Məhkəmə qərarları › İş №2(005)-3118/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3118/2023

27.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3118/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. X4 xx.xx.2006-cı il tarixində Cavabdeh ilə ailə həyatı quraraq onun mənzilində yaşamağa başlayıblar. Onların birgə nikahdan iki övladı olmuşdur. Lakin müəyyən ailə daxili səbəblərə görə xx.xx.2022-ci il tarixində onların nikahları pozulmuşdur. Cavabdeh oğlundan boşandıqdan sonra xx.xx.2023-cü il tarixində yeni ailə quraraq, qeyd edilən ünvanda yerləşən mənzildə yaşamasa da, formal olaraq orada qeydiyyatda qalmışdır. Bunun nəticəsində iddiaçı mənzil və kommunal xidmətlər haqqını artıq ödəməyə məcbur olmuşdur. Hesab edir ki, cavabdeh başqa şəxslə faktiki ailə həyatı qurduğu andan mənzildən istifadə etmək hüququnu itirmişdir. Hazırda cavabdehin harada yaşaması ona məlum deyildir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia ərizəsini müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X7 ifadəsində bildirmişdir ki, o iddiaçının 1993-cü ildən bəri qonşusudur. İddiaçı oğlu, gəlini və nəvəsi ilə qeyd edilən mənzildə yaşamışdır. Daha sonra iddiaçının oğlu ilə Günel boşanmış və Günel çıxıb getmişdir. İddiaçının qızı rəhmətə getmişdir və hazırda orada oğlu ilə birlikdə yaşayır. Məhkəmə iclasında iştirak etmiş şahid X9 ifadəsində bildirmişdir ki, iddiaçı o mənzili özü almışdır. İddiaçının oğlu ilə gəlini boşanmışdır və gəlini Günel çıxıb getmişdir. Günel hazırda orada yaşamır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı, xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.1964-cü il təvəllüdlü X1, xx.xx.1983-cü il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh ünvan 2 ünvanı üzrə qeydiyyatdadırlar. - 012631 nömrəli orderdən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı adına verilmişdir. -xx.xx.2023-cü il tarixdə verilmiş, 453238 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X12 ilə X2 arasında olan nikaha xx.xx.2022-ci il tarixində xitam verilmişdir. -AR Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məktubundan müəyyən edilir ki, Cavabdeh (Rəfiyeva) xx.xx.2023-cü ildə 7 saylı Bakı “Asan xidmət” mərkəzindəki qeydiyyat şöbəsində xx.xx.1991-ci il təvəllüdlü X13 ilə nikaha daxil olmuşdur. -AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İşin mübahisələndirilməyən hallarından görünür ki, cavabdeh iddiaçının oğlu ilə 2006-cı ildə nikaha daxil olaraq həmin dövrdə ünvan 2 ünvanında yerləşən mənzilə köçməklə yaşamağa başlamış, İddiaçı mənzil üzərindəki mülkiyyət hüququ 1993-cü il tarixində verilmiş orderlə rəsmiləşdirilmişdir. İddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikaha xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Cavabdeh xx.xx.2023-cü ildə 7 saylı Bakı “Asan xidmət” mərkəzindəki qeydiyyat şöbəsində xx.xx.1991-ci il təvəllüdlü X13 ilə nikaha daxil olmuşdur və hazırda həmin mənzildə yaşamır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Qanunvericiliyin tələbi baxımından yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, hazırki halda mübahisəli məsələyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalari tətbiq edilməlidi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2006-cı il tarixindən yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər 228.5-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan qayınatasının deyil, sonuncunun övladının ailə üzvü hesab olunur və bu əsasla da o, mübahisəli mənzildə yerləşən yaşayış sahəsinə dair istifadə hüququ əldə etməmişdir. Çünki, artıq qeyd edildiyi kimi, cavabdeh ilə mülkiyyətçi arasında etibarlı ailə münasibətləri olmadığından o, mülkiyyətçinin ailə üzvü olmamış və yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün aralarında yuxarıda qeyd olunan müqavilənin bağlanması vacib olmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulan: “Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir” cümləsində mülkiyyətçinin razılığı dedikdə də məhz mülkiyyətçi ilə “digər ailə üzvləri” arasında notariat qaydada bağlanaraq rəsmi reyestrdə qeydə alınmalı olan yazılı müqavilə nəzərdə tutulur. Lakin, belə bir müqavilə yoxdur. Odur ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququ qazanmamışdır. Qeyd olunduğu kimi, hazırkı iş üzrə Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisinin – yəni keçmiş qaynatasının ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Bu baxımdan da cavabdeh həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanın bağlanması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla mülkiyyətçi arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud deyil. Hüquqi nəticə etibarı ilə Cavabdeh ünvan 2 ünvanında istifadə hüququ yaranmamışdır. Cavabdeh nə hər hansı bir müqaviləyə, nə də qanuna görə yaşayış sahəsindən istifadə hüququ yaranmır. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsindən istifadə hüququnun əsaslarını müəyyən edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Cavabdehin bu əsaslarla yaşayış sahəsindən istifadə hüququnun yaranmadığı tam aydındır. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir. Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Hazırki iş üzrə cavabdeh isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində iddiaçının ailə üzvü və digər qohumu hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55A, 71 saylı mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasa da, bəhs edilən mənzilə mülkiyyət hüququna dair hüquqi gözləntisi vardır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmuşdur. Məhkəmə iddia tələbinin “qeydiyyatdan çıxarılma” hissəsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3118/2023 saylı Qərardadı ilə xitam verdiyindən, hazırki qətnamədə həmin tələb üzrə əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Məhkəmə onu da qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Odur ki, hazırki qətnamə Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdan çıxarılması üçün əsasdır və bunun üçün əlavə olaraq hər hansı göstəriş verilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Təbriz küçəsi, ev 55A, 71 saylı mənzilindən istifadə hüquqlarının olmayan şəxs hesab edilməli və mənzildən çıxarılmalıdırlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Təbriz küçəsi, ev 55A, 71 saylı mənzildən istifadə hüquqları olmayan şəxs hesab edilsin. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar