Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3328/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisində bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən ünvan 1i 0,0186 ha sahəsi olan torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən qanunsuz aparılmış olan mətbəx mebeli, kombi, qaz peçi və aspiratorun cavabdehlərdən alınaraq ona qaytarılıması, əgər onların qaytarılması mümkün olmasa həmin əşyaların dəyərini təşkil edən 3500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi, ev ona təhvil verilənədək elektrik, qaz və su xidməti üzrə yaranmış borcun ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla, Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisində bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən ünvan 1i 0.0186 ha sahəsi olan torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evini dəyəri olan 87000 manat məbləğində pulu tam ödəyərək almışdır. Alqı-satqıdan əvvəl xx.xx.2021-ci il tarixdə cavabdehlərə 500 manat beh verərək, razılaşmışlar ki, onlar evi boşaldıb təhvil verərkən mətbəx mebeli, kombi, qaz peçi və aspirator evdə qalacaq. Mətbəx mebelini aralarında əldə olunmuş razılığa əsasən 3000 manat dəyərində, qaz peçi və aspirator isə 500 manat məbləğində qiymətləndirmişlər. Müqavilə bağlandıqdan sonra cavabdehlərə əşyalarını boşaltmaq üçün bir neçə gün vaxt vermiş, xx.xx.2021-ci il tarixdə evi təhvil götürmək üçün cavabdehə zəng etmiş, cavabdeh bildirmişdir ki, evi boşaltmış və açarı da daşın altına qoymuşdur. Lakin evə gedəndə görmüşdür ki, cavabdehlər evi boşaldıb təhvil verərkən razılaşmanı pozmuş, mətbəx mebelini, qaz peçini və aspiratoru da özləri ilə söküb aparmışlar. Cavabdehlər mənzil təhvil verilməzdən əvvəl yaranmış elektrik, qaz və su borcunu da ödəyib sıfırlamamış və 168 manat elektrik borcu qalmış, həmçinin qaza və suya görə də borcları qalmışdır. Cavabdehlərə dəfələrlə bu barədə etirazını bildirməyinə baxmayaraq, əşyaları qaytarmamış, kommunal borclarını ödəməmişlər. Daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisində bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən ünvan 1i 0,0186 ha sahəsi olan torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evindən qanunsuz aparılmış olan mətbəx mebeli, kombi, qaz peçi və aspiratorun dəyərini təşkil edən 3500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “satıcı” Cavabdeh1 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.0186 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus əmlakı “alıcı” İddiaçı satmışdır; İddiaçı Cavabdeh1 və Cavabdeh2 ünvanladığı pretenziya məktubundan görünür ki, cavabdehlər üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri üçün borcun olması və borcun 15 gün ərizəndə ödənilməsi barədə xəbərdar edilmişlər; Cavabdeh1 Nərimanov rayon İcra şöbəsində xx.xx.2023-cü il tarixdə verdiyi izahatının surətindən görünür ki, o, İddiaçı 3500 manat puldan 2500 manat məbləğini xx.xx.2023-cü il tarixədək ödəyəcəyini və bu səbəbdən ona möhlət verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə Cavabdeh1 arasında sonuncuya məxsus mənzilin alqı-satqı aparılan zaman, həmin mənzildə yerləşən mətbəx mebeli, kombi, qaz peçi və aspiratorun da mənzildə qalması barədə razılığa gəlinmiş və həmin əşyalar tərəflər öz aralarında 3500 manat pula dəyərləndimişdilər. Cavabdehlər mənzildən çıxan zaman həmin əşyaları özləri ilə apardıqlarına görə, hazırda iddiaçı 3500 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona verilməsini xahiş edir. Qeyd edilən məbləğdə pulun Cavabdeh1 iddiaçıya borclu olması Cavabdeh1 Nərimanov rayon İcra şöbəsində verdiyi yazılı izahatda öz təsdiqini tapmışdır. Bununlada, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Sadalanan mülki qanunvericiliyin normalarına əsasən müəyyən etmək olar ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Hazırki iş üzrə Cavabdeh1 iddiaçıya 3500 manat məbləğində pulun qaytaracağına dair icra şöbəsində yazılı izahat vermiş, cavabdehə olan borcunu etiraf etmiş və bununla da Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi icra edilməməsi subuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddia tələbi 3500 manat pulun Cavabdeh1 tutulması hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarındanda göründüyü kimi, iddiaçı mənzilə dair alqı-satqı müqaviləsini mənzilin mülkiyyətçisi olmuş Cavabdeh1 ilə bağlamış və həmçinin iddiaçı iddianın Cavabdeh2 münasibətdə təmin edilməsi üçün hər hansı sübut təqdim etməmiş, Cavabdeh2 isə iddianı etiraf və ya qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, Cavabdeh1 üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 3500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 3500 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3328/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3328/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver