Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3497/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 921 (doqquz yüz iyirmi bir) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx" ASC-də xx xxxx 2017-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-2109” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxx 2018-ci il tarixdə Samux rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan “VAZ-21074” markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmiş, bundan başqa yol kənarında olan Böyük X5 üçün ucaldılmış abidə önünə çəkilmiş hasara zərər dəymişdir. Samux RPŞ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkmişin avtomobilinin zədələnməsi və hasara dəymiş zərərlə əlaqədar olaraq cəmi 921 manat məbləğində sığorta ödənişi verilmişdir. “VAZ-2109” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olduğundan zərərin əvəzi müştərək qaydada onunla birlikdə Cavabdeh2 tutulmalıdır. Məhkəmə iclasında iştirak etmiş “xxxx” ASC-nin nümayəndəsi X12 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İcbari Sığorta Müqaviləsinə dair Məlumatın surətindən görünür ki, Sığortalı X4 məxsus “VAZ-2109” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomaşın “xxxx” ASC tərəfindən xx xxxx 2017-ci il tarixdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. İş materiallarında olan Samux RPŞ-nin İstintaq Qrupunun müstəntiqi, polis baş-leytenantı Mehdiyev İslam Böyükağa oğlu tərəfindən xx xxx 2018-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, xx xxxxx 2018-ci il tarixdə saat 18:00 radələrində Cavabdeh2 idarə etdiyi “VAZ-2109” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Yol hərəkəti haqqında Qanunun tələblərini pozmuş X2 idarə etdiyi “VAZ 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X1 məxsus olan “VAZ 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə və Samux rayonu, Lək kəndində yerləşən Böyük X5 üçün ucaldılmış abidə önünə çəkilmiş hasara zərər dəymişdir. Həmçinin, müəyyən olunmuşdur ki, Cavabdeh2 sürücülük vəsiqəsi olmadığı üçün “VAZ-2109” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 baş etibarnamə almış və avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxxxx 2004cü il tarixdə verilmiş AA seriyalı 599375 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-2109” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur. İş materiallarında olan ƏN-V№ 892935 seriya və nömrəli Baş Etibarnamənin surətindən görünür ki, Cavabdeh1 özünə məxsus olan “VAZ-2109” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 il müddətinə Cavabdeh2 etibar etmişdir. İş materiallarında olan Gəncə RQİ və TBŞ tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AC seriyalı 890966 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 məxsusdur. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli PGU-181239 nömrəli sığorta aktından görünür ki, sürücüsü X7 olan “VAZ2109” minik markalı 10LH854 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Samux rayonu, Lək kəndi ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Samux Rayon İcra Hakimiyyətinə məxsus dəmir məhəccərlə toqquşmuş və nəticədə icra hakimiyyətinə 200 manat məbləğində ziyan vurmuşdur. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli PGU-181193 nömrəli sığorta aktından görünür ki, sürücüsü X7 olan “VAZ2109” minik markalı 10LH854 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Samux rayonu, Lək kəndi ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “VAZ-21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə 721 manat məbləğində ziyan vurmuşdur. İş materiallarında olan “xxxx” ASC tərəfindən xx xxxx 2018-ci il tarixdə tərtib edilmiş Dəymiş zərərin hesablanmasına dair Aktın surətindən görünür ki, **-BF-*** dövlət nömrə nişanlı, “VAZ- 21074” markalı avtomobilə ümumilikdə 721 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən xx xxxx 2018-ci il tarixdə tərtib edilmiş Dəymiş zərərin hesablanmasına dair Aktın surətindən görünür ki, Samux rayonu, Lək kəndində yerləşən Böyük X5 üçün ucaldılmış abidə önünə çəkilmiş hasara ümumilikdə 200 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli 02427 nömrəli Ödəniş Tapşırığının surətindən görünür ki, “xxxx” ASC tərəfindən 200 manat məbləğində vəsait X3 ödənilmişdir. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli Ödəniş Tapşırığının surətindən görünür ki, “xxxx” ASC tərəfindən 721 manat məbləğində vəsait X3 ödənilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, “xxxx” ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu, 0,4 manat məbləğində xidmət haqqı, cəmi 30,4 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx" ASC tərəfindən xx xxxx 2017-ci il tarixdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-2109” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxx 2018-ci il tarixdə Samux rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan “VAZ-21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmiş, bundan başqa yol kənarında olan Böyük X5 üçün ucaldılmış abidə önünə çəkilmiş hasara zərər dəymişdir. Hadisədə Cavabdeh2 təqsirkar olması Samux RPŞ-nin qərarı ilə təsdiqlənmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 “VAZ-21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadığından idarə etmişdir. Zərərçəkmişin avtomobilinin zədələnməsi və hasara dəymiş zərərlə əlaqədar olaraq cəmi 921 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 avtomobili idarə edərək təqsirli olduğu yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9 və Samux Rayon İcra Hakimiyyətinə maddi zərər vurduğundan və həmin zərər X7 ilə bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçı “xxxx” ASC tərəfindən ödənilərək verilmiş sığorta ödənişi həcmində tələb sonuncuya keçdiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “...məbləğin Cavabdeh1 müştərək qaydada tutulması” hissəsini araşdıraraq belə qənaətə gəlir ki, “VAZ-2109” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olduğundan və idarə etmək hüququ olmayan şəxsə nəqliyyat vasitəsini idarə etmək üçün verdiyinə görə Cavabdeh1 yüksək təhlükə mənbəyinin sahibi kimi məsuliyyət daşıyır. Ona görə də zərərin əvəzi müştərək qaydada onunla birlikdə Cavabdeh2 tutulmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və/və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı “xxxx” ASC-nin iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat və 0,4 manat xidmət haqqı da cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 921 (doqquz yüz iyirmi bir) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3497/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3497/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver