Məhkəmə qərarları › İş №2(005)-3151/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3151/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3151/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ZİL MMZ-45021" markalı. Azz ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşın “xxxx” ASC tərəfindən vurulmuş ziyana görə ödənilmiş 4020 manatı və məhkəmənin hesabına köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq “xxxx” ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “Jeep Wrangler" markalı, İ0-ZR-088 dövlət qeydiyyat nişanlı avtomobil, sahibi, Cavabdeh2 tərəfindən “xxxx” ASC-də 05.10.2012-ci il tarixdən 04.10.2012-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında AA X64522 nömrəli şəhadətnamə ilə sığortalanmışdır. Cavabdeh1 etibarnamə olmadan atasına məxsus olan “Jeep Wrangler” markalı, AA X64522 dövlət qeydiyyat nişanlı avtomobili 28.08.2013-cü il tarixdə saat 23 radələrində yüksək surətlə Saray qəsəbəsi M.O.Rəsulzadə küçəsi ilə idarə edərək "‘Əsləm market”in yaxınlığında yoldan çıxıb, yolun kənarında dayanmış “ZİL MMZ-45021” markalı, Azz ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə hər iki avtomobil yanmış, hadisə nəticəsində “Jeep Wrangler” markalı. İO-ZR-088 dövlət qeydiyyat nişanlı avtomobil olan sərnişin X1 bazu sümüyünü aşağı 1/3-nin qapalı, qəlpəli yerdəyişmiş sınığından ibarət sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarəti almışdır. Hadisə ilə bağlı Abşeron RPİ-nin İŞ-də cinayət işi başlanaraq araşdırma aparılmış, Cavabdeh1 AR CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq işi məhkəməyə göndərilmiş, Abşeron Rayon Məhkəməsinin 16.01.2014-cü il tarixli, 1(012)-22/2014 savlı hökmü o təqsirli bilinərək bir il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə hər ay qazancının 20 faizi məbləğində pul dövlət nəfmə tutulmaqla 2(iki) il müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Cinayət işinin materiallarında olan cavabdehin atası Cavabdeh2 izahatında oğluna avtomobili idarə etmək üçün etibarnamənin verilməsi müəyyən olunmur. İddiaçı ASC tərəfindən AR DİN-nin Baş Dövlət Yol Plisi İdarəsinə verilmiş sorğuya cavab olaraq alınmış 26.07.2018-ci il tarixli, 016-77991-1218 saylı məktubundan məlum olur ki, AR DİN-in Bas X7 İdarəsinin qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə "JEEP Wrangler” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil 04.10.2012-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh2 adında qeydiyyatdadır. Qeyd olunan avtomobilin etibarnamə əsasında Cavabdeh1 istifadəsinə verilməsi barədə mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Bu arayışdan məlum olur ki, hadisə baş verən zamanı “JEEP Wrangler” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 etibarnamə verilməmişdir İddiaçı ASC tərəfindən “ZİL MMZ-45021” markalı, Azz ** BC *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi ziyan 4020 manat məbləğində müəyyən edilmiş, həmin məbləğdə pul avtomaşının sahibinə ödənilmişdir. AR DİN-nin Baş DYPİ-nin 26.07.2018-ci il tarixli, 77991-1218 №-li arayışından göstərilir ki, “JEEP WRANGLER" markalı İ0-ZR-088 d/q/n abtomobil Cavabdeh2 adında qeydiyyatdadır, himin avtomobilin etibarnamə əsasında Cavabdeh1 istifadəsinə verilməsi barədə mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Cavabdeh1 etibarnamə olmadan “VAZ 2106" markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, yol-nəqliyyat hadisəsi törədərək, üçüncü şəxsin əmlakına avtomobilinə zərər vurduğuna və həmin zərərin “xxxx” ASC tərəfindən ödənildiyinə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ASC qarşısında 4020 manat həcmində subsidiar öhdəliyi yaranır. Cavabadeh Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu bildirərək, iddia tələbinin əsassız olduğunu bildirdi. Eyni zamanda Cavabdeh1 məhkəməyə dəftərxana vasitəsilə 29.06.2021-ci il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Cavabdeh1 və Cavabdeh2 verdiyi iddia üzrə hesab edir ki, iddia müddəti keçmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçının nümayəndəsi Ş.Xudiyev məhkəməyə dəftərxana vasitəsilə 16.06.2021-ci il tarixdə müraciət edərək, mülki işə iştirakı olmadan baxıb, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 06.03.2014-cü il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, “ZİL-MMZ-45021” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4020 manat müəyyən edilmiş və ödənilmişdir. İş materiallarında olan şəhadətnamənin təfsilatının surətindən görünür ki, Cavabdeh2 məxsus “Jeep Wrangler” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 04.10.2012-ci il tarixdən 04.10.2013-cü il tarixdədək sığortalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYP-nin “xxxx” ASC-yə ünvanlandığı 26.07.2018-ci il tarixli, 016-77991-1218 saylı məktubdan görünür ki, Sizin, 02 iyul 2018-ci il tarixli 0585 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, DİN-in Baş X7 İdarəsinin Qeydiyyat-imrahan İdarəsinin kompyuter uçot bazasına görə “Jeep Wrangler” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil 04.10.2012-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh2 adında qeydiyyatdadır. Qeyd olunan avtomobilin etibarnamə əsasında Cavabdeh1 istifadəsinə verilməsi barədə mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-22/2014 saylı, 16.01.2014-cü il tarixli hökmün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə hər ay qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə işləri növündə cəza təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 10 yanvar 2014-cü il tarixdən 16 yanvar 2014-il tarixədək 06 gün saxlanıldığı müddət nəzərə alınaraq həbsdə saxlamanın 1 günü ona təyin olunmuş islah işləri cəzasının müddətinə 1 günə 3 gün hesabı ilə hesablanmaqla həmin cəzadan 18 gün çıxılması və üzərində qəti olaraq 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə hər ay qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 11 (on bir) ay 12 (on iki) gün müddətinə islah işləri cəzasının saxlanılması hökm edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktının təsdiqləyən arayışın surətindən görünür ki, Cavabdeh2 məxsus və hadisə baş verərkən sürücü Cavabdeh1 28 avqust saat 28.08.2013-cü il tarixdə saat 23-də Abşeron rayonu, Saray qəsəbəsində idarə etdiyi “Jeep Wrangler” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X3 məxsus və hadisə baş verən zaman sürücü X2 idarə etdiyi “ZİL MMZ-45021” markalı, Az ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “xxxx” Sığorta Şirkəti ASC tərəfindən sığortalının avtomaşının təmiri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq müəyyən edilmiş vurulmuş zərərin əvəzi qismində 4020 AZN həcmində pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında yol nəqliyyat hadisəsini törətmiş “Jeep Wrangler” markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 mülkiyyətində olması, həmin avtomobilin etibarnamə olmadan Cavabdeh1 istifadəsində olduğu müəyyən olunmuşdur. Odur ki, yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxslə avtomobilin mülkiyyətçisi birlikdə məsuliyyət daşıyır. Məhkəmə iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, mülki hüquqda iddia müddətləri mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq onlara məxsus olan hüquqularının həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi üçün fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. Konkret şəxsə məxsus hüquq pozulduqda qanunverici onun müdafiəsi üçün hüququ pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına iddia müddəti şamil edir. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi iddia müddətləri. Ümumi iddia müddəti 10 il təşkil etməklə, nə hüquq münasibətlərinin subyektindən, nə də mülkiyyətin növündən asılı deyildir. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir və ümumi iddia müddətinə münasibətdə onlar qısaldılmış müddətlərdir. Göründüyü kimi sığortalı Cavabdeh1 və sığortaçı “xxxx” ASC arasında isə zərərvurmadan (deliktdən) doğan öhdəlik münasibətləri meydana gəlmişdir. İddiaçı sığorta şirkəti sığortalı ilə öz arasında olan sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən MM-in 936.1-ci ("Subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.") və 936.2-ci ("Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi iddiası ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.") maddələrinə əsasən onun subroqasiya hüququ yaranmışdır. MM-in 936.1-ci maddəsində subroqasiya hüququna verilmiş anlayışdan da göründüyü kimi, sığorta şirkəti sığortalı və cavabdeh arasında mövcud olmuş zərərvurmadan irəli gələn münasibətlərdə ödədiyi sığorta məbləği həcmində tələb hüququnu əldə etmişdir. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Bu baxımdan məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi 28.08.2013-cü il tarixdə törədildiyindən, iddiaçı isə məhkəməyə 01.06.2021-ci ildə müraciət etdiyindən qanunvericiliklə müəyyən edilmiş 10 illik iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir və Cavabdeh2 və Cavabdeh1 4020 manat sığorta ödənişi və 30,40 məbləğində dövlət rüsumu, cəmi 4050,40 manat “xxxx” ASC-nin hesabına ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 4020 manat sığorta ödənişi və 30,40 məbləğində dövlət rüsumu, cəmi 4050,40 manat “xxxx” ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar