Məhkəmə qərarları › İş №2(005)-3217/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3217/2021

18.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3217/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh "xxxx" Klinik xəstəxanası MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Klinik xəstəxanası MMC-yə qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Klinik xəstəxanası MMC-yə qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Oksigen klinik xəstəxanası tərəfindən ondan aldığı 1318 manat pulun və 5000 manat ona vurduğu mənəvi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı hamilə olmaq üçün iş üzrə cavabdeh "xxxx" klinik xəstəxanasına müvafiq qaydada müraciət etmişdir. Xəstəxanada, cavabdehin müxtəlif həkim və işci heyəti onu qeydiyyata aldıqdan sonra həkim müayinəsindən keçmişdir. X6 "polekistor" diaqnozu qoyaraq müalicə yazmışdır. Ovulyatsiya (yumurtlama) prosesin stimullaşdırılmasını təyin etmişdir. Lakin "menoqon" adında poreparatın çox böyük dozasını ona vurmuşdur. Bu səbəbdən də 8 ədəd uşaq (embrion) əmələ gəlmişdir. X12 bildirmişdir ki, reduksiya etmək olar və embrionların sayını 1-2 saya qədər azaltmaq mümkündür. Amma bundan sonra iddiaçıda şübhə yaranmış və başqa həkimlərin yanına konsultasiya üçün getmişdir (Kamran Nağıyev "Diaqnostika Mərkəzi", Rəşad İsmayılzadə "Medikal Plaza", Turab Canbaxışov "NS klinika".) Hər üç həkim ona bildirmişdir ki, Samirə həkimin verdiyi doza yüksək olmuş ona görə də 8 ədəd embrion yaranmışdır. Bətnində olan hər bir uşağın ürəyi artıq döyünməyə başlamışdır. X7 verdiyi doza çox olduğuna görə reduksiyanın da mənası itmişdir. Belə ki, 3-4 ədəddən çox reduksiya həkimlər tərəfindən məsləhət görülmüş, əgər altısı abort olunarsa, qalan ikisi də sağlam doğulmayacaq. Ona görə də məcbur qalıb abort etdirmişdir. Samirə həkimin yanında olarkən ona 150 manat sonradan əlavə olaraq 200 manat da ödəniş etmişdir. Hamiləliyinə görə Ultrasəs müainəsindən , labarator müainələrdən və həkim müainəsindən keçmişdir. Hər dəfə Ultrases müainəsindən, labarator müainələrdən və həkim müainəsindən keçərkən ona cavabdeh kassaya pul ödətdirmişdir. Ödədiyi pulun üst-üstə miqdarı 1318 (min üc yüz on səkkiz) manat təşkil edir. Hamiləlik zamanı vurulan iynə dərman preparatlarının dozası miqdardan artıq olaraq tətbiq edilmişdir. Hamiləlik dövründə X11 çox pul ödətdirmək üçün əlavə artıq dozalı dərmanlar vermiş, bu səbəblərə görə onun uşağı doğulmadan tələf olmuşdur. Cavabdehin həkimlərinin səhlənkarlığına görə hamiləliyi uğursuz sonlanmışdır. O, müvafiq qaydada hüquq mühafizə orqanlarına müraciət etmiş, Nərimanov RPİ-nin 17-ci Polis şöbəsi tərəfindən araşdırılmış və 06.02.2021-ci il tarixli 710 k N-li cavabla işin mülkü qaydada məhkəmə yolu ilə həll edilə biləcəyi göstərilmişdir. Cavabdehin səhlənkarlıği ucbatından ona ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, ona ilk beş gün gündə iki ədəd, daha sonra isə bir gündən bir bir ədəd “menoqon” iynəsi vurulmuşdur. Ümumilikdə iki həftə iynə vurulmuşdur. Məhkəmə iclasında cavabdeh "xxxx" Klinik xəstəxanası MMC-nin nümayəndəsi X8 iddia tələbini qəbul etməmiş, İddiaçı düzgün müayinə edildiyini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 705/KEŞ nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrubi və Tədris Birliyinin 30.09.2021-ci il tarixli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qoyulan suallara uyğun olaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1 İddiaçı 8 dölə hamilə qalmasının bir çox səbəbi ola bilər. Bunlardan “menagon” adlı dərman preparatı istifadə edilən şəxsdə çoxdöllü hamiləliyin yaranması statistikası, yumurtalıqların stimulyasiyasındann sonra follikulun partlayaraq hamiləliyin yaranması statistikası, yumurtalıqların stimulyasiyasından sonra follikulun partlayaraq hamiləliyin baş verməsi üçün istifadə olunan insan xorionk gonadotropinin (hCG) preparatı, tək yumurta mayalanmasından yaranmış embrionun bölünərək çox saylı dölün yaranmasına və s. səbəb olması kimi bir çox səbəblər ola bilər. 2. İddiaçı eyni follikuldan əmələ gələn 8 döl yox, 8 ayrı yumurtadan əmələ gələn dölə hamilə qalmasına səbəb 15 ədəd “menagon” adlı dərman preparatının (hormonal və ultrasəs müayinəsi nəzarətində gündəlik doza 5-dən çox olmamaqla 4 həftə təyin emək mümkündür) səbəb olub-olmamadığını müəyyən etmək üçün abortdan sonra embrionlardan götürülmüş genetik analiz iş materiallarında olmadığından bunun təyini mümkün deyildir. 3. İddiaçı 8 döllü hamiləliyi istənilən 2 və daha artıq döllü hamiləlik kimi risqli hamiləlik sayılır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, "xxxx" Klinik xəstəxanası MMC-nin həkimi Samira Tağıyeva, İddiaçı müayinə etmiş və ona "polekistoz" diaqnozu qoyaraq müalicə yazmışdır. Ovulyatsiya (yumurtlama) prosesin stimullaşdırılmasını təyin etmişdir. Həmçinin iddiaçıya "menoqon" adında dərman preparatı vurulmuşdur. Hamiləlik baş tutduqdan sonra İddiaçı 8 ədəd uşaq (embrion) əmələ gəlməsi müəyyən edilmişdir. Bu hal İddiaçı həyat və sağlamlığı üçün risqli olduğundan hamiləlik sonlandırılmışdır. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək "xxxx" klinik xəstəxanasının həkimi Samirə Tağıyeva tərəfindən ona yüksək dozada “menagon” adlı dərman preparatının vurulmasına görə çoxdöllü hamiləliyin yarandığını iddia edir. Bu səbəbdən ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qеyd еdir ki, iddiа tələbinin qаnuni əsаsını mülki qаnunvеriciliyin mülki hüquq pоzuntusu ilə bаğlı müddəаlаrı təşkil еdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar təqdim edilmiş sübutlarla sübuta yetirilməmiş, "xxxx" Klinik xəstəxanası MMC-nin həkimi Samirə Tağıyeva tərəfindən İddiaçı müalicəsi zamanı “menogon” adlı dərman preparatı üzrə doza həddinin aşılması öz təsdiqini tapmamışdır. Belə ki ekspert rəyindən görünür ki, “menogon” adlı dərman preparatı hormonal və ultrasəs müayinəsi nəzarətində gündəlik doza 5-dən çox olmamaqla 4 həftə təyin etmək mümkündür. İddiaçı məhkəmə iclasında verdiyi izahatında ona ilk beş gün gündə iki ədəd, daha sonra bir gündən bir 1 ədəd “menoqon” iynəsi vurulduğunu, ümumilikdə iki həftə iynə vurulduğunu etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində əsaslandığı hallar öz təsdiqini tapmadığından iddia tələbi maddi ziyan hissədində təmin edilə bilməz. Bundan başqa İddiaçı deliktlərin nəticəsi olaraq keçirdiyi mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X2rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin əməllərində mülki hüquq pozuntuları, deliktlər aşkar edilmədiyindən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəliəlaqə də aşkar edilməmişdir. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, cavabdeh "xxxx" Klinik xəstəxanası MMC-dən mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasını əsassız hesab edir. Beləliklə məhkəmə hesb edir ki, İddiaçı cavabdeh "xxxx" Klinik xəstəxanası MMC-yə qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi təmin edilməməli, ödənimiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Klinik xəstəxanası MMC-yə qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar