Məhkəmə qərarları › İş №2(005)-312/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-312/2022

26.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-312/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 xeyrinə Cavabdeh 22.350 (iyirmi iki min üç yüz əlli) manat maddi ziyanın və vurulmuş mənəvi ziyana görə isə 10.000 (on min) manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 29.07.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, iddiaçı Nəriman Abbasovun istifadəsində və sahibliyində olan **-TS-*** dövlət qeydiyyat nişanlı X12 Rover markalı avtomobil ilə Cavabdeh məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı, Volskvagen Tiguan markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə əlaqədar müvafiq araşdırma başlanılmış və araşdırma müddətində Abşeron RPİ-nin DYPŞ-nin BDAM tərəfindən müvafiq ekspertiz təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 8/2124 nömrəli, 03.09 2021-ci il tarixli Ekspert rəyinə əsasən, baş vermiş hadisədə təqsirli tərəf kimi Cavabdeh müəyyən edilmişdir. Belə ki, Ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində göstərilir ki, təqdim olunan məlumatlara əsasən Volskvagen Tiguan markalı, 10CF025 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, hadisə nəticəsində iddiaçının istifadəsində və sahibliyində olan X12 Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 22.350 (iyirmi iki min üç yüz əlli) manat müəyyənləşdirilmişdir. Belə ki, iddiaçıya məxsus həmin avtomobilin təmiri ilə bağlı çəkilmiş xərlərə dair “Real Avto MMC tərəfindən 07.09.2021-ci il tarixli qiymətləndirmə aktı verilmişdir. Onu da qeyd edək ki, təmirlə bağlı iddiaçıya məxsus avtomobilin markasının aid olduğu rəsmi servis mərkəzinə müraciət edilsəydi şüphəsiz vurulmuş və çəkilmiş xərclər əhəmiyyətli dərəcədə yüksək olacaqdı. Ziyanın ödənilməsi ilə bağlı qarşı tərəfə bir neçə dəfə müraciətlər olunsa da, bununla bağlı heç bir müsbət nəticə əldə olunmamışdır. Beləliklə cavabdeh tərəfindən iddiaçıya vurulan maddi ziyanın məbləği faktiki olaraq. 22.350 (iyirmi iki min üç yüz əlli) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X12 Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X6 adına 17.07.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. 17.07.2019-cu il tarixdə verilmiş Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X3 Rover Range Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 06.09.2026-ci il tarixədək 6 il 6 ay 27 gün müddətinə etibar edilmişdir. 07.09.2021-ci il tarixli qüsur aktından görünür ki, X12 Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı avtomobilə 22350 manat məbləğində maddi zərər dəymişdir. “X7” MMC-nin 085.10.2021-ci il tarixli, İEM-44/21 №-li rəyindən görünür ki, rəyin “Tədqiqatın təsviri” hissəsində göstərilən hüquqi aktlar üzrə təsbit edilmiş metodlardan istifadə etməklə və baxış zamanı aşkarlanmış xüsusatlar nəzərə alınmaqla, İddiaçı istifadəsində olan “Land Rover RangiRover” markalı, qara metallik rəngli, 2015-ci il buraxılışlı, **-TS-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD № 541531) avtomobilin bərpasına (“original”, yəni kontrafakt olmayan detallarla) - detallar üzrə orta bazar qiyməti 19.400 (on doqquz min dörd yüz) manat, işçilik üzrə 2.000 (iki min) manat olmaqla, cəmi çəkiləcək xərcin ümumi dəyəri (ƏDV xaric) -21.400 manat məbləğində müəyyən edilir. Abşeron DYPİ-nin TP seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8146-8/2818 saylı, 24.12.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəqliyyat vasitəsinə ekspert tərəfindən baxış keçirilərkən, konkret olaraq hansı hissələrinin zədələndiyini, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mürnWin deyildir; Həmçinin qeyd olunur ki baxış zamanı nəqliyyat vasitələrinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etmək mümkün olmur. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur qeyd olunan sual üzrə yol nəqliyyat hadisələri ekspertizaları təhqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin 07.09.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı "X12 Rover" markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18950,0 manat müəyyən edilir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırda iş üzrə İddiaçı məhkəməyə zərərin ödənilməsi tələbi ilə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilmişdir ki, Nəriman Abbasovun istifadəsində və sahibliyində olan **-TS-*** dövlət qeydiyyat nişanlı X12 Rover markalı avtomobil ilə Cavabdeh məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı, Volskvagen Tiguan markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisədə təqsirli tərəf kimi Cavabdeh müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının istifadəsində və sahibliyində olan **-TS-*** dövlət qeydiyyat nişanlı X12 Rover markalı avtomobilə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinə dair Abşeron DYPİ-nin TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Cavabdeh təqsirli, hüquqqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəymişdir. Qeyd edilən zərərin məbləği müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, dəymiş zərər 18950 (on səkkiz min doqquz yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə maddi zərər hissədə iddia ərizəsini ekspert rəyində göstərilən məbləğdə əsaslı hesab edir. 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X2rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin əməllərində mülki hüquq pozuntuları, deliktlər nəticəsində, iddiaçı şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəli-əlaqə də aşkar edilməmişdir. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, Cavabdeh mənəvi ziyana görə 10000 (on min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasını əsassız hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 18.950 (on səkkiz min doqquz yüz əlli) manat İddiaçı oğlunun xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar