Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3153/2022 13.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Şəmkir Rayon İcra Hakimiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Şəmkir Rayon İcra Hakimiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 saylı qərarı ilə JN-679 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Şəmkir şəhəri ərazisində paylı mülkiyyə hüququ əsasında İddiaçı mülkiyyətində olan 0.2975 ha torpaq sahəsinin dəyəri olan 59500 manat pulun cavabdehlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Şəmkir Rayon İcra Hakimiyyətindən tutulub İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iş üzrə ekspertiza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi X4 iddia tələbini əsassız hesab etdiyini bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə mülki işin sənədlərini araşdırıb, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidir, çünki mübahisə edilən torpaq sahəsinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi üçün ayrılmasına əsas olmuş sənəd dövlət hakimiyyətinin inzibati orqanı tərəfindən verilmiş sərəncam olmuşdur. İddiaçı nümayəndəsi X3 mülki iş üzrə icraata qeyd edilən əsasla xitam verilməsinə etiraz etmədi. Cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi X4 torpaqların inzibati orqanın aktına əsasən cavabdehə verildiyini, həmin aktın yalnız inzibati məhkəmədə mübahisələndirilə bildiyini qeyd edərək, mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə üş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyəti Başçısının xx.xx.2006-cı il tarixli, 122 saylı Sərəncamına əsasən Regionların Sosial İqtisadi inkişafı Dövlət Proqramına (2004-2008-ci illər) uyğun olaraq rayonda gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, əhalinin sağlamlığına kömək məqsədi ilə idmanın inkişafına zəruri ehtiyac olduğunu nəzərə alaraq Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində, Kraz yolu ilə kəsişdiyi yerin sol tərəfində keçmiş N.Nərimanov adına təsərrüfatın ərazisindəki Dövlət və Bələdiyyə mülkiyyətində olan sahədən X5 kompleksinin tikintisi üçün 15,0 (on beş) hektar torpaq sahəsi ayrılmasına göstəriş verilmişdir. Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyəti Başçısının xx.xx.2006-cı il tarixli, 236 saylı Sərəncamına əsasən yerində layihə-axtarış işləri aparılan zaman ayrılmış ərazinin yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasına və Dövlətiərarası rabitə kabel xəttinə yaxın olduğu üçün və eyni zamanda Şəmkir şəhərindən xeyli aralıda yerləşdiyi nəzərə alınaraq kompleksin tikintisi üçün məqsədə uyğun sayılmamışdır. Bu səbəbdən də Şəmkir şəhərində Olimpiya İdman kompleksinin tikintisi altına 15,0 ha torpaq sahəsi ayrılması barədə Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006 - cı il tarixli 122 saylı sərəncamının ləğv edilməsi, Bakı - Qazax avtomabil yolunun Şəmkir - Dəllər yolu ilə kəsişdiyi yerin şimali - şərq hissəsində, “Azpetrol" YDM-si ilə üzbəüz vətəndaşlara məxsus pay torpaq sahəsindən onların razılığı nəzərə alınmaqla X5 kompleksinin tikintisi altına 9,0 (doqquz) ha torpaq sahəsi ayrılması, həmin vətəndaşlara məxsus pay torpaq sahələrinin Olimpiya İdm kompleksinin tikintisi üçün ayrılmış əvvəlki torpaq sahəsinə köçürülməsinə göstəriş verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının: 6.1-ci bəndinə əsasən, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.1-ci bəndinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 16.1-ci bəndinə əsasən, görə inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. Həmin qərarın 16.3-cü bəndinə görə ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki iş materiallarından aydın olur ki, hazırda baxılan hüquqi mübahisənin mahiyyəti inzibati orqan tərəfindən qəbul olunmuş inzibati aktın qəbul edilməsi nəticəsində şəxsə dəymiş maddi ziyanın kompensasiyası təşkil edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından bu qəbildən olan mübahisələrə mülki məhkəmə qaydasında deyil, inzibati məhkəmələr tərəfindən baxıldığı müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Şəmkir Rayon İcra Hakimiyyətinə qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya hazırki iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3153/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3153/2022
13.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver