Məhkəmə qərarları › İş №2(005)-3159/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3159/2024

19.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3159/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı “işə xitam verilməsi və məhdudiyyətlərin götürülməsi” barədə iddia tələbi üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı “işə xitam verilməsi və məhdudiyyətlərin götürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsində İddiaçı barədə başlanılmış icra işinə xitam verilməsi və onun üzərinə qoyulmuş məhdudiyyətlərin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. II. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə yolverilməzliyə görə iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, tələb Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-834/17 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə işə xitam verilməsi və qoyulmuş məhdudiyyətlərin götürülməsi barədədir. Ərizə mülki iş kimi “iddia icraatı” qaydasında iddia ərizəsi olaraq verilmiş, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi “cavabdeh” kimi göstərilmişdir. Məhkəməyə müraciətin müxtəlif prosessual formaları (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, “iddia icraatı” qaydasında tələb dedikdə iddiaçının müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönələn xahiş başa düşülür və bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət zamanı qanunvericiliklə müəyyən olunmuş forma və məzmuna riayət edilməli, habelə tələbə uyğun olaraq dövlət rüsumu ödənilməlidir. Hazırki iş üzrə tələb məhz qanuni qüvvədə olan məhkəmə aktının icrası sahəsində Sumqayıt Apellyasiya Məhkəməsinin icra vərəqəsi (2(105)-834/17 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi) ilə bağlıdır. Həmin məsələ isə yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmək yolu ilə deyil, yalnız icra qaydasında («İcra haqqında» Qanunun və MPM-nin 231-ci və əlaqəli digər maddələrinin tələbləri çərçivəsində) həll oluna bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərinə məxsus müvafiq icraat qaydasını, («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri - iddia icraatı qaydasında (2) indeksi; icra icraatı qaydasında (8) indeksi ilə) habelə işə baxılma müddətini ehtiva edirlər. Göründüyü kimi məhkəmə qətnaməsinin icrası ilə bağlı tələblə məhkəməyə müraciətin prosessual forması iddia ərizəsi ilə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında “ərizə” və ya “şikayət” ilə müraciətdir. Yəni hazırki iş icra icraatı çərçivəsində baxılmalı olan işdir. Bu kimi mübahisələrin icra qaydasında həll olunması, həmçinin qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliklə müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə verilmişdir ki, bu da ərizənin məhkəmə icraatına qəbul edilməsini mümkünsüz edir. Digər tərəfdən İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin icra vərəqəsi üzrə işə xitam verilməsi və qoyulmuş məhdudiyyətlərin götürülməsi məqsədilə icra şöbəsinə müraciət etməsinə baxmayaraq, icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməsindən imtina edilmişdir. Hazırda Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə tərəflər icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyən olunmuş formada və qaydada şikayət vermək hüququna malikdirlər. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: -2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. -26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 89-cu maddəsinə əsasən, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1-ci bəndinə əsasən, Ədliyyə Naziliyinin icra xidməti, probasiya qurumları, dövlət notariat ofisləri, regional qurumları, rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət eyni zamanda məhkəmə tərəfindən də öz səlahiyyətləri daxilində həyata keçirilir. Lakin, belə nəzarət yeni iddia vermək yolu ilə deyil, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230, 231, 232 və digər normaları, həmçinin “İcra haqqında” Qanunun tələbləri çərçivəsində icra icraatı qaydasında həyata keçirilir. Beləliklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qeyd edir ki, İddiaçı icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət ilə və ya qanunvericiliklə müəyyən olunmuş forma və məzmuna riayət etməklə icra icraatı qaydasında ərizə ilə ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. - 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı “işə xitam verilməsi və məhdudiyyətlərin götürülməsi” barədə iddia tələbi üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. III. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153-cü, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı “işə xitam verilməsi və məhdudiyyətlərin götürülməsi” barədə iddia tələbi üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçının icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərindən icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət ilə və ya qanunvericiliklə müəyyən olunmuş forma və məzmuna riayət etməklə icra icraatı qaydasında ərizə ilə ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar