Məhkəmə qərarları › İş №2(005)-3457/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3457/2021

11.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3457/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlığına vurulmuş zərərlə bağlı həkimlərə xərclənmiş və hazırda əməliyyata tələb olunan 3000 (üç min) manat dəyərində pul, əldən çıxış faydaya görə (işdən kənarlaşdığına görə) 5000 (beş min) manat dəyərində pul məbləği və 50000 (əlli min) manat dəyərində mənəvi zərərin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, təqsirləndirilən Cavabdeh Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə hökmü və AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 806 nömrəli 07.12.2020-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı almış olduğu xəsarətlər sağ əlin lV barmağının orta falanqasının yerdəyişən sınığı küt əşyanın təsirindən törənib, müddəti 28.11.2020ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid hesab edilmişdir. Bununla da, cinayət yolu ilə sağlamlığıma zərər vurulmuş, müayinə və müalicələrini üçün 1000 manat hələlik xərci çıxmışdır. Lakin həkimlər barmağının müalicə olunması (hazırda qatlanmır) üçün əməliyyat olunmağını tövsiyyə edirlər. Əməliyyat xərci isə 2000 manat təşkil edir. Barmağının sındırılması onu işindən kənarlaşmağına yəni qazanc əldə etməyinə mane olmuş əlavə onu da qeyd edir ki, o, mənəvi sarsıntı və iztirab keçirilməyi onu çox acınacaqlı vəziyyətinə gətirib çıxarmışdır. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəh olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fikizi əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq dəymiş mənəvi zərəri 50000 (əlli min) manat dəyərində qiymətləndirir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, barəsində çıxarılmış hökmlə razı olmamasını, o cavabdehə xəsarət yetirməməsini bildirdi. Bu səbəbdən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-164/2021 saylı, 29.04.2021-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Cavabdeh üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən Cavabdeh hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməsi qərara alınmışdır. "xxxx" MMC-nin 10.08.2021-ci il tarixli, 621 №-li arayışından görünür ki, 1982-ci il təvəllüdlü İddiaçı X12 klinikasında Sağ əlin İV barmağının distal falanqasının postravmatik deformasiyası, kontrakturası diaqnozu ilə travmatoloq müayinəsində olmuşdur. Xəstəyə soləlin İV barmağının kooeksiyaedici osteotomiyası, osteosintez əməliyyatı planlaşdırılır. əməliyyatın məbləği 2000 manatdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Cavabdeh təqsirli əməlləri nəticəsində İddiaçı sağlamlığına zərər dəymiş, nəticədə təqsirləndirilən Cavabdeh Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 806 nömrəli 07.12.2020-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı almış olduğu xəsarətlər sağ əlin lV barmağının orta falanqasının yerdəyişən sınığı küt əşyanın təsirindən törənib, müddəti 28.11.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid hesab edilmişdir. Bu səbəbdən İddiaçı xərclədiyi müalicə pulu kimi 1000 manatın və gələcəkdə əməliyyat üçün xərcləyəcəyi 2000 manat pulun, bundan əlavə sağamlığına dəymiş zərərlə bağlı işini itirdiyinə görə 5000 manat pulun və mənəvi zərərə görə 50000 manat məbləğində pulun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qеyd еdir ki, iddiа tələbinin qаnuni əsаsını mülki qаnunvеriciliyin mülki hüquq pоzuntusu ilə bаğlı müddəаlаrı təşkil еdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir; 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, iddia tələbi maddi zərərlə bağlı hissədə sübuta yetirilməmişdir. Belə ki iddiaçı ilkin müayinə üçün iddia etdiyi 1000 manata dair hər hansı bir ödəniş qəbzi və ya ödənişi təsdiq edən digər sənəd məhkəməyə təqdim etməmişdir. Bundan əlavə əməliyyat üçü tələb etdiyi 2000 manat pula gəldikdə isə məhkəmə qeyd edilən məsələyə dair yalnız əməliyyat icra edildikdən sonra əməliyyat xərclərinin tələb edilə biləcəyi qənaətindədir. Bundan başqa İddiaçı deliktlərin nəticəsi olaraq keçirdiyi mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdeh şəxsdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olubolmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X3rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Cinayət hadisəsinin baş verməsi nəticəsində İddiaçı sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Belə ki, cavabdehin təqsirli əməlləri nəticəsində onun sağlamlığına dəymiş zərər sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. Belə ki iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-164/2021 saylı, 29.04.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, AR Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5 X11 806 nömrəli 07.12.2020-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı almış olduğu xəsarətlər sağ əlin lV barmağının orta falanqasının yerdəyişən sınığı küt əşyanın təsirindən törənib, müddəti 28.11.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, Cavabdeh mənəvi ziyana görə 300 (üç yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasını əsaslı və ədalətli hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh mənəvi ziyana görə 300 (üç yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat mənəvi zərər tutulub iddiaçı İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar