Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3175/2022 19.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh həkimləri Fizuli Məmmədov və Aytən Mircavadovanın səhlənkarlığı nəticəsində ona dəymiş 7000 manat məbləğində maddi ziyanın və həmin dövrdə ona və ailə üzvlərinə dəymiş mənəvi ziyana görə 10000 manat məbləğində pulun və 141 manat məhkəmə xərclərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı Cavabdeh həkimləri Fizuli Məmmədov və Aytən Mircavadovanın qeyri peşəkar həkimlik fəaliyyətinə qiymət verilib, onların məsuliyyətə cəlb edilmələri barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il təvəllüdlü azyaşlı oğlu X2 yaranmış problemlə bağlı 2019-cu ilin aprel ayında ünvan 1 ünvanında yerləşən Cavabdehnə müayinə üçün müraciət etmişdir. Klinikanın qeydiyyat şöbəsində ondan, analizlərin alınması, tədqiqatı və həkim müayinəsi üçün ödənişlər alındıqdan sonra Fizuli Məmmədov adlı həkimə yönəltmişlər. Bütün lazımi müayinələr Fizuli həkimin göndərişi və nəzarəti altında X11 həyata keçirilmiş və hər müayinə üçün ayrı-ayrılıqda ödənişlər etmişdir. Sadəcə hər dəfə ancaq həkim müayinəsi üçün 100 manata yaxın xərci çıxırdı. Müayinələrdən biri, yəni EEQ müayinəsi Cavabdehndə həkim Aytən Mircavadova tərəfindən aparılmışdır. X8 EEQ tibbi müayinəsinin tam səhv rəyi əsasında həkim Fizuli Məmmədov tərəfindən düzgün diaqnoz qoyulmamış, sonuc olaraq həkim Fizuli Məmmədov tərəfindən səhv müalicə yazılmış və azyaşlı uşağının 6 ay ərzində həkim Fizuli Məmmədovun nəzarəti altında müalicəsi davam etdirilmişdir. Hər iki tibb sahəsindən məlumatı olmayan savadsız həkim övladında patalogiya olduğunu, bu xəstəliyin ömürlük olduğunu, həmişə müayinə və müalicəyə ehtiyac olduğunu və eyni zamanda ancaq onlara müraciət etməyini israrla bildirmişlər. Cavabdehnə 6 ay ərzində xeyli miqdarda pul vəsaiti ödəmişdir. Göstərilən bu 6 ay ərzində uşağın səhhəti kəskin olaraq dəyişmiş, yəni səhv müalicənin, sağlam uşağa heç bir aidiyyəti olmayan, güclü təsiredici dərman preparatlarının təyin olunması və onların qəbulu övladının səhhətini gündən-günə dəyişmiş, daha da pisləşdirmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq təcili olaraq azyaşlı uşağı Türkiyənin İstanbul şəhərində yerləşən “Biruni” xəstəxanasına aparmışdır. Orada bu sahə üzrə tibb elmləri professoru, doktor Adnan Yüksel tərəfindən uşaq yenidən tam müayinə olunmuş, nəticədə Cavabdeh həkimi Aytən Mircavadova tərəfindən diaqnozun tamamilə səhv qoyulması və həkim Fizuli Məmmədov tərəfindən müalicənin düzgün aparılmaması təsdiqini tapmış və bu barədə ona çoxlu iradlar tutulmuşdur. Türkiyədəki həkimlərin vaxtında müdaxiləsi və müəyyən etdiyi düzgün diaqnoz, aparılan düzgün müalicəsi əsasında qısa müddət ərzində övladı yenidən normal həyata qayıtmışdır. Həkimlər analizlərin cavablarından və müayinələrdən sonra azyaşlı övladında heç bir patologiyanın olmadığını bildirdilər. Cavabdeh həkimlərinin səhlənkarlıqları, düzgün müayinə və müalicə etməmələri nəticəsində o və ailəsi ağır psixoloji sarsıntılar keçirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Cavabdehnə 6 ay ərzində xeyli miqdarda pul vəsaiti ödəmişdir. Göstərilən bu 6 ay ərzində uşağın səhhəti kəskin olaraq dəyişmiş, yəni səhv müalicənin, sağlam uşağa heç bir aidiyyəti olmayan, güclü təsiredici dərman preparatlarının təyin olunması və onların qəbulu övladımın səhhətini gündən-günə dəyişmiş, daha da pisləşdirmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq təcili olaraq azyaşlı uşağı Türkiyənin İstanbul şəhərində yerləşən “Biruni” xəstəxanasına aparmışdır. Orada bu sahə üzrə tibb elmləri professoru, doktor Adnan Yüksel tərəfindən uşaq yenidən tam müayinə olunmuş, nəticədə Cavabdeh həkimi Aytən Mircavadova tərəfindən diaqnozun tamamilə səhv qoyulması və həkim Fizuli Məmmədov tərəfindən müalicənin düzgün aparılmaması təsdiqini tapmış və bu barədə mənə çoxlu iradlar tutulmuşdur. Türkiyədəki həkimlərin vaxtında müdaxiləsi və müəyyən etdiyi düzgün diaqnoz, aparılan düzgün müalicəsi əsasında qısa müddət ərzində övladım yenidən normal həyata qayıtmışdır. Həkimlər analizlərin cavablarından və müayinələrdən sonra azyaşlı övladımda heç bir patologiyanın olmadığını bildirdilər. Cavabdeh həkimlərinin səhlənkarlıqları, düzgün müayinə və müalicə etməmələri nəticəsində o və ailəsi ağır psixoloji sarsıntılar keçirmişdir. Ekspert rəyi ilə razı deyildir. Onlar sadəcə əməkdaş olduqları həkimin səhvini gizlətməyə çalışıblar. Türkiyədə olarkən mənə uşağın EEQ tibbi müayinəsi zamanı başını hərəkət etdirdiyi, bu səbəbdən də müayinənin nəticə sənədində qeyd edilən xəttlərin yarandığı bildirilmişdir. Azərbaycandakı həkimlər isə bunu müəyyən edə bilməmiş və səhv diaqnoz qoyaraq, uşağın başında ocaq olduğunu bildirmişlər. Onlar başında ocaq olmayan uşağa səhv müalicə apararaq, epinexx kimi güclü dərman təyin edərək onun inkişafdan geri qalmasına səbəb olmuşlar. Bu səbəbdən iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddianın əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası X3r; “MediClub” klinikasının xx.xx.2019-cu il tarixli Elektroensefaloqrafik müayinəsindən görünür ki, X6 ocaqlı dəyişikliklər, epileptiform aktivlik qeyd olunmamış, yaş dövrünə uyğun normal EEQ, klinik əhəmiyyətli patoloji aktivlik qeyd edilməmişdir; Cavabdeh xx.xx.2019-cu il tarixli Elektroensefaloqramma müayinəsinin nəticələrindən görünür ki, X6 fon fəaliyyəti normaldır, yarımkürələr arasında asimmetriya müşahidə olunmur, çəkim zamanı seyrək olaraq sağ fronto-santral nahiyyəsində zamanzaman yayılmağa da meyillilik göstərən zirvə-kəskin dalğa kompleksləri aşkar olunmuşdur, anormal EEQ (ocaqlı) qeyd edilmişdir; “Mədinə” Tibb Mərkəzinin xx.xx.2019-cu il tarixli EEQ monitorinqi müayinəsinin nəticələrindən görünür ki, X6 əsas ənsə ritminin tezliyi yaşına uyğundur, ocaqlı patoloji dəyişikliklər müşahidə olunmur; “Medi club” X12 tərəfindən aparılmış xx.xx.2019-cu il tarixli elektroensefaloqrafik müayinənin nəticələrindən görünür ki, Məmmədli Ömərdə ocaqlı dəyişikliklər, epileptiform aktivlik qeyd olunmadı, yaş dövrünə uyğun normal EEQ, klinik əhəmiyyətli potoloji aktivlik qeyd olunmadı; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərər üçün məsuliyyətin müəyənləşdirilməsi, ekspertizanın təyin edilməsi və bunun nəticəsində dəymiş zərərin ödənilməsinə dair mübahisələr məhkəmədə həll edildiyindən məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin 519/KEŞ nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, həkim nevroloq Aytən Mircavadova tərəfindən Ömər Məmmədliyə aparılmış EEQ müayinəsi kliniki müayinə nəticəsində deyil, elektroensefaloqram cihazının beyin dalğalarının qrafik çapına əsasən, müayinəsindən sonra tərtib edilmiş və müayinənin nəticəsinə uyğun olmuşdur. Belə ki, xx.xx.2019 il tarixdə icra edilmiş EEQ müayinəsində F7-AV, F3-Av, Fz-AV, F4-AV, F8-Av aparmalarında anormal oyanmalar (Zirvə-Kəskin dalğalar) qeydə alınmış və anormal EEQ diaqnozu düzgün olmuşdur. Qeyd edilən diaqnoz X4 xx.xx.2019-cu il tarixdə icra edilmiş EEQ müayinəsi ilə eynilik təşkil edir. Tibbi sənədlərdə Ömər Məmmədliyə həkim Fizuli Məmmədov tərəfindən EEQ müayinəsi (müayinə zamanı diqqət edilməsi məqsədi ilə epilepsiya sözü qeyd edilməklə) məsləhəti yazılmış, müayinə nəticəsində onun beynində olan anormal oyanmaların (Zirvə-Kəskin dalğalar) müalicəsi məqsədi ilə “epinexx” dərman preparatı təyin edilmişdir. Qeyd edilən dərman preparatı “Levitiracetam” tərkibli olub normal sinir hüceyrələri və sinir keçiriliciyinə təsir etmədən anormal sinir oyanıqlıqlarını, sinxron oyanmaları blokada edən və neyrotrasmissianı normallaşıdıran dərman preparatıdır. Xəstədə qıcolma və ona bənzər hallara rast gəlindikdə baş verən patologiyanın səbəbəbinin aydınlaşdırılması, mərkəzi sinir sistemi ilə əlaqəsini aydınlaşdırmaq məqsədilə onun EEQ müayinəsinə göndərilməsi düzgün seçim olmuşdur. Tibbi sənədlərdə Ömər Məmmədliyə “Epilepsiya (tutması)” diaqnozu təyin edilməmiş, ona anormal EEQ diaqnozu təyin edilmişdir. Epilepsiya tutması baş beyin nevronlarının həddən artıq güclü və hipersinxron boşalmasının klinik təzahürüdür. Ömər Məmmədliyə aparılmış müalicələr nəticəsində onun baş beynində anormal ocaqlı oyanmalar müalicə olunmuşdur. Müalicə təyin edilmiş xəstənin müalicədən sonrakı EEQ müayinəsinin nəticələrinin normal olması bu müalicənin effektivliyinin nəticəsi ola bilər. Yəni, bir neçə ay sonra növbəti yeni EEQ müayinəsində əvvəl aşkar olunan hər hansı paroksizmallıq müalicə fonunda normallaşa bilər. “Epinexx” dərman preparatının qəbulu fonunda sonraki EEQ-nin normal nəticələnməsi əvvəlki EEQ-nin nəticəsini inkar etmir və baş verən patologiyanın müalicə nəticəsində aradan götürüldüyünün göstəricisidir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçı xx.xx.2017-ci il təvəllüdlü azyaşlı oğlu X2 yaranmış problemlə bağlı 2019-cu ilin aprel ayında Cavabdehnə müayinə üçün müraciət etmişdir. X7 EEQ müayinəsi edilmiş, anormal EEQ nəticəsi qeyd edilmiş və “epinexx” dərman preparatı təyin edilmişdir. Hazırda İddiaçı Cavabdeh həkimləri tərəfindən aparılan müayinə və müailəcənin düzgün olmadığını iddia edərək, vurulmuş maddi və mənəvi zərərin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrinin məzmununa görə cavabdehin yol verdiyi mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə cəlb olunması üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bu baxımdan deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə ilk öncə iddianın əsaslılığını müzakirə edərək, həmin tibb mərkəzində fəaliyyət göstərən həkimlərin hərəkət və ya hərəkətsizliyinin qanunsuz olub-olmaması ilə əlaqədar iş materiallarında olan sübutların araşdırılmasının zəruri olduğunu qeyd edir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı oğluna qoyulmuş diaqnoz və aparılmış müalicənin düzgün olmamasını, “epinexx” kimi ağır dərman preparatının təyin edilməsi nəticəsində uşağın sağlamlığında fəsadların yaranmasına istinad edir. İddiaçının iddianın dəlili kimi istinad etdiyi bu halların, yəni diaqnozun və müalicənin düzgün aparılıbaparılmaması, müxtəlif dövrlərdə qoyulmuş müxtəlif diaqnozların səbəblərinin, X1 mövcud problemlərlə ona təyin olunmuş müalicə arasında hər hansı səbəbli əlaqənin mövcud olubolmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin 519/KEŞ nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, “Xəstədə qıcolma və ona bənzər hallara rast gəlindikdə baş verən patologiyanın səbəbinin aydınlaşdırılması, mərkəzi sinir sistemi ilə əlaqəsini aydınlaşdırmaq məqsədilə onun EEQ müayinəsinə göndərilməsi düzgün seçim olmuşdur. Belə ki, EEQ müayinəsində anormal oyanmalar qeydə alınmış və anormal EEQ dianozu düzgün olmuşdur. Tibbi sənədlərdə Ömər Məmmədliyə “Epilepsiya (tutması)” diaqnozu təyin edilməmiş, ona anormal EEQ diaqnozu təyin edilmişdir. Ömər Məmmədliyə aparılmış müalicələr nəticəsində onun baş beynində anormal ocaqlı oyanmalar müalicə olunmuşdur. Müalicə təyin edilmiş xəstənin müalicədən sonrakı EEQ müayinəsinin nəticələrinin normal olması bu müalicənin effektivliyinin nəticəsi ola bilər. Yəni, bir neçə ay sonra növbəti yeni EEQ müayinəsində əvvəl aşkar olunan hər hansı paroksizmallıq müalicə fonunda normallaşa bilər. “Epinexx” dərman preparatının qəbulu fonunda sonraki EEQ-nin normal nəticələnməsi əvvəlki EEQ-nin nəticəsini inkar etmir və baş verən patologiyanın müalicə nəticəsində aradan götürüldüyünün göstəricisidir”. Məhkəmə yuxarıda sadalanan maddələrin tələblərinə uyğun olaraq qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçı ona maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə işdə olan sübutlarla X1 yaranmış problemlər ilə əlaqədar cavabdeh təşkilatın həkimləri tərəfindən ona təyin olunmuş diaqnozun düzgün qoyulduğu, müayinə və müalicənin isə düzgün aparıldığı müəyyən edilmişdir. Belə olan halda isə onun üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, iddiaçının tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni müalicəsini həyata keçirən cavabdeh təşkilatın həkimlərinin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi, diaqnozun və təyin edilmiş müalicənin düzgün aparılmaması və bunun nəticəsində maddi zərərə məruz qaldığı öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərin ödənilməsi, eləcə də tibb mərkəzinin həkimləri barəsində xüsusi qərardad çıxarılması hissələrində də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3175/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3175/2022
19.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver