Məhkəmə qərarları › İş №2(005)-320/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-320/2022

10.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-320/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə ümumi paylı mülkiyyətin bölünməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı Cavabdeh ilə ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Batumi küçəsi, 10 saylı evin iddiaçıya aid olan 7 otaqdan ibarət hissəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və qardaşı Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanuni mülkiyyətçiləridirlər. Həmin yaşavış evləri onların xüsusi mülkiyyətlərində olsa da, evlərə dair bir çıxarış verilmiş və bu çıxarışda hər ikisi ayrı-ayrı mülkiyyətçi kimi göstərilmişdir. Azərbaycan Respublikası DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət edərək, xüsusi mülkiyyət üzrə ayrıca çıxarış və ünvan verilməsini xahiş etsə də, ərizəsi təmin olunmamışdır. Bundan başqa hər iki xüsusi mülkiyyətdə olan yaşayış evləri bir ünvanda göstərilmişdir ki, bu da xüsusi mülkiyyət hüququnun sərbəst, müstəqil idarəetmə formasının həyata keçirilməsinə maneçilik yaratmaqdadır. Qardaşı Cavabdeh ilə aralarında müvafiq məsələyə dair narazılıq yaranmışdır. Ancaq paylarındakı mülkiyyət naturada bölündükdən sonra əmlaklara dair müstəqil şəkildə sərəncam vermək hüquqlarını həyata keçirə bilərlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq və iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır; - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır; -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 019684 nömrəli FM seriyalı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Bakı-Batumi küçəsi, 10 saylı fərdi yaşayış evinin mülkiyyətçisidirlər. Bu barədə 57 saylı reyestr kitabında xx.xx.2002-ci il tarixində qeydiyyat aparılmışdır; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, ünvan 4 ünvanındakı fərdi yaşayış evinin 7 otaq payı İddiaçı, 3 otaq payı Cavabdeh xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın ümumi sahəsi 243,20 kv.m. təşkil edir; - AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən yaşayış evinin A literi 3 otaqdan ibarət olmaqla ümumi sahəsi 80.6 kv.m., B literi 7 otaqdan ibarət olmaqla 162.6 kv.m. təşkil edir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/474 saylı ekspert rəyindən görünür ki, İddiaçı Cavabdeh ilə ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Batumi küçəsində yerləşən 10 saylı evin faktiki istifadə qaydalarına uyğun olaraq iddiaçıya aid olan B literli hissəsinin naturada bölünməsi (ayrılması) İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Ekspert tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iclasında və mülki işin materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləridir. Daşınmaz əşya A (3 otaq) və B (7 otaq) literlərindən ibarətdir. Daşınmaz əmlakın bir hissəsi (3 otağı) Cavabdeh, digər hissəsi (7 otağı) isə İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı mənzilin naturada bölgüsünü tələb etmiş, tərəflər arasında razılıq olmadığından məhkəməyə müraciət etmişdir. İş üzrə təqdim edilmiş sübutlar və keçirilmiş ekspertiza rəyi əsasında həmin əmlakın texniki cəhətdən bölünməsinin mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 213.2 və 215.2-ci maddələrinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. İddiaçının tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 220.2 və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər (Mülki Məcəllənin 221-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Qeyd olunan qanunvericilik normalarının təhlili əsasında belə qənaətə gəlmək olar ki, müvafiq işlərə baxılarkən ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi məsələsi, ilk növbədə, araşdırılmalı və belə bölgü mümkün olduğu halda mülkiyyətçinin hüquqlarının qorunması və təmin edilməsi baxımından əmlak qanunun tələblərinə uyğun olaraq müəyyən edilmiş nisbətlərdə paylara bölünməlidir. Hazırki iş üzrə iştirakçılar paylı mülkiyyət hüququna xitam verilməsi növünə dair razılığa gəlmədiklərindən, tərəflərin pay nisbətləri hüquq müəyyənedici sənəd əsasında müəyyən edildiyindən və əmlakın texniki cəhətdən bölgüsü mümkün olduğundan, həmçinin bu, qanuna, tərəflərin qarşılıqlı münasibətlərinə və işin hallarına uyğun olduğundan əşya məhkəmənin qərarı ilə fiziki bölünməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Bakı-Batumi küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinin iddiaçıya aid olan 7 otaqdan ibarət B literi hissəsinin naturada ayrılması həyata keçirilməli, həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Bakı-Batumi küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinin İddiaçı aid olan 7 otaqdan ibarət B literi hissəsi naturada ayrılsın. Bu qətnamə Bakı şəhəri, Nərimanov rayonu, Bakı-Batumi küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinə dair payların naturada bölgüsünə uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsasdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3,) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar