Məhkəmə qərarları › İş №2(005)-3329/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3329/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3329/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 750,0 (yeddi yüz əlli manat 0 qəpik) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla cəmi 780,40 (yeddi yüz səksən manat 40 qəpik) manat pulun tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki Cavabdeh2 xx.xx.2014-cü il tarixdə idarə etdiyi "Opel Vectra" markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobillə Maştağa yolu ilə hərəkət edərkən manevr etmə qaydasını pozaraq sağda hərəkət edən "Mercedes Benz" markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Mercedes Benz' markalı avtomobildə olan X1 yüngül dərəcəli xəsarət almışdır. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 oglu avtomobilini sürücülük hüququ və etibarnamə olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Sabunçu Rayon Məhkəməsinin 3(008)-092/2015 saylı, xx.xx.2015-ci il tarixli X3 iş üzrə Qərarında öz əksini tapmışdır. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli, 016-714740-1220 saylı məktubundan da göründüyü kimi xx.xx.2014-cü il tarixdən "Opel Vectra” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 qanuni sahibliyində olmuşdur. “icbari Sığortalar Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən yüngül xəsarətə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 60%-ni təşkil etdiyindən, 750 (yeddi yüz əlli manat 0 qəpik) təşkil edir. PAT ********** saylı sığorta müqaviləsinin 014782 saylı sığorta aktına əsasən "İddiaçı“ Sığorta Şirkəti 750 (yeddi yüz əlli manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Göstərilənlərə əsasən qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "İddiaçı" sığorta şirkətinə dəymiş 750 (yeddi yüz əlli manat 0 qəpik) manat zərər məbləğinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, PAT ********** saylı sığorta müqaviləsinə əsasən, "Opel Vectra" markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Cavabdeh2 xx.xx.2014-cü il tarixdə idarə etdiyi Cavabdeh1 məxsus "Opel Vectra" markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobillə Maştağa yolu ilə hərəkət edərkən manevr etmə qaydasını pozaraq sağda hərəkət edən "Mercedes Benz" markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Mercedes Benz' markalı avtomobildə olan X1 yüngül dərəcəli xəsarət almışdır. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 avtomobilini sürücülük hüququ və etibarnamə olmadan idarə etmişdir. PAT ********** saylı sığorta müqaviləsinin 014782 saylı sığorta aktına əsasən "İddiaçı“ Sığorta Şirkəti 750 (yeddi yüz əlli manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Göstərilənlərə əsasən qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "İddiaçı" sığorta şirkətinə dəymiş 750 (yeddi yüz əlli manat 0 qəpik) manat subroqasiya tələbi və 30,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "İddiaçı“ Sığorta Şirkəti ASC-nəödənilməlidir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehlərə müvafiq pretenziya məktubları göndərməklə subroqasiya tələbi olan borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə xəbərdarlıq etmiş, lakin bu bir nəticə verməmişdir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30,40 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehlərdən tələb edir. Cavabdehlər tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1 -ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1 -ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 916.1 -ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Mülki Məcəllənin 448.1 -ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 750,0 (yeddi yüz əlli manat 0 qəpik) manat məbləğində dəymiş ziyan, 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla cəmi 780,40 (yeddi yüz səksən manat 40 qəpik) manat pul İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 750,0 (yeddi yüz əlli manat 0 qəpik) manat məbləğində dəymiş ziyan, 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 780,40 (yeddi yüz səksən manat 40 qəpik) manat pul İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar