Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3507/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı “dayanacaq yerinin təhvil verilməsi və mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “dayanacaq yerinin təhvil verilməsi və mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Nərimanov rayonu, K.Kazımzadə küçəsi 802-803 saylı məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş “Rosville” yeni yaşayış massivinin altında nəqliyyat vasitələrinin saxlanılması yerində G-42 saylı dayanacaq yerinin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, bildirirlər ki, iddiaçı ilə “İNKOM" Mənzil Tikinti Kooperativi arasında 20 sentyabr 2017-ci il tarixdə bağlanmış Müqaviləyə əsasən Nərimanov rayonu Kazımzadə küçəsi 802-803 saylı məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş “Rosville" yeni yaşayış massivinin altında nəqliyyat vasitələrinin saxlanılması üçün dayanacaq yeri verilmişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən Satıcı sahəsi 12.5 kv.m olan G-42 nömrəli dayanacaq yerinin ayrılması öhdəliyini götürmüşdür. Müqavilənin 3-cii bəndinə əsasən Qarajın dəyəri 35000 (otuz beş min) manat müəyyən edilmişdir. Qarajın dəyəri tərəfindən tam ödənilmişdir. Lakin həmin vaxtdan bu günə kimi müqavilədə qeyd edilən G-42 saylı Qaraj onun istifadəsinə verilməmişdir. İddiaçıya Müqavilə ilə müəyyən edilən Qarajın əvəzinə başqa bir yer təqdim edilmişdir. Şirkətə şifahi etdiyi Xəbərdarlıq və Pretenziyaların heç bir əhəmiyyəti olmamışdır. Cavabdeh MTK-nın nümayəndəsi 11.08.2021-ci il tarixdə məhkəməyə cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsini təqdim edərək, cavabdeh İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış, Bakı şəhəri, Kazımzadə küçəsi 802-803-cü məhəllədə “Roseville” yeni yaşayış massivinin altında nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan yerdə yerləşən G-42 nömrəli dayanacaq yerinə dair 20 sentyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab olunması və cavabdeh İddiaçı istifadəsində olan dayanacaq yerinin iddiaçı Cavabdeh MTK-ya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 11 avqust 2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi, ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi, 802-803-cü məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş “Roseville” yeni yaşayış massivinin altında nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan yerdə G-42 nömrəli dayanacaq yerinin ona təhvil verilməsi öhdəliyinin "İNKOM” MTK-nın üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsası kimi İddiaçı, onunla Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış 20 sentyabr 2017-ci il tarixli müqaviləyə istinad etmişdir. Həmin müqavilənin şərtlərinə görə, "xxxx" MTK (Satıcı) İddiaçı (Alıcıya) Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi, 802-803-cü məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş "Roseville" yeni yaşayış massivinin altında nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan dayanacaqda sahəsi 12,5 kv.metr olan G- 42 nömrəli dayanacaq yerinin ayrılmasını, Alıcı isə ayrılmış dayanacaq yerinin qiyməti olan 35 000 (otuz beş min) manat məbləğində pul vəsaitini Satıcıya ödənilməsini öhdəsinə götürmüşdür. Hesab edir ki, tərəflər arasında çağlanmış bu müqavilə mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış əqd kimi etibarsızdır. Daha sonra qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış, Bakı şəhəri, Kazımzadə küçəsi 802-803-cü məhəllədə “Roseville” yeni yaşayış massivinin altında nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan yerdə yerləşən G-42 nömrəli dayanacaq yerinə dair 20 sentyabr 2017-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Mənzil - Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Mənzil - Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi, 802-803-cü məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş “Roseville” yeni yaşayış massivinin altında nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan yerdə G-42 nömrəli dayanacaq yerinin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. iddia tələbinin əsası kimi İddiaçı, onunla Cavabdeh Mənzil - Tikinti Kooperativi arasında bağlanmış 20 sentyabr 2017-ci il tarixli müqaviləyə istinad etmişdir. Həmin müqavilənin şərtlərinə görə, Cavabdeh MTK (Satıcı) İddiaçı (Alıcıya) Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi, 802-803cü məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş “Roseville” yeni yaşayış massivinin altında nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan dayanacaqda sahəsi 12,5 kv.metr olan G-42 nömrəli dayanacaq yerinin ayrılmasını, Alıcı isə ayrılmış dayanacaq yerinin qiyməti olan 35 000 (otuz beş min) manat məbləğində pul vəsaitini Satıcıya ödənilməsini öhdəsinə götürmüşdür. Hesab edirik ki, tərəflər arasında bağlanmış bu müqavilə mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış əhəmiyyətsiz əqd olaraq etibarsızdır. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.” Hazırkı mübahisənin tərəfləri arasında bağlanmış müqavilə isə mülki qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri kobud şəkildə pozulmaqla bağlandığına görə əhəmiyyətsiz əqd olaraq etibarsız hesab olunmalıdır. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda ilkin iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, İddiaçı “İNKOM" Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Mənzil - Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi, 802-803-cü məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş “Roseville” yeni yaşayış massivinin altında nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan yerdə G-42 nömrəli dayanacaq yerinin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsası kimi İddiaçı, onunla Cavabdeh Mənzil - Tikinti Kooperativi arasında bağlanmış 20 sentyabr 2017-ci il tarixli müqaviləyə istinad etmişdir. Həmin müqavilənin şərtlərinə görə, Cavabdeh MTK (Satıcı) İddiaçı (Alıcıya) Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi, 802-803-cü məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş “Roseville” yeni yaşayış massivinin altında nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan dayanacaqda sahəsi 12,5 kv.metr olan G-42 nömrəli dayanacaq yerinin ayrılmasını, Alıcı isə ayrılmış dayanacaq yerinin qiyməti olan 35 000 (otuz beş min) manat məbləğində pul vəsaitini Satıcıya ödənilməsini öhdəsinə götürmüşdür.Aşağıda qeyd olunanlara görə hesab edirik ki, iddiaçının bu tələbi tam əsassızdır. İddiaçı ilə cavabdeh arasında 20 sentyabr 2017-ci il tarixində bağlanmış müqavilənin şərtlərinə müvafiq olaraq, “Roseville” yaşayış massivinin altında nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan, o zaman qüvvədə olan tikinti layihəsinə əsasən sıralanmış (nömrələnmiş) dayanacaqda G- 42 nömrəli dayanacaq yeri iddiaçıya ayrılmış və təhvil verilmişdir. Sonradan sakinlərin rahatlığı məqsədilə “Roseville” yaşayış kompleksinin altında nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan dayanacaq yerlərinin sayının artırılması üçün görülmüş yenidənqurma işləri nəticəsində dayanacaq yerlərinin yenidən sıralanmasına (nömrələnməsinə) zərurət yaranmış və bundan sonra İddiaçı istifadəsində və sahibliyində olan dayanacaq yerinin nömrəsi dəyişdirilərək, ona yeni nömrə (G-43) verilmişdir. Daha sonra isə İddiaçı mənafeyi nəzərə alınaraq, ona daha rahat dayanacaq yeri ayrılmışdır. Hazırda iddiaçının ona ayrılmasını tələb etdiyi, yeni sıralanmaya görə nömrəsi G-42 olan (əvvəlki nömrəsi G-40 olmuş) dayanacaq yeri isə “Roseville” yaşayış kompleksinin başqa bir sakininə ayrılmışdır, əvvəldən onun sahibliyində və istifadəsindədir və həmin dayanacaq yerinə dair iddiaçının heç bir hüququ olmayıb və hazırda da mövcud deyil. Bu dayanacaq yerinin ölçüləri də iddiaçı ilə bağlanmış müqavilədəki qeyd olunan dayanacaq yerinin ölçülərindən daha böyükdür. 2. İddia tələbinin əsası kimi İddiaçı istinad etdiyi 20 sentyabr 2017-ci il tarixli müqavilə mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış əhəmiyyətsiz eqd olaraq etibarsızdır. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsiziiyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ile bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.” Göründüyü kimi, daşınmaz əmlak obyektləri barəsində bağlanan müqavilələr üçün qanunverici tərəfindən konkret bir forma müəyyən edilmişdir və yalnız bu formaya riayət edilməklə, yəni notariat qaydasında təsdiqlənməklə bağlanan müqavilələr qanuni və etibarlı hesab oluna bilər. Hazırkı mübahisənin tərəfləri arasında bağlanmış müqavilə isə mülki qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri kobud şəkildə pozulmaqla bağlandığına görə əhəmiyyətsiz əqd olaraq etibarsız hesab olunmalıdır. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş Fatih İsılak bildirmişdir ki, o Türkiyə vətəndaşıdır, Azərbaycan dilini yaxşı bilir və sərbəst danışır. Qeyd edir ki, o təxminən 2015 və 2016-cı illərdə hazırki tikilən binanın arxasında əvvəllər köhnə yaşayış massivində mənzili vardı. O vaxt orada qaraj yerləri tam müəyyən olunmadığı üçün ona yeni blokda müvəqqəti qaraj yeri təyin etmişdilər. Daha sonra “Rose ville” yaşayış kompleksində qaraj almışdır. Yaşayış sahəsi tam tikilib təhvil verilmədiyi üçün müvəqqəti olaraq başqa bir dayanacaqda saxlayırdı. Həmin dayanacaq G bloku adlanan hissədə idi. O müvəqqəti orada saxlayırdı.-Həmin dayanacağın adı G-42 kimi qeyd edilmişdi. Hazırda həmin yaşayış kompleksinin dayanacaqları əvvəlki kimi deyil, bir çox dəyişiklər edilib. Onun həmin vaxt avtomobilini saxladığı dayanacaq küncdə, dibdə yerləşirdi. Həmin dayanacaqda avtomobildən sonra divar yerləşirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, bu tələblərə qarşı edilən əsası kimi cavabdehlərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan 20 sentyabr 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi 802-803 saylı məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş “Roseville” yeni yaşayış massivinin altında nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan dayanacağda bir nəqliyyat vasitəsi üçün ayrılmış dayanacaq yeridir.(1-ci bəndi) Satıcı Alıcıya sahəsi 12.5 kv.m. olan G-42 Nömrəli dayanacaq yerinin ayrılmasını, Alıcı isə ayrılmış dayanacaq yerinin qiymətini bu müqavilədə nəzərdə tutulmuş məbləğdə və qaydada ödənilməsini öhdəsinə götürür. (2-ci bəndi) Alıcı bu Müqavilənin 2-ci maddəsində qeyd edilən qarajın dəyərini 35000 manat olaraq tam ödəyib. (3-cü bəndi) Dayanacaq yeri onun dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyəti sayılır. (5-ci bəndi) İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 02.11.2020-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi 802-803 saylı məhəllə, ev 30G, 271 saylı mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. 08.09.2021-ci il tarixli yerli baxış zamanı müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu Kazımzadə küçəsi 802-803 saylı məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş “Rosville" yeni yaşayış massivinin altında nəqliyyat vasitələrinin saxlanılması üçün dayanacaq yerinə baxış keçirilərkən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 qarajın İddiaçı ilə müqavilə bağlanılan zaman mövcud olmuş plan-sxemini və qarajın hal-hazırkı plan-sxemini təqdim edərək qeyd etdi ki, İddiaçı hal-hazırki sxemdə öz əksini tapan eni 2.55 kv.m uzunluğu 4.50. kvm ümumilikdə 11.475 kvm olan G 43 dayanacağı satılmışdır. Hal-hazırda isə onun istifadəsinə eni 4.55 kv.m, uzunluğu 2.50 kv.m ümumilikdə 11.375 kv.m olan G45 qarajı verilmişdir. Yerli baxış keçirilən zaman müəyyən olundu ki, İddiaçı hal-hazırda tələb etdiyi qaraj eni 3 kv.m, uzunluğu olan 4.50 kv.m ümumilikdə 13.5 kv.m olan G 42 saylı qarajdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ilkin iddia üzrə İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK arasında 20 sentyabr 2017-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi 802-803 saylı məhəllədə bu məqsəd üçün ayrılmış torpaq sahəsində inşa edilmiş “Roseville” yeni yaşayış massivinin altında nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan dayanacağda bir nəqliyyat vasitəsi üçün ayrılmış dayanacaq yeridir.(1-ci bəndi) Satıcı Alıcıya sahəsi 12.5 kv.m. olan G-42 Nömrəli dayanacaq yerinin ayrılmasını, Alıcı isə ayrılmış dayanacaq yerinin qiymətini bu müqavilədə nəzərdə tutulmuş məbləğdə və qaydada ödənilməsini öhdəsinə götürür. (2-ci bəndi) Alıcı bu Müqavilənin 2-ci maddəsində qeyd edilən qarajın dəyərini 35000 manat olaraq tam ödəyib. (3-cü bəndi) Dayanacaq yeri onun dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyəti sayılır. (5-ci bənd) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 02.11.2020-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi 802-803 saylı məhəllə, ev 30G, 271 saylı mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Hazırda isə İddiaçı-nin cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonu, K.Kazımzadə küçəsi 802-803 saylı məhəllədə yerləşən binanın altında yerləşən G-42 saylı dayanacaq yerinin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK isə tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş edərək, ilkin iddia tələbinin rədd edilməsini və cavabdeh İddiaçı istifadəsində olan dayanacaq yerinin iddiaçı Cavabdeh MTK-ya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə mülkiyyət toxunulmazdır və qanunla müdafiə olunur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etmiş, habelə müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra edərək, bununla da müqavilənin şərtlərini yerinə yetirmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, yerli baxış zamanı təqdim edilmiş və məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş zirzəminin plan-cizgisindən göründüyü kimi, ilk layihədə nəzərdə tutulmuş dayanacaq yerlərinin ilkin vəziyyətində dəyişiklik olmuşdur, bu səbəbdən də zirzəmidə yerləşən dayanacaq yerlərinin sıra sayları da müvafiq qaydada dəyişmişdir. Lakin həmin dəyişiklik hazırda iddiaçıya əsas vermir ki, formal mülahizələrlə başqa şəxslərin istifadə və sahibliyində olan və sahəsinə görə ona təqdim edilməli olan dayanacaqdan adi baxışla belə görünəcək dərəcədə böyük olan dayanacaq yerini tələb etsin. Belə ki, mülki işin faktiki hallarından və tərəflərin izahatlarından da aydın görünür ki, zirzəmidə yerləşən dayanacaq yerlərinin nömrələnməsi formal məsələlərdir. Həmin dayanacaqların nömrələnməsi sağdan-sola, soldan-sağa hər dəfə müxtəlif cür müəyyən edilə bilər. Hazırda iddiaçının irəli sürdüyü sıra sayı məntiqi ilə düşünmək isə hər dəfə üçüncü şəxslərin hüquq və mənafelərinin pozuntusu ilə nəticələnə bilər. Bundan başqa iş materiallarında olan layihədən (plan-cizgi) görünür ki, hazırda cavabdeh MTK iddiaçıya ilkin olaraq təqdim etməli olduğu dayanacaq yerini təqdim edə bilmir (binanın dib hissəsinə düşdüyü üçün), onun əvəzində isə həmin dayanacağa yaxın sahədə yerləşən eyniölçülü dayanacaq yerini təqdim etmişdir. Lakin qeyd olunmalıdır ki, cavabdeh MTK-nın hərəkətləri müqavilə öhdəliyinin pozuntusu kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK arasında bağlanmış 20 sentyabr 2017-ci nömrəli müqaviləsinin 2-ci bəndinin tələbləri müqavilə üzrə tərəf olan Cavabdeh MTK tərəfindən pozulmamışdır. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut hesab olunmur. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin mülki iş üzrə dindirilmiş şahidin ifadələri ilə qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi plan-cizgidəki hallar öz təsdiqini tapmışdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Məhkəmə, yuxarıda sadalanan qanunvericilik müddəalarına əsaslanaraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı 20.09.2017-ci il tarixli müqavilənin etibarsızlığını tələb edərkən tələbini onunla əsaslandırmışdır ki, daşınmaz əmlak obyektləri barəsində bağlanan müqavilələr üçün qanunverici tərəfindən konkret bir forma müəyyən edilmişdir və yalnız bu formaya riayət edilməklə, yəni notariat qaydasında təsdiqlənməklə bağlanan müqavilələr qanuni və etibarlı hesab oluna bilər. Hazırkı mübahisənin tərəfləri arasında bağlanmış müqavilə isə mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla bağlandığına görə əhəmiyyətsiz əqd olaraq etibarsız hesab olunmalıdır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi müqavilə bağlayarkən, bu hallardan məlumatlı olmuş, həmin müqavilənin etibarsızlığını 11.08.2021-ci il tarixdə qarşılıqlı iddia təqdim edərək məhkəmə müstəvisində mübahisələndirmiş, beləliklə qanunla müəyyən edilmiş 1 illik müddəti ötürmüşlər. Məhkəmə eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilkin iddia üzrə iddiaçının hər hansı tələbi olmadığından, iddiaçının ödədiyi 30 (otuz) manat, habelə Qarşılıqlı iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı “dayanacaq yerinin təhvil verilməsi və mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3507/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3507/2021
29.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver