Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3337/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əsassız varlanması nəticəsində əldə etmiş 16000 (on altı min) manat, dəymiş mənəvi zərərə görə 1000 (bir min) manat, həmçinin 30 (otuz) manat dövlət rüsumu və vəkilin xidmətlərindən istifadə etdiyi üçün 500 (beş yüz) manat pul Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxx 2019-cu il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində buraxılış ili 2013-cü il olan **-KP-*** dövlət qeydiyyatı nişanlı Hyundai Sonata markalı avtomobili Cavabdeh 16 000 (on altı min) manat pulu ödəyərək əvəzində etibarnamə əsasında avtomobilə dair sərəncam vermək və s. hüquqları rəsmiləşdirmişdi. Bir müddət sonra 2020-ci ilin yanvar ayında həmin etibarnamə üzrə avtomobili öz adına rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası BDYP-nə müraciət etdi. Avtomobilin adına qeydiyyata alınması məqsədilə BDYP əməkdaşı avtomobilə baxış keçirərkən avtomobilin texniki pasportunda qeyd olunan ban nömrəsi ilə avtomobilin faktiki ban nömrəsinin uyğun gəlməməsi müəyyən edilmiş və avtomobil BDYP-nin duracağında yerləşdirilmişdir. Məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməyinə baxmayaraq, bu günə kimi heç bir nəticə əldə etməmişdir, avtomobil ona qaytalarılmayıb və ya avtomobilin dəyəri ödənilməmişdir. xx xxx 2019-cu il tarixində Bakı şəhəri 6 saylı notariat kontorunda 16 000 (on altı min) manat məbləğində pulu Cavabdeh verilməsi (aktını cavabdeh özü Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin təhqiqatçısı polis baş leytenantı Kamran Muxtarova, tərəfinidən verilmiş şikayət əsasında alınmış izahatında etiraf etmiş və bu etiraf cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli Qərarda öz əksini tapmışdır. Bundan əlavə, qeyd olunan pul məbləğinin verilmə faktını şahid qismində həm notariat kontorunda onunla birgə olan qardaşı Şahid təsdiq edə bilər. Yuxarıda qeyd olunan faktlara əsasən açıq surətdə müəyyən olunur ki, Cavabdeh heç bir qanuni əsası olmadan qanunvericiliyin tələblərinə uyğun olmayan avtomobili adına rəsmiləşdirməsinə nail olmuş və əvəzində 16 000 (on altı min) manat pul məbləğini əldə etmiş, ona isə həmin məbləğin müqabilində avtomobili öz adına rəsmiləşdirə bilməmiş və nəticədə heç nə əldə etməmişdir. Bu səbəbdən hesab edir ki, Cavabdeh etdiyi bu hərəkətlər nəticəsində 16 000 (on altı min) manat məbləğində əsassız varlanmış və həmin pul ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, iş üzrə iddiaçı onun qardaşıdır. Buraxılış ili 2013-cü il olan **-KP-*** dövlət qeydiyyatı nişanlı Hyundai Sonata markalı avtomobili almaq üçün 6 saylı notariat ofisinə o da getmişdir. Həmin vaxt avtomobili gələcəkdə özgəninkiləşdirmək üçün İddiaçı etibarnamə verilmişdir. Cavabdeh 16 min manat avtomaşın üçün pul verdilər. Lakin avtomaşını qardaşı adına keçirən zaman ban nömrəsinin fərqli olduğu aydın olmuş, hazırda avtomaşın BDYP-nin duracağında yerləşdirilmişdir. Məhkəmə iddiaçı tərəflərin izahatını dinləyib, cavabdehlərin iddia tələbinə dair etiraz ərizələrini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarının surətinə əsasən vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Xətai RPİ- nin 37-ci Polis Şöbəsində torlanmış materiallar əsasında izahatı alınmış Cavabdeh bildirmişdir ki, «2019-cu ilin aprel ayında mənə etibarnamə ilə məxsus olan, **-KP-*** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtomobili internet saytların birində satmaq üçün elanda yerləşdirmişdim. Bununla əlaqədar mənə bir nəfər şəxs zəng edərək adının Əliyar olduğu və avtomobilə baxmaq istədiyini bildirdi. Həmin şəxs avtomobilə baxdıqdan sonra Xətai rayonunda yerləşən 6 saylı notarial kontorda Əliyar adlı şəxsə 16.000 (on altı min) manata sataraq etibarnamə yazdırdım. Daha sonra 2020-ci ilin yanvar ayında Əliyar adlı şəxs mənə yenidən zəng edərək mənim ona satdığım avtomobilin ban nömrəsinin sənədlə uyğun gəlmədiyini bildirdi və həmin avtomobilin ban nömrəsinin pozulduğunu bildirdi. Həmin avtomobilin ban nömrəsinin pozulmasından xəbərim yoxdur. Həmin avtomobili 2019-cu ilin aprel ayında Elnarə adlı şəxsdən 15.300 (on beş min üç yüz) manata almışam. Həmin avtomobili alarkən onun ban nömrəsində hər-hansı bir problemin olmasını yoxlamadığım üçün, hər-hansı bir problemin olub-olmamasından xəbərsiz idim. Həmin avtomobili Elnarə adlı şəxsdən əldə edərkən mənim adıma etibarnamə yazdırmışdı. İddiaçı 16.000 (on altı min) manat pulunu qaytarmaqdan imtina edirəm». xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, iddiaçı Cavadov X3 Elşad Qənbər oğlu ilə avtomaşın almaq məqsədilə tanış olmuşdular. Tərəflərdən İddiaçı Cavabdeh etibarnaməsi əsasında idarə etdiyi avtomobil üçün 16 min manat pul verilmişdir. İddiaçının 16 min manat pulu cavabdehə verməsi Cavabdeh Bakı şəhəri Xətai RPİ- nin 37-ci Polis Şöbəsində verdiyi ifadəsi, dindirilmiş şahidin izahatı ilə təsdiq olunur. Lakin **-KP-*** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtomobilin ban nömrəsində uyğunsuzluq olduğu üçün hazırda Azərbaycan Respublikası BDYP-nin duracağında yerləşdirilmiş, iddiaçı nəqliyyat vasitəni özgəninkiləşdirə bilməmişdir. Hazırda iddiaçı onun tərəfindən qeyd edilən avtomobilə görə 16.000 manat məbləğində pulun ödədiyini bildirir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə zərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci və 106-cı maddəsinin tələblərinə istinadən İddiaçı iddiası ilə bağlı qeyd edir ki, İddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə cavabdehə iddia etdiyi 16.000 manat məbləğində pulun verməsi halının mövcud olduğunu sübut etməli idi. Lakin iddiaçı öz iddiasının əsaslığı ilə bağlı hər hansı məbləğdə pulun verilməsini sübut edə bilmişdir. Cavabdeh 16.000 manat məbləğində pulu götürməyini bildirməklə faktiki olaraq ona qarşı irəli sürülmüş tələbi bu hissədə etiraf etmişlər, eyni zamanda iddiaçını da iddia tələbini bu hissədə sübut etmək vəzifəsindən azad etmişdir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü 16000 manat pulun cavabdehə verilməsini sübut etməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, 16000 manat pulun cavabdehə verməsinin qəbul edilməsi əks tərəfi bu halı sübut etmə vəzifəsindən azad edir. X5 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya 16.000 manat məbləğində borcu var və bu məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X5 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X5 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və X5 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Məhkəmə eyni zamanda, iddianın hüquqi xidmətlərə görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cavabehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, cavabdehdən ağlabatan məbləğdə, yəni 100 manat məbləğində tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.1-ci maddəsinə əsasən məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 16000 manat, hüquqi xidmət üçün 100 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 16000 (on altı min) manat, hüquqi xidmət üçün 100 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3337/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3337/2020
01.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver