Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3210/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin təmir xərcləri üçün 4146 manat, dəymiş fiziki və mənəvi zərərin əvəzi olaraq 5000 manat, ödənilmiş dövlət rüsumu 30 manat, "xxxx" MMC-yə ödənilmiş 300 manat, iddia ərizəsinin yazılması üçün ödənilmiş 100 manat olmaqla, cəmi 9576 manat pul Cavabdeh alınıb onun xeyrinə tutulması, cavabdehin mənzilindən onun mənzilinə su axmasına səbəb olan sıradan çıxmış su boruları və digər təchizat vasitələrinin dəyişdirilməsi, eləcə də hər dəfə bu halın baş verməsinə səbəb olan kirayəşinlərin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 74 saylı mənzil ona məxsusdur. AR ƏMDK yanında DODRX-nin ******* saylı, 24.02.20011-ci il tarixli Çıxarışına əsasən sözügedən mənzil tam pay hüququ ilə onun mülkiyyətindədir. “08” sentyabr 2020-ci il tarixdə onun mənzilindən bir mərtəbə yuxanda yerləşən 76 saylı mənzildən suyun axması nəticəsində onun mənzilini su basmışdır. Suyun axması nəticəsində mənzilinə ciddi ziyan dəymiş, evinin təmiri yararsız hala düşmüşdür. Bu fakt öz təsdiqini Bakı şəhəri, Nərimanov rayonu, 20 saylı MKlS-nin mühənsidi N.l.Quliyev, sosial işçiləri C.A.Şıxəliyev və A.X.Daşdəmirov tərəfindən tərtib edilmiş 12.09.2020-ci il tarixli Akt ilə öz əksini tapmışdır. Bundan başqa bu fakt birinci hal deyil və sözügedən mənzildə yaşayan kirayəşinlər tərəfindən onun mənzilinə dəfələrlə su axıdılması nəticəsində mənzilinə müəyyən ziyanlar dəymişdir. Hər dəfə bu barədə 76 saylı mənzilin mülkiyyətçisi Cavabdeh müraciət edərək bu kimi hallara son qoyulmasını tələb etsə də, tələb nəticəsiz qalmışdır. “08” sentyabr 2020-ci il tarixdən sonra Cavabdeh onun mənzilinə dəymiş, zərəri ödəməyi öhdəsinə götürsə də, bu istiqamətdə heç bir tədbir görməmiş, hər dəfəsində müxtəlif bəhanələrlə onun mənzilindən suyun axması nəticəsində mənzilinə dəymiş zərəri ödəməkdən yayınmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Cavabdehin təqsirli hərəkətləri və hərəkətsizliyi nəticəsində mənzilin təmiri yararsız vəziyyətə düşmüşdür. Belə ki, suyun axması nəticəsində mənzilin yataq otağı, dəhlizi, mətbəxi və hər iki sanitar qovşağının tavanı, divan, döşəməsi, elektrik xətləri sıradan çıxmışdır. Cavabdehin təqsirli hərəkətləri və hərəkətsizliyi nəticəsində mülkiyyətində olan mənzilin təmirə dəymiş zərərin müəyyənləşdirilməsi üçün '‘RECtNVEST' MMC-yə müraciət etmişdir. “REC” İNVEST” MMC mənzilinin təmirinə dəymiş ziyanın dəyərini 4146 manat miqdannda müəyyənləşdirmişdir. Cavabdehin mənzilindən onun mənzilinə suyun axıdılması nəticəsində təkcə mənzil zərər görməmişdir. Bu zərərlə yanaşı onun özünə də, kifayət qədər həm maddi, həm fiziki, həm mənəvi olaraq zərər dəymişdir. Belə ki, bir azərbaycanlı qadın olaraq onun mənzili daim təmirli, təmiz və səliqəli olmuşdur. Amma suyun mənzilinə axıdılması nəticəsində o təbii olaraq eyni təmizliyi evində qoruyub-saxlaya bilməmişdir. Çünki nə qədər evini təmiz saxlamağa çalışsa da, zərər dəyən yerlərin daim qopub tökülməsi evini mütəmadi olaraq bərbad vəziyyətə salmış və təbii ki, bu da öz növbəsində onun əlavə olaraq maddi, fiziki və xüsusilə də mənəvi olaraq məhvimə səbəb olmuşdur. Bu səbəbdən hesab edir ki, cavabdeh mənzilinin təmirinə dəymiş zərərlə yanaşı, həm də mənə təzminat ödəməyə borcludur. Bundan başqa cavabdehin mənzilindən onun mənzilinə su axmasına səbəb olan sıradan çıxmış su boruları və digər təchizat vasitələrinin dəyişdirilməsi, eləcə də həmin mənzildə müvafiq nəzarəti həyata keçirməyərək hərəkətsizlik nümayiş etdirmiş kirayəşinlərin sözügedən mənzildən çıxarılması məqsədəmüvafiqdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etiraz və mülahizə ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı ərizəsində qeyd etdiyi kimi 08.09.2020-ci il tarixdə yaşadığı mənzilə ona məxsus 76 saylı mənzildən su axmasını və nəticədə ciddi ziyan dəyməsini göstərmiş və evinin yararsız hala düşməsinədn təxminən 10 aydan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsi 10 ay keçdikdən sonra verilməsi və qanunsuz pul tələbi absurddur. Onda sual olunur, iddiaçının dediyi kimidirsə, niyə qanunu tələblərinə uzun müddətdir ki, əməl edilməməklə yalan və böhtan xarakterli məlumatı vaxtında bildirilməməsi yaşayış hüququnun pozulmasına cavabdeh qanun qarşısında cavabdehliydən kənar qalmışdır. Eyni vəziyyət dəfələrlə olmuş və onun təşəbbüsü ilə iddiaçının mənzilində su axması ilə bağlı dəfələrlə təmir ustası baxmış və ondan asılı olmayan səbəbdən baş vermiş qüsur aradan qaldırılmışdır. Vurulmuş ziyanın 2293 manat olmasını mübahisələndirmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X3 bildirmişdir ki, rəy yazılarkən texniki səhv olmuş və yaranan qüsurların aradan qaldırılması üçün təxminən 2293 manat tələb olunduğu qeyd etmişdir. Bu səbəbdən smeta xəörclərinə dair cədvəldə göstərilə 2293 manat ziyan nəzərə alınmalıdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: 24.02.2011 Nərimanov rayonu 20 saylı MKİS-nin mühəndisi və sosial işçilərinin tərtib etdikləri 12.09.2020-ci il tarixli Aktın surətindən görünür ki, Bakı şəhəri, Təbriz küçəsi, ev 87, 76-cı mənzildən su axıdılması nəticəsində Bakı şəhəri, Təbriz küçəsi, ev 87, 74-cü mənzilin dəhlizinə, mətbəxinə, ayaq yoluna və vanna otağına maddi ziyan dəymişdir. 76 nömrəli mənzil Cavabdeh mülkiyyətində olması, lakin həmin mənzildə kirayəçinlərin qalması qeyd edilmişdir. "xxxx" MMC-nin 29.05.2021-ci il tarixli, 192/S-05-21/M-02 nömrəli Yaşayış mənzilinə dəymiş ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış mənzilinə dəymiş ziyanın dəyəri 4146 manat təşkil etmişdir. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Təbriz küçəsi, ev 87, mənzil 76 (yeni qaydada: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 163, M3, m2) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: 31.05.2020 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.10.2021-ci il tarixli, 10/3649 nömrəli ekspertiza rəyindən görünür ki, iş üzrə iddiaçının bildirdiyinə görə 74 saylı mənzilin dəhliz tikilisinə su sızması 74 saylı mənzil ilə eyni proeksiyada olan 76 saylı mənzilin su və kanalizasiya xətlərindən olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 87 saylı evin 74 saylı mənzilinə su sızmasının səbəbini müəyyən etmək üçün, həmin mənzilin üst mərtəbəsində yerləşən 76 saylı mənzilə baxış keçirilməsi zəruri olmuşdur. Baxış zamanı 76 saylı mənzilin sanitar qovşağının təmirli olması və kanalizasiya xətlərinin gizli şəkildə olması müəyyən edilmişdir. Bu səbəbdən 74 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Lakin, mülki iş materiallarında olan məlumatlara və Nərimanov rayon 20 saylı MKİS-in əməkdaşları tərəfindən, 12.09.2020-ci il tarixində tərtib etdiyi AKT-a əsasən 74 saylı mənzilə həqiqətən də 76 saylı mənzildən suyun axıdıldığı qeyd olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 74 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 76 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 74 saylı mənzilin dəhliz tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 87 saylı evin 74 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 76 saylı mənzildən su axıdılığı və nəticədə 74 saylı mənzilin dəhliz tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 87 saylı evin 74 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1886,0 manat məbləğində müyyən olunmuşdur. Rəyin smetasında yaranan qüsurların aradan qaldırılması üçün təxminən 2293 manat tələb olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Təbriz küçəsi, 87 saylı evin 74 saylı mənzilinə həmin evin 76 saylı mənzilindən su axıdılmışdır. Tərəflər arasında hazırki mübahisə isə su axıdılması nəticəsində dəyən ziyanın miqdarı ilə bağlıdır. İş üzrə ekspertiza keçirilmiş və müafiq ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.10.2021-ci il tarixli, 10/3649 nömrəli ekspertiza rəyində zərərin miqdarı 2293 manat məbləğində müəyyən olunmuşdur. Bu hal məhkəmə iclasında ekspert rəyi, ekspertin dindirilməsi və cavabdehin bu hala etirazının olmaması ilə təsdiqlənir. Ona görə məhkəmə hesab edir ki, su sızması nəticəsində dəymiş ziyan miqdarı 2293 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, 2293 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddianın "xxxx" MMC-yə ödənilmiş 300 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi ilə əlaqədar bildirir ki, iddiaçı tərəfindən həmin ödənişi təsdiq edən sənəd təqdim etmədiyindən, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddianın ərizənin yazılması üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğə dair qeyd edir ki, iddiaçı tərəfindən həmin ödənişi təsdiq edən sənəd təqdim etmədiyindən, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddianın cavabdehin mənzilindən iddiaçının mənzilinə su axmasına səbəb olan sıradan çıxmış su boruları və digər təchizat vasitələrinin dəyişdirilməsi hissəsində qeyd edir ki, bu hissədə iddia əsaslıdır. Məhkəmə iddianın su axmasına səbəb olan kirayəşinlərin həmin mənzildən çıxarlması hissəsində bildirir ki, məhkəmə iclasında suyun iddiaçının mənzilinə axmasının səbəbi cavabdehin mənzilində yaşayan kirayəşinlər deyil, cavabdehin mənzilindəki təchizatdan irəli gəlir. Həmçinin mülkiyyət hüququna əsasən subyekt ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, 7,20 manat cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi olaraq 2293 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 7,20 manat pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 2293 (iki min iki yüz doxsan üç) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 7,20 (yeddi manat, 20 qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 87 saylı evin 74 saylı mənzilinə su sızmasına səbəb olan su borularının və digər təchizat vaistələrinin dəyişdirilməsi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh 50 (yüz əlli) manat məbləğində pul (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3210/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3210/2021
15.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver