Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-33/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı (açar sözlər: maddi və mənəvi ziyan, vəkil xərci) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rüfanə Xıdır qızının katibliyi, İddiaçı2, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X12 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 80.000 manat maddi ziyan, 1.000 manat mənəvi, tərəfindən ödənilmiş 330 manat dövlət rüsumu, vəkilə ödənilmiş 510 manat, 81.830 pulun onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X3 mexanik işlədiyi “Xəzərneftsosialtikinti” Tresti tərəfindən xx.xx.1990-cı il tarixli order əsasında Bakı şəhəri, ünvan 1 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otağı daimi yaşamaq üçün verilmişdir. X4 09 iyun 1993-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra mənzildə ailə üzvüləri kimi özləri yaşamışdır. Bütün kommunal xərcləri ödəmişlər. Cavabdeh şirkət Nizami rayon İcra hakimiyyətinin xx.xx.2016-cı il tarixli 47 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 2 ünvanda yeni bunanın tikintisi ilə bağlı sökülən binadan köçürülməyi ilə bağlı xx.xx.2016-cı ildə “Razılaşma” müqaviləsi bağlamışlar.xx.xx.2016-cı ildə bağlanmış “Razılaşma" müqaviləsinin 1-ci bəndinə əsasən cavabdeh “İnteks" MMC tikiləcək yeni binada Sakinin yaşadığı 2 otaqlı mənzilin yeni - 2 otaqlı təmirili və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin edir. Həmin müqavilənin 6-cı bəndinə əsasən tikinti işləri “30" may 2016-cı il tarixdən başlanır və 24 ay ərzində yekunlaşdırılır. Bakı şəhəri, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin tərəfındın verilmiş yaşayış sahəsinə dair yazılı-mənzil qeydiyyat məlumatdan görünür ki, İddiaçı1 Çernişevski küçəsi 95 saylı evin 5-6 mənzilləri, ümumi sahəsi 34.6 kv metr sahəsinə 1.10.1997-ci ildən qeydiyyatdadır və yaşayır. Mənzlinin tikintisi başa çatmış, ona yeni tikilmiş hündür mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən 294 saylı mənzili göstərərək sökülmüş 5-6 saylı mənzillərinin əvəzində verildiyini bildirmişlər. Lakin, oğlu ilə müqavilə bağlamış Ceyhun Əliyev adlı şəxs bunun əvəzində ona 20.000 manat rüşvət verilməli olduğunu bildirmişdir. Bu pulu verməsə, mənzilləri qaynı arvadı X9 veriləcəyini bildirmişdir. Onun bu hərəkətlərindən “İnteks" MMC-nin rəhbəri kimi özünü təqdim edən Əhəd adlı şəxsə şikayət etməyinə baxmayaraq onun bu tələbinə haqq qazandırmışlar. Bir neçə gündən sonra mənzlinə təmirin edilməsi vəziyətinə baxmaq üçün gələndə mənzilin açarlarının dəyişdirildiyini və bağlı olduğunu görmüşdür. Cavabdeh MMC-nin rəhbərinə şikayət etmək üçün mərkəzi aparata getmişdir. Lakin, onu heç kim qəbul etməmişdir. Artıq hüquqlarının pozulmasını görüb dərhal Bakı şəhəri Nərimanov rayon məhkəməsində iddia qaldıraraq Cavabdeh MMC-nin adından X15 ilə X13 arasında bağlanmış 08 iyun 2016-cı ildə müqavilənin (məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri) etibarsız hesab olunması, Cavabdeh MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 2458-ci məhəllədə yerləşən hündür mərtəbəli binanın 16-cı mərtəbəsində olan 294 saylı mənzilini və sənədlərinin təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olundu. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmadı. Lakin, həmin qətnamədə pozulmuş hüquqlarının əvəzində zərərə görə təzminat alınması hüququnun olması barədə xüsusi bənddə göstərilmişdir. Cavabdehin qəsdən etdiyi təqsirli hərəkətləri üzündən Bakı şəhərinin ən bahalı yerində—Bakı şəhəri, ünvan 1 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otaqlı mənzilindən məhrum edilmişdir. Həmin ərazidə 2 otaqlı mənzilin dəyəri təxminən 80.000 manatdır. Həmin dəyərdə əmlakından məhrum edilmişdir. Bu məbləğ cavabdehdən alınaraq ona verilməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia tələbinə etiraz ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçılar ilk öncə mənzilin təhvil verilməsi və 3-cü şəxslə bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Daha sonra iddiaçılar tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, № 2(005)-2563/2021 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılıb. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)-541/2022 saylı qətnaməsində iddiaçılara hansısa hüquqları olmasına dair izah verilməsi iddiaçılara mütləq qaydada onların buna dair hüququ olması mənasını vermir. Apellyasiya Məhkəməsi işə baxarkən əgər iddiaçıların haqqı olsaydı elə onların iddia tələbini təmin edərdi. Demək hüquqları olmamasına görə də iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(103)- 541/2022 saylı qətnaməsindən "xxxx" MMC tərəfindən “İddiaçı tərəfə onlara məxsus mənzilin cavabdeh MMC tərəfindən sökülməsi törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərəri əvəzinin (həm pul kompensasiyası verilməsi və yaxud da naturada, yəni 34,6 kv.m mənzilə 20 faiz əlavə etməklə tam təmirli yeni mənzil sahəsi ilə təmin edilməsi ilə bağlı) ödənilməsi barədə iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir” hissəsinin qanunsuz hesab edilməklə ləğv edilməsi barədə Kassasiya şikayəti verilibdir. Maddi ziyanla bağlı iddia tələbi irəli sürülməsi üçün cavabdeh şəxsin hərəkətində təqsirli, hüquqa zidd əməl olmasına dair faktlar olmalıdır, hazırki işdə isə Cavabdeh MMC-nin təqsirli, hüquqa zidd hərəkətlərini əks etdirən heç bir sübut yoxdur, əgər Cavabdeh MMC-nin hərəkətlərində qanunsuz və hüquqa zidd hərəkətlər olsaydı iddiaçıların bundan öncə qaldırdıqları mənzilin təhvil verilməsinə dair iddia tələbləri təmin edilərdi. Demək iddiaçıların hüquqlarının pozulmaması sübuta yetrilibdir ki, ilkin iddia tələbləri rədd edilibdir. Birincisi onu aydınlaşdırmaq lazımdır ki, iddiaçılar hansı hüquqla belə bir iddia qaldırmağa səlahiyyətlidirlər?- birincisi iddiaçılar heç bir subyektiv hüququ olmadan Cavabdeh MMCnə qarşı müqavilənin etibarsızlığına dair iddia qaldıraraq başqa şəxslə Cavabdeh MMC arasında bağlanılmış 08 iyun 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş edib. Həmin iddia tələbləri də sonadək rədd edilərək təmin edilməyibdir. İkincisi iddiaçılardan İddiaçı1 adından səlahiyyəti olmayan şəxs iddia ərizəsi imzalayıb, üçüncüsü digər İddiaçı2 iddia ərizəsində qeyd etdiyi keçmiş əri X4 ilə nikahları həmin şəxs ölməmişdən 3 il əvvəl pozulmuşdur. Onlar bir-birlərinə vərəsə ola bilməzlər, digər tərəfdən heç iddiaçıların mərhum X2 vərəsəsi olmasını təsdiq edən heç bir hüquqi sənəd yoxdur. Bütün bu hallar iddiaçıların ilk öncə mənzilin təhvil verilməsi və 3-cü şəxslə bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinə dair olan işdə sübuta yetirilmişdir. Belə ki, iddiaçılar özü ərizəsində qeyd edir ki, Cavabdeh MMC ilə X13 aralarında 08 iyun 2016-cı il tarixli müqavilə bağlanıb. Lakin Cavabdeh MMC-nə qarşı iddia tələbini isə düz 5 (beş) ildən artıq vaxt sonar irəli sürüb. Əgər onun hüququ pozulmuşdursa elə müqavilə bağlanan andan Cavabdeh MMC-yə qarşı iddia qaldırardı. Hətta vaxtında iddia qaldırsaydı, belə onların buna heç bir hüququ olmayacaqdır. İddiaçılar özləri də məhkəmədə etiraf edib bildirdilər ki, mübahisəli mənzildə məcburi köçkün olan X13 yaşayıb. Mənzilə dair onunla müqavilə bağlanılmasına razı olubdur. İddiaçının iddiası əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə əsas tələblər üzrə iddia tələbi rədd edildikdə əlavə tələblər üzrə də iddia tələbi rədd edilməlidir. İddiaçı isə əsassız qaldırdığı iddia tələbində belə yenə də olsun qanunla müəyyən edilmiş təqsirli, hüquqa zidd hərəkətləri sübuta yetirə bilmir. İddiaçının hüquqlarının pozulmasının iddia etdiyi hallar Nərimanov Rayon Məhkəmsinin xx.xx.2021-ci tarixli, № 2(005)-2563/2021 saylı qətnaməsi ilə təkzib olunur və iddiaçıların həmin mübahisəli mənzilə dair hüquqları olmaması əsası ilə rədd edilibdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Vİİİ-JQ seriyalı 289958 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X4, anası İddiaçı2dır. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və X6 arasında bağlanmış nikaha 25 dekabr 1985-ci il tarixdə xitam verilmişdir. - X3 mexanik işlədiyi “Xəzərneftsosialtikinti "Tresti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otağı daimi yaşamaq üçün verilmişdir. - Cavabdeh MMC və İddiaçı1 arasında bağlanmış 17 may 2016-cı il tarixli razılaşmanın kserosurətindən görünür ki, Şirkət Nizami Rayon İcra Hakimiyyətinin 26 aprel 2016-ci il tarixli, 47 saylı sərəncamına əsasən Bakı şəhəri, ünvan 4 ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən sakinin müvəqqəti yerləşdirilməsi üçün Sakinə mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 (üç yüz) manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada sakinin hal-hazırda yaşadığı otaqlı mənzilin yeni otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin edir. - Azərbaucan Respublikası Füzuli rayonu İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 1040 №-li arayışın surətindən görünür ki, X7 daimi qeydiyyatda olduğu Horadiz şəhər, Azadlıq küçəsi ev 34 ünvanında yerləşən fərdi yaşayış evi 2014-cü il tarixdə Dövlət tərəfindən tam bərpa olunmuşdur. Onunla birlikdə oğlu X16, oğlu X19 qeydiyyatdadırlar. - 141 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən vəkil bürosuna ünvanlanmış 18№-li xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, Ş.Mirzəyev küçəsi ev 95, mənzil 5-6 (keçmiş Çernişevski küçəsi 95, mənzil 5-6) ünvanında qeydiyyatda olmuş X4 XDNST Trestindən verilmiş orderə əsasən 2 nəfər ailə üzvü ilə (özü və qızı) mənzilin sahibi olub. xx.xx.1991-ci il tarixdən qeydiyyatda olmuşdur. 18 may 1993cü il tarixdə rəhmətə getmişdir. Həmin ünvanda oğlu İddiaçı1 xx.xx.1997-ci ildən qeydiyyatdadır. Əlavə olaraq 1993-cü ildə Füzuli rayonundan qaçqın düşmüş İbrahimov Xalidə 5 nəfər ailə üzvləri ilə birlikdə həmin mənzildə məskunlaşmışdır. Hazırda bina Cavabdeh MTK tərəfindən sökülmüşdür, 2016-cı il tarixdən. - Bakı şəhəri 31 saylı Notariat ofisinin xüsusi notariusu X17 tərəfindən ƏMDX yanında DƏDRX-in 1 saylı Ərazi idarəsinə ünvanlanmış 14 iyul 2021-ci il tarixli 450 saylı məktubundan görünür ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Ş. Mirzəyev küçəsi, ev 95, m. 5-6-ya dair vərəsə İddiaçı1 ərizəsi qəbul edilmiş və vərəsə kimi tanınmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2563/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, X5 cavabdehlər "xxxx"MMC və X11 qarşı mənzilin və sənədlərinin təhvil verilməsi, müqavilənin etibarsızlığı tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-541/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2563/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, iddia tərəfə onlara məxsus mənzilin cavabdeh MMC tərəfindən sökülməsi-törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərəri əvəzinin (həm pul kompensasiyası verilməsi və yaxud da naturada, yəni 34,6 kv.m mənzilə 20 faiz əlavə etməklə tam təmirli yeni mənzil sahəsi ilə təmin edilməsi ilə bağlı) ödənilməsi barədə iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5977-9/6168 №-li rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 2458-ci məhəllədə yerləşən hündürmərtəbəli binanın 16cı mərtəbəsində olan 294 nömrəli mənzilin qapısı bağlı olduğundan, həmin mənzilin bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 2458-ci məhəllədə yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsndə olan 294 nömrəli mənzili yaxın ərazilərdə analoji tam təmirli mənzillərin 1 kv.m. hazırki orta bazar qiymətlərinə uyğun dəyəri nəzərə almaqla, 34.6 kv.m olan mənzilin ümumi dəyəri təqribən 76812,0 manat və 34.6 m2 mənzilə 20% əlavə olunmaqla, yəni ümumi sahəsi 41.5 kv.m. olan mənzilin ümumi dəyəri təqribən 92130,0 manat məbləğində müəyyən edilir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Qeyd olunan işin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamədən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. Hazırki mülki iş üzrə tərəflər arasında olan müqavilənin etibarsız hesab olunması və mənzilin təhvil verilməsi mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-541/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur. Həmin Qətnamədən görünür ki, aparılmış məhkəmə araşdırmaları zamanı aşağıdakılar işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur: - Bakı şəhəri, ünvan 5 ünvanda 5/6 saylı 34.6 kv.m mənzil İddiaçı1 məxsus olmuşdur. - Cavabdeh MMC tərəfindən həmin ünvanda yerləşən bina sökülərək yerində yeni çoxmənzilli bina inşa edilmişdir. -həmin evdə müvəqqəti olaraq məcburi köçkün kimi X.İbrahimova yaşayır. - yeni mənzilin verilməsi ilə bağlı iddiaçı tərəf ilə cavabdeh MMC arasında danışıqlar aparılmışdır. - iddiaçı ilə MMC arasında iddiaçıya məxsus mənzilin sökülməsi ilə əlaqədar aylıq 300 manat məbləğində kirayə haqqının X.İbrahimovaya təhvil verilməsi barədə razılıq əldə olunuşdur. -İlkin mərhələdə mənzil və açarları iddiaçı tərəfə təhvil verilmişdir. -İddiaçı tərəfin dəfələrlə ona ayrılmış biinanın 16-cı mərtəbəsindəki 294 saylı mənzilə baxması. -Sonuncu dəfə mənzilə baxarkən açarların dəyişdirilməsinin müəyyən edilməsi - Bununla bağlı cavabdehlə danışıqlar aparılarkən mənzilin ona verilməsi üçün ondan 20000 manat tələb edilmişdir. - Cavabdeh MMC ilə X.İbrahimovanın arasında xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. - X.İbrahimova ilə müqavilə bağlanmasına baxmayaraq ona da mənzil verilməmişdir. Qətnaməyə əsasən iddiaçı tərəfə onlara məxsus mənzilin Cavabdeh MMC tərəfindən sökülməsi-törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin (həm pul kompensasiyası verilməsi və yaxud da naturada, yəni 34,6 kv.m mənzilə 20 faiz əlavə etməklə tam təmirli yeni mənzil sahəsi ilə təmin edilməsi ilə bağlı) ödənilməsi barədə iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt)nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tamhəcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1163-cü maddəsinə əsasən, nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. İddia ərizəsi məhkəməyə birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən təqdim edilmiş, iddiaçılar pul məbləğinin onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materialları ilə müəyyən olunur ki, X3 mexanik işlədiyi “Xəzərneftsosialtikinti "Tresti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli orderə əsasən, Bakı şəhəri, ünvan 3 ünvanda binada 2 nəfər ailə üzvünə yaşayış sahəsi 34.6 kv metr olan otağı daimi yaşamaq üçün verilmişdir. X4 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. İddiaçı1 mərhumun oğlu, İddiaçı2 isə mərhumun həyat yoldaşı olmuşdur. İddiaçı2 və X4 arasında bağlanmış nikah 25 dekabr 1985-ci il tarixdə pozulmuşdur. Göründüyü kimi mərhumla İddiaçı2 arasında olan nikah pozulmuş və sökülmüş ev (Bakı şəhəri, Nizami rayonu, Ş. Mirzəyev küçəsi, ev 95, m. 5-6) vərəsəlik hüququna əsasən İddiaçı1 məxsus olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı2 hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışdır və bu səbəbdən iddia ona dair hissədə (pul məbləğinin digər iddiaçı ilə yanaşı ona verilməsi) təmin edilə bilməz. Digər tərəfdən, Bakı şəhəri, ünvan 5 ünvanda 5/6 saylı 34.6 kv.m mənzil İddiaçı1 məxsus olmuşdur. Belə ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş atası - X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 95, m. 5-6-ya dair vərəsə İddiaçı1 ərizəsi qəbul edilmiş və İddiaçı1 vərəsə kimi tanınmışdır. Cavabdeh MMC tərəfindən həmin ünvanda yerləşən bina sökülərək yerində yeni çoxmənzilli bina inşa edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1- 3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Mülki Məcəlləyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, mülkiyyət hüququ, Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Yuxarıda sadalanan normalarda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın şəkildə göstərilmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün şəxsin əşyaya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir. Mülkiyyət hüququna müdaxilənin mümkünlüyü yuxarıda göstərilən normativ hüquqi aktlarda nəzərdə tutulmuşdur. Həmin aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyası mümkündür. Qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür. İş materialları ilə müəyyən olunur ki, İddiaçı1 mülkiyyəti kimi qeyd olunan ümumi sahəsi Bakı şəhəri, ünvan 5 ünvanda 5/6 saylı 34.6 kv.m mənzilin yerləşdiyi bina sökülmüş, onun əvəzinə yeni çoxmərtəbəli bina tikilmişdir. Bununla belə, cavabdeh tərəfindən iddiaçıya sökülmüş mənzilin əvəzi kimi kompensasiya məbləği, habelə mənzil verilməmişdir. Nəticədə İddiaçı1 öz əmlakından məhrum olmaqla, ona maddi zərər dəymişdir. İddiaçı hüquqlarının bərpa olunması məqsədilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2563/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mənzilin və sənədlərinin təhvil verilməsi, müqavilənin etibarsızlığı tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 541/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfə onlara məxsus mənzilin cavabdeh MMC tərəfindən sökülməsi-törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərəri əvəzinin (həm pul kompensasiyası verilməsi və yaxud da naturada, yəni 34,6 kv.m mənzilə 20 faiz əlavə etməklə tam təmirli yeni mənzil sahəsi ilə təmin edilməsi ilə bağlı) ödənilməsi barədə iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bununla da, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı1 dəymiş zərərin məbləğinin müəyyən edilməsi (məhrum olduğu əmlakın dəyərinin müəyyən edilməsi) məqsədilə məhkəmə mühəndistexniki ekspertizası keçirilmişdir. Ekspertiza tədqiqatları zamanı Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 2458-ci məhəllədə yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində olan 294 nömrəli mənzilin qapısı bağlı olduğundan, həmin mənzilin bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Bununla belə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5977-9/6168 №-li rəyinə əsasən, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 2458-ci məhəllədə yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində olan 294 nömrəli mənzili yaxın ərazilərdə analoji tam təmirli mənzillərin 1 kv.m. hazırki orta bazar qiymətlərinə uyğun dəyəri nəzərə almaqla, 34.6 m2 mənzilə 20% əlavə olunmaqla, yəni ümumi sahəsi 41.5 kv.m. olan mənzilin ümumi dəyəri təqribən 92130,0 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5977-9/6168 №-li rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5977-9/6168 №-li rəyinə əsasən, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 2458-ci məhəllədə yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsndə olan 294 nömrəli mənzili yaxın ərazilərdə analoji tam təmirli mənzillərin 1 kv.m hazırki orta bazar qiymətlərinə uyğun dəyəri nəzərə almaqla, 34.6 m2 mənzilə 20% əlavə olunmaqla, yəni ümumi sahəsi 41.5 kv.m. olan mənzilin ümumi dəyəri təqribən 92130,0 manat məbləğində müəyyən edilməsinə baxmayarag, iddiaçı 80.000 (səksən min) manat miqdarda pulun tutulması barədə iddia tələbi irəli sürdüyündən, məhkəmə irəli sürülmüş iddia tələbi həddində məsələyə qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddia tələbinin ikinci hissəsi, mənəvi ziyana görə 1000 (min) manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini zəruri sayır. Həmin Qərarda göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mənəvi zərər bir tərəfdən hüquqazidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbinə bu aspektdən yanaşaraq qeyd edir ki, iddiaçının hüquqlarının bərpa edilməsi üçün müvafiq orqanlara, habelə məhkəməyə (2 dəfə) müraciət etmək məcburiyyətində qalması faktları özüözlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan mənzil sökülmüşdür. Bununla iddiaçı birdən-birə gözləmədiyi hadisə ilə qarşı-qarşıya gəlmiş, əmlakının əldən çıxması nəticəsində stress, əsəb və iztirab keçirmişdir. Mübahisə 2021-ci il tarixdən başlamış və hazırkı vaxta qədər məhkəmə müstəvisində baxılır. İddiaçı artıq uzun müddətdir ki, hüquqlarının bərpa olunmasını tələb edir. Bu hallar isə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinə şərait yaratmışdır. Belə ki, bu baş vermiş hallar nəticəsində iddiaçının məruz qaldığı mənəvi sarsıntı nəticəsində onun həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması qaçılmazdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkət və hərəkətsizliyini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlaiq hallarını nəzərə alaraq, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pulun tutulması ağlabatan və ədalətli hesab edir. İddiaçı tərəfindən 340 manat dövlət rüsumu ödənilmişdir. Bununla yanaşı məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi qismən təmin edildiyindən və tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu qismində ödənilmiş 330 (üç yüz otuz) manat cavabdehdən alınaraq İddiaçı1, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. İddiaçılar həmçinin vəkilə ödənilmiş 510 (beş yüz on) manat məbləğin cavabdehdən tutulmasını xahiş etmişdirlər. Lakin buna dair sübutlar iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, vəkilə ödənilmiş məbləğə dair mötəbər sübutlar (qəbz və s.) iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin: - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 80.000 (səksən min) manat, mənəvi ziyanın əvəzi kimi 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu kimi 330 (üç yüz otuz) manat tutularaq İddiaçı1 xeyrinə ödənilməli, Cavabdeh MMC-dən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X8 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 124, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 80.000 (səksən min) manat, mənəvi ziyanın əvəzi kimi 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu kimi 330 (üç yüz otuz) manat tutularaq İddiaçı1 xeyrinə ödənilsin. Cavabdeh MMC-dən 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X8 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-33/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-33/2024
28.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver