Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3125/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçılar İddiaçı1 Akif oğlu və İddiaçı2, Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 Akif oğlu və İddiaçı2 Cavabdeh qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Akif oğlu və İddiaçı2 Cavabdeh qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh ünvan 1 ünvanında ümumi sahəsi 131.3 kv.m olan qeyri yaşayış sahəsinin QYM seriyalı, 002945 saylı, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətində olduğunu bildirərək, iddiaçıların həmin qeyri-yaşayış sahəsindən çıxarılmalarını tələb edir. Həmin ünvan qeyri-yaşayış sahəsi deyil, yaşayış evidir və onlar ailələri ilə birlikdə 1993-cü ildən həmin evdə məcburi köçkün kimi yaşayırlar. Onların qaçqın kimi yaşadığı mənzilin xəbərləri olmadan özəlləşdirilməsi qeyri-qanunidir. Qeyd edilənləri nəzərə alaraq, ünvan 2 ünvanında ümumi sahəsi 131.3 kv.m olan qeyri yaşayış sahəsinin Cavabdeh mülkiyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilən QYM seriyalı, 002945 saylı, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 Akif oğlu və İddiaçı2 məhkəmə iclasında ayrı-ayrılıqda iddia ərizələrini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin QYM seriyalı, 002945 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, 4a ünvanında ümumi sahəsi 131.3 kv.m olan qeyri yaşayış sahəsi Cavabdeh adına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Nərimanov rayonu sektorunun xx.xx.2020-ci il tarixli 1512 saylı arayışından görünür ki, İddiaçı2 Ağdam rayonundan məcburi köçkündür və Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsi, 4 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan AA seriyalı 146381 saylı vəsiqədən görünür ki, Abdullayev X11 rayonundan məcburi köçkündür. İş materiallarında olan AA seriyalı 215788 saylı vəsiqədən görünür ki, Allahverdiyev X14 rayonundan məcburi köçkündür. İş materiallarında olan AA seriyalı 406945 saylı vəsiqədən görünür ki, X3 rayonundan məcburi köçkündür. İş materiallarında olan AA seriyalı 215789 saylı vəsiqədən görünür ki, X1 rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş olan AZ-İİ seriyalı, 402971 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X9 arasında nikah Mingəçevir regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 383 nömrə ilə qeyd edilmişdir; Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə araşdırması zamanı Cavabdeh adına verilmiş QYM seriyalı, 002945 saylı, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 Akif oğlu və İddiaçı2 Cavabdeh qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 Akif oğlu və İddiaçı2 Cavabdeh qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3125/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3125/2020
12.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver