Məhkəmə qərarları › İş №2(005)-3392/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3392/2021

17.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3392/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mənzilinə su axıdılması nəticəsində dəymiş maddi zərərə görə 3000 (üç min) manat, mənəvi zərərə görə 3000 (üç min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı müvafiq iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nərimanov rayona, X4 küçəsi, ev 32, 53 saylı mənzil onun mülkiyyətindədir. Göstərilən mənzilə dair adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Bildirir ki, mülkiyyətimdə olan bu mənzilin üst mərtəbəsində yerləşən Cavabdeh məxsus olan 56 saylı mənzildən onun mənzilinə mütəmadi olaraq su axıdılır. Bu mənzil 20 ilə yaxın müddətdir ki Cavabdeh tərəfindən alınmış və alınan gündən də müxtəlif şəxslərə kirayə verilmişdir. O dövrdən indiyədək sözügedən mənzildən onun mənzilinə dəfələrlə su axıdılmış və nəticədə mənzilinin vanna otağının, dəhlizin, yataq otağının və ayaqyolunun tavanları və divarları bərbad vəziyyətə düşmüşdür və bununla o, maddi ziyanla üzləşmiş olmuşdur. Bu vəziyyətlə əlaqədar o, heç bir yerə şikayət etməmiş, 2019-cu ilin sentyabr-oktyabr aylarında mənzilinin təmirini öz vəsaiti hesabına etmiş və qonşuluq münasibətini nəzərə alaraq o mənzilin sahibindən dəymiş zərərlə bağli heç bir ödəniş tələb etməmişdir. Lakin 56-cı mənzildən su axıdılması halları bitməmiş, 2021-ci ilin fevral ayından indiyədək onun mənzilinə 4 dəfə su axıdılmışdır. Sonuncu dəfə bu hadisə may ayından başlamış və artıq 4 həftədən çoxdur ki, arasıkəsilmədən davam edir. Mənzilin sahibi bütün edilən müraciətlərə, telefon zənglərinə məhəl qoymur, telefonda onunla çox aqressiv, kobud, yüksək tonda, hətta bağıraraq danışır, deyilən sözləri sonuna qədər dinləməyərək telefonu söndürür. Ona su axma faktını, gəlib mənzilə baxmağı, təmir etməyi dedikdə kobud şəkildə bura gəlməyəcəyini bildirmişdir. Hal-hazırda dəhlizin tavanında böyük ləkə əmələ gəlmiş və suyun dayanmadan axması nəticəsində bu ləkə getdikcə daha da artır. Bununla da ona dəyən maddi ziyanın həcmi günü-gündən artır və 2019-cu ildə edilmiş təmir yararsız vəziyyətə düşür. Bu vəziyyət barədə onun tərəfindən 102 qaynar xəttinə telefonla, Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə və 114 saylı MKİS-ə ərizə ilə müraciət edilmişdir. 01.06.2021-ci il tarixdə 114 saylı MKİS-in əməkdaşları tərəfindən onun mənzilinə baxış keçirilib və akt tərtib edilib. Aktda onun mənzilinin tavanının yararsız vəziyyətə düşdüyü təsdiq edilir. Su ayaqyolunda lambirin üzərinə düşərək dəhlizə və vanna otağına keçir. Lambirin və dəhlizdəki alçipanın üstündə elektrik naqillərinin olmasını, kondisionerin elektrik xətlərinin keçdiyi divarin da su axma nəticəsində islanması nəzərə alınsa, bu vəziyyət hər zaman qısaqapanma və yanğın təhlükəsi, eləcə də, evdə ahıl qadının və 2 nəfər həddi buluğa çatmayan uşağın olması ilə əlaqədar ölüm təhlükəsinin də olmasını qaçılmaz edir. Suyun dayanmadan axması mənzilin sakinlərinin emosional psixoloji vəziyyətinə ciddi təsir göstərir. Axan suyun mənzildə daha böyük əraziyə yayılması və aşağıdakı qonşuya keçmə təhlükəsinin olması və bunun qarşısının alınması məqsədilə daim nəzarət edilməsi məcburiyyəti yaranır ki, bu da gecələr yuxusuz qalmaqla nəticələnir. Bu vəziyyət də mənzildə yaşayan gipertoniya xəstəsi olan yaşlı anasının əsəbi vəziyyətə düşməsi, qan təzyiqinin yüksəlməsi və dəfələrlə həkimə müraciət etməsinə gətirib çıxarmışdır. Həmçinin axan suyun mənbəyinin məlum olmaması, təmiz və ya çirkab su olmasının bilinməməsi faktı vəziyyəti bir az da çətinləşdirir, ümumiyyətlə mənzildə və əsasən də ayaqyolu və vanna otağında qeyri-sağlam sanitar vəziyyət yaradır, mənzildən rütubət qoxusunun gəlməsinə yol açır. Yuxarıda deyilənlərə əsasən hesab edir ki, mənzilinə su axıdılması nəticəsində Cavabdeh tərəfindən ona maddi və mənəvi ziyan vurulmuşdur. Qeyd etmək istəyir ki, Cavabdeh və onun ailə üzvlərindən heç kim indiyədək gəlib vurulmuş ziyanla tanış olmamışlar. Göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddia tələbini qismən ekspert rəyi ilə müəyyən olunmuş məbləgdə qəbul edərək, qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 114 saylı MKİS-in 259 nömrəli, 02.06.2021-ci il tarixli arayışından İddiaçı Bakı şəhəri, Nərimanov rayona, X4 küçəsi, ev 32, mənzil 53-də yaşayır və qeydiyyatdadır. 114 saylı MKİS-in 01.06.2021-ci il tarixli aktınan görünür ki, aktı tərtib edənlər X4 küçəsi, ev 32, mənzil 53-də yaşayan vətəndaş İddiaçı ərizə lə müraciət edərək mənzil 56-da yaşayan qonşusu Cavabdeh tərəfindən mütəmadi olaraq onun mənzilinə su axıtdığını bildirmişdir. Həmin ünvanda 53-cü mənzilə baxış keçirilmişdir. Baxış zamanı aşkar olunmuşdur ki, həqiqətən mənzil 56-dan mənzil 53-ün tualet-hamam otağına otağına su axmışdır. Bunun nəticəsində dəlizin tavanında sarı ləkə mövcuddur. 56 saylı mənzilin qapısı tərəflərindən döyülmüş, mənzildən cavab verən olmuş, lakin qapını açan olmamışdır. Onun nəzərinə mənzildən aşağı mərtəbəyə su axdığı çatdırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayona, X4 küçəsi, 32 nömrəli evin, 53 nömrəli mənzili İddiaçı mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ÖM seriyalı 164693 nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayona, X4 küçəsi, 32 nömrəli evin, 56 nömrəli mənzili Cavabdeh oglunun mülkiyyətindədir; İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/4006 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 56 saylı mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyini, 53 saylı mənzilin dəhliz tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayona, X4 küçəsi, ev 32, mənzil 53-ə həmin mənzilin üst mərtəbəsində yerləşən 56 saylı mənzildən su axıdıldığı və nəticədə mənzilin dəhliz tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nərimanov rayona, X4 küçəsi, ev 32, mənzil 53-ə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətinə uyğun dəyəri təqribən 171,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən işdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəy əsas götürülməklə maddi zərər 171 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 3000 manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X1rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin əməllərində mülki hüquq pozuntuları, deliktlər nəticəsində, iddiaçı şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəli-əlaqə də aşkar edilməmişdir. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, Cavabdeh mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasını əsassız hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 171 (bir yüz yetmiş bir) manat dəymiş maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar