Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3103/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi”nə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı yaşayış hüququnun tanınması və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan və Nərimanov rayonu, X10 küçəsi, bina 1969, ev 28, mənzil 14 ünvanında yerləşən mənzilindən istifadə hüququna qeydiyyatdan çıxarılmaqla xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh onun mülkiyyətində olan və Nərimanov rayonu, X10 küçəsi, bina 1969, ev 28, mənzil 14 ünvanında yerləşən mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı Cavabdeh ilə xx.xx.2020-ci ildə məhkəmə qaydasında boşanmışlar. Faktiki isə 2019-cu ilin iyun ayından ayrı yaşayırlar. Onlar ailə qurduqları vaxtdan onun valideyninin ona hədiyyə etdiyi Nərimanov rayonu X10 küçəsi bina 1969 ev 28 mənzil 14 ünvanında boşananadək yaşamışlar. xx.xx.2020-ci ildə rəsmi boşanmaqlarına baxmayaraq cavabdeh onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmır. Cavabdeh artıq 4 ildir ki, bu mənzildə yaşamır. Bundan başqa, xx.xx.2020-ci ildən iki uşaqları üçün Nərimanov Rayon Məhkəməsi tərəfindən boşanma ilə bir vaxtdan aliment kəsilməsinə baxmayaraq, bu pulu da ödəmir və alimentdən yayınmaq üçün qaçıb gizlənmişdir. Faktiki onun mülkiyyətində olan evdə cavabdeh yaşamır, lakin qeydiyyatda qalmaqla, onun üçün əlavə mənzil xərcləri yaradır. Yəni onun üçün əlavə pul ödəyir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, mənzil 14-ə köçürülməklə həmin evdə yaşayış hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, cavabdeh İddiaçı ona qarşı “mənzildən istifadə hüququna qeydiyyatdan çıxarılmaqla xitam verilməsi tələbinə dair” iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə Səran qızı və xx.xx.2019-cu il təvəllüdlü Səma adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən nikahları Nərimanov Rayon Məhkəməsinin qətnaməsilə pozulmuşdur. Nikah pozulsa da, sonradan faktiki barışıb bir yerdə həmin mənzildə yaşayıblar, lakin yenə də bir yerdə yaşamaqları mümkün olmadığından yeridən ayrılıb, ayrı yaşayırlar. Hazırda cavabdeh qeyd olunan mənzili kirayə verib, onun həmin mənzildə yaşamasına imkan vermir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, evi 2006-cı ildə nikahdan əvvəl qızına hədiyyə almışdır. Qızı 2016cı ildə evləndikdən sonra cavabdehin qeydiyyata düşməsinə razılıq vermiş və həmin evdə yaşamışlar. Sonra tərəflərin nikahı pozulmuşdur, cavabdeh hazırda axtarışdadır, 3-4 ildir ki həmin evdə yaşamır. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 129 nömrəli sərəncamı ilə verilmiş, 007352 saylı orderin surətindən görünür ki, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 1969-cu məhəllə, 28 saylı evin 14 saylı mənzilinə dair order İddiaçı adına verilmişdir. 1 nəfər ilə yaşamaq hüququ var və ailə tərkibi İddiaçı ibarətdir; - Bakı şəhər Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 086539 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2016-cı il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında alt qeydləri kitabında 54 nömrə ilə qeyd edilmişdir; - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixində pozulmuşdur; - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, 1969 məhəlləsi, X10 küçəsi, ev 28, mənzil 14 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər X5, Nümayəndə Sənan qızıdır; - “X6” MMC-nin xx.xx.2023-cü il tarixli, AA936 saylı arayışından görünür ki, X1 rayonu, X10 1969 küçəsi, 28 nömrəli evin 14 nömrəli mənzilində xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixə qədər pasport qeydiyyatında olmasına baxmayaraq, xx.xx.2020-ci ildən bu ünvanda yaşamır; - Nərimanov Rayon Polis İdarəsinin məktubunun surətindən görünür ki, Cavabdeh ünvan 4 ünvanına xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisələndirilən mənzilə dair İddiaçı adına Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 129 nömrəli sərəncamı ilə 007352 saylı order verilmişdir. Cavabdeh xx.xx.2016-cı il tarixdən həmin mənzilə qeydiyyata düşmüşdür. Tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki övladları dünyaya gəlmişdir. Nikahları məhkəmə qaydasında pozulsa da, mübahisəli mənzildə cavabdehin rəsmi qeydiyyatı qalmaqdadır. Hazırda ilkin iddia üzrə iddiaçı cavabdehin həmin mənzildə uzun müddətdir ki yaşamamasına və qeydiyyatının formal xarakter daşımasına istinad edərək, onun müvafiq mənzildən istifadə hüququnun itirilməsini, qarşılıqlı iddia üzrə iddiaçı isə mənzilə istifadə hüququnun tanınmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh mübahisəli mənzilə 2016-cı il tarixindən köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki iş üzrə cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində iddiaçının mövcud vəziyyətdə ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Qeyd olunduğu kimi, hazırkı iş üzrə cavabdeh qeydiyyatda olduğu evin sahibinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Həmçinin mübahisələndirilən mənzil nikahdan əvvəl İddiaçı tərəfindən əldə edilmişdir. Eyni zamanda uzun müddətdir ki cavabdehin mübahisələndirilən mənzildə yaşamaması Ailə Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvü kimi maddi vəziyyətinin və diqqətə layiq digər halların özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsini istisna edir. İddiaçının subyektiv hüququna gəlincə qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki mülki iş üzrə Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 129 nömrəli sərəncamı ilə verilmiş, 007352 saylı order iddiaçının mübahisələndirilən mənzilə hüququnu təsdiq edən qanuni əsas kimi çıxış edir və iddiaçı həmin mənzilin qanuni sahibi hesab olunur. Çıxarışın olmamasına əsaslanmaqla müvafiq iddia tələbinin təmin edilməməsi isə əmlaka qanuni sahiblik edən şəxsin mülki qanunvericiliklə tanınmış hüquqlarının pozulması ilə nəticələnə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə uyğun olaraq isə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, şəxsin yaşayış sahəsində yaşamadan, həmin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət (o cümlədən sahiblik və istifadə) hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cavabdehin qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından qarşılıqlı iddia üzrə iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının yaranması və hazırda da mövcud olması müəyyən edilmir. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdeh iddiaçıya məxsus Nərimanov rayonu X10 küçəsi, bina 1969, ev 28, mənzil 14 ünvanında yerləşən mənzildə qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və mövcud vəziyyətdə onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Bu səbəbdən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, bina 1969, ev 28, mənzil 14 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməli, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 14 saylı mənzilə dair yaşayış hüququnun tanınması və sair tələbi barədə qarşılıqlı iddiası təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, bina 1969, ev 28, mənzil 14 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 14 saylı mənzilə dair yaşayış hüququnun tanınması və sair tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3103/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3103/2023
01.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver