Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3153/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdehnə qarşı “qiymətləndirmə rəyinin ləğvi və yenidən qiymətləndirmə” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “qiymətləndirmə rəyinin ləğvi və yenidən qiymətləndirmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(006)-5320/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları 170 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsinin öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon İca şöbəsinin icra məmuru X3 tərəfindən 04 may 2023-cü il tarixli Qərar ilə “İcra haqqında“ AR Qanunun 40.2-ci maddəsinin tələbinə uyğun olaraq, icra icraatında mütəxəssis cəlb edilmiş, evin ikinci mərtəbəsinin sökülərək əvvəlki vəziyyətə qaytarılmasının dəyərini (smetası) barədə sual qoymuşdur. Cavabdeh MMC-nin 18 iyul 2023-cü il tarixli rəyinə əsasən həmin dəyər 26865,2 manat təşkil etmişdir. Rəydən narazı qalan borclu X1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, rəyin ləğv edilməsini, qiymətləndirməni yenidən həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. İddiaçı verilmiş icra məmurunun qərarı ilə təyin edilmiş mütəxəssisin rəyi ilə razılaşmadığı halda, həmin qərardan icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) və qərarlarından şikayət qaydasında şikayət edə, icra məmuruna, mütəxəssisə etiraz edə, icra icraatına digər mütəxəssisin cəlb edilməsi məsələsini qoya bilərdi. bilər. Digər tərəfdən, icra sənədi ilə evin ikinci mərtəbəsinin sökülməsi qərara alınmışdır, yəni mütəxəssis rəyi əsasında iddiaçının əmlakının satılması və s. kimi hal mövcud deyil. Mahiyyət etibarilə mütəxəssis rəyi özü-özlüyündə hüquqi nəticə doğurmur və iddiaçının hər hansı subyektiv hüququnu pozmur. Belə olan təqdirdə, məhkəmə hesab edir ki hazırki iddia icraata qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin: 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “qiymətləndirmə rəyinin ləğvi və yenidən qiymətləndirmə” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. Qərardaddan 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-3153/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3153/2023
28.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver