Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3566/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X1, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun (“X3” MMC, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi maraqlı şəxslər qismində cəlb olunmaqla) «internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında» ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Baş Prokurorluğu «internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında» ərizə ilə məhkəməyə müraciət edərək, "X3” MMC-nin media subyekti kimi çap mediası olaraq nəşrini etdiyi “Hürriyyət” qəzetinin “www.hurriyet.az” internet informasiya ehtiyatının adına uyğunlaşdırmaqla "Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV” adı ilə fəaliyyət göstərən kanalda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi halları müəyyən edildiyindən, həmin kanala müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu ərizəsini onunla əsaslandırmışdır ki, “X3” MMC-nin media subyekti kimi çap mediası olaraq nəşrini etdiyi “Hürriyət” qəzetinin “www.hurriyet.az” internet informasiya ehtiyatının adına uyğunlaşdırmaqla “Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV” adı ilə fəaliyyət göstərən kanalda “Hürriyət” qəzetinin baş redaktoru X9 və ora dəvət edilmiş X2 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində adı çəkilən şəxslər barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərarları ilə hər iki şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək barələrində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin məhkəmə qərarlarından görünür ki, vəzifəli şəxs X9 (“Hürriyyət” qəzetinin baş redaktoru) ölkə təcavüzə məruz qalandan sonra sülh müqaviləsi bağlanmadığı, "Müdafiə haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən faktiki olaraq müharibə vəziyyətində olduğu halda, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi, o cümlədən hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsi “Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanunun 7.8-ci maddəsinə əsasən ölkənin milli təhlükəsizliyinə hərbi təhdid hesab olunduğu halda, həmin Qanunun 15-ci maddəsinə əsasən milli təhlükəsizliyin təmin olunmasının digər sahələrlə yanaşı informasiya sahəsində də qorunduğu halda, 20-ci maddəsinə əsasən informasiya sahəsində milli maraqların müdafiəsinin və informasiya təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğu, bunun üçün kompleks tədbirlərin görüldüyü halda, informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi kimi "Youtube” sosial şəbəkəsində xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə “DƏHŞƏTLİ FAKTLAR”, “X5 ŞOK AÇİQLAMALAR", “X5 NÖVBƏTİ ŞOK AÇİQLAMALAR" və digər başlıqlar altında video görüntülərdə böyük kütlə təşkil edən şəxslərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəif olduğunu sistemli, ardıcıl və davamlı şəkildə bəyan etməklə ölkənin müdafiə qabiliyyətinin zəifləməsi barədə yayılması qadağan edilmiş informasiyanı yerləşdirməklə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13- 2.3.11-ci bəndi ilə yayılması qadağan edilən digər informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Eləcə də, fiziki şəxs X7 ölkə təcavüzə məruz qalandan sonra sülh müqaviləsi bağlanmadığı halda "Müdafiə haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən faktiki olaraq müharibə vəziyyətində olduğu halda, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi, o cümlədən hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsi “Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikası Qanunun 7.8-ci maddəsinə əsasən ölkənin milli təhlükəsizliyinə hərbi təhdid hesab olunduğu halda, həmin Qanunun 15-ci maddəsinə əsasən milli təhlükəsizliyinin təmin olunmasının digər sahələrlə yanaşı, informasiya sahəsində də qorunduğu halda, 20-ci maddəsinə əsasən informasiya sahəsində milli maraqların müdafiəsinin və informasiya təhlükəsizliyinin təmin edilməsi zəruri olduğu, bunun üçün kompleks tədbirlərin görüldüyü halda, informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi kimi “Youtube” sosial şəbəkəsində xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə “DƏHŞƏTLİ FAKTLAR", “X5 ŞOK AÇİQLAMALAR”, “X5 NÖVBƏTİ ŞOK AÇİQLAMALAR” və digər başlıqlar altında video görüntülərdə özünü müdafiə məsələləri üzrə mütəxəssis kimi qələmə verərək böyük kütlə təşkil edən şəxslərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəif olduğunu sistemli, ardıcıl və davamlı şəkildə bəyan etməklə ölkənin müdafiə qabiliyyətinin zəifləməsi barədə yayılması qadağan edilmiş informasiyanı yaymaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.11-ci bəndi ilə yayılması qadağan edilən digər informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. X7 tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilərək, dövlət maraqlarının müdafiəsi naminə “Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV" adı ilə fəaliyyət göstərən kanalın yayımlanmasının dayandırılması ilə bağlı məhkəmədə mülki iddia qaldıraraq iddiaçı qismində iştirak edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X8 ərizəyə uyğun məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X10 ərizəyə etirazının olmadığını, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 355-22.2-ci maddəsinin tələbinə uyğun olaraq digər maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır İş materiallarında olan : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-2255/2023 saylı qərarından görünür ki, X7 İXM-in 388-1.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 01 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, həbsetmənin əvvəlinin xx.xx.2023-cü il saat 19:50-dən hesablanması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-2256/2023 saylı qərarından görünür ki, X9 İXM-in 388-1.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 01 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, həbsetmənin əvvəlinin xx.xx.2023-cü il saat 19:50-dən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-1576/2023 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 müdafiəçisi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-2255/2023 sayı qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, son dövrlər “Youtube” platformasında çoxsaylı izləyici kütləyə malik olan “Hürriyyət TV” internet televiziya kanalında Azərbaycan Ordusu, orada aparılan islahatlar, əldə olunmuş nailiyyətlər, habelə şəxsi heyəti barəsində yalan və böhtan xarakterli silsilə verilişlər yayımlanmışdır. “Hürriyyət TV”-nin baş redaktoru və təsisçisi X9 hər həftənin çərşənbə günləri hərbi qanunvericilik sahəsində savadı olmayan, hərbi xidmət müddətində gözlədiyi karyera yüksəlişinə nail ola bilməyən, keçmişi qara ləkələrlə dolu, ehtiyatda olan polkovnik X4 dəvət edərək onunla müsahibə aparmış, həmin şəxs Azərbaycan Ordusunun vəzifəli şəxsləri barəsində əsassız, həqiqəti əks etdirməyən fikirlərini özünə məxsus internet televiziya kanalında səsləndirilməsinə şərait yaratmaqla ictimaiyyət arasında ordusunun nüfuzuna xələl gətirəcək yanlış düşüncələrin formalaşmasına səbəb olmuşdur. İnternet informasiya resurs ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması inzibati qaydada məsuliyyət yaratdığından “Hürriyyət” qəzetinin baş redaktoru V.T.Məmmədov və E.T.Məmmədov barəsində AR İXM-nin 388-1.1.1 ci maddəsində göstərilən inzibati həbs qərarı qəbul olunmuşdur. “Hürriyyət TV” internet televiziya kanalında digər dövlət qurumları, onların rəhbərliyi və ümumən Respublikada aparılan quruculuq işləri barədə daim yalan və böhtan xarakterli verilişlər aparılmasını, müsahibələrdə həqiqətə uyğun olmayan ifadələr işlədərək cəmiyyətdə iqtidara qarşı mənfi fikirlər yaratmasını nəzərə alaraq həmin kanalın yayımlanmasının dayandırılması üçün məhkəmədə mülki iddia qaldıraraq iddiaçı qismində iştirak edilməsi Azərbaycan Respublikası Baş Prokurorluğundan xahiş olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "X3” MMC-nin media subyekti kimi çap mediası olaraq nəşrini etdiyi “Hürriyət” qəzetinin “www.hurriyet.az” internet informasiya ehtiyatının adına uyğunlaşdırmaqla "Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV” adı ilə fəaliyyət göstərən kanalda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi halları müəyyən edildiyindən, “Hürriyyət” qəzetinin baş redaktoru X9 və X2 barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarları ilə hər iki şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək barələrində 01 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin məhkəmə qərarlarından görünür ki, "Youtube” sosial şəbəkəsində xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə “DƏHŞƏTLİ FAKTLAR”, “X5 ŞOK AÇİQLAMALAR", “X5 NÖVBƏTİ ŞOK AÇİQLAMALAR" və digər başlıqlar altında video görüntülərdə böyük kütlə təşkil edən şəxslərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəif olduğunu sistemli, ardıcıl və davamlı şəkildə bəyan etməklə ölkənin müdafiə qabiliyyətinin zəifləməsi barədə yayılması qadağan edilmiş informasiyanı yerləşdirməklə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.11-ci bəndi ilə yayılması qadağan edilən digər informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İXM-nin 388- 1.1.1 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Eləcə də, fiziki şəxs X7 “Youtube” sosial şəbəkəsində xx.xx.2022, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə “DƏHŞƏTLİ FAKTLAR", “X5 ŞOK AÇİQLAMALAR”, “X5 NÖVBƏTİ ŞOK AÇİQLAMALAR” və digər başlıqlar altında video görüntülərdə özünü müdafiə məsələləri üzrə mütəxəssis kimi qələmə verərək böyük kütlə təşkil edən şəxslərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəif olduğunu sistemli, ardıcıl və davamlı şəkildə bəyan etməklə ölkənin müdafiə qabiliyyətinin zəifləməsi barədə yayılması qadağan edilmiş informasiyanı yaymaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.11 -ci bəndi ilə yayılması qadağan edilən digər informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilərək, dövlət maraqlarının müdafiəsi naminə “Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV" adı ilə fəaliyyət göstərən kanalın yayımlanmasının dayandırılması ilə bağlı məhkəmədə mülki iddia qaldıraraq iddiaçı qismində iştirak edilməsi xahiş olunmuşdur. Məhkəmə qeyd edir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2-ci maddəsi internet informasiya ehtiyatının və onun domen sahibinin həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməməsini müəyyən edir. Belə məlumatların aşkara çıxarılması zamanı qanunvericilik müvafiq icra hakimiyyəti orqanına internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə"yə uyğun olaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında müəyyən etmək, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsini tələb etmək, eləcə də yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmasını həyata keçirmək Azərbaycan Respublikasinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin vəzifələrindəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Məhkəmə işin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd edir. “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanunun: 6.6-cı maddəsinə əsasən məlumatların qanuni yolla əldə edilməsi, ötürülməsi, hazırlanması və yayılması kimi vətəndaşların konstitusiya hüquqlarının təmin edilməsi Azərbaycan Respublikasının informasiya sahəsində əsas milli maraqlarına daxildir. 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər Azərbaycan Respublikası milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillərdir. 7.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının milli təhlükəsizliyinə potensial və real, daxili və xarici təhdidlər əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində təzahür edir. 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının milli təhlükəsizliyini təmin edən qüvvələr və dövlət orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının milli təhlükəsizliyini təhdid edən, milli maraqlara zərər vura bilən fəaliyyətin qarşısının alınması üçün müvafiq tədbirlər görürlər. 15.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının milli təhlükəsizliyi siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələr üzrə təmin olunur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Bununla yanaşı, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Qanun eyni zamanda yayılması qadağan edilən informasiyaların siyahısını müəyyənləşdirir. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasinin Qanununa əsasən, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar yayılması qadağan edilən informasiyalar hesab olunur (Qanunun 13-2.3.10-1-ci maddəsi). "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasinin Qanunun 13-2.4 və 13-2.5-ci maddələrinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında və ya onun müvafiq hissəsində yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasını təmin edir. Host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında və ya onların müvafiq hissələrində yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün tədbirlər görür. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.11-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyaların yayılması yolverilməzdir. Qanunverici informasiyanın yayılması əsasında informasiya ehtiyatlarının mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətlərin tənzimlənməsi və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını təmin etmək baxımından yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraat qaydasını müəyyən etmiş xüsusi institutu nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-20.1-ci maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Həmin Məcəllənin 355-21-ci maddəsinə görə, ərizədə yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulmuş əsaslar, internet informasiya ehtiyatı barədə məlumatlar, məhkəməyə qədər görülmüş tədbirlər qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-22-ci maddəsinə əsasən, ərizə məhkəməyə təqdim olunduqdan sonra ona 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Həmin Məcəllənin 355-22.4-cü maddəsinə görə, yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Beləliklə məhkəmə qeyd edir ki, "Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV” adı ilə fəaliyyət göstərən kanalda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri pozulmuş, internet informasiya ehtiyatında yayılması qadağan edilən təbliğat xarakterli, milli təhlükəsizlik əleyhinə olan məlumatlar yayılmışdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»a görə, insanın fikir və söz azadlığı hüququ digər şəxslərin hüquqlarına və adına hörmət edilməsi və dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, mənəviyyatının qorunması məqsədilə yalnız qanun çərçivəsində məhdudlaşdırıla bilər (19-cu maddə). Məhkəmə hesab edir ki, informasiya ehtiyatlarının istifadə olunması, işlənməsi, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin istehsalı və tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi və qanun pozuntularının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi, habelə cəmiyyətin və ya dövlətin ümumi maraqlarını təmin etmək məqsədilə internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması təmin olunmalı, "Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV” adı ilə fəaliyyət göstərən kanala müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması yalnız Azərbaycan Respublikası ərazisində tətbiq edilir və həmin müraciətlərin məhdudlaşdırılması hər hansı şəxsin Konstitusion hüquqlarını pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş ərizədə qeyd edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması ilə bağlı verilmiş ərizə əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 355-20-ci, 355-21-ci və 355-22-ci maddələrini rəhbər tutub məhkəmə qət etdi: Ərizəçi Azərbaycan Respublikası Baş Prokurorluğunun ("xxxx" MMC, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi maraqlı şəxslər qismində cəlb olunmaqla) «internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında» ərizəsi təmin edilsin. "X3” MMC-nin media subyekti kimi çap mediası olaraq nəşrini etdiyi “Hürriyyət” qəzetinin “www.hurriyet.az” internet informasiya ehtiyatının adına uyğunlaşdırmaqla "Youtube.com” internet informasiya ehtiyatında “Hurriyyet TV” adı ilə fəaliyyət göstərən kanalda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında'' Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi halları müəyyən edildiyindən, həmin kanala müraciət məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3566/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3566/2023
30.08.2023 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver