəfimdən cəmi 725 (yeddi yüz iyirmi beş) manat pul ödənilmişdir. İstanbul şəhərində yerləşən X13 25.02.2020-ci il tarixdə müayinələrdən keçirilmişəm və ümumilikdə müayinlərlə bağlı 2200 (iki min iki yüz) Türk Lirəsi bankda xəstəxananın hesabına köçürmüşdür. 28 fevral 2020-ci il tarixdə sol gözündən cərrahiyyə əməliyyatı edilmişəm və cərrahiyyə əməliyyatı ilə bağlı xəstəxananın hesabına 15.000 (on beş min) TL miqdarında pul köçürmüşdür . Müayinə olunarkən müayinə edən həkim bildirmişdir ki, aparılan əməliyyat düzgün aparılmamışdır və bunun da nəticəsi olaraq əməliyyat edilməli və həmin əməliyyatın fəsadları aradan qaldırılmalıdır. Həmçinin 27.02.2020-ci il tarixdən 03.03.2020-ci il tarixədək RİOS hotelində qalmış və bununla bağlı 500 (beş yüz) TL pul ödəmişəm . Qeyd olunmalıdır ki, 17.08.2020-ci il tarixdə mən yenidən müayinə edilmək üçün Türkiyəyə getmiş , X13 testlərdən keçməklə bağlı 120 ABŞ dolları, müayinələrlə bağlı həkimə 260 ABŞ dolları, otelə 100 ABŞ dolları və gediş-gəliş üçün aviabiletə 480 ABŞ dolları vəsait sərf etmiş və bu da 1632 manat edir . Həmçinin Türkiyəyə gedərkən koronovirusla bağlı test edilməsi ilə bağlı 100 manat pul ödəmişdir . Nəzərə çatdırır ki, həkim tərəfindən əməliyyatın düzgün aparılmaması nəticəsində o xeyli miqdarda maddi ziyana məruz qalmışam , əməliyyatın nəticəsinin aradan qaldırılması üçün əlavə vəsait sərf etmişdir . Yəni həkimin səhvi və nə yolla olur-olsun maddi vəsait əldə etmək istəyi nəticəsində onun sağlamlığının bərpa edilməsi mümkün olmamışdır və sağlamlığımın bərpa edilməsi yalnız xarici dövlətdə mümkün olmuşdur və bu da onun əlavə olaraq xeyli miqdarda vəsait xərcləməyi ilə nəticələnmişdir. Cavabdeh tərəfindən ona vurulmuş maddi zərər 2457 (iki min dörd yüz əlli yeddi) manat və 17.700 (on yeddi min yeddi yüz) TL təşkil edir , və bu maddi ziyan cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehlə aralarında narazılıq yarandığından o şikayət etmiş və həkim tərəfindən ona 1300 manat qaytarılmışdır , ona dəymiş ziyanın ödənilməsindən isə boyun qaçırmışlar. O cavabdeh tərəfdən ona vurulmuş maddi zərəri tələb etsə də maddi zərər ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada iddiaçı xəbərdar edilsə də, məhkəmə iclasında üzrlü səbəb təqdim etmədən iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh “X10” MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, cavabdeh tərəfindən iddiaçının sağlamlığına hər hansı zərər vurulmadığını, təyin edilmiş ekspertiza rəylərindən də həkimin hər hansı təqsirli hərəkətinin olmadığını, bu səbəbdən də iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda cavabdeh “X10” MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, əməliyyatı keçirən həkim X2 cavabdeh "xxxx" MMC-nin işçisi deyildi, onlar arasında mülki müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə Klinika həkimə əməliyyatların keçirilməsi üçün əməliyyatxananı və tibbi avadanlığı təqdim edir, həkim isə bunun müqabilində Klinikaya xidmət haqqını ödəyir və Klinika həkimin apardığı əməliyyatlara görə heç bir məsuliyyət daşımır. Ayrıca onu da qeyd etmək istəyirik ki, iddiaçı əməliyyat aparılmamışdan qabaq razılıq imzalamışdır. Həmin razılıqda qeyd olunmuşdur ki, həkim tərəfindən iddiaçıya keçiriləcək əməliyyatın həyat riskləri, meydana gələ biləcək fəsadları barədə məlumat verilmişdir və iddiaçı əməliyyatın keçirilməsinə razılığını vermişdir. Sözügedən razılıqda həmçinin aparılan müalicənin və cərrahi müdaxilənin keyfiyyətinə klinikanın məsuliyyəti daşımaması barədə qeyd mövcuddur. İddiaçı iddia ərizəsində qeyd edir ki, həkim Rəhman Allahverdiyev tərəfindən aparılmış əməliyyat düzgün aparılmamışdır. Lakin bunu sübut edən heç bir sənəd iddiaçı tərəfindən təqdim olunmamışdır, buna dair hər hansı tibbi ekspertiza keçirilməmişdir. Əksinə iddiaçıya 30.12.2019-cu il tarixdə verilmiş epikrizdə göstərilir ki, əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir, xəstə kafi vəziyyətdə oftalmoloqun nəzarəti altında evə palmışdır. Bundan əlavə iddiaçı tərəfindən əməliyyatın düzgün keçirib-keçirilməməsi ilə bağlı cavabdehə müraciət olunmamışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, onun sağlamlığının bərpa edilməsi yalnız xarici dövlətdə mümkün olmuşdur və o, buna görə Türkiyədəki “Dünyagöz” xəstəxanasında əməliyyat etmək məcburiyyətində qalmışdır. Halbuki, Azərbaycan Respublikasmda fəaliyyət göstərən bir neçə tibb müəssisələrlə əlaqə saxlamışlar və məlum olmuşdur ki , bu növ əməliyyat Azərbaycanda yerləşən bir neçə göz xəstəxanalarında aparılır. İddiaçı heç bunu araşdırmadan birbaşa Türkiyədə əməliyyatı etmək qərarına gəldi. Hal-hazırda bununla bağlı çəkdiyi xərclərin cavabdehdən tələb edilməsi absurddur, bunlardan əlavə, həkim Allahverdiyev Rəhman tərəfindən iddiaçının əməliyyata görə ona ödədiyi 1300 manat məbləği iddiaçıya qaytarılmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, Türkiyəyə getmək üçün aviabiletlərə görə725 manat və 480 ABŞ dolları xərc etmişdir, halbuki bu məbləğləri sübut edən sənəd təqdim olunmamışdır. Daha sonra iddiaçı iddia ərizəsində qeyd edir ki, o , Türkiyədə aparılan müayinələrlə bağlı cəmi 2200 TT və 380 ABŞ dolları məbləğində vəsait xərc etmişdir, Bu məbləğlərin ödənilməsini sübut edən heç bir sənəd təqdim olunmamışdır. Beləliklə, hesab edir ki, iddiaçının iddia ərizəsi əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 iddia tələbini qəbul etməyərək, ekspertiza rəyindən də aydın olduğu kimi onun tərəfindən əməliyyatın tam düzgün icra olunduğunu, onun hər hansı təqsirli hərəkətinin olmadığını, buna görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan X5 epikrizindən görünür ki, 30.12.2019-cu il tarixdə xəstədə yerli anesteziya altında “OS-Enukleasiya” əməliyyatı aparılmışdır. Əməliyyətdan sonrakı dövr fəsadsız keçmişdir. Xəstə kafi vəziyyətdə oftalmoloqun nəzarəti altında evə yazılmışdır. İş materiallarında olan “Məhkəmə-X18 X11” X15 39/KEŞ saylı ekspert rəyindən görünür ki, 1968-ci il təvəllüdlü X12 adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:1) X14 “X7 sol gözün görməməsi və şiddətli ağrılar şikayətləri ilə müraciət etmişdir, aparılmış müvafiq müayinələrdən sonra ona “OS 2-li qlaukoma, kəskin tutması, simptomatik oftalmiya” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə onun üzərində “OS- Enukleasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir.2) X14 üzərində icra edilmiş “OS-Enukleasiya” cərrahiyyə əməliyyatı tibbi göstəriş əsasında aparılmışdır. Mütəxəssis müayinələrinə əsasən Vasif Quliyevin üzərində icra edilmiş “OS- Enukleasiya” cərrahiyyə əməliyyatı xəstədə baş verəcək simptomatik oftalmiyanın qarşısının alınması üçün aparılmışdır. Lakin cərrahiyyə əməliyyatından sonra qoyulan sferin ekstriziyası baş vermişdir. Ədəbiyyat mənbələrinə əsasən “evijserasiya” əməliyyatlarından sonra 28% hallarda sfer ekstriziyası baş verə bilər. Buna səbəb orqanizmin əvvəlki xəstəliklər ilə (infeksion xəstəliklər, qlaukomayla skleranın həddindən artıq incəlinəsi kimi) bağlı skleranın sferi rədd etməsidir. Belə hallarda xəstənin öz toxuması istifadə edilərək soket təmiri aparılması düzgün taktikadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1113.2-ci maddəsinə əsasən, zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. 1114.2-ci maddəsinə əsasən, birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunmur. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X12 cavabdeh “X10” MMC-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X12 cavabdeh “X10” MMC-nə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi”tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-309/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-309/2021
14.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver