Məhkəmə qərarları › İş №2(005)-323/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-323/2021

03.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-323/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın naturada bölünməsi, hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsi, ev 7, 62 saylı mənzilin onunla Cavabdeh arasında naturada bölünməsi, əgər bu mümkün olmadığı halda Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsi, ev 7, 62 saylı mənzilin 1/3 hissə olan payını almaqda üstünlük hüququ olan Cavabdeh tərəfindən payının dəyəri olan 40000 (qırx min) manat pul məbləğinin ona ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsi, ev 7, 62 saylı mənzilin 1/3 hissə payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsindən imtina edildiyi təqdirdə Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsi, ev 7, 62 saylı mənzilin açıq hərracda satılaraq, əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4ə-1260 reyestr nömrəli, 17.10.2016-cı il tarixli bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi, 16 saylı evin, 6 saylı mənzilin 1/3 hissəsi iddiaçının mülkiyyətinə verilmiş, qalan 2/3 hissə isə qayınatası Cavabdeh məxsus olmuşdur. Buna dair Azərbaycan Respublikası DƏDRX-dən çıxarış mövcud olmuşdur. Daha sonra Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsində yerləşən 6 saylı ev qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olduğuna görə “xxxx” MTK tərəfindən sökülüb yenidən inşa edərək paylara uyğun olaraq onlara Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsində, 7 saylı evin, 9-cu mərtəbədə, 62 saylı mənzil verilmiş və həmin mənzilin sahəsi 60 kv.m təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.38.2020-ci il tarixli, 2(005)-1062/2020 saylı qətnaməsi ilə iddiaçının X5 ilə aralarında olan nikah pozulmuş və iddiaçı yetkinlik yaşına çatmamış övladı ilə atası evinə köçmüşdür. Cavabdeh sözü gedən mənzildən iddiaçının istifadə etməsinə və satılmasına imkan vermir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 26 saylı Vəkil Bürosunun sorğusuna 21.02.2021-ci il tarixli cavab məktubuna əsasən ünvan 1 ünvanının 1/3 hissəsi İddiaçı adına 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4ə-1260 reyestr nömrəli, 17.10.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən qeydə alınmışdır və hazırda mülkiyyətindədir; “xxxx” MTK-nın Bakı şəhəri 26 saylı Vəkil Bürosunun sorğusuna 28.08.2020ci il tarixli cavab məktubuna əsasən X4 və X3, "xxxx” MTK ilə bağlanmış Müqavilə əsasında Grand Narimanoff yaşayış kompleksində Blok B, 9-cu mərtəbə, 62 saylı, 60 kv\m mənzil sahəsi verilmiş, hazırda həmin mənzildə yaşayırlar; “xxxx” MTK ilə İddiaçı və Cavabdeh arasında bağlanmış 18.08.2017-ci il tarixli saylı müqavilənin surətinə əsasən “xxxx” MTK ünvan 3 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi-”yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”-lərin söküntüsü nəzərdə tutulmuş mülkiyyətlərində 138.16 kv.m. ümumi sahədən ibarət (faktiki 2 otaq 54.0 kv.m.) mənzilin paylı mülkiyyət hüququ üzrə “Mülkiyyətçi”-lərin hər birinə 1/3 hissədən məxsus (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 19/10/2016 tarixdə İddiaçı verilmiş **********18-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 19/10/2016 tarixdə Cavabdeh verilmiş **********18-05101- 093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) dövlət reyestrindən çıxarışlarda göstərilmiş ümumi sahəsində 25 % əlavə etməklə ümumilikdə 1 ədəd tam təmirli 60.0 kv.m. mənzilin “Mülkiyyətçi”-lərin mülkiyyətinə verilməsi, “Mülkiyyətçi”lər isə söküləcək mənzilin “xxxx” MTK-nın istifadə və sahibliyinə verməsini öhdələrinə götürmüşlər; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə ekspertizasının 09.04.2021-ci il tarixli 10/3102 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsi, ev 7, 62 saylı mənzilin faktiki vəziyyətinə, yəni 16 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşdiyinə, mənzilin yalnız bir giriş-çıxış qapısı olduğuna və mənzilin tərkibində olan kommunal xidmətli sahələri (mətbəx, dəhliz, və s.) yeganə olduğuna görə, mənzilin biri digərindən təcrid olunmaqla (İddiaçı məxsus 1/3 pay və Cavabdeh məxsus 2/3 pay nəzərə alınmaqla) naturada bölgüsü İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi texniki cəhətdən mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir; 29.08.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasənmülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi, 16 saylı evin, 6 saylı mənzilin 1/3 hissəsi İddiaçı, qalan 2/3 hissə isə Cavabdeh mülkiyyətindədir və hazırda əmlaklar bu həcmdə onların mülkiyyətindədir. Hazırda iddiaçı mənzilinin ümumi paylı mülkiyyətçilər, yəni onun və cavabdehlə arasında naturada bölünməsini, ümumi paylı mülkiyyətin naturada bölünməsi mümkün olmadığı təqdirdə, mənzilin açıq hərracdan satılaraq, əldə olunmuş vəsaitin paylarına uyğun olaraq bölüşdürülməsini tələb edir. Eyni zamanda iddiaçı bildirmişdir ki, öz payının dəyərinin digər paylı mülkiyyətçi tərəfindən ona ödənilməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli əmlakın naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsi, ev 7, 62 saylı mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı göstərilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, mübahisəli əmlakın naturada ayrılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.04.2021-ci il tarixli 10/3102 nömrəli ilə sübuta yetirildiyindən, bu tələb üzrə əlavə araşdırmanın aparılmasına hər hansı zərurət qalmamışdır. Məhkəmə iddiaçının payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi (kompensasiya vermək) ilə bağlı qeyd edir ki, iddiaçı, ayrılan mülkiyyətçi olmaqla, qeyd edilən əmlakların onun mülkiyyətində olan hissəsinin dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdehə ona ödənilməsini təklif etmişdir. Beləliklə, məhkəmə göstərilənləri, o cümlədən iddiaçı təkliflə müraciət etdikdən sonra cavabdeh tərəfindən bu istiqamətdə hər hansı hərəkətlərin edilməməsini, məhkəmə iclaslarında iştirak etməməklə (yalnız bir məhkəmə iclasında iştirak etmiş) yanaşı bu məsələ ilə bağlı məhkəməyə münasibət bildirməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin kompensasiya vermək imkanı yoxdur və ya o, kompensasiya vermək istəmir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, əmlakın naturada bölünməsinin mümkün olmadığı, habelə cavabdehin iddiaçının payının dəyərinin ona ödənilməsindən imtina etdiyi müəyyən edildiyindən, iddiaçının əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması barədə tələbi əsaslıdır və bu səbəbdən təmin edilməlidir. Eyni zamanda, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarına istinadən onu da qeyd edir ki, bu tələblər biri-biri ilə əlaqəli olduğundan və bu 3 tələb üzrə əvvəlki tələbin (məsələn naturada bölgünün mümkün olduğu və ya bu mümkün olmasa da sonradan kompensasiya ödənilməsi ilə bağlı əldə edilmiş razılıq) təmin edilməsi sonrakı tələbin təmin edilməsini istisna etməsinə baxmayaraq, onlar ayrı-ayrı icraat üzrə deyil, bir icraatda baxılmalı və nəticədə ilk iki tələb müsbət həll edilməsə də, ümumilikdə iddia təmin edilməlidir. Belə ki, Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarda nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkün hesab edilmişdir ki, bu da öz növbəsində bu ardıcıllığa riayət etməklə bu tələblərin vahid bir iddia üzrə irəli sürülməsini mümkün edir. Beləliklə, göründüyü kimi, iddiaçı əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş və həmin qaydalara uyğun olaraq bu barədə tələb irəli sürməklə məsələnin ilk olaraq cavabdehlə paylı mülkiyyətlərində olan əmlakın bölünməsi, bu mümkün olmadığından isə sonradan öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi yolu ilə həll edilməsinə nail olmaq istəmiş, lakin bu bir nəticə verməmişdir. Bu səbəbdən iddia tələbi təmin edilməli, tərəflərin ümumi mülkiyyətdə olan əmlak açıq hərracdan satılmalı və satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsi, ev 7, 62 saylı mənzil açıq hərracda satılmalı, əmlakın satışından əldə edilən pul vəsaiti bu əmlakların mülkiyyətçiləri olan İddiaçı və Cavabdeharasında, onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsi, ev 7, 62 saylı mənzil açıq hərracda satılsın. Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsi, ev 7, 62 saylı mənzilin satışından əldə edilən pul vəsaiti bu mənzilin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında, onların paylarına mütənasib surətdə (İddiaçı məxsus 1/3 pay və Cavabdeh məxsus 2/3 pay nəzərə alınmaqla) bölüşdürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizalarının xərci olaraq 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar