Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-343/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdı̇ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “RİSUS GROUP" MMC və Cavabdeh2 3550 (üç min beş yüz əlli manat) manat, mənəvi ziyan olaraq 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu olan 62 (altmış iki) manat cəmi 4112 (dörd min yüz on iki) manat pul məbləğinin müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzildə təmir-tikinti işlərinin aparılması məqsədilə 05 avqust 2020-ci il tarixində təmir-tikinti müqaviləsi bağlamışdır. Müqavilənin ümumi dəyəri olan 18500 manat pul məbləğini tam şəkildə iş üzrə Cavabdeh1 MMC-yə ödəmişdir. 05 avqust 2020-ci il tarixli təmir-tikinli müqaviləsinin 3.1-ci maddəsinə əsasən təmir-tikinti işləri ümumilikdə 57 günə tamamlanmalı idi. Lakin hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 MMC və onun qanuni təmsilçisi (evni zamanda icraçı direktor) Cavabdeh2 ünvan 1 ünvanında təmir-tikinti işlərini bu günə qədər tam yekunlaşdırmamışdır. Belə ki, bu barədə aidiyyatı rayon polis idarəsinə müraciət etmişdir. Müraciət araşdırıldıqdan sonra 30 sentyabr 2021ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda hazırki iş üzrə Cavabdeh2 izahatı: “RİSUS GROUP" MMC vətəndaş X4 ilə xx.xx.2020-ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, M. Araz küçəsi ev 7. mənzil 54-ü (4-cü köndələn küçəsi ev 7, mənzil 54) təmir etmək məqsədilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən şirkət 18500 manat müqabilində 57 gün ərzində mənzili təmir edib ona təhvil verməli idi. Həmin mənzil 4 ay ərzində tam təmir edilərək təhvil verilmişdir. Mənzildə aparılan təmir zamanı X5 və oğlu X6 təmir üçün nəzərdə tutulmuş bəzi avadanlıqları dükandan almaq üçün ona müraciət etmişdilər. Cavabdeh2 əlində pul vəsaitinin olmadığını bir neçə müddətdən sonra həmin avadanlıqları alıb quraşdıracağını demişdir. Lakin onlar həmin avadanlıqları öz hesabına alaraq mənzilə gətirmişlər. Sonradan İddiaçı və X6 aldıqları avadanlıq üçün ondan əlavə pul istəmişdilər. O isə buna razılıq verməmiş və bu səbəbdən aralarında narazılıqlar yaranmışdır. Bu səbəbdən İddiaçı maddi və mənəvi zərər tələbinə dair Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh2 iki dəfə məhkəmə iclaslarına getsə də qarşı tərəfdən iclaslara gələn olmamışdır. Cavabdeh2 izahatında İddiaçı cəmi 2000 (iki min) manat borclu olduğunu həmin məbləğdən 500 manat, xx.xx.2021-ci il tarixdə pulun digər hissəsini isə növbəti 2 ay ərzində ona qaytaracağını bildirmişdir. 05 avqust 2020-ci il tarixli təmir-tikinti müqaviləsinin aşağıda göstərilən müddəaları üzrə cavabdehlərin üzərinə götürdüyü və eyni zamanda yerinə yetirilməmiş öhdəliklər müəyyən olunmuşdur: 2.5.4 Su isitmə sisteminin ikili olaraq aksessuarları ilə birlikdə quraşdırılması: 2.5.11. Mənzilin divarlarının divar kağızlarının vurulması üçün malyar işlərinin görülməsi; 2.5.14. Hamam otağında aksessuarların alınaraq quraşdırılması; 2.5.27. Nəzərdə tutulan mənzilin damında su çəninin de-montajı. Müraciəti əsasında qəbul edilən 30 sentyabr 2021ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Cavabdeh2 ona 2000 (iki min) manat borcunun olduğunu bildirmişdir. Belə ki, yuxarıda göstərilən və müqavilədə nəzərdə tutulmuş su isitmə sisteminin ikili olaraq aksessuarları ilə birlikdə quraşdırılması və mənzilin divarlarının divar kağızlarının vurulması üçün malyar işlərinin görülməsi müqabilində ondan 2400 (iki min dörd yüz) manat pul almışdır. Lakin Cavabdeh2 izahatında müqavilənin digər iki maddəsində nəzərdə tutulan hamam otağında aksessuarların alınaraq quraşdırılması və nəzərdə tutulan mənzilin damında su çənini de-montajı işlərini yerinə yetirmədiyini etiraf etməmişdir. Belə ki, məhkəmə icraatı dövründə Bakı şəhəri Yasamal rayonu, M.Araz küçəsi ev 7, mənzil 54-ə baxış keçirməklə və ya ekspertiza təyin etməklə iş üzrə Cavabdeh2 müqavilə öhdəliklərini yerinə yetirməməsini müəvvən etmək mümkündür. Yuxarıda nəzərdə tutulan öhdəliklər cavabdehlər tərəfindən yerinə yetirilmədiyi üçün məcburiyyət qarşısında qalaraq, təmir-tikinti işlərini özü yaxın günlərdə yekunlaşdırmışdır. Təmir-tikinti işləri zamanı aşağıda göstərilən xərcləri çəkmişdir. Mənzilin divarlarının divar kağızlarının vurulması üçün malyar işlərinin görülməsi 1000 (bir min) manat: Nəzərdə tutulan mənzilin damında su çənini de-montajı 150 (yüz əlli) manat. İşin faktiki hallarından göründüyü kimi, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 MMC və icraçı direktoru Cavabdeh2 üzərlərinə götürdüyü öhdəliklər tam şəkildə yerinə yetirilməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə məlumat versə də onlar müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmış, habelə tərəfindən çəkilən xərcləri ona ödəməmişlər. Həmin öhdəlikləri məcburiyyət qarşısında qalaraq öz üzərinə götürmüş və təmir-tikinti işlərini tam şəkildə yekunlaşdırmışdır. Aşağıda göstərilənlərə əsasən cavabdehlər "xxxx" MMC və icraçı direktoru Cavabdeh2 müqavilə öhdəlikləri üzrə tərəfindən çəkilən xərc olan 3550 (üç min beş yüz əlli manat) manat və mənəvi ziyan olaraq 500 (beş yüz) manat, cəmi 4050 (dörd min əlli) manat pulun müştərək qaydada tutularaq, ona ödənilməsi zəruridir. İşin faktiki hallarından göründüyü kimi hazırki iş üzrə cavabdehlər "xxxx" MMC və icraçı direktoru Cavabdeh2 üzərlərinə götürdüyü öhdəliklərin tam şəkildə yerinə yelirilməməsi nəticəsində o, maddi zərərlə üzləşmişdir. Maddi zərərin qarşılanmasının zəruri olduğunu cavabdehlərə dəfələrlə bildirsə də heç bir nəticə hasil edilməmişdir. Əvəzində əsəb və streslərlə üzləşmiş, bu isə mənəvi zərər almağı ilə nəticələnmişdir. Buna görə də ona dəymiş mənəvi zərər olaraq, 1000 (min) manat pul məbləğinin cavabdehlərdən alınaraq, ona ödənilməsi zəruridir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Podratçı”- Cavabdeh1 MMC ilə “sifarişçi”- İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli Təmir Tikinti Müqaviləsindən görünür ki, bu müqavilə üzrə “sifarişçi”nin istiyinə uyğun olaraq “podratçı” “sifarişçi”yə məxsus Bakı şəhəri, 4-cü Köndələn küçəsi, mənzil 54-də təmir-tikinti işləri aparmağı öhdəsinə götürmüşdür. Müqavilə 50 gün +7 gün müddətinə bağlanmışdır (3.1-ci b). Müqavilə üzrə görüləcək işlərin dəyəri “sifarişçi” və “podratçı” arasında olan razılığa əsasən 18500 manata dəyərləndirilmişdir (3.2-ci b). İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh2dur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınnış Bakı şəhəri Nizami rayonu, Q Qarayev küçəsi, ev 24/7 mənzil 51-də yaşayan xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 bildirmişdir ki, Cavabdeh1 MMC vət İddiaçı ilə xx.xx.2021-ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Araz küçəsi, ev 7, mənzil 54-dü (4-cü Köndələn küçəsi ev 7 mənzil 54) təmir etmək məqsədi ilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən şirkət 18500 AZN müqabilində 57 gün ərzində mənzilini təmir edib ona təhvil verməli idi. Həmin mənzil dörd ay ərzində tam təmir edilərək təhvil verilmişdir. Mənzildə aparılan təmir zamanı İddiaçı və oğlu X6 təmir üçün nəzərdə tutulmuş bəzi avadanlıqları dükandan almaq üçün ona müraciət etmişdir Cavabdeh2 əlində pul vəsaitin olmadığını bir neçə müddətdən sonra həmin avadanlıqları alıb quraşdıracağını demişdir. Lakin onlar həmin avadanlıqları öz hesabına alaraq mənzilə gətirmişdilər. Sonradan İddiaçı və oğlu X6 aldıqları avadanlıqlar üçün ondan əlavə pul istəmişdilər. O isə buna razılıq verməmiş və bu səbəbdən aralarında narazılıqlar yaranmışdır. Bu səbəbdən İddiaçı maddi və mənəvi zərər tələbinə dair Nərimanov Rayon Məhkəməsinə iddia ərzəsi ilə müraciət etmişdir. Cavabdeh2 iki dəfə məhkəmənin iclaslarına getsə də qarşı tərəfdən iclaslara gələn olmamışdır. Cavabdeh2 izahatında İddiaçı cəmi 2000 manat borcdu olduğunu, həmin məbləğdən 500 AZN xx.xx.2021-ci il tarixdə pulun digər hissəni isə növbəti iki ay ərzində ona qaytaracağını bildirmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3596/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022-ci il tarixli 10/6729 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, M.Araz küçəsində yerləşən 7 saylı evin 54 saylı mənzili üzrə aparılmış (yarımçıq) təmir işlərinin ümumi dəyəri 15837,0 manat məbləğində müəyyən edilmişdir. 2-ci, 3-cü və 4-cü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tədqiq olunan mənzil üzrə görülməmiş işlərin, həmçinin tam olarac təmiri üçün, eləcə də divar kağızlarının vurulması, hamam aksesuarlarının quraşdırılması üçün lazım olan təmir-tikinti xərclərinin ümumi dəyəri təqribən 2663,0 manat məbləğində müəyyən edilmişdir. Mülki işin hər iki tərəf üçün mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 MMCnin rəhbəri Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə təmir tikinti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 MMC Bakı şəhəri, 4-cü Köndələn küçəsi, mənzil 54-də təmir-tikinti işləri aparmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə görülməli işlərin dəyəri və ümumilikdə podratçıya verilməli haqq 18500 manat razılaşdırılmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 MMC ilə aralarında bağlanmış müqavilə üzrə mübahisə yarandığını, cavabdeh tərəfindən təmir-tikinti işlərinin tam yekunlaşdırılmadığı və dəyəri əvvəlcədən podratçıya ödənilmiş işlərin onun tərəfindən icra edilməməsinə görə əlavə xərclər çəkdiyini bildirmişdir. Bu səbəbdən məhkəmədən cavabdehlər “RİSUS GROUP" MMC və Cavabdeh2 maddi ziyan olaraq 3550 (üç min beş yüz əlli manat) manat, mənəvi ziyan olaraq 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu olan 62 (altmış iki) manat, cəmi 4112 (dörd min yüz on iki) manat pul məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə 3550 manat məbləğində pulun cavabdehlərdən tutulmasına dair mübahisəyə münasibət bildirməyi zəruri hesab edir: Belə ki, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarının məzmunundan müəyyən edilmişdir ki, araşdırma zamanı izahatı alnmış Cavabdeh2 izahatında İddiaçı cəmi 2000 manat borcdu olduğunu, həmin məbləğdən 500 AZN məbləğində pulun xx.xx.2021-ci il tarixdə, digər hissəni isə növbəti iki ay ərzində ona qaytaracağını bildirmişdir. Məhkəmə Cavabdeh2 yuxarıda qeyd edilən izahatını tərəflər arasında maddi mübahisənin real mövcudluğu kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə qeyd edilən məbləğin əsaslı olaraq qaytarılıb-qaytarılmamasını müəyyən etmək üçün mülki hüquq münasibətlərindən irəli gələn aşağıdakı qanunvericilik normalarını qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki işin araşdırılması zamanı məhkəmə tərəfindən podratçı tərəfindən müqavilə üzrə icra edilməmiş yarımçıq qalmış təmir işlərinin dəyərinin çüəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022-ci il tarixli 10/6729 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiq olunan mənzil üç otaqdan və dəhliz, sanitar qovşağı, mətbəx, eyvan kimi istifadə olunan yardımçı tikililərdən ibarətdir. Tədqiq olunan mənzildə yerinə yetirilən təmir işlərinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli Təmir-Tikinti Müqaviləsində qeyd olunanlarla tədqiq olunan mənzilin faktiki vəziyyəti müqayisə edilərkən, mənzildə aparılmış təmir işlərinin normal vəziyyətdə olduğu, lakin müqavilənin 2.5.12, 2.5.14. və 2.5.27. bəndlərində göstərilən işlərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Belə ki, mənzilin tikililərində divarlara divar kağızları vurulmamış, sanitar qovşağında aksesuarlar quraşdırılmamış, binanın damında yerləşən su çəni təmir edilməmişdir. Ümumilikdə tədqiq olunan mənzil üzrə görülməmiş işlərin, həmçinin tam olaraq təmiri üçün, eləcə də divar kağızlarının vurulması, hamam aksesuarlarının quraşdırılması üçün lazım olan təmir-tikinti xərclərinin ümumi dəyəri təqribən 2663,0 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam həcmdə icra etməmiş, bununla da iddiaçıya maddi zərər vurmuşdur. Məhkəmə iddiaçıya dəymiş zərərin ekspert rəyi ilə müəyyən edilmiş hissədə təmin edilməsi qənaətinə gəlir. Qalan hissədə maddi zərər tələbini əsassız hesab edir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının dəymiş maddi zərər tələbinin qismən təmin olunması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X9 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Hazırki iş üzrə məhkəmə hesab edir ki, 62 (altmış iki) manat məbləğində dövlət rüsumunun və 150 (bir yüz əlli) manat ekspertiza xərcinin ödənilməsi öhdəliyi cavabdehlər “RİSUS GROUP" MMC və Cavabdeh2 üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər “RİSUS GROUP" MMC və Cavabdeh2 2663 (iki min altı yüz atmış üç) manat məbləğində maddi zərər və dövlət rüsumuna görə ödənilmiş 62 (altmış iki) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdehlər “RİSUS GROUP" MMC və Cavabdeh2 tutulub “X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-343/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-343/2022
13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver