Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3506/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində vurulmuş 15700 manat məbləğində maddi ziyanın, 8000 manat məbləğində mənəvi zərərin əvəzinin və 162 manat rüsumun Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh tərəfindən aldadılmışdır. İfadəsində də qeyd etmişdir ki, Cavabdeh öz tanışları vasitəsilə onları Almaniya FR-ə yollaya biləcəyini və başqa şəxslər də istəsə onlara da viza təşkil edə biləcəyini bildirmişdir. İttiham aktından da görünür ki, 12 sentyabr 2019-cu il tarixdə Cavabdeh 15700 manat pulun alınması ilə bağlı “X10 Nağıyev Murad, Məmmədova Vüsalə, Nağıyev Elay (uşaq), Nağıyev Rəhim (uşaq) Almaniya səfəri məqsədi ilə 15700 manat almışam və bu pulun müqabilində onları bu səfərə yola salacağıma söz verirəm” məzmunlu mətn yazaraq 12 sentyabr 2019-cu il tarixini qeyd edib imza etməklə təqdim etmişdir. Həmçinin iş materiallarından da görünür ki, Cavabdeh qanunsuz fəaliyyəti nəticəsində ona 15700 manat məbləğində ziyan dəymişdir. Həmçinin Cavabdeh təqsirli hərəkətləri nəticəsində ona 8000 manat məbləğində mənəvi zərər vurulmuşdur. İş materiallarında olan sübutlar, cinayət işi üzrə sənədlər, o cümlədən təqsirləndirilən şəxsin həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı ona vurduğu ziyanla bağlı verdiyi etirafedici ifadəsi mülki iddianın təmin olunması üçün ciddi əsaslar yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdehə viza təşkil etməsi qarşılığında 15700 manat pul ödəmişdur. Bu məsələ ilə əlaqədar Ağır Cinayətlər Məhkəməsinin hökmü və Apellyasiya Məhkəməsinin qərarı vardır. Cinayət işi üzrə o və digər şəxslər zərərçəkmiş şəxs kimi tanınmışlar. Pul cavabdehə 8000 və 6000 manat olmaqla verilmişdir. Murad da ayrılıqda bilet pulu olaraq, 1500 manat pul vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X3 bildirmişdir ki, onun iddiaçıya 6000-7000 manat civarında borcu qalmışdır. O həbsdə olan zaman iddiaçıya pul ödənilmişdir. Səfərəliyev Əziz və Allahverdi onun tanışları olmuşdur. Həmin şəxslər onun aldığı pula görə iddiaçıya 2 dəfə ödəniş etmişdir. Təqsirli olduğunu etiraf edir. Qalan borcu da ödəyəcəkdir. Hazırda həbsxanada işləyir. Maddi zərəri ödəməyə razı olsa da, mənəvi zərəri ödəməyə imkanı çatmır. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-71/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1., 313., 320.1, 32.3, 312, 29,318-1.2.1., 29,318-1.2.2., 29,318-1.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş, ona CM-in 178.3.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası, CM-in 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 29,318-1.2.1, 29,318-1.2.2 və 29,318-1.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı CM-in 313 və 320.1-ci maddələri ona cəza təyin edilməmişdir. Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə və əsas cəzaya əlavə cəzanı birləşdirməklə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən Nəsimi rayon məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilən cəzaya Nəsimi rayon məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Nəsimi rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 3.000 (üç min) manat cərimə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3.000 (üç min) manat cərimə cəzası təyin edilmişdir. Cərimə cəzasının müstəqil icra edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 21 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir; Həmçinin məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, Murad Nağıyev və arvadı Vüsalə Məmmədovanın rəsmi iş yerlərinin olmasına və yaxşı maddi təminatlarının olmasına dair fikir formalaşdırmaqdan ötrü aralarında olan razılaşmaya əsasən dəstənin digər üzvü X1 vasitəsi ilə mütəşəkkil dəstənin istintaqa məlum olmayan digər üzvləri tərəfindən istintaqa məlum olmayan məkanda və şəraitdə bank hesabından çıxarış, iş yerindən arayış, hüquq verən digər zəruri rəsmi saxta sənədlər 2019-cu ilin sentyabr ayının əvvəllərində bilə-bilə qanunsuz hazırlandıqdan sonra həmin saxta sənədləri Murad Nağıyevə şəxsiyyəti istintaqla araşdırılan şəxsin vasitəsi ilə çatdırılmış, ümumi göstərişləri əsasında həmin saxta sənədləri Murad Nağıyev 2019-cu ilin sentyabr və oktyabr aylarında iki dəfə Almaniya FR-nın ünvan 1 ünvanda yerləşən (İSR Plaza) Azərbaycan Respublikasındakı səfirliyinə təqdim etdikdə Murad Nağıyevin və ailə üzvlərinin adlarına həmin səfirlikdən viza verilməsindən imtina olunduğundan onların Azərbaycan Respublikasından qanunsuz getmələrini nəzərdə tutan cinayəti özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, həqiqi cinayətkar məqsədini pərdələmək, görüntü yaratmaq üçün sonuncu dəfə 1300 manat və ümumilikdə 15800 manat ödənişin təhvil almasına dair iki mətn yazmaqla pulun sahibi İddiaçı verməsi üçün Murad Nağıyevə təqdim edib, sonradan Murad Nağıyev və ailə üzvlərinin adlarına yalnız sifariş verib rezerv etdiyi, ödənişi keçirilməmiş, printer vasitəsilə çap edərək tərtib etdiyi Almaniya FR-na gedişlə bağlı aviabiletlərdən məlumat xarakterli elektron çıxarışları təqdim etməklə həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə edərək mütəşəkkil dəstə tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə, xeyli miqdarda ziyan vurmaqla özgənin, yəni İddiaçı vahid niyyətlə 15800 (on beş min səkkiz yüz) manat məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Murad Nağıyev və ailə üzvlərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində özü və dəstə üzvləri üçün birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə İddiaçı mütəşəkkil dəstə halında təkrarən təhrik etmiş, təkrarən mütəşəkkil dəstə tərəfindən bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və təkrarən bilə-bilə hüquq verən saxta sənəddən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərəfindən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən dörd nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-71/2023 saylı, 19 yanvar 2023-cü il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmişdir. Cavabdeh CM-in 178.3.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası, CM-in 29,318- 1.2.1., 29,318-1.2.2., 29,318-1.2.3-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Cavabdeh 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 67.1-ci maddələrinə əsasən həmin cəza Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2019cu il tarixli hökmü ilə təyin edilmiş 3.000 (üç min) manat cərimə cəzası ilə qismən birləşdirilməklə Cavabdeh qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3.000 (üç min) manat cərimə cəzası təyin edilmişdir; - Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(102)- 628/2024 saylı qərarı ilə məhkum Cavabdeh müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən Cavabdeh İddiaçı yaxınlarına yalan vədlər verməklə, onlara viza ilə bağlı dəstək göstərəcəyini və xaricdə yaşam, təhsil və əmək fəaliyyəti ilə təmin edəcəyini bildirmiş, bunun qarşılığında isə müxtəlif tarixlərdə xeyli miqdarda vəsait əldə etmişdir. Lakin cavabdeh razılığın şərtlərinə əməl etməyərək, heç bir tədbir görməmiş, aldığı pulları isə geri qaytarmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavabdeh dələduzluq etməsi və İddiaçı maddi ziyan vurulması faktı müəyyən edilmişdir. Hazırda iddiaçı mülki qaydada iddia qaldıraraq, dəymiş maddi və mənəvi zərərin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir (bəzi hallar istisna təşkil edir). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Hazırki iş üzrə cavabdehin iddiaçıya münasibətdə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübut olunmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-71/2023 saylı, 19 yanvar 2023-cü il tarixli hökmünə əsasən Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirmiş və AR CM-in 178.3.1, 29,318-1.2.1, 29,318-1.2.1 və 29,318-1.2.3-cü maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinmişdir. Məhkəmə hökmündə İddiaçı vurulmuş maddi ziyanın məbləğinin 15800 manat olması öz əksini tapmışdır. Yəni hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirliliyi təkzibedilməz hallardır və yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Cavabdehin vurduğu zərərə görə istintaq zamanı iddiaçıya pul ödənilməsi isə iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı istintaqda adı keçən iki şəxs tərəfindən ona pul ödənildiyini, lakin bunu onlardan şikayətçi olmamaq müqabilində ödədiklərini bildirmişdir. Göründüyü kimi, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı 15700 manat həcmində zərər vurmaqla Cavabdeh tərəfindən hüquq pozuntusunun törədilməsi və iddiaçının həmin məbləğdə maddi ziyana uğraması məhkəmə hökmü ilə təsdiq edildiyindən, İddiaçı yaxınlarının ölkə xaricində həyat fəaliyyətinə şərait yaradılması üçün ödədiyi 15700 manat pulun cavabdehdən məhkəmə qaydasında geri alınmasını tələb etməkdə haqlıdır və iddia məhkəmə tərəfindən həmin hissədə təmin edilməlidir. İddiaçının mənəvi zərərə görə 8000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının maddi maraqlarına zərər dəyməsi ilə yanaşı, onun ailə üzvlərinin xaricə səfəri və gələcək həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı gözləntilərinin puça çıxması iddiaçının psixoloji gərginlik, narahatlıq, məyusluq və inamsızlıq hissləri keçirməsinə səbəb olmuşdur. Bu baxımdan, iddiaçı baş vermiş hadisə, habelə cinayət təqibi və məhkəmə araşdırmaları dövründə yaşadığı stres və mənəvi sarsıntılarla əlaqədar olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hüquqazidd hərəkətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cavabdehin təqsirinin qəsdən olmasını, iddiaçının uzun müddət qeyri-müəyyənlik şəraitində qalmasını, habelə iş üzrə müəyyən edilmiş digər əhəmiyyətli halları nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 1000 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 15700 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 16700 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 162 manat pulun 114 manatı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 15700 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 16700 (on altı min yeddi yüz) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 162 manat pulun 114 (yüz on dörd) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3506/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3506/2025
09.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver